Yazıçının ədəbi tərcümeyi-halı
"...Azərbaycanın
tanınmış yazıçı- dramaturqu Hüseynbala Mirələmovla
bir yerdəyik... Mən dostluqda dəqiqliyə,
həssaslığa və təmənnasız münasibətlərə
xüsusi qiymət verən adamam. Bu mənada
Hüseynbala Mirələmovla oxşarlığımız
çoxdur. Həmfikir olduğumuza görə
tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir
mübadiləsi aparanda eyni məxrəcə gələ
bilirik... Hüseynbala ilə hər görüşəndə
ondan müsbət enerji qəbul edirəm, ruhən bəhrələnirəm"...
Bu sözlər türk dünyasının (və
ümumən dünyanın!) böyük yazıçı- mütəfəkkiri
Çingiz Aytmatova aiddir...
lll
Hüseynbala Mirələmov müasir Azərbaycan ədəbiyyatının
ən parlaq, ən məhsuldar simalarından biridir. Onun hekayə, povest, roman,
dramaturgiya və publisistikasında qaldırılan kifayət qədər
ciddi sosial- mənəvi problemlər yalnız Azərbaycanda
deyil, əsərlərinin tərcümə olunub yayıldığı ölkələrdə
də böyük maraq doğurur, Azərbaycan ədəbiyyatının,
ədəbi- ictimai təfəkkürünün səviyyəsi
barədə aydın təsəvvür yaradır.
Yazıçının
yaradıcılığının ən mühüm xüsusiyyətlərindən
birincisi, heç şübhəsiz, müasirliyi,
günümüzün mürəkkəb
hadisələrinə, analitik təhlilə (və ümumiləşdirməyə)
çətin gələn ictimai
proseslərə, get- gedə daha da çətinləşən,
gözlənilməz mənəvi- əxlaqi anomaliyalarla qəlizləşən insan
münasibətlərinə fəal ədəbi-fəlsəfi
müdaxiləsidir. Ümumiyyətlə, hansı mövzuda
yazırsa-yazsın, Hüseynbala Mirələmovu bir
yazıçı - mütəfəkkir kimi maraqlandıran əsas məsələ
bu günün insanı, onun düşdüyü mürəkkəb
sosial-psixoloji vəziyyətlər və ondan optimal
çıxış yollarının axtarılıb
tapılmasıdır.
Məlum
olduğu kimi, XX əsrin sonu XXI əsrin əvvəllərindən
etibarən dünya insan həyatına həm siyasi, həm iqtisadi, həm də mədəni-mənəvi
sahələrdə öz "sürprizlər"ini diqtə
etməyə başladı. Və bu "sürprizlər" o qədər
çox, o qədər intensiv oldu ki, zəmanəmizin ən
nikbin filosofları belə insanın (və dünyanın!)
taleyi barədə xeyli bədbin fikirlərə
düşdülər... Vəziyyət o həddə çatdı ki, yeniləşmə,
inkişaf fəlsəfi təfəkkürdə nəinki alqışlanmalı, hətta
etiraz doğurmalı oldu. Əgər
əsrlər boyu nümunəvi sayılan, həyat proseslərini
tənzimləyən kanonlar pozulursa, həmin kanonlara bu və
ya digər səviyyədə riayət etmək insanı həyatın
özünün proqreslərindən
kənarda qoyursa, müasir (və
hər gün müasirləşən!) dünyanı necə izah etməli? Yalnız
paradokslarlamı?..
Bir vaxtlar
dünyanı hərbiçilər- sərkərdələr
idarə edərdilər...
Makedoniyalı İsgəndər, Attila, Çingiz xan,
Əmir Teymur, I Pyotr, Napoleon... Və tarix yüzlərlə bu
cür qəhrəmanı öz yaddaşında qəribə
bir məhəbbətlə, ehtiramla və çox maraqlıdır ki,
xüsusi təəssübkeşliklə qoruyub
saxlamışdır. Bütünlüklə fiziki- hərbi
gücə əsaslanan həmin dünya üçün insan
həyatı o qədər əhəmiyyətsiz idi ki, hətta
az- çox fatehlərin ətrafındakı filosoflar,
tarixçilər, şairlər belə onların yüz minlərlə
insanın məhvinə hesablanmış qələbələrini
tərənnüm edirdilər.
Dünyanın həm hərbçi sərkərdə,
həm də siyasətçi- ideoloq olmaq iddiasına
düşən son qəhrəmanları Hitlerlə Stalin
oldular.
Sonra siyasətçilər,
ideoloqlar gəldilər... Onlar əllərində silah
orduların önündə getmək, qanlarına bulaşmış
cəsədləri bilavasitə görmək əzabından
xilas oldular... Və
təbii ki, qalib gəlmək üçün yenə
də öldürmək lazım idi, lakin gözə
görünmədən, günahı naməlum (heç bir vəchlə
tapılmayacaq!) bir qüvvənin, ya da ölənin boynuna
atmaqla...
XX əsrin
sonlarına doğru sülh uğrunda mübarizənin
ümumdünya hərəkatına çevrildiyi, insan
hüquqlarının müqəddəsliyi beynəlxalq
münasibətlərin əsasında dayandığı bir
dövrdə terrorizm (günahkar yox, məhz günahsız insanlara
qəsd!) hərəkatı elə
bir miqyas aldı ki, həyatın fəlsəfəsi barədə düşünmək artıq xeyli
dərəcədə mübahisəli görünməyə
başladı.
Elə isə
nəinki insan beyninin (intellektinin!) hətta insan qəlbinin
(hisslərinin!) mexanikləşdiyi müasir dünyada
yazıçının, sənətkarın, mütəfəkkirin
müasir olması nə deməkdir?..
İnsanın necə yaşadığı, gündəlik fəaliyyətinin
nədən ibarət olduğu, necə ailə qurduğu, bu
dünyada nə qoyub getdiyi barədə daha çox
iqtisadi statistikanın, yaxud hüquq- mühafizə orqanlarının verdiyi məlumatlara
əsaslanıldığı müasir dövrdə
yazıçının (ədəbiyyatın!) müasirliyi nəyə
əsaslanır?..
Fikrimizcə,
konyuktursuzluğa və ya tərəfsizliyə!..
Ədəbiyyat, yaxud əsl yazıçı (sənətkar)
ona görə həmişə müasirdir (və onun
dövranı heç zaman qurtarmır) ki, onun, sözün
dar mənasında, məqsədi yox, sözün geniş mənasında,
məramı var... Bu məram isə insanın
daxilinə hansı ilahi qüvvəninsə qoyduğu
insanlığın ölməsinə imkan verməməkdən,
onu (insanı), birinci növbədə, öz gözündə
yüksəltməkdən ibarətdir.
Və
Hüseynbala Mirələmov hər şeydən əvvəl,
ona görə müasirdir ki, təbii- tarixi bir inersiya ilə
öz böyük xələflərinin yoluyla gedir...
Yazıçının
yaradıcılığının ikinci mühüm
xüsusiyyəti onun
mütəfəkkir məsuliyyətidir. Bu isə o
deməkdir ki,
Hüseynbala Mirələmov əlinə qələm
alandan nə yazıbsa onun həqiqət olduğuna ürəkdən
inanıb, bir şey düşünüb başqa şey
yazmayıb... həyatı bəzəməkdən,
bəlağətdən, gözə (və ürəyə!)
xoş gələ biləcək bədii konstruksiyalar
uydurmaqdan həmişə qaçıb... Və imkan verməyib ki, nə
zamansa sıravi, yaxud intellektual bir oxucu onun əsərini
oxuduqdan sonra "yox, düz yazmamısan!" desin.
