Azərbaycanın gözəl SİMASI

 

Anarın “Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti” (“Literatura. İskusstvo. Kultura Azerbaydjana”) kitabı haqqında publisist düşüncələri (I cild)

 

 

 

Yazıçılıq istedadı birində az, o birində müəyyən qədər çox olur. Bəziləri yaradıcılıqla yanaşı, özünü siyasətdə də sınamaq istəyir, bəziləri fond, qeyri-hökumət təşkilatı yaradır, fəal vətəndaşlıq mövqeyindən çıxış edirlər. Funksioner yazıçı, tərki-dünya yazıçı, inqilabçı yazıçı ... da olur.

Amma xüsusən bizim dövrümüzdəçox nadir olan maarifpərvər  yazıçılar da var. Onlara öz yaradıcılıqlarının çərçivələri dar gəlir, yalnız özlərinin deyil, digərlərinin yaratdıqlarına da böyük maraq göstərirlər. Bu cür yazıçılar sənətdə yalnız öz imzalarını təsdiqləməklə kifayətlənməyi ədalətli saymırlar. Çünki yaradıcılıq yolunda atdıqları ilk addımlardan özlərini nəhəng, vahid ədəbi məkanın ayrılmaz hissəsi kimi görürlər. Bəli, bu böyük irsi yaymaq, ondan dərs almaq bu insanlar üçün həddən ziyadə önəmlidi.

Artıq uzun onilliklər boyu belə bir missiyanı – maarifçilik missiyasını daşıyan Anar bu mənada zəmanəmizin nadir yazıçılarındandı. Onun çoxmilyonlu sovet oxucusuna türkdilli xalqların ilk möhtəşəm dastanı “Kitabi-Dədə Qorqud”la tanışlıq imkanı yaradan kitabını, otuz il əvəzsiz redaktoru olduğu “Qobustan” incəsənət toplusunu, Üzeyir Hacıbəyov, Mirzə Cəlil, Mirzə Fətəli Axundov haqqında olan filmlərini, Azərbaycanın görkəmli mədəniyyət xadimləri barəsində yazdığı və Sovet İttifaqının aparıcı qəzet-jurnallarında dərc edilmiş xeyli sayda məqalə və esselərini yada salaq. Bu yerdə mütləq Anarın bir çox ensiklopediyalardakı həmmüəllifliyi, onlarla, bəlkə də yüzlərlə kitablara, ədəbi toplulara yazdığı ön sözləri qeyd olunmalıdır. Və nəhayət, son dövrlərin möhtəşəm işi – qədim dövrlərdən bu günümüzə qədər olan Oğuz şeirinin ən yaxşı nümunələrinin toplandığı çoxcildli antologiya.

Hələ ötən əsrin uzaq 60-cı illərində Anar digər ədəbi öhdəlikləriylə bərabər qarşısına öz xalqının zəngin mədəni ənənələrini, onun parlaq nümayəndələrini dünyaya tanıtmaq,  Azərbaycanın aydın SİMASINI öz yaradıcılığında əks etdirmək kimi  nəcib məqsədlər qoymuşdu. Bu mənada, onun xüsusi sevdiyi və dəyər verdiyi sələfləri içində Üzeyir Hacıbəyov və Mirzə Cəlilə daha çox önəm verməsi, ürəklə yazılmış esselərinin, tammetrajlı kino əsərlərinin məhz onlardan bəhs etməsi təbiidi. Onlar mənən ona daha yaxındılar, çünki söz adamının hər şeydən öncə maarifçilik missiyası daşıdığını onlar da onun kimi yaxşı anlayırdılar.

Təsadüfi deyil ki, Anarın ən dərin və təsirli esselərindən biri Cəlil Məmmədquluzadə haqqında yazdığı “Anlamaq dərdi” əsəridi. O vaxtlar Anarın esselərinin çoxu Moskvanın milyonlarla oxucu auditoriyasına malik nüfuzlu dövri nəşrlərində “Novıy mir”, “Drujba narodov”, “Teatr”, “Literaturnaya qazeta”da dərc olunub. Mirzə Cəlil haqqında olan esse də 1967-ci ildə A.Tvardovskinin “Novıy mir”ində işıq üzü görərək, dərhal ümumittifaq səviyyədə rezonansa səbəb oldu. Çünki Anar çox məsələlər barədə ilk dəfə belə cəsarətlə və açıq danışırdı.

