İdrakın bədii şöləsi
Yer üzünün gözəlliyi ondadır ki, orada
türklər yaşayır.
Bəşər övladı dünyaya xəlq olduğu
gündən insanın zəkası ilə qəlbi, fikirlə
hiss arasında mübarizə gedir. Mənim fikrimcə əql insana Allah tərəfindən
maddi aləmi – yer hərəkətlərini dərk etmək
üçün verilmiş ən böyük imkandır.
Qəlb-duyğu, hissiyyat isə daha böyük,
təbii ki, idrakı yox fəhm (və vəhy) imkanlarına
malikdir. Ona görə də bir var, həyatdan,
kitabdan, müəllimdən öyrənilmiş elmlər.
Mən bunları müdrik elmlər
adlandırıram. Bir də var çox nadir insanların, peyğəmbərlərin,
dahilərin, övliyaların bəsirət gözü ilə
görüb fəhm etdikləri-bunlar mistik (səmavi) elmlərdir.
Poeziya, xüsusilə lirika və musiqi qəlbin
məhsuludur. Lirik şeirin, nəğmənin
mənbəyi insanın qəlb aləmidir. Bununla belə böyük poeziya o zaman yaranır ki,
fikirlə hiss birləşir. Təxminən əlli il
öncə XX əsrin böyük şairi, silsilə poetik kəşflər
ustası əbədi gənc
Əli Kərim “İntellekt və poeziya” məqaləsində
bu həqiqəti nəzəri şəkildə yada
salmış və belə bir şeirin parlaq nümunələrini
(“ilk sevgi”, “Qayıt” yaratmışdır.)
Bir neçə istisna nəzərə alınmazsa XX əsrin
əvvəlinə – maarifçi realizmin janrları yaranana qədər
Azərbaycan ədəbiyyatı tarixi poetik (şeir)
formalarında təkamül etmişdir. Nəzərə
alsaq ki, “ülumi-ədəbi” 15-17 elmdən ibarət idi, bu da
Şərqdə poeziyanın həm də nəzəri-fəlsəfi
fikri əks etdirməsini təsəvvür etmək çətin
deyil. Dahi Nizami Gəncəvinin
“Xəmsə”si həm də belə bir həqiqətin ifadəsi
idi ki,
Rütbələr
içində seçilir biri
Hamıdan
ucadır alimin yeri
Elmlə,
biliklə, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
“Sözə
xor baxmaq olmaz hər söz // Ərşdəndir gəlib hədiyyə
bizə”. “Söz yaradanın mədhi-sənasıdır, nəğməsidir”
kəlamları ilə SÖZün ilahi-səmavi mənsəbini
qəbul edən böyük Füzuli “elmsiz şeir əsasız divar olar, əsasız divar qayətdə
bistibar olar” düsturunu irəli sürmüşdür.
Çağdaş Azərbaycan ədəbiyyatında
fikirlə hissin vəhdəti əsasında intellektual poeziya
yaradan məşhur qələm sahiblərindən biri
Elçin İsgəndərzadədir. Elçin ədəbi
və elmi-ictimai mühitdə öz alimliyi, poeziyası,
xeyirxah əməlləri və ictimai fəaliyyəti ilə
kifayət qədər tanınan, hamı tərəfindən
rəğbətlə qəbul edilən ziyalı bir şəxs,
nüfuzlu bir fikir adamıdır. Mən
onun gördüyü işlər, gəzdiyi ölkələr
və aldığı mükafatlarla bağlı
siyahını oxuyanda heyrətə gəldim. Hər
zaman ən hörmətli yığıncaq və mərasimlərdə
yanımızda diqqəti cəlb etmədən böyük
işlər görən, 50 yaşlı texnika elmləri
doktoru, professor, tanınmış şair, ehtiraslı
publisist, pedaqoq, türkçü, qədrşünas, Azərbaycanı
bütün dünyada ləyaqətlə təmsil edən vətənpərvər
bir ziyalı Elçin İsgəndərzadənin olduğu
ölkələrin, elminə və poeziyasına görə
aldığı mükafatların, elmi və bədii, habelə
tərcümə əsərlərinin siyahısını təqdim
etsəm nəinki bir məqalənin heç bir kitabın da
hüdudlarına sığışmaz. Elçini
tanıyanlara bu dəyərli işlər yaxşı məlumdur.
Məlum olmayanlar üçün bunların sadəcə
statistikasını qeyd etməklə kifayətlənirəm,
necə deyərlər “Arifə bir işarə də bəsdir”.
Professor
Elçin İsgəndərzadə 200-dən çox elmi məqalənin,
47 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 85 bədii
kitabın, 125 tərcümə
kitabının mütərcimidir. Dünyada
çap olunan iyirmiyədək qəzet və jurnalın
redaksiya heyətinin üzvüdür.
Elçin İsgəndərzadə Şuşada anadan
olub.
(14.09.1964). Ağdam şəhər 6 saylı orta məktəbi
qızıl medalla (1981), Azərbaycan Politexnik İnstitutunu fərqlənmə
diplomu ilə bitirib (1986),
“Maşın və mexanizmlər nəzəriyyəsi”
ixtisası üzrə aspiranturaya qəbul olunub (1989), namizədlik
dissertasiyasını müdafiə edib (1993), “Vektor” Beynəlxalq
Elm Mərkəzini təsis edib (1994), Azərbaycan,
Qazaxıstan, Bolqarıstan, Rumıniya, Kosova, Rusiya və s.,
Yazıçılar Birliyinin üzvü, Afina şəhərinin
fəxri vətəndaşı, “Roma şəhərinin fəxri
alimi”, Avropanın fəxri ixtiraçısı və fəxri
elm və mədəniyyət adamı, onlarla Beynəlxalq
Akademiyanın üzvü, orden və qızıl medalın
sahibi... və Şairdir. N.Nərimanov həkim,
A.P.Çexov həkim, Ç.Aytmatov zootexnik, fəqət həm
də və bəlkə də daha çox yazıçı
idilər. Bu gün professor, Hacı (2006) Elçin
İsgəndərzadə, Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər Akademiyasının həmprezidenti
kimi dünyada Türk birliyinə tarixi xidmət göstərir.
Bunu E.İsgəndərzadə haqqında
böyük türk müasirlərinin qiymətli fikirləri
təsdiq edir. Bir neçə mülahizəni misal verək:
“Elçin İsgəndərzadənin poeziyasının
son illər dünyanın onlarla ölkəsində yerli dillərə
çevrilərək çap olunması ondan xəbər
verir ki, Türk poeziyası artıq dünya poeziya okeanına
yelkən açmaqdadır” (Çingiz Aytmatov); “Elmi fəaliyyətləri
ilə yanaşı şair olaraq da imzası yaxşı
tanınan Prof. Dr. Elçin İsgəndərzadə dəyərli
bir arkadaşımızdır” (Raur Denktaş, KKTC
Cumhurbaşqanı). Azərbaycanın böyük dostu akademik İhsan
Doğramacı yazıb: “İnanıram ki, Türk
Dünyasının Elçin İsgəndərzadə kimi
nadir istedadları bizim bacarmadıqlarımızı, lakin
arzuladıqlarımızı şərəflə həyata
keçirəcəklər”. Qırğızıstanın
Xalq şairi, Yazıçılar Birliyinin sədri Nadirbek
Alımbekov isə belə deyib: “Türkdilli ölkələrin
hər birində heç olmasa bir nəfər Elçin kimi
ürəyini məşələ döndərsə,
inanıram ki, Türk Birliyi Dünyanın bütün siyasi,
mədəni və digər birliklərindən daha
üstün olar... Tanrı Türk
Dünyasının Elçinlərini bizlərə çox
görməsin”. Başqa bir Çingiz-müdrik
müasirimiz Çingiz Əlioğluya görə: Elçin
İsgəndərzadəyə inam “Onun dəyişməz mədəni əyar
ölçülərinin xaslığına əsaslanır,
yüksək ziyalı səviyyəsindən gəlir, ən
başlıcası isə istedadına güvəncindən
doğur”. İstedadlı rəssam və şair Adil Mirseyid
özünün esse-monoqrafiyasında Elçin İsgəndərzadəni
“şeirimizin Qarabağ şikəsti, hardan baxsan görünən
adam” kimi doğru, orijinal bənzətmələrlə
sərgiləyir. Əlbəttə, mən də
texnika elmləri doktoru Elçin İsgəndərzadənin
maşın və mexanizmlər nəzəriyyəsi sahəsindəki
elmi əsərləri və ixtiraları haqqında bir söz
deyə bilmərəm. Buna mənim səlahiyyətim
yoxdur. Fəqət, onun şəxsiyyətinə,
prinsipial ziyalı mövqeyinə əsaslanıb deyə bilərəm
ki, Elçin texniki sahədə də ciddi bir alimdir”.
Qayıdıram Adil Mirseyidin sanballı sözünə
– “Elçin İsgəndərzadə Şairdi – Şair isə
hardan baxsan görünən adamdır”. Bu gözəl fikrin məntiqi
yozumu belədir: Elçin İsgəndərzadə hardan
baxsan görünən şairdi – Azərbaycandan, Rusiyadan,
Türkiyədən, Türküstan ellərindən,
Almaniyadan, Rumıniyadan, Bolqarıstandan... Əcaba,
nə ilə, şeiriyyətinin hansı yüksək əyarı
ilə hardan baxsan görünə bilir Elçin İsgəndərzadə?!
