Əsərləri - V cild (1918 – aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön
sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd Hüseynov Transliterasiya redaktorları:
professor Şamil Vəliyev elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Xariciyyə
naziri-sabiqi Məhəmməd Həsən Hacınski – Aslan bəyin
nitqinə qarşı protesto edərək diyor ki:
Paşanın rəyi müəyyəndir. Onun
baxacağı işlər ancaq ümuri-əskəriyyədir.
Azərbaycanın kəndisinə nüfuzlu bir
hökumət təsisini səmimi qəlblə arzu ediyor.
Fəqət təşkili-hökumət
xüsusunda müşaviri-mülkisi bulunan Əhməd bəy
Ağaoğlu ilə görüşməmizi məsləhət
elədi. Əhməd bəy isə Seymin cəmaət
arasında nə dərəcə sahibi-etibar olmasını
sordu və qəti surətdə türk əskərləri Azərbaycan
hökuməti ilə əhali-islamiyyə arasındakı hər
növ mümkünülvüqu münaqişələrə
müdaxilə etməyəcəgini ixtar elədi, hökumətin
istefası məhzən öz rəyi, öz xahişi və kəza
məclisin əvvəlcədən mövcud bulunan qərarına
görədir. Və qətiyyən başqa təsir
altında degildir.
Məhəmməd
Yusif Cəfərov – Əhməd bəy ilə nümayəndələrimiz
arasında keçən danışıqdan bən öylə
anlıyoram ki, imdiki hökumət ilə cəmaət
arasında bir münaqişə çıxarsa, türk əskərləri
tamamilə bitərəf qalacaqlardır. Fəqət
anlıyamıyoram ki, bu bitərəf qüvvə yeni şəkildə
təşəkkül edəcək olan hökumətə əcəba,
hanki məntiqlə kəndi himayəsini təmin edəcək
ümidini veriyor.
Nəsib
bəy Yusifbəyli – İşin bir üzü var, bir də
astarı, deyə başladı: Aşkardır ki, Paşa həzrətləri
və Dövləti-Aliyeyi-Osmaniyə Azərbaycanın
müstəqil qalıb da kəndisinə bir hökumət təşkil
etməsinə tərəfdardır. Məlum
işdir ki, onlar bizim işlərimizə müdaxilə etmək
istəməzlər. Fəqət
Paşanın ətrafını məxsus adamlar, şübhəli
şəxslər tutmuşlar ki, Aslan bəy də onlardan bəhs
elədi. Bu adamlara bizim əlimizdə
bulunan hüquqdan istifadə etmək lazım. Bu hüquqdan biz bərk yapışar və heç
bir güzəşt etmək istiyəməzsək, məmləkətin
beynəldüvəl hüququnu əngəl edə biləriz.
Bu isə bəlkə böylə müşkil
bir zamanda bulunduğumuz üçün vətənpərvəranə
bu hərəkət olamaz. Bunun
üçün də bən təklif edərim ki, kabinənin
istefasını qəbul edəlim, sonra rəisimizə
tapşıralım ki, kəndisi etimad etdigi bir adama yeni bir
hökumət təşkilini tapşırsın. Yeni təşkil olunacaq hökumətə hürriyyətdən
hasil olan bütün əsasları mühafizə etməsi və
onlara sadiq qalması şərtilə səlahiyyəti-tammə
verəlim ki, məmləkəti idarə edib yaxın zamanda Məclisi-Müəssisan
dəvət eləsin və bu ixtiyarını kimsəyə
xoşluqla təslim etməyib qiymətdar bir əmanət kibi
saxlasın və yalnız qüvvət və süngüyə
təslim olsun. Bunu da ərz etməliyəm
ki, istiqlalımıza qarşı vaqe olacaq təcavüzə
qarşı ilk əvvəl üsyan çıxaran bən
olacağam.
Sultan Məcid
Qənizadə – Anlaşıldı ki, bizim istiqlalımıza
və hökumət təşkil etməmizə Paşa tərəfindən
maneəlik yoxdur. Biz isə türkü öz
xoşumuz və öz rəyimiz ilə buraya gətirmişik.
Cəmaətimiz bizdən dönüb, kəm etinalıq
var. Bunla belə bizim hürriyyət və istiqlalımızda
qorxu görünür. Ona binaən lazım gəlir ki, ancaq cəbr
və zülmə tabe olaq.
