Ssenarist qurbanı –
Ofisiant...
Son
vaxtlarda Azərbaycanda filmlərin, bədii əsərlərin,
xüsusən də romanların dəbə necə
düşməsi, bu dəbin kimlər tərəfindən yönləndirilməsi
xeyli maraqlı məsələdi. Həm
də ciddi problemdi, məncə. Artıq
bir neçə ildir ki Azərbaycan Dövlət Pedaqoji
Universitetində Azərbaycan ədəbiyyatı tarixinin
müxtəlif dövrlərini tədris edirəm. Gəncliyin nə oxuması, hansı filmləri bəyənməsini
öyrənmək məqsədiylə, həm də dərs
dediyim auditoriyanın səviyyəsini hiss etməkdən
ötrü tələbələrimlə müəyyən
söhbətlər aparır, onların polemikalara
qoşulmaları üçün sərbəst şərait
yaradıram. Və deyim ki, bəzən savadlı,
mütaliəli tələbələr də olur ki onlarla
ünsiyyətdən məmnun qalsam da, çağdaş gəncliyin
zövqünü nizamlayan bir “dəb mexanizmi”nin
fəaliyyətini də hiss edirəm.
Bəzən bir roman dəbə minir, hansı auditoriyaya
girirsən, o əsər haqda fikrini soruşurlar. Əgər eyni əsəri
qısa zamanda iki adam soruşdusa, həmin
həftə mütləq o kitabı tapıb oxuyuram. Filmlər də bu cürdü. Bir
də görürsən qruplarda ciddi, haylı-küylü
müzakirələr gedir, hamı bir ağızdan hansısa
filmdən danışır, tərifləyir. Yenə yaxın zamanda o “populyar” filmi tapıb
baxıram. Və etiraf edim ki, bu cür
populyar, amma mənasız, məzmunsuz, məntiqsiz əsərlər
oxumaqdan, filmlərə baxmaqdan yorulmuşam. Bəs kimdi, hansı zövqün sahibidi bunları
dillər əzbəri edib gündəmə gətirən?!
Sosial şəbəkələr istifadəçisi
olmadığımdan ordakı vəziyyəti bilmirəm və
bunun günahını feysbukun da boynuna qoya bilmirəm. Ən pisi də odur ki, zövqü belə kitablarla,
filmlərlə formalaşan gənc elə o səviyyədə
də qalır, ondan o tərəfə gedə bilmir. Bəzən
həmin adamlardan ağızdolusu təriflədikləri
filmin, yaxud əsərin nəyini bəyənmələrini
soruşanda isə cavab həmişə eyni olur: “qəşəng
kitabdı”, yaxud da “qəşəng filmdi”.
Ötən semestrin sonuna yaxın daha bir “qəşəng
film” dəbə düşdü. Hara gedirsən, bundan
danışırlar, soruşurlar, müzakirələr edirdirlər.
Film köhnə olsa da, 2006-cı ildə çəkilsə
də, Azərbaycanda gənclər arasında indi
yayılıb. Söhbət “Ofisiant” filmindən
gedir. Kino haqda eşitdiyim tərifləri bir xeyli vaxt
qulaqardına vursam da, axır dedim baxım da, neyləməli?
Baxdım!
Filmin
başlamasından bir neçə dəqiqə sonra ilk
reaksiyam belə oldu: bu ki “Personaj” kinosundan plagiatdı?! Hər
iki filmdə az qala eyni ideyadan, süjetdən
istifadə olunub. Bir balaca araşdırma
aparıb gördüm ki, kimin kimdən oğurluq etməsini
müəyyənləşdirmək mümkün deyil.
Çünki filmlər eyni ildə 2006-da çəkilib və hər
iki film həmin ilin sentyabr ayında Kanadada Toronto Beynəlxalq
Festivalında ilk dəfə nümayiş olunub. Bir gün fərqlə, “Personaj” 9 sentyabrda, “Ofisiant”
10 sentyabrda.
Maraqlıdı ki, son vaxtlarda kitaba marağın
azalması təəssüf hissi ilə qeyd edilir, həyəcan
təbili çalınır. Amma bu zamanda Azərbaycanda
yazıçılığın belə dəbə minməsi,
hamının yazıçı olmaq istəməsi də qəribə
bir paradoksdu. Bəlkə də qrafomanlardan ötrü ən
əlverişli şəraitdi, onsuz da heç kim
oxumur, yaxşını pisdən, zəifi güclüdən
ayıra bilən oxucu çox az qalıb, belə bir vaxtda
kitab sayı artırmaqdan və elə bu sayla öyünməkdən
asan nə ola bilər ki?!
“Ofisiant” filminə baxanda da nədənsə mənə
elə gəldi ki, bu kinonu yazıçılığı
sadəcə prestij sayan, yaxud yazıçı
sözünün dəyərdən düşməsiylə
barışa bilməyən kompleksli adamlar dəbə mindiriblər. Filmin rejissoru,
ssenaristi və baş rolun ifaçısı holland Aleks Van
Varmerdamdı. Bir çox filmlərinin
ssenarisini özü yazır, həm də baş rolu ifa edir.
“İfa edir” deyəndə ki, bu filmdə ifa eləməli
də nəsə yoxdu. “Personaj”da bununla
müqayisədə xeyli üstün, maraqlı məqamlar
var. “Personaj” filminin rejissoru Mark Forsterdir. Onu
deyim ki, məncə, Mark Forsterin rejissor işi,
yanaşmaları Varmerdamın işindən qat-qat
üstündü. Forsterin filmləri
içərisində ən bəyəndiyim isə Xaled
Hüseynin “Çərpələng uçuran” romanı əsasında
ekranlaşdırdığı eyni adlı filmidi. Əslən alman olan rejissorun Əfqanıstan
mühitini necə duyması və nə cür təqdim etməsi
sadəcə heyrətamizdir. Mövzudan
uzaqlaşmamaqdan ötrü bu kinoya aid fikirlərimi
özümə saxlayıb haqqında
danışdığım filmlərin süjetinə
keçirəm.
Hər iki filmdə, həm “Personaj”da, həm də “Ofisiant”da əsas qəhrəman yazıçıdı, daha doğrusu, ssenaristdi. Öz evində, yazı masası arxasında oturub əsər yazır və bu əsər bizim gözlərimiz önündə filmə çevrilir. Yazıçının ovqat dəyişikliyindən, ağlına gələn yeni priyomlardan, süjet keçidlərindən asılı olaraq hadisələr hər an dəyişilə bilir. Yəni hər iki filmdə yazıçı nə istədiyini heç özü də dəqiq müəyyənləşdirməyib, ona görə qəhrəmanının başına oyun açmaqdan savayı bir iş görmür. Onu deyim ki, “Personaj”dakı yazıçı qadındı, faciə janrında əsərlər yazır və elə bu əsərində də qarşısına məqsəd qoyub, qəhrəmanını mütləq öldürməlidi sonda. Sadəcə bunu necə etməyi, süjeti necə aparmağı düşünür.
“Ofisiant” filmindəki ssenarist isə daha çox sadist, uğursuz bir adamı xatırladır, nəinki yazıçını. Qarşısına qoyduğu yeganə məqsəd odur ki, qəhrəmanını hər cür əzabdan keçirsin, bütün mümkün yollarla aşağılasın, incitsin və sonra... Sonra yenə incitsin, alçaltsın, iztirab versin və sonda... Sonda yenə zülüm eləsin, sındırsın və öldürsün. Bu, degenerat yazıçının, manyakın, bütün uşaqlıq əzablarının günahlarını hamıda görən binəvanın qələmə aldığı primitiv bir süjetdi, nə ideyası var, nə mənası. Burda yalnız bir məsələ var ki, yazıçı öz hökmünü hiss edir – istəsəm öldürərəm, istəsəm xoşbəxt edərəm, vəssalam. Və onun əsərinin bütün qəhrəmanları sadəcə uydurulmuş bir obraz olmalarını, kiminsə tərəfindən yazılan həyat yaşamalarını bilirlər. 25 ildir ki, ofisiantlıqla ömür çürütmüş Edqar ara-sıra yazıçının yanına gəlir, yalvarır ki, onu rahatlığa çıxarsın, bu qədər zülüm eləməsin. Demək olar ki, bütün başqa iştirakçılar da bu cür etiraz bildirirlər ssenaristə. Amma yazıçının qadını da hərdən hirslənir, sevgilisinin manyakal düşüncələrini alovlandırır, hətta istəyəndə özü də götürüb nələrsə əlavə edir əsərə.
Burdakı yazıçı obrazını yalnız bir cəhətiylə səciyyələndirmək olar: öz yaratdığı qəhrəmana nifrətlə. Amma bunun özü də insan, yazıçı psixologiyasını anlamaq üçün maraqlı, düşündürücü məqamdı. İnsanın içindəki kirin, üfunətin, murdarçılığın onun yazılarına yansıması, görünür, düzdür.