Yazıçı
sözünün, çox təəssüf ki, nüfuzunun o
qədər də yüksək olmadığı bir dövrdə ona
(yazıçı sözünə!) nüfuz
qazandırmağın əsas yolu məhz bu tərəfsiz,
konyuktursuz məsuliyyətdir - həyatı necə varsa o cür, bütün
harmoniyası (və kəm- kəsiri) ilə göstərmək,
təsvir etməkdir. Həqiqəti deməkdən qorxmamaqdır.
Nəhayət, Hüseynbala Mirələmov
yaradıcılığının üçüncü
mühüm xüsusiyyəti onun humanizmidir.
Yazıçı üçün müasirlik, məsuliyyət
nə qədər əhəmiyyətlidirsə, humanizm də
o qədər vacibdir. Dünyada insana həyat verə biləcək,
onu müdafiə edə, yüksəldə biləcək nə
varsa, yazıçı ona həssas olmalıdır. Və əksinə,
insanı insanlıqdan çıxaran nə varsa, ona
qarşı çıxmalıdır. Xüsusilə
bizim günlərdə - insanlığın ən munis, ən
səmimi hisslərinə total (və qaba!) müdaxilənin
gücləndiyi bir dövrdə yazıçı humanizmi ən
böyük sosial- ideoloji münsif ola bilər.
Və olmalıdır...
Hüseynbala
Mirələmov yaradıcılığında müasir
olduğu qədər
məsuliyyətli, məsuliyyətli olduğu qədər
humanist sənətkardır... O, ən "mənfi" qəhrəmanının
belə təbiətindəki insani keyfiyyətləri
görür, qiymətləndirir,
“qətran qaranlığı"ndakı kiçik bir işıq cücərtisinin
parlamasına, yatmış vicdanın oyanmasına, solmaqda olan
hisslərin çiçəklənməsinə elə
ehtirasla çalışır ki, bunu ancaq böyük ürək
sahibləri edə bilər.
lll
Hüseynbala
Mirələmov 25 iyun 1947- ci ildə Lerik rayonunun Nuravurd kəndində
dünyaya gəlsə də, kiçik yaşlarında ailəliklə
Lənkəran şəhərinə köçdüklərinə
görə burada boya- başa
çatmışdır. Lənkəranda orta məktəbi
gümüş medalla bitirmiş, müxtəlif elm sahələrində
istedada malik yeniyetmə ali təhsilini Azərbaycan Politexnik İnstitutunun
inşaat fakültəsində davam etdirmişdir (1965- 1970).
Uzun illər
həm istehsalatda çalışan, həm elmi tədqiqatlarla
məşğul olan, həm də
ictimai xadim kimi formalaşan Hüseynbala Mirələmovun genişmiqyaslı
yaradıcılıq imkanlarının, tale (və həyat)
göstərdi ki, bir mühüm sahəsi də ədəbiyyat imiş.
Orta məktəbdə
oxuduğu illərdə yazıb Lənkəranın
"Leninçi" qəzetində çap etdirdiyi "Bir
tikə çörək" hekayəsi, hər şeydən
əvvəl, o demək idi ki,
Hüseynbala Mirələmov çox gənc
yaşlarında ədəbiyyat
dünyasına daxil olmaq üçün artıq "vətəndaşlıq
pasportu" almışdı. Və tale onu sonralar haraya göndərsə də,
hansı yüksək mövqelərə qaldırsa da, o, bu
"vətəndaşlıq"dan imtina edə bilməzdi.
Ümumiyyətlə,
təcrübə göstərir ki, həyatın hər
üzünü görməyən, ona sözün
böyük mənasında (və bütün mürəkkəb
tərəfləri ilə birlikdə) yaşamayan, dünyaya
yalnız yazı masasının
arxasından baxan yazıçı sənətkarlıq
texnologiyalarına nə qədər dərindən yiyələnsə
də, oxucu ilə sona qədər səmimi ola bilməz. Həyatdan
gələn yazıçı isə hətta sənətkarlıq
baxımından müəyyən mənada mübahisəli
görünsə də, əsərlərində həyat
həqiqətlərini bütün təbiiliyi ilə təqdim
etdiyinə görə, oxucunu cəlb edir, hisslərinə
hakim kəsilir, onu həyəcanlandırır,
düşündürür...
Orta məktəbin
yeddinci sinfində oxuyarkən - 1961- ci ildə çap olunan ilk hekayəsindən
iyirmi beş il sonra ilk hekayələr kitabı - "Tənha
durna uçuşu" (1986) nəşr olunana (və ondan da on beş il sonraya) qədər Hüseynbala Mirələmov
çoxlarının qibtə edəcəyi dolğun (hadisələrlə zəngin!) bir həyat
yaşamışdı. Özü də kabinetlərdə
yox, istehsalatın imkan verdiyi geniş
ictimai miqyaslarda, müxtəlif təbəqələrdən
olan insanlarla çiyin- çiyinə, kürək- kürəyə,
göz- gözə... Dünyanın ən ağıllı,
müdrik, hər hərəkəti bir tərbiyə məktəbi
olan
insanlarını da görmüşdü, hər hərəkəti
insan adına ləkə olan məxluqlarını da...
Hüseynbala Mirələmovun
çap olunan ilk hekayəsindən iyirmi beş il sonra nəşr
olunmuş ilk hekayələr kitabına ön söz
yazmış məşhur yazıçı, tənqidçi-
ədəbiyytşünas Elçin özünəməxsus
üslubla qeyd edirdi ki, "mən bu kiçik kitaba
toplanmış hekayələri oxuduqdan sonra birdən- birə
Lerik, Yardımlı dağlarını xatırladım, o dağların təmiz, şəffaf
ab-havasını xatırladım, Lənkəranın,
Astaranın, Masallının - doğma Azərbaycanımızın bu
gözəl, ürəkaçan guşəsinin limonlu,
narınclı, portağallı bağ-
bağatını, qatarla
sıralanan düzləri, təpələrin döşlərini
bəzəyən çay plantasiyalarını
xatırladım, Xəzərin heç yerdə yox, məhz Lənkəran,
Astara sahillərində əsən mehini duydum...
Yox, ona
görə yox ki, Hüseynbala başı qarlı o
dağları, o gözəl Lənkəran bağ-
bağatını təsvir etmişdir; ona görə ki, bu hekayələrdəki səmimiyyət,
doğma yurda məhrəmlik,
hiss etdiklərini öz imkanları daxilində söyləmək, yaxşıya
sevinmək ilə, xeyirxahlıq ilə o dağların, o
bağ- bağatın, o dəniz mehinin arasında nəsə
üzvi bir bağlılıq var".
Hər
cür uğurlu, istedadlı əsəri (və
yazıçını) ürək genişliyi ilə
yanaşı, son dərəcədə məsuliyyətlə dəyərləndirən
Elçin əlavə edir:
"Hüseynbalanın bu hekayələr kitabı "Tənha
durna uçuşu" ilə başlayır,
"Qayıtdı durnalar..." hekayəsi ilə sona yetir.
Nə
yaxşı ki, o durnalar, o azad quşlar yenə də doğma
torpağa qayıdırlar və mən çox istəyirəm ki, hansı janrda,
hansı həcmdə yazmasından asılı olmayaraq,
Hüseynbalanın qələmi də zəhməti kimi
(Hüseynbala Mirələmov o zamanlar qaz kəməri
inşaatı mühəndisi idi - N.C.) doğma torpağa, doğma yurda beləcə
bağlı olsun".
“Tənha
durna uçuşu"ndan on beş il sonra nəşr
olunmuş ikinci hekayələr
kitabına - "Qayada çiçəy"ə (2002)
yazdığı “Müəllifdən qeydlər"ində
Hüseynbala Mirələmov ilk hekayəsinin çapından
qırx ildən də artıq vaxt keçdiyini yada salır. Və yaradıcılıq
tarixçəsinə işıq salan maraqlı fikirlər
söyləyir:” ...İndi nə yaş o yaşdır, nə
də zaman, dövran...
Ancaq ilk gəncliyimdən içimə düşən
közün yandırdığı yerin göynərtisi
ötmədi.
Zaman- zaman məni yandırdı, ara- sıra qələmə
aldığım hekayələrdə daxilimdə baş
qaldıran tufanları sakitləşdirməyə
cəhd göstərsəm də,
zaman keçdikcə bu hisslər
qarşısıalınmaz bir həvəs və istəklə
üzə çıxır, hətta vaxtilə mənəviyyatımda
yığılıb qalmış həyat həqiqətlərini
bədii sözün donunda üzə çıxarmağa məni
məcbur edir. Əlbəttə, bu kitabda toplanmış hekayələrin
qüsursuz sənət nümunələri
olması iddiasında da deyiləm. Ancaq diqqətli oxucu
üçün bu yazıların zorən
yazılmadığını təyin etmək o qədər
də çətin
olmaz.
...Az
yazmağımı da sözə arxa çevirmək, sözdən
uzaq düşmək kimi qəbul etmirlər. Əlbəttə, yazılarım
haqqında ən ədalətli hökmü şəffaf oxucu
özü verəcəkdir. Ancaq nikbinlik duyğusu ilə deyirəm,
hansı könülsə nə vaxtsa bu sözlərin hərarətindən
istilik alsa, məmnun olaram".
Hüseynbala Mirələmovun
bədii yaradıcılığa çox gənc
yaşlarında başlamasından xəbəri olmayan, yaxud
2000-ci illərin əvvəllərindən etibarən çox
böyük məhsuldarlıqla yazıb-yaratmasından və
ya qəflətən ədəbi prosesdə bütün
parlaqlığı ilə görünməsindən "təşvişə
düşən" tənqidçilər
yazıçını qiymətləndirməkdə də
müəyyən tərəddüdlər keçirdilər.
Necə oldu ki, 60, 70, 80-ci, hətta 90- cı illərdə "susan",
"görünməyən" bir yazıçı 2000- ci
illərin əvvəllərindən başlayaraq
"inqilab" elədi, həm nəsrdə, həm
dramaturgiyada, həm də publisistikada bu qədər böyük
uğurlar qazandı?..
Ədəbi
yaradıcılığın (istedadın!) özünəməxsusluqlarını,
gözlənilməz sürprizlərini və subyektivlərini
bir yana qoysaq, fikrimizcə, bunun üç məlum səbəbi
vardı:
1)
Hüseynbala Mirələmov çox gənc yaşlarından,
əgər belə demək mümkünsə, yazıçılıq
eləmiş, ilk hekayəsini çap etdirmiş, sonralar da "ədəbiyyatdan
xeyli uzaq sahələrdə" çalışsa da, vaxtaşırı yazmaqdan
qalmamış, ədəbiyyatla yaşamışdı.
2) 60, 70,
80, 90-cı illərdə hər onilliyi bir mərhələ
olan, xüsusilə mənən- ruhən zəngin bir həyat
yolu keçmiş, böyük bir intellekt, ideya- fikir
adamı, cəmiyyətin qəbul etdiyi şəxsiyyət
olaraq formalaşmışdı, deməyə sözü vardı.
3) Dünyanın dəyişməsi (demokratikləşməsi!), xüsusilə Azərbaycanda ümummilli lider Heydər Əliyevin yaratdığı humanist şərait imkan vermişdi ki, daxilində yanğı (və insan sevgisi!) olan, həyatı dərindən bilən bu şəxs (şəxsiyyət!) bütün gücü, miqyası və məhsuldarlığı ilə ədəbiyyata (yenidən!) gəlsin.