Məhərrəmov
– əhvalı təhlil edərək böylə bir təklifdə
bulunuyor ki, Milli Şura kəndisini fəsx ilə cəmaətdən
almış olduğu hüququ kimsəyə tərk etmədən
haman cəmaətin kəndisinə
qaytarmalıdır.
Məhəmməd
Yusif Cəfərov – (titrək bir səslə) Əvət, məlum
olur ki, əski bürokrat üsulu ilə bizi Tiflisdən buraya
dəvət etdilər. Hürriyyətimizi
alırlar. Yüngüllük ilə
aldığımız hürriyyəti yüngüllük ilə
də veriyoruz. Əvət, kömək
gözlədigimiz Osmanlı qardaşlarımız ürəyimizi
oxluyor, həyatımızı zəhərliyorlar, deyə
ağlayaraq oturuyor.
Məhəmməd Həsən Hacınski – Məhəmməd
Yusifin Türkiyə və qardaşlarımız həqqində
kullandığı lisan və kəlmələri qətiyyən
rədd edərim. Bizi kimsə təzyiq etmiyor. Kimsə bizim istiqlaliyyət və hürriyyətimizə
təcavüz etmiyor, bizi ilhaqa icbar edən yoxdur. Bu fikirlərdən vaz keçməli, əgər kəndimiz
bir hökumət təşkil edib xəlqin etibarına məzhər
etdirərsək, türklər buna qarşı degildirlər.
Buna zidd gedənlər varsa
özümüzkülərdir. Nəsib bəyin
nitqinə gəlincə, deməliyəm ki, bən də
hürriyyət və muxtariyyət üçün
ölümə hazıram, bu yolda bən Osmanlı türkləri
içində bulunan əməlpərvər federalistlərlə
bərabər olmaq istərəm.
Qasım bəy Camalbəyov – Bunların hamısı
oyuncaqdır.
Bizi buraya dağıtmaya gətirmişlərdir.
Bu işi sazlıyan əskidən anarxiya tərəfdarı
olan adamlardır, biz burada hökumət təşkil edə
bilməriz.
Əhməd bəy Pepinov – əsasən Nəsib bəyin
rəyinə iştirak edərək əlavə ediyor ki, məclis
inhilal əvəzinə qeyri-müəyyən bir vəqtə
qədər tətil eləsin.
Şeyxülislamov – diyor ki, cəmaətin bizə təslim
etmiş olduğu hüququ kimsəyə tərk edə bilməz. Qoy bizi çəksinlər,
buradan qovsunlar. Bu qədər məlumdur
ki, bizi qovacaq olanlar Azərbaycanın da, Türkiyənin də
düşmənləridir. (Burada natiqlər
siyahısı qapanıyor və hər natiqə 5 dəqiqə
danışıq vəqti verilir).
Rəhim
Vəkilov – Nəsib bəyin “Müsavat” naminə elədigi təklif
ehtimal ki, Müsavat firqəsinin çəkildigi son səngəridir
və zəruridir. Bu iki nəticə ilə qurtara bilər: ya
yeni fütuhat, yaxud qara zirzəmilər. Bən
isəm bəşəxsə bədbiyanə bir hissiyyatda
bulunaraq hər halda ikinci nəticəyə intizar ediyorum.
Biz heç bir zaman böyük saraylarda oturmaq və
Şamaxı ilə Kürdəmir xalıları üzərində
mürəbbenişin olmaq niyyətində degildik. (Gurultulu alqış). Bu vəqtə
qədər türklük və türk məhəbbəti ilə
yaşayan ziyalı gənclərlə imanlı türk
qardaşlarımız arasında daima rus çinovnikləri
qapısında baş əyən qara qəlbli, çinovnik
tinətli adamlar hayil olmuşlardır. Bu
hayillər dün bizə karvansarada yer göstərirdilər.
Fəqət iş onların mərhəmətinə
qalırsa onlardan karvansara azdır, qaranlıq zindanlar
gözlüyoruz. Həm də qorxusuz,
çaşqınlıqsız bir surətdə gözlüyoruz.
Çünki məmləkətin ağ və
pak qüvvələri hər zaman rəsmi məhfillərdən
uzaq siyah çallardan parlamışdır. Çünki
qaranlıq zindanda millətin iradəsi, əzmi və
cihadı tərbiyə olunuyor.
Rzayev – Küçəyə tabe olmaq olmaz. Hüququmuzu
küçəyə verə bilməriz. Çıxalım
küçəyə, açalım cəmaətin
gözünü.
Aslan bəy Səfikürdski – bu günə qədər
bizi inandırırlardı ki, türklər bizim
istiqlalımızı istiyorlar. Bu günlərdə
isə görüyorum ki, əhvalat dəgişmişdir.
Ona görə də bən təklif ediyoram ki,
təcili Batuma bir nümayəndə göndərib oradan məlumat
almalı və ancaq ondan sonra bir qərar
çıxarmalıdır.
Nəsib bəy – Məhəmməd Həsən bəy bəni
iyi anlamadı.
Bən demiyoram ki, osmanlılar bizə
qarşı gediyorlar. Bizim hürriyyət
və istiqlalımızı təhdid edənlər qara
qüvvələrdir. Bu qüvvələrə
qarşı şübhəsiz ki, üsyan etməliyiz.
Məlikaslanov – zaman fənadır. Cəmaət
hökumətsiz qalamaz. Başqa çarə
yoxdur. Tazədən hökumət təşkil
etməliyiz.
Xan Xoyski
– şəkk və şübhə yoxdur ki, müşkül
bir zamandayız. Şuraya kömək verməyib
də onun təşkil edəcəgi hökumətə
kömək verməgə bir növ məntiqsizlik yox degildir.
Var, bunu qəbul edərim. Fəqət
bu, bir həqiqətdir. Bununla
hesablaşmalıdır. Məmləkət
hökumətsiz buraxılamaz.
Rəis –
burada iki qorxu vardır. Birisi xarici, digəri
daxili. Qorxuyorlar ki, istiqlalımızı
udar, bizi ilhaq edərlər. Bu təhlükə
bəni o qədər düşündürəmiyor. İlhaq olsa belə kəndi millətdaşlarımızla
həmdərd oluyoruz. Qorxuludur ki, Azərbaycanda
qara qüvvələr üstün gəlsin. İştə bəni artıq dərəcə əndişənak
edən cəhət bu fəqərədədir. Bu fəqərəyi bilxassə düşünməliyiz.
Burada əgər əlimizdəki hüquqi səlahiyyətdən
istifadə etməyib bütün hökumət təşkilatını
başqa qüvvələrə tərk edərsək, o zaman
qara bir hökumət təşkili qorxusu var. Halbuki burada
icrayi-nüfuz edərsək, daha münasib bir hökumət təşkilinə
müvəffəq ola biləriz. Bunun üçün də bən Nəsib bəyin
təklifinə iştirak edərim.
Nəsib bəy – təklif ediyoram ki, kabinənin
istefası qəbul olunsun. Şurayi-Milli rəisinə
rücu edilsin ki, ricaldan birisinə müraciət edərək
hökumət təşkilini kəndisinə həvalə
etsin.
Bu təklif ittihadi-ara ilə qəbul olunuyor.
Aslan bəy Səfikürdski. Müsəlman
sosialistləri bloku naminə bəyan ediyoram ki, bizim firqə
yeni təşkil olunacaq hökumətdə iştirak etmiyəcəkdir.
Şeyxülislamov dəxi “Hümmət” firqəsi naminə
böylə bir bəyanatda bulunuyor.
Yuxarıdakı bəyanatlar nəzəri-etibarə
alınıyor. Məclis saət 4-də qapanıyor.
Haman gün Şurayi-Milli rəisi Fətəli xan Xoyski
cənablarına müraciətlə yenidən kabinə təşkil
etməsini istiyor. Kabinənin təşkili əsnasında
yenə Ağaoğlu Əhməd bəy Heyəti-Vükəla
rəisilə Nuru Paşanın müməssili sifətilə
kabinə təşkilində iştirak ediyor. Nəhayət,
kabinə təşəkkül ediyor ki, gərək kabinənin
təşkili və gərək buna təqəddüm edən
qərarlar aşağıdakı məzbətədə
görülüyor:
Azərbaycan Şurayi-Millisinin iyun 17, 1918 sənəsi Gəncədə
münəqqid iclasi-ümumi-fövqəladəsinin məzbətəsi
(8-ci iclas).
İclas gecə saət 12-nin yarısında sabahkı
iclasda hazır bulunan əzanın hüzuru və Rəsulzadə
Məhəmməd Əmin əfəndinin rəyasəti ilə
iniqad ediyor.
Şeyxülislamov
məclis iftitah olunca “Hümmət” firqəsi naminə bəyan
ediyor ki:
“Hüsulə gələn əhvaldan dolayı Milli
Şuranın hürriyyətlə
çalışacağı mümkün
olmadığından “Hümmət” firqəsinə mənsub
olan əza şuradan istefa elədiklərini elan edirlər”.
Rəis təklif ediyor ki, Dövləti-Aliyeyi-Osmaniyyə
ilə Azərbaycan Cümhuriyyəti miyanında əqd olunan
müahidəyi-əsasiyyə ilə sair müqavilələr
məclis tərəfindən baxılıb da təsdiq olunsun. Məzkur müahidə və
müqavilələrin bəzilər tərəfindən qiraəti
və Soltan Məcid Qənizadə cənabları tərəfindən
isə maddəbəmaddə müzakirə olunub da hər maddə
üçün ayrıca rəy alınması təklif
olunursa da, əksəriyyət şuranın bu müahidə və
müqavilələr məzmunu ilə Tiflisdə ictima edən
bir iclas vasitəsilə aşina olduğunu və mətnlərinin
bu surətlə rəsmən əzayə elan edildigini nəzərə
alaraq bununla iktifa edərək təsdiq müzakirəsinə
keçməyi müvafiq bulur. Nəsib bəy
ilə Əhməd bəy Pepinov bilxassə maddəbəmaddə
oxumaq təklifini tənqid edirlər. Xariciyyə
naziri Məhəmməd Həsən Hacınski – müahidə
və müqavilələri oxumaya və uzun-uzadıya
münaqişə etməyə məhəl yoxdur,
çünki bu maddələrin həpsi sizin rizanızla əqd
olunmuşdur – diyor. Nəhayət, rəis
tərəfindən təklif olunan aşağıdakı qərarnamənin
qəbulu ilə Batum müahidələri təsdiq olunuyor.
Keyfiyyəti-təsdiq alqışlarla
qarşılanıyor.
Qətnamə:
Batumda
1334 sənəsi həziranın 4-də Azərbaycan
Cümhuriyyəti naminə mürəxxəs Məhəmməd
Həsən Hacınski ilə Məhəmməd Əmin Rəsulzadə
cənabları ilə Dövləti-Aliyeyi-Osmaniyə naminə
mürəxxəsi ədliyyə naziri və Şurayi-Dövlət
rəisi-dpvlətlisi Xəlil bəy ilə
Üçüncü Ordu komandanı Vəhib Paşa həzrətləri
tərəfindən əqd və imza olunan müahidəyi-əsasiyyə
ilə iki məlfuf və bir müqaviləyi-əskəriyyəyi
və həmçinin neft bürosu həqqində Azərbaycan,
Gürcüstan və Dövləti-Aliyeyi-Osmaniyə
miyanında bağlanan müqavilə ilə dəmiryol və
sanət nəqliyyəsinə aid Dövləti-Osmaniyə, Azərbaycan,
Gürcüstan və Ermənistan dövlətləri
arasında bağlanan müqavilələri Azərbaycan
Şurayi-Millisi həziranın 17-dəki iclasında təsdiq
eləmişdir”.
Məhəmməd Həsən Hacınskinin təklifi
üzərinə Şurayi-Milli rəisi bu münasibətlə
teleqram çəkərək böyük qardaş Türkiyə
Məclisi-Məbusanını təbriklə məmur ediliyor.
Sosialist
blokundan Məhərrəmov blok naminə
bloka mənsub bulunan şura əzasından istefa etdiklərini
bəyan ediyor.
Rəis Rəsulzadə Məhəmməd Əmin – Həzarat,
sizin üçün arzuyi-ümumiyyənizə nəzərən
bən Azərbaycan hökumətinin təşəkkülü
üçün təşəbbüs edərək kabinə
təşkilini möhtərəm Fətəli xan Xoyski cənablarına
həvalə etdim. O da qəbul elədi. Müsaidənizlə
kabinə heyətini sizə mərufluq buyursunlar.
Fətəli xan Xoyski – Həzərat, zamanın əhəmiyyəti
və öhdəmə vagüzar olunan məsuliyyətin
ağırlığını dərk edərək və bu
idrak qarşısında titrəyərək möhtərəm
rəisimizin təklifi üzərinə kabinə təşkilinə
girişdim. Kabinənin müfəssəl proqramını sizə
şimdiki anda təqdim edəcək bir hal və zamanda degiləm.
Müxtəsərən proqramımız məmləkətin
səadəti, hürriyyəti və istiqlalını
müdafiə etməkdir. Yoldaşlar
tamamilə məsləklərində qaimi-vicdaniyyətlə
çalışacaqlarını vəd və təmin eləmişlərdir.
Sizə rizaməndlik edər, müavinəti-mənəviyyənizə
ərzi-ehtiyac elərəm. İnşəallah
daha müsaid bir zaman içində buluşuruz. Kabinəyə
daxil əza bunlardır:
1) Fətəli
xan Xoyski
2) Məhəmməd
Həsən Hacınski
3) Yusifbəyli
Nəsib bəy
4)
Topçubaşov Əlimərdan bəy
5) Behbud
ağa Cavanşir
6) Xəlil
bəy Xasməmmədov
7) Xosrov bəy
Sultanov
8) Rəfibəyov
Xudadad bəy
9) Məlikaslanov
Xudadad bəy
10)
Aşurov Ağa
11)
Əmircanov Əbdüləli bəy
12) Rəfiyev
Musa bəy
Cəfərov Məhəmməd Yusif – hökumətin nə
surətdə, nə kibi şərait və təzyiqlər
altında təşəkkül etdigi məlumumuzdur. Artıq
uzun-uzadıya müzakirə və tənqid zamanı degildir.
Lazımdır ki, hökumətə daxil olan
yoldaşlarımıza müvəffəqiyyət diləyəlim.
Həm də lazım olursa, bütün qüvvətlərimizlə
onlara kömək etməmizi vəd edəlim. Əlbəttə ki, onları yalnız buraxmayız.
Fəqət bununla bərabər lazımdır
bir düstur olsun hökumətin proqramı bəlli degildir.
Bunun üçün də zənn edəriz ki,
bu hökumətə yalnız həqqi-idarə verilə bilər.
Vəzi-qəvanin həqqi verilməz. Bu
hökumətin vəzifəsi bir an əvvəl
Məclisi-Müəssisan dəvətidir.
Məhəmməd Həsən Hacınski – Yalnız həqqi-idarə
nə deməkdir?
Rəis –
bu xüsusda Şuranın sabiqən qərarları olsa gərək.
Nəsib bəy – hökumətə etibarınız
varsa, gərəkdir ki, kəndisinə ixtiyar tam verəsiniz. Bu hökumət
gərək əsasati-məlumə daxilində ifayi-vəzifə
etsin. Sonra da Məclisi-Müəssisana
cavab versin.
Həsən bəy Ağayev – yeni hökumət təcəllən
təşkil olunuyor. Məqsəd yalnız idarə işlərini
yoluna qoymaqdır. Məhəmməd Yusiflə
iştirak elərəm.
Məhəmməd Həsən Hacınski – Məhəmməd
Yusif rəçtəsilə icrayi-hökumət etmək qabil
degildir.
Şəfi bəy Rüstəmbəyov – Məhəmməd
Yusifin təklifi qeyri-məqbuldur. Çünki idarə
etmək üçün dəxi qəvanin vəz etmək
lazımdır. İdarə qanunları
hökumətdən bu həqqi tənzih etmək olmaz.
Fətəli xan Xoyski – qanun vəz etmək həqqi
hökumətə verilməli, bu şərtlə ki, o qanunlar
Məclisi-Müəssisan təsdiqinə ərz olunsun.
Makinski – hökumət ixtiyarat naminə malik
bulunmalıdır.
Xəlil bəy Xasməmmədov – qanun qoymağa hökumət
səlahiyyətdar olmalıdır. Başqa dürlü
olamaz. Yalnız əsas qanunları
hökumət vəz edəməz. Bu Məclisi-Müəssisan
vəzifəsidir.