Rəhbərlik
etdiyi “İlham ” ədəbi birliyində
Elçinə ilk addımlarında yardımçı
olmuş, tanınmış ədib Qərib Mehdi “Elçin-el
üçün” kitabında yazır: “Elçinin həyat və
yaradıcılığının marşrutu belədir:
Şuşa-Gəncə-Bakı-Dünya. Elmdə
professorluq zirvəsinə çatıb. Şairliyi ondan
geri qalan deyil... Fəaliyyətinin ana xəttini
– xeyriyyəçilik, vətənpərvərlik,
türkçülük və dünyəvilik təşkil
edir”.
Şair qəlbinin gerçəkliyə münasibət
tərzi onun poeziyasının xarakterini müəyyən edir. Elçin
gerçəkliyə-həyata alim kimi daxil olur, oradan şair
kimi çıxır. Onun
poeziyasının həm “müsbət”, həm də “mənfi”
qəhrəmanı şairin özüdür. Şairin estetik idealı daşıdığı
ruhun bədii-fəlsəfi iradəsidir. E.İsgəndərzadə
qədim türk ellərindən, böyük türk tarixindən
daşlaşıb gələn türk ruhunun mənəvi tərcümanıdır.
Onun idealı türkçülükdür: “Yer üzü
türkün torpağı, göy üzü türkün
bayrağı”. Elə bilirəm ki, bu düstur
bir şair kimi E.İsgəndərzadəni türk ədəbiyyatına
daxil edir. “ Türkük türkü
oxuyuruq” namlı şeirində şair daha ünlü bədii-fəlsəfi
açıqlama verir:
Tanrı
dağından gəlirik,
Cənnət
bağından gəlirik
Türk
oymağından gəlirik,
Türkük türkü oxuyuruq.
Əsdikcə
səhər yelləri,
Açılar
könül gülləri,
Atlanar
Turan elləri
Türkük türkü oxuyuruq.
Türkün
əski türküsü qədər saf və səmimi olan
bu nəğmə “qılıncımız belimizdə //
qopuzumuz əlimizdə” deyən türkün möhtəşəm
obrazını əyani tərzdə canlandırır. Türk
qılıncla tarixi yaradıb, qələmlə tarixi
yaşadıb. E.İsgəndərzadə
elmi ilə tarixi yaradan, şeiri ilə tarixi yaşadan təmiz
qanlı bir türk oğludur.
Onun
böyük alim Xudu Məmmədova həsr olunmuş “Bu qala –
bizim qala”, dahi türk ədibi Çingiz Aytmatova həsr
olunmuş “Turan savaşçısının nəğmələri”
poemaları bu fikrin həqiqiliyini sərgiləyir:
And olsun
Göy Tanrıya
bu
torpaqlar bizimdi.
Ucsuz-bucaqsız
çöllər
uca
dağlar bizimdi.
Göy
Tanrı övladıyıq
göylərdən gəlmişik biz.
Yolumuzu
gözləyir
Çox uzaqda son dəniz.
Elçin İsgəndərzadənin “Oğlum Əliyə
dualar” poemasını türkün gələcək nəsillərinə
və bizdən sonra gələnlərə
ünvanlanmış bədii kimlik sənədi, YADDAŞ
MƏKTUBU adlandırıram. Əksər qələm
sahibləri oğlanlarına müraciətlə əsərlər
yazıb. Mən də yeganə oğlum Fərid
Şəmsizadəyə müraciətlə “Müdriklər
bunları deməyib” kəlamlar kitabçasını həsr
etmişəm. Elçinin “Duaları” – yaddaş
dualarıdır, gücü, qüdrəti təkcə poetik
hüsnündə deyil, unudulmazlığındadır:
Sən
kövrəlib ağlama,
Səsim qırılsa birdən.
Bir
savaşda vurulsam,
Qılıncımı götür sən.
Dünya
türkdən başlayır,
Unutma bunu, oğlum.
Bir
gün türklə bitəcək
Dünyanın sonu oğlum.
Dünyada türk heç vaxt fateh olmayıb,
qılıncından çox yenilməz ruhuna güvənib. Xaqani, Nizami Gəncəvi,
Əhməd Yəsəvi, Mövlana Cəlaləddin Rumi, Yunus
Əmrə, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai,
Əlişir Nəvai, Zahirəddin Babur, Mövlanə Məhəmməd
Füzuli – bu karifeylər türk ruhunu əbədiləşdirən
dahilər olublar. Türkün atı qan
yolları ilə yox, nur yolları ilə hərəkət
edib. Türk köç etməyib vətəninin
bu başından – Mançuriyadan Çin səddindən, o
başına – Macarıstana gedib. Onun
ölçüsü günəş olub. Türk dünyada misli bərabəri olmayan
“Böyük çöl mədəniyyəti” və İslam
dininin qəbuluna qədər 17 imperiya yaradıb. Ərəblər İslamı yaradıb, türklər
İslamı yaşadıb. Elçin
İsgəndərzadə belə bir mədəniyyətin, əxlaqın,
qəhrəmanlığın layiqli varisidir.
Bir şair kimi o əski türk şeirinin, “Kitabi-Dədə
Qorqud” şeirinin üslub və ahəngini qorumağa
çalışır və onu müasir modern poeziya ilə
birləşdirməyə cəhd edir. Elçinin “Qürbət
hücrəsində” (2013) şeirlər və poemalar
kitabına daxil olan bəyəndiyim onlarla şeirinin birindən
(“Məmləkət”) kiçik bir misal çəkirəm:
Savaş
günü atları yəhərləyib
Qibləsinə
vardığımız
Məmləkətdir, məmləkət.
Durna telli
igidləri
dəliqanlı, havalı.
Gəlinləri, qızları
bənövşətək həyalı
Məmləkətdir, məmləkət.
Qarşı yatan sıra dağlar
ulusumun cənnəti.
Könüllərin yarasında
ayrılığın həsrəti.
Bu misraları baxışları atlı türkün nəzərləri kimi səhra ilə üfüq arasındakı əbədiyyətə zillənən türkçü, Şuşa-Qarabağ həsrətini milli faciə kimi yaşayan Azərbaycan şairi yaza bilər. Misal verdiyim misralar Elçin İsgəndərzadənin “525-ci qəzet”də çap olunmuş “Şahmar şikəstəsi” poemasını yadıma saldı. Q.Mehdi doğru olaraq onu “Muğam-rekviyem” adlandırır. Şair yazır:
Bu nə bəxtdi, düşüb bir nəhs ələ ki,
Taleyimiz ömrümüzə tələ ki,
Baş qarışıb, məshəb itib hələ ki
Qarabağa bizsiz gəlir bu yaz da...
Belə bir ovqatla da Elçin İsgəndərzadə ən sanballı şeir kitablarından birini “Bir ümid Xarıbülbül” (2008) adlandırıb. Kitaba yığcam, fəqət məzmunlu ön söz yazmış görkəmli alim Nizami Cəfərov deyir: “Elçinin şeiri adamın ürəyini, hissini, əzmir, sıxmır, emosiyanı təlatümə gətirmir, ürəyə, hissə olduqca sakit, rəvan, harmonik bir axınla dolur... Qarabağ şikəstəsi kimi!.. Elçin hisslərin filosofudur”. Mən hesab edirəm ki, Elçin İsgəndərzadənin “İkiliklər”i ən yaxşı fəlsəfi-intellektual şeir beytləridir:
Mənim könlüm sənsiz qaldı,
Uçan durnam qatar saldı.
İçərişəhərdə sərsəri külək
Veyillənir sərxoş rəssam tək.
Divarda akvarellə çəkilmiş rəsm
Rəsmdəki dağlardan gəlir səsim.
Dünyanın məşhur təlimlərindən olan vəhdəti-vücuda görə qum dənəsi dünyanın modelidir. “Zərrə mənəm, günəş mənəm. // Cahr ilə pəncü-şeş mənəm”- deyirdi böyük hürufi şair Nəsimi.
Beləliklə, dənizin suyunun şor olduğunu bilmək üçün dənizi bütöv içmək lazım deyil, bircə damla kifayətdir. Eləcə də görkəmli alim, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin səmimi bir türkçü, türk dünyasının sevimlisi, türk ruhunun poetik tərcümanı, istedadlı şair olmasını bir daha təsdiq və təqdim etmək üçün onun zəngin və çoxcəhətli yaradıcılığını başdan ayağa şərh etmək lazım deyil. Bu gələcək tədqiqatçıların işidir.
Elçin İsgəndərzadə 50 yaşın aşırımına zəngin bir elmi-nəzəri, bədii-fəlsəfi, mənəvi-əxlaqi arsenalla gəlib, özü ilə böyük nüfuz və bütöv şəxsiyyət gətirib.
Nizaməddin Şəmsizadə
525-ci qəzet.-
2014.- 20 sentyabr.- S.24.