Anarın bu maarifçilik səylərini bir vaxtlar ümummilli liderimiz, dahi Heydər Əliyev də yüksək dəyərləndirmişdi. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi münasibətilə keçirilən Komissiya iclasındakı çıxışı zamanı Heydər Əliyev demişdi:

“Anarın əməyini xüsusi qeyd etmək istəyirəm. Fikrimcə, bu gün üstündən müəyyən vaxt keçəndən sonra  biz Anarın bu sahədəki təhqiqatlarına və səylərinə daha yüksək dəyər verməliyik. Ola bilsin, Anar uşaqlar üçün Dədə Qorqudu, yaxud özünün digər kitablarını yazanda çoxları bunun əhəmiyyətini lazımi qədər anlaya bilməmişdi. Amma indi bizlər milli dəyərlərimizi, mənşəyimizi, tariximizi olduğu kimi təsvir etməyə səy göstərərkən, həmin dövrlərdə atılan addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu mövzuda yaradılan filminə də dəyər verirəm... “Kitabi-Dədə Qorqud” ensiklopediyasının yaradılması ideyasının da məhz Anara məxsus olması təqdirəlayiq haldı”.

Və budur, samballı, zövqlə nəşr olunmuş “Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti” kitabı (I cild) qarşımdadı. Çoxsaylı oxucu auditoriyasına ünvanlanan bu kitab özündə yazıçı sözünün ən yaxşı nümunələrini cəmləmək və ehtiva etməklə qarşısına yalnız bir məqsəd qoyub – oxucunu Azərbaycan mədəniyyəti və onun görkəmli xadimlərinin yaratdığı dəyərlərlə tanış etmək. “SİMA”nın nəşri Azərbaycan kulturologiya elmi tarixində böyük hadisədi. Belə ki, topluda toxunulan mövzuların dairəsi sırf ədəbi çərçivələrdən çıxaraq, daha geniş anlam kəsb edir. Kitab təkcə məğzinə deyil, həcminə görə də ensiklopedikdi. Məqalələrin əksəriyyəti açıq-aşkar maarifçilik, təbliğat xarakterlidi. Bu sıraya Azərbaycan klassik ədəbiyyatının korifeyləri Nizami və Nəsimi, Füzuli və Natəvan, Vaqif və Vidadi, Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadə haqqında olan esse-təhqiqatları aid etmək olar. Bu klassiklər barədə cildlərlə elmi monoqrafiyalar yazılıb, xeyli namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Amma Anarın özünəməxsus duyğularının və təsəvvürlərinin işığında lakonik esselərlə təqdim olunan bu və ya digər yazıçının yaradıcılığı ötən əsrin Azərbaycan yazıçılarını dünya auditoryasına tanıtmaq baxımından daha uğurlu formatdı.

“SİMA”da təqdim olunan digər məqalələr “təsadüfən”, hansısa gənc ədibin bu və ya digər kitabına ön sözü kimi yazılıb, yaxud da bunlar həmkarın, dostun, bəzən isə sadəcə, adlı-sanlı yazıçılar Hüseyn Abbaszadə, Nəbi Xəzrinin yubileyləri münasibətiylə qələmə alınan təbrik yazılarıdı. Amma hətta ilk baxışdan “sadəcə” təbrik kimi görünən bu yazılar da özündə informativ-maarifçi yük daşıyaraq, “Azərbaycanın SİMASI” adlı bu möhtəşəm binanı ağır zəhmətlə ucaldan yazıçıya kərpic-kərpic xidmət göstərir.

Bəzən Anar ümumini qloballaşdırma həddinəcən yüksəlir və bu zaman Azərbaycan və daha geniş anlamda Sovet ədəbiyyatının “altmışıncılar” adlanan bütöv bir nəslinin yaradıcılıq axtarışlarını və tapıntılarını özündə əks etdirən “Nəsrin hüdudları” kimi məqalələr meydana gəlir.

Anarın ədəbi qəhrəmanları arasında kimlər yoxdu: klassiklər və müasirləri, sollar və sağlar, dissidentlər və kommunistlər, realistlər və modernistlər. Onlar tamamilə fərqlidilər, müxtəlif dövrlərə mənsub bu yazarlar öz yaradıcılıqlarında müxtəlif meyarlara söykənirlər. Onları birləşdirən yeganə məqam istedadları, Sözlə möcüzələr yarada bilmək bacarıqlarıdı.

Anar, haqqında yazdıqlarının heç də hamısıyla eyni yolun adamı olmayıb – nə həyatda, nə də yaradıcılıqda. Bəziləriylə o, indi də kifayət qədər mürəkkəb münasibətlərdədi – məsələn elə ara-sıra onu mətbuatda kəskin və ədalətsizcəsinə tənqid edən Əkrəm Əylisli ilə. Amma tarixə və altmışıncıların ideallarına sədaqəti naminə Anar Əylislinin yaradıcılığı haqqında olan məqaləsini də “Azərbaycanın SİMASI” kitabına salmağı özünə borc bilib.

Ümumiyyətlə, ədiblər adətən həmkarlarının ünvanına tərif deməkdə xəsislik edirlər, özünü şəxsi yaradıcılığından ayırıb qiymətli vaxtını hansısa yazıçı barədə məqalə, yaxud oçerk yazmağa sərf etməyə gəlincə isə bu, ümumiyyətlə özünü qurban vermək deməkdi. Anar bu məsələdə də xüsusi seçilir. Belə ki, yarım əsrