Ogyüst Roden – müasir heykəltəraşlığın titanı

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)   

Xoşbəxtlikdən, Ordenin Ali Atası və banisi gənc rahibin dindar olmadığını və əslində rəssam olduğunu qət etdikdən sonra, ona bağda rəsm çəkməyə və öz başının və büstünün heykəl təsvirini yaratmağa icazə verdi. Bunun nəticəsi Rodenin öz vəziyyətini dərk etməyə səbəb oldu və o, yenidən monastırı tərk edib, dünyəvi fəaliyyətə qayıtdı. Bunu qeyd etmək də maraqlıdır ki, “Cəhənnəm qapıları”nın və “Kale burgerləri”nin müəllifi olan heykəltəraş həyatın bu yadda qalan hissəsindən də bir rahib kimi keçməli oldu.

O, bir sıra nəcib adamlarla – Aleksandr Düma və Teofil Qotye kimi yazıçılarla, Delakrua, Enqr və Karpo kimi rəssamlarla görüşüb tanış oldu. Onun şəxsi həyatında da dəyişiklik baş verdi.

1864-cü ildə Roden heç də tənhalıq həyata keçirməsə də, gənc dərzi qız olan Mari-Roza Byore ilə tanış oldu, qız ondan dörd yaş kiçik idi. Bu tanışlıqdan iki il sonra ona bir oğul – körpə Ogyüstü doğdu. Atası balaca uşaq ilə pis davranırdı. Roza isə özünün bütün qalan ömrü boyu Rodenin sədaqətli partnyoru, bir adamın da əlavə etdiyi kimi, qulu oldu. Bir dəfə özünün də dediyi kimi, xalqdan olan bu qadının ehtiraslı loyallığına belə sözlərlə cavab vermişdi: “Eh, heç nə! Mən heç nə istəmirəm. Mənim vəzifəm ona qayğı göstərməkdir və sona qədər mən bunu edəcəyəm”. Bu qadın bütün ömrü boyu ona köməkçi oldu, cavan olanda ona modellik edirdi. Axırda, Rozanın ölümündən bir ay əvvəl onların uzun sürən ittifaqı nikahla qanuniləşdi. Bu qadın Roden üçün çox şey demək idi. Onlar çətin dövrləri birlikdə keçirmişdilər. O, daim bu qadını aldadırdı. Öz ölümünə dörd il qalmış, 1913-cü ildə Roden sevimli rəfiqəsinə yazırdı: “Bunu sənə deməliyəm ki, ağlım böyük Allahın mənə verdiyi bəxşişlə doludur, o vaxtdan ki, səni mənim yanıma qoymuşdur. Bu fikrimi sən öz alicənab ürəyində saxla”.Rozanın “Miqnon” kimi erkən heykəltəraşlıq portreti coşğun ruhlu və canlı bir qadını təsvir edir.

Rodenin Roza ilə birgə yaşamağa başladığı ildə, bir fotoqraf onu İkinci İmperiyanın ən populyar heykəltəraşı olan Ernest Karrye-Bellyoz ilə tanış etdi. O, müstəsna dərəcədə uğur qazanmış adam idi. Roden onunla işləməyə başladı. Bu vaxt artıq Roden “heykəl düzəltmək üçün, demək olar ki, bir maşın” idi.

Hər gün büstlər, ornamentlər, heykəllər, kiçik heykəllər, şamdan, kariatida yaratmaqdan, tunc işləri görməkdən heç də yorulmurdu. Tunc, mərmər, gips, alebastrla yanaşı, o, hər şeyi taraşlayırdı, nəqş edirdi, hər şeyə forma verirdi. Yalnız bu vaxt onun heykəltəraşlıq işinə olan marağı təzələndi və o, bu vaxt XVIII əsrin zövqünün canlanması, bərpa olunması üçün mühüm bir şəxsiyyətə çevrildi. O, eranın bir sıra mühüm şəxsiyyətləri olan III Napoleonun, Delakruanın portret büstləri ilə qalereyanı təchiz edirdi. Roden Bartlettə demişdi ki, “Mən Bellyozun yanına getməkdə çox xoşbəxtəm, çünki o, məni ornament düzəldəndən fiqurlar düzəldənə çevirdi”. Digər bir vaxtda o, qeyd etmişdi ki, “Karrye-Bellyoz öz qanında XVIII əsrin gözəlliyindən nəyəsə malikdir”.