Bu mövzuda bir kaç natiq dəxi bəyani-rəy
ediyorlar. Nəhayət, əksəriyyəti-ara ilə
hökumətə bəyani-etimad edilir. Soltan
Məcid Qənizadə cənabları hökumətdən bəzilərinə
etimad etmiyoram – diyor. Nəhayət, hökumətin vəzaifini
və hüququnu təyin etmək üzrə
aşağıdakı qərar verilir:
“Şəkli-hökumət:
əsas istiqlal və siyasi hürriyyətlər xüsusunda
mövcud olan əsaslarda Azərbaycan hökumət mövqutəsi
dəxil və təsrif edəməz. Topraq və
sair bu kibi böyük məsələlər həqqində
mövcud olan inqilab qanunlarını vəz edəməz.
Altı aydan gec olmamaq üzrə Məclisi-Müəssisan
dəvət edər. Başqa idari
xüsuslarda isə səlahittəyi-tamməyə malik
bulunur”.
Bundan sonra məmləkətin böyük bir anarşi
içində olduğunu, xaricən dəxi təhdid edildigini
nəzərə alaraq Nəsib bəy tərəfindən təklif
olunur ki, məclis kəndisini buraxaraq bütün səlahiyyət
və məsuliyyəti hökuməti-müvəqqətəyə
tərk eləsin.
Bu xüsusda müzakirə olunaraq Məhəmməd
Yusif Cəfərov məclisin fəsxi degil, müvəqqətən
tətilini tənsib ediyor. Əhməd bəy
Pepinov da bu fikri iltizam ediyor. Yalnız əhval və
şərait və mətalibi-fövqəladə mülahizəsilə
əksəriyyət aşağıdakı qərarı
alır:
“Azərbaycan
keçirməkdə olduğu müşkülati-daxiliyyə
və xariciyyəyi nəzəri-etinayə alaraq Azərbaycan
Şurayi-Millisi bütün hüququ və səlahiyyətini
Fətəli xan Xoyski təhti-sədarətində təşəkkül
edən kabinəyə həvalə və məzkur kabinənin
arayi-ümumiyyə üzərinə müstənd bilatəxir
Məclisi-Müəssisan dəvət oluncaya qədər Azərbaycan
həqqi-hakimiyyətini kəndi əlində bulunduraraq kimsəyə
tərk etməməyə müvəzzəf edər”.
Bundan sonra şura əzalarının məaşı həqqində
bir təklif girdiliyor. Təklif mövqeyi-müzakirədən
qaldırılaraq bu xüsus hökumətin qərarına həvalə
olunuyor.
Rəis Məhəmməd Əmin Rəsulzadə – Həzərat,
daha sabahkı iclasımızı açdığım zaman
nə kibi məsuliyyətli və ağır bir zaman içərisində
bulunduğumuzu izhar eləmişdim. Tarixi məsuliyyətin
bütün o çəkilməz yükünü şimdiki
qərarınızla Fətəli xan Xoyski cənablarının
təşkil elədikləri hökumətin omuzlarına
yüklədiniz. Bu qərar bir tərəfdən
əhvalın icabı, digər tərəfdən “blok” ilə
“Hümmət”in istefaları üzərinə mənən və
şəklən alınmaq məcburiyyətini hasil etmişdi.
Dünya müharibəsi və Rusiya
inqilabının təsirləri ilə yeni doğmuş və
həyati-siyasiyyəyə ilk qədəm basmış olan Azərbaycan
qayəsi olunmaz mühüm dəqiqələr keçiriyor.
Bu yeni türk növzad siyasəti rəşid və
bəliğ bulub da millətlər zümrəsinə bir
amali-həyat olaraq girə biləcək, yoxsa sısqa
çocuqlar kibi südəmər halında ikən tərki-həyat
edəcəkmidir? İştə
bütün zehinləri işğal edən bir məsələ.