Və çox keçmədi ki, Hüseynbala Mirələmovun istedadını qiymətləndirməkdə ədəbiyyatın xeyirxahı (və uzaqgörəni!) Elçin tək qalmadı... Çingiz Aytmatov, Bəkir Nəbiyev, Əlirza Xələfli, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Nizami Cəfərov kimi onlarla ədəbiyyat adamı da böyük yazıçının, ictimai xadimin, "insan qəlbinin mühəndisi"nin (Maksim Qorki) istedadını etiraf etdilər.
lll
Yaradıcılıq miqyası çoxşaxəli olan yazıçı, artıq qeyd etdiyimiz kimi, onlarla gözəl hekayələrin, povestlərin, romanların, dram əsərlərinin, publisistik məqalə və kitabların (xüsusilə Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev haqqında "Görkəmli adamların həyatı" seriyasından dünyanın müxtəlif dillərinə tərcümə olunaraq nəşr edilmiş kitabları), ədəbi- tənqidi yazıların, tərcümələrin müəllifidir. Müraciət etdiyi mövzulara gəldikdə isə onların da miqyası kifayət qədər genişdir: məhəbbət mövzusundan başlamış Qarabağ mövzusuna qədər...
Əgər sual olunsa ki, Hüseynbala Mirələmov yaradıcılığının baş qəhrəmanı kimdir və ya nədir? - cəsarətlə cavab vermək olar ki, "mənəviyyat!.." Ümumiyyətlə, yazıçının elə bir əsərini təsəvvür etmək mümkün deyil ki, mənəviyyat, insanlıq və ya mənəvi məsuliyyət məsələsinə toxunulmasın, özü də məhz dərindən, məsələni hərtərəfli əhatə edəcək bir şəkildə toxunulmasın... Maddiyyatın mənəvi dəyərləri (insanlığı!) çox hallarda sıxışdırıb ikinci və ya üçüncü plana keçirdiyi müasir dünyada bu, əlbəttə, donkixotluq deyil, böyük yazıçı missiyasıdır, insanlıq tarixi qarşısında əbədi cavabdehlikdir...
Sevgi!.. Hüseynbala Mirələmovun qəhrəmanlarının mənəvi dünyasını, hətta xarakterini, şəxsiyyətini (və taleyini!) müəyyənləşdirən ilahi qüvvədir. Bir kişinin bir qadına, yaxud bir qadının bir kişiyə münasibətinin ən parlaq təzahürü olan bu qüvvə, yazıçıya görə, o zaman təbii, məsuliyyətli və humanistdir ki, həyatın özünü yenidən yaradır. Çünki dünyada həyatın özünün özünü yenidən yaratmasından müqəddəs heç nə yoxdur.
Əgər buna alternativ olan hər hansı cəhd, yaxud "qüvvə" olmaq fikrinə düşən bir refleks və ya iddia varsa, o, anlaşılmazlıqdır, anti-həyatdır, qaranlıqdır...
Və cəsarətlə demək olar ki, yazıçının nəinki bədii əsərlərində, hətta publisistikasında da sevgi, məhəbbət hissi özünü ifadədən çox- çox kənara çıxıb dünyagörüşü (fəlsəfə!) səviyyəsinə, insanın həyatda, cəmiyyətdə, mühitdə özünütəsdiqi, şəxsiyyətin mükəmməlliyinin atributu səviyyəsinə yüksəlir.
Hüseynbala Mirələmovun, demək olar ki, bütün əsərlərində hadisələr, münasibətlər (ümumiyyətlə, həyat!) əvvəlcə qatı qaranlıqlar, tufanlar içərisində təsvir olunur, əsərin qəhrəmanı bu qatı qaranlıqlardan işığa, tufanlardan hüzura, sakitliyə can atır.
Və qəhrəmanlarını həmişə həyatın ən dərin girdablarına salmaqdan, ən çətin vəziyyətlərdə təsvir etməkdən ona görə çəkinmir ki, onların həmin girdablardan, həmin çətinliklərdən çıxacaqlarına tamamilə əmindir.
Hüseynbala Mirələmov yaradıcılığı, ədəbi tərcümeyi- halı ilə Azərbaycan ədəbiyyatına, ümumən mədəniyyətinə kifayət qədər böyük nüfuz, hörmət gətirən mütəfəkkir yazıçıdır.
Nizami Cəfərov
525-ci qəzet.-
2014.- 20 sentyabr.- S.22-23.