Baxmayaraq ki, Roden Bellyoz üçün pis heykəllər düzəldirdi, bununla yanaşı, daim fiqurların kompoziyası barədə düşünürdü və bu, sonralar ona kömək göstərməmiş qalmadı. Bellyoz isə yeri düşdükcə onu tərifləyirdi, həm də nadir hallarda olsa da, hətta onu tənqid edirdi. Roden bilirdi ki, onun işləri Bellyozun xoşuna gəlir. Buna baxmayaraq o, Rodenin maaşını artırmırdı.

1875-ci ildə 35 yaşlı Roden özünün şəxsi ifadə üslubuna başladı. Bu dekorativ tunc heykəlləri tökmək üçün lazım idi. Onun çox saydakı erkən əsərlərinin ayrı-ayrı hissələrindəki üslubuna XVIII əsrin təsiri açıqca hiss olunur. 1876-cı ildə yaratdığı “Kupid”, Piqal üslubundakı “Qəfəslə olan uşaq” əsərinin əks-sədasını yada salır. Özünün sonrakı “Minotavr” əsərindəki fiqurlarla o, keçmişin sənətkarlarının yaratdıqları nümunələrdən istifadə edir. O, sonrakı dövrlərdə öz dostu və hamisinin evinin üzgüçülük hovuzu üçün XVIII əsr fransız heykəltəraşlığının nümunəsindən istifadə edərək, çimən qadınların müxtəlif fiqurlarını hazırlamışdı.

Roden hansısa bir anda spesifik və müstəsna bir üslubun yaranması fikri ilə razılaşmırdı, onun rəyinə görə, problemlərin həlli hökmən öz yolunu tapır. 1864-cü ildən Roden öz karyerasına başladı və yaradıcılığı ilə öz mülahizəsinin düzgün olduğunu sübut etməyə çalışdı. Lakin onun əsərləri özünə çətinliklə yol tapırdı. O, “Qırılmış burunlu adam” əsərini Salona göndərdi. Lakin rədd cavabı aldı. Həmin ilk illərdə o, müxtəlif üslublar nümayiş etdirdi, onun antik dövrün və XVIII əsrin sənətinə sevgisi həmin əsərlərdə aydın hiss olunurdu.

Onun yaşayış şəraiti çətin idi, ancaq o, həyatı sevən və ruhdan düşməyən bir adam idi. Öz əsərləri barədə gənc rəssamların karyeralarının astanasında deyirdi ki, “Mən əsərlərimdə heç vaxt kədərli olmuram. Mən daim onlardan həzz alıram. Mənim sevgim nəhəng ölçülüdür. Mən daim öyrənirəm. Öyrənmək onların hamısını öz ağuşuna alır. Mənim işlərimi görənlər, onların pis olduğunu deyirdilər. Məni həvəsləndirən bir sözü heç vaxt eşitmirdim. Dükan pəncərəsinə qoyduğum terrakotadan olan kiçik baş və fiqurlar heç vaxt satılmırdı. Dünya çox uzağa getdikcə, mən ondan qapalı bir vəziyyətdə qalırdım və ya bilmirdim ki, o, mənim üçün faydalı ola bilər. Mən Salona gedir və orada aparıcı heykəltəraşların əsərlərinə valeh ourdum... Düşünürdüm ki, onlara bərabər olmağa heç vax qadir olmaram. Bütün belə vaxtlarda mən təbiətdən öyrənib işləyirdim. Lakin əllərimi onlarınkı kimi yaxşı edə bilmirdim və başa düşə bilmirdim ki, bu niyə belədir... Təbiətdən nəyisə nəqş etməyi bilmirdim. Mənim düşüncəm yalnız öz modelimi kopiyalamaq idi. Həmin günlərdə  Luvrda valeh olduğum tabloların evdə kopiyalarını işləyirdim. Yaddaşım yaxşı olduğuna görə studiyada hazırladığım işlərin çoxu əvvəllər yaratdıqlarımın hər birindən yaxşı idi: Az qaydada laqeyd olurdum, o işlərdən bəziləri qalmalı idi. Mən minlərlə frank pul verərdim ki, həmin fiqurlardan bəzilərinə malik olum. O vaxtdan mən yaxşı dostlarımın qədrini, qiymətini bilməyə başladım, lakin əgər onlardan hətta birinə o vaxt malik olsaydım, bu mənim üçün dünyaya bərabər ola bilərdi. Onda mən bilmirdim ki, mənim işim hansısa bir dəyərə malikdir”. Bu etiraf onun böyüklüyünə, dahiliyinə sübutdur. Axı dahilər bəzən özlərinə tənqidi yanaşmağı da bacarırlar.

Sonrakı rəy bəlkə də Rodenin erkən işləri barədəki düşüncələri ilə bütünlüklə razılaşmaya bilər, çünki kifayət qədər maddi dəlil qalmamışdır ki, onları mühakimə etmək mümkün olsun. Təravətə malik olan bəzi ilkin sənət əsərləri sonrakı illərin kamil kompozisiyalarında yoxa çıxsa da, onun qədəm qoyduğu improvizasiya yollarında bütünlüklə itmədi. İndiyədək daha mühüm olan odur ki, “Qırılmış burunlu adam” əsərində o, elə formanı nəzərdə tutur ki, onda heykəltəraşın dühası daha çox cəzbedici təsəlli tapır. Ruhi məna nüanslarına təslim olmaqda isə effektlər lap əvvəldən müəyyən dərəcədə şansa borcludur. Roden heç vaxt bu dərsi unutmadı və zaman-zaman onun xarakterindən gələn və özünün nəzərdə tutduğu səmərəlilik naminə, o, formanın fırlanmasından və ya hərəkətindən istifadə edirdi. Onun karyerası çox hallarda itirilmiş günahsızlıqdan bir yol, bir xilas axtarışı idi.

Cəmiyyətlə əlaqədar problemlər və kəşflərə sönməyən həvəs

   

Fransa-Prussiya müharibəsinin başlanması İkinci imperiyanın sonunu yetişdirdi. III Napoleonun Prussiya kralına ehtirama məhəl qoymayan məktubu kansler Otto fon Bismark tərəfindən ustalıqla müharibənin başlanması üçün istifadə edildi. Müharibə 1870-ci ilin sentyabrında Sedanda imperator III Napoleonun əsir düşməsi və ordunun darmadağın edilməsi ilə fransızların məğlubiyyətinə və İkinci İmperiyanın məhvinə səbəb oldu. Müharibə digər həmvətənliləri kimi Rodenin həyatına da təbii olaraq öz zərbəsini vurdu. O, Milli Qvardiyanın 158-ci alayında xidmət edirdi. Alayın iki zabitinin terrakotadan büstlərini hazırladı. Lakin uzağı görə bilmədiyinə görə onu hərbi xidmətdən azad etdilər.

Müharibə 1871-ci ildə Frankfurt sülh müqaviləsi ilə başa çatdıqdan sonra Rodeni Brüsselə öz köhnə ustası Karrye-Bellyozun yanına çağırdılar. Bütövlükdə o, Belçikada ömrünün altı illik bir müddətini keçirməli oldu. Əvvəlki dövrdə o, çox həyəcanlı günlər yaşadı, çünki o, Rozanı və kiçik oğlunu Parisdə qoyub, onları tərk etməyə məcbur olmuşdu.

Roza Paris Kommunası bədbəxtliklərinin şahidi oldu. Bu vaxt Rodenin öz rəfiqəsinə olan ehtiraslı məktublarından görünür. Məsələn, bir məktubunda yazırdı: “Mən səni bütün ürəyimlə sevirəm”.

Onun Brüsseldəki işi Karrye-Bellyoza assistentlik etmək idi, o, bu paytaxt şəhərindəki Kommersiya Birjası binasının fasadı üçün bir sıra dekorativ bəzəklər düzəltmək sifarişini almışdı. Rodendən əlavə bu işin icra komandasına üç belçikalı da daxil idi. Gündüz işindən sonra o, axşamlarını kiçik ölçülü tunc qruplar düzəltməyə həsr edirdi, hamisi isə onları öz məhsulları kimi satırdı.

Rodenin istedadı o qədər böyük idi ki, ona özünün bütün vaxtını başqa daha nə iləsə məşğul olmağa sərf etməyə imkan verirdi. Bu kiçik tunc əsərlərin Karrye-Bellyozun öz adı altında satması hamisi ilə onun sözləşməsinə gətirib çıxardı. Rozaya yazdığı məktubda da şikayətlənirdi: “İndi mən səpinə malik deyiləm. Buradakı bir kimyaçı və öz kolleqalarımdan biri mənə kömək etdilər. Onlarsız mən nə olacağını təsəvvür edə bilməzdim. Mən səndən xahiş edirəm ki, yazdığım məktubu mənim şalvarıma girov qoyasan. Belə bir asan yolla pul qazanmaq olardı”.

Kommunanın məğlubiyyətindən sonra Karrye-Bellyozun Parisə qayıtması ilə Rodenin fərdi vəziyyəti yaxşılaşdı. O, bir belçikalı ilə birlikdə studiya açdı və bir il sonra, 1873-cü ilin fevralında hər iki heykəltaraş on iki illiyə kontrakt imzaladılar. Bu müqavilənin şərtlərinə görə hər biri öz əsərlərini öz doğma ölkələrinə çatdırmaq üçün imzalayacaqdı. Bu müqavilə 1877-ci ilin avqustuna qədər quvvədə qaldı. Müqavilənin vaxtından əvvəl öz qüvvəsini itirməsinin səbəbi, belçikalılar üçün Rodenin yaratdığı sənət əsərlərinin partnyoru Jozef van Rasburq tərəfindən imzalanması oldu, çünki bu, razılaşdırılmış şərtin pozulması idi.

Bu dövrdə o, Antverpen şəhərində burqomistirə qoyulacaq heykəl də daxil olmaqla, başqa işlərini başa çatdırdı. Həmin sifarişi varlı gəmi sahibi vermişdi, onun özü də həvəskar heykəltəraş idi. Abidə Roden və van Rasburq tərəfindən yaradılsa da, ona Roden öz imzasını qoymuşdu. Abidənin üslub xarakterini təhlil edən bir məqalədə onun Mikelancelonun yaradıcılığı ilə əlaqəsinin olduğu göstərilirdi və Kanzas-Siti şəhərinin Nelson qalereyası üçün düzəldilmiş bir oturmuş adam heykəlinin mumdan olan eskizi də həmçinin oxşar müşahidəyə məruz qalmışdı. Həmin əsər əvvəlcədən “Mütəfəkkir” heykəlinin eskizi kimi nəzərdə tutulmuşdu və çox güman ki, abidə üçün hazırlıq işi idi. Rodenin özü də Mikelancelonun əsərinə öz yaratdığının oxşarlığından “heyrətə gəlmişdi”, baxmayaraq ki, açıq şəkildə bəyan edirdi ki, heç də onu “ağlında tutmamışdı”.

Ümumiyyətlə, Rodenin həmin dövrdəki heykəltəraşlığı böyük üslubda olan tipik qarışıqlıqdan ibarət idi və onlar çox saydakı Avropa binalarında həmin vaxt tapılan dekorasiyalar ilə paralellik təşkil edə bilərdi. Onlar həmçinin fransız ənənəsində idilər.

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 20 sentyabr.- S.25.