Filmin rejissor işindən, aktyor oyunundan danışmaq
çətindi. Çünki əsərin bütün qəhrəmanları
uydurma həyat yaşadıqlarını bildikləri
üçün onsuz da sünidilər. Hətta
sevgi səhnələrində də hər şeyin qurama
olmasını bilən qəhrəman səksəkədədi
sanki. Yaşamır çünki oynayır! Düzdü, Varmerdamın özünəməxsus
estetikası duyulur, bəzi uğurlu səhnələr də
var filmdə. Amma ümumi götürəndə, filmə
bütöv qiymət verəndə adamda sual yaranır: bunu
niyə çəkiblər ki? Xüsusən də
sonluğu görəndə bu sual lap çox yerinə
düşür. Burdan fərqli olaraq “Personaj”ın
qəhrəmanı onu yazan xanım yazıçını
gec tapır və öləcəyini bildiyi üçün
yalvarır ki, qadın əsəri başqa cür
tamamlasın, daha doğrusu yazmağa davam eləsin.
Burdan da filmin sloqanı alınıb: “Məni yenidən yaz!” Və sonda xəstəxanada qəhrəmanın
gözlərini açması insanda yazıçı
obrazına bir ehtiram hissi yaradır. Yəni
həyat qalib gəldi, yazıçı hansısa
möcüzəylə onunla eyni zamanda, paralel olaraq yaşayan
qəhrəmanının artıq personaj kimi yox, insan olaraq
arzusunu, yalvarışını dinlədi, nəzərə
aldı, prinsipindən vaz keçdi.
...Amma “Ofisiant”da filmin ortasında ssenarist qəhrəmanın
etirazlarından hirslənir, “məni qəzəbləndirmə,
elə edərəm, sabah yük maşını basıb
keçər üstündən” – deyir. Və sonda
Edqarın bütün yalvarışlarına, uzun sürət
əzablı həyatdan sonra rahat yaşamaq istəyinə
baxmayaraq, belə də edir. Əvvəl onun mənən
məhv edir (sevdiyi qadın həmişə onu
aşağılayan müştərisi ilə gəlir
restorana), sonra isə birdəfəlik öldürür,
yük maşını basıb keçir üstündən...
...Və
bayaq dediyim o sual – bunu niyə çəkiblər ki? – düşündürür adamı. Kimsə deyəcək
ki, priyom maraqlıdı? Yazıçı yazır və
yazdıqları həyata keçir, gücünü hiss edir,
personajlarıyla görüşür... Amma bu da yeni deyil
axı... 35 il bundan qabaq Azərbaycanda
“Yollar görüşəndə” teletamaşasında eyni
priyomdan istifadə olunub. Həmin
tamaşanın ssenarisini bəstəkar Ruhəngiz Qasımova
yazmışdı, quruluş verən rejissor Ramiz Həsənoğlu
idi. Orda da eyni qaydada, tamaşanın əvvəlindən
yazıçı ekrana gəlir, oturub yazır və arabir qəhrəmanları
gəlib bundan nəsə xahiş edirlər, nəyisə dəyişməsini
istəyirlər, nəyəsə etirazlarını bildirirlər.
O da elə əsəri gözümüzün qabağında
tamamlayır. Görünür, ya məlumatsızlıqdan,
ya kəmsavadlıqdandı ki illər öncə öz ədəbiyyatımızda,
filmlərimizdə olan yenilikləri indi dünya kinosunda, ədəbiyyatında
ağzımızın suyu axa-axa tərifləyirik,
qaldırıb dağ başına qoyuruq. Bir
də kiçik xalq, balaca ölkə olmağın bu cür
çətinlikləri də var. Biz keçmişə və
gələcəyə aparan “sehirli xalat”ı da amerikanların
“zaman maşını”ndan çox-çox əvvəl “kəşf
etmişik”. Sadəcə
bunları kənara çıxara, tanıda bilməmişik
zamanında.
Yazımın
sonunda “qəşəng əsərlər”, “qəşəng
kinolar” məsələsinə yenidən qayıdıb demək
istəyirəm ki, bu cür filmləri, yazıları tərifləyənlər
“məncə” sözünü də leksikonlarına daxil etsələr,
əla olar, MƏNCƏ.
Pərvin
525-ci qəzet.-
2014.- 20 sentyabr.- S.21.