İştə bir zaman kəsə müqəddərati-milliyyəyi
əllərinə alanlar üçün Azərbaycan
növzadını tələf etdirməmək kibi
müşkül, fəqət müşküllügü ilə
bərabər şərəfli bir vəzifə və böylə
məsuliyyət tərtib ediyor. İştə
böylə bir zamanda və böylə bir məsuliyyəti-əzimənin
bargirani altına girmiş olduğu halda Fətəli xan cənabları
hüzurunuza çıxıb da etimadınızı istəməklə
kəndisinə iqtidar arayır. Fəqət
bunu yaparkən o, diqqət etdiniz yəqin ki, heç bir zaman və
heç bir məkanda bu dərəcə lərzan və hərasan
görməmişdiniz. Bu nəyə bənzər
bilirsiniz?! Dəhşətli həngamələrdə, səfahati-hərbin
məsuliyyətli dəmlərində ricət yapmaq məcburiyyətində
qalan bir ordunun mövqeyi-məxsusi son dərəcəyi-imkanə
qədər mühafizə etmək üzrə
buraxdığı müfrəzəyi istila edə bilən hərras
və xəşyətə...
Əvət, əfəndilər, Azərbaycanın
paytaxtı mövqeyini bulunan Gəncədə naqis də olsa,
hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin
şu surətlə meydandan çəkilmək məcburiyyətində
qalması heç şübhəsiz demokrasinin bir ricəti,
qüvayi-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət ağ
və pak qüvvətlərə müqabil, qara və napak
qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən baxınca ilk nəzərdə
bizim halımız o qara binanın halına pək bənziyor
kibidir. Bu hallarımızda Rusiya məqasidi-inqilabiyyəsinin
iflasına dair bir əqidə hasil ediyor. Fəqət
əfəndilər, zəvahirlə qalmıyalım, səthi
düşünməyəlim, pək də məyus
olmuyalım, Rusiya inqilabi-əzimi hər nə derlərsə
desinlər, qətiyyən iflas etmədi. Rusiyadakı
inqilab nə yapacaqdı? Bu suala
“Böyük Rusiya” fikri ilə məsmum olan rus
inqilabçıları nöqteyi-nəzərindən degil,
inqilabın kəndi təbiətini təhlil edərək
cavab verməlidir. Böylə
baxılırsa, Rusiya inqilabı məzlum və məğdur
siniflərlə məhkum millətləri azad etməlidir.
Məğdur siniflər təqdir edəlim ki,
istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal
ediyorlar. Əvət, dünyanın
altıdan birini tutan böyük Rusiya yaratmaqlamı müvəzzəf
idi. Qətiyyən degildi. Ətrafa gedən sinif hürriyyətləri əlbəttə
ki, təqdir olunacaq və mötədil bir şəklə girəcəkdir.
Çünki bu hürriyyətin şəkli-haziri
heç şübhəsiz ki, hürriyyət degil, bir afətdir.
Fəqət bu yolda yapılacaq ricət əminəm
ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun
ötəsində degil, büryəsində tovqif edəcəkdir.
Demək əhval əvvəlkisinə nisbətlə
hər halda iyi olacaqdır.
Əfəndilər, bən sabiq Rusiya ərazisində
güzəran etməkdə bulunan vəqayə böylə
baxıyoram. Buna görə də hala ümidlərimlə bərabər
yaşıyoram. Biliyoram əfəndilər
ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş
olduğu müsbət nəticələrə, elan etdigi əqanimi-hürriyyətdən
son dərəcədə istifadə edəcəkdir. İştə müstəqil bir Azərbaycan siyasətdən
kəsbi-hürriyyət və istiqlal edəcək, Azərbaycanda
ictimai hürriyyətlər və hüquqi-bəşərə
aid düsturlar hər halda müstəbid Rusiya zamanından
daha geniş, daha əlverişli olacağına şübhə
etməm. Hətta əfəndilər,
söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən
hürriyyətpərvər və inqilabçı təsəvvür
olunan Gürcüstandan daha məsuddur. Çünki
burada bizim daxili hürriyyətlərimizə icrayi-nüfuz edən
və edəcəgi mütəsəvvir bulunan qüvvət
yabancı bir qüvvət degil, öz qüvvətimizdir.
(Alqışlar). Burada
istiqlal böyük və şanlı bir millətin müxtəlif
şöbə və budaqlarını tövhidə doğru
gedəcək ki, eyni məqsədimizdir. (Alqışlar).
İctimai və hüquqi hürriyyətlərdə
bir ləfzi-qayib etsək belə, siyasətən qazanacaq, təlafi-mafüqət
edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan və sairə
öylə degildir.
Əvət, əfəndilər, pək də naümid
olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən
müsaid bir zamanında olduğumuzu, türk ittihadı
üçün fürsət ələ keçdigini
unutmayalım. Bütün məsaimizi bu
hürriyyəti-siyasiyyənin təsbitinə sərf edəlim.
Bunun üçün də hər dürlü
fədakarlığa amadə bulunalım.
Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin
ifası üçün təvəkkül ediyor,
bütün məsuliyyəti öhdəyi-himmətinizə təhmil
etməklə zənn etməyiniz ki, yalnız
qalırsınız. Yetişər ki, siz keçməkdə
olduğumuz zamanın əhəmiyyəti ilə münasib,
amali-milliyyə ilə müvafiq türklügün əlasına,
Azərbaycanın hürriyyətinə, türk kütləsinin
mənafeyinə münətif olan icraəngiz də kəsalət
və müsahilə göstərməyib də, yorulmaz bir əzmlə
çalışasınız, biz hər zaman sizə mübin
olmaya hazırız. İstədiginiz zaman
bizi kəndinizlə bərabər yola çıxınız.
Biz hüzurumuzla sizə mübin olmaya hazır
olacağımız kibi icabı təqdirində başqa
yollarla da sizi təqbiyəyə hazırız. Nitəkim bugünki tətilimiz dəxi bu hisslə və
bu məqsədlə icra olunur.
Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe
olan tənqidatə qarşı buradan bəhs etməyə
lüzum görmüyoram. Siz biliyorsunuz ki, bu tənqidat
həpsindən ziyadə əsasə mətufdur. Bu münəqqidlər həqqindəki mühakiməni
tarixə həvalə edəlim. Bir
kaç ay sonra əgər bu vahi tənqidlərdə
arzui-millət arayan ərkani-əsasın degil, heyətin əleyhində
isələr hürriyyət intixabatı təminlə millətin
həqiqi tələqqiyatını görərlər.
Millət kəndisi bizimlə onların arasında hökm
(hakim): o zaman həqq ilə batil də əyan olur.
Şimdi artıq bu ağır günlərdə öhdəsinə
ağır bir vəzifə təvəddilə tərk
etdigimiz ərzi-vida edəlim də ayrılalım.
Əfəndilər, sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan
başqa bir şey görmədigim arkadaşlarımdan
ayrıldığım əsnada öhdəmə vagüzar
etmiş olduğunuz vəzifə saiqi ilə yapmış
olduğum qüsurlarımın əfvini diləməgi
ayrıca isterham edərəm. Şimdi vəqt gəliyor,
saəti-vida vuruluyor, yekdigərinə qardaşca sənə əlvida
edəlim və ayrılarkən əfəndilər, bu
ümidlə gedəlim ki, inşəallah yaxında Azərbaycanın
paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan
dairəsində buluşuruz.
Yaşasın Azərbaycan!
Yaşasın Türklük!
(Şiddətli və sürəkli alqışlar).
Məclis saət ikidə qapanır.
Bu gündən dörd ay sonra sentyabrın 15-də türk komandanlığının müzahiratı ilə Azərbaycan hökuməti paytaxtını istirdad ediyor. Noyabrın 15-də təkrar Şurayi-Milli həyatə çağrılıyor. Şurayi-Milli kəndi əsasını dəgişərək mövcud əsasına yeni əzalar əlavə edərək dekabrın 7-də parlaman açılıyor.
R.Kusalı
Məzbətə – protokol, qərarnamə
Hayil – dəyişmiş, qorxunc
Təqəddüm – irəli keçən
Məlfuf – zərfə qoyulmuş
Məlfufat – fərman
Məmur – əmr almış
Vəzi-qəvanin – qanunların təsiri, vəziyyəti
Tənzih – təmizləndirmə
Tənsib – münasib görmə
Müvəzzəf – öhdəsinə almaq
Lərzan – titrək, titrəyən
Hərasan – ürkək
Ricət – geriyə dönmə
Hərras – qoruyucu, keşikçi
Xəşyət – qorxu
Zəvahir – zahirdə olanlar
Məsmum – zəhərlənmiş
Tövhid – birləşdirmə
Təlafi – əvəzini çıxma
Təvəkkül – ixtiyar sahibi, vəkalət alma
Münətif – qulaq asan, üz çevirən
Mübin – göstərici
Təvədd – sevmə, eşq
Kusalı – təbilçi, ilhamçı
(Ardı
var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 20 sentyabr.- S.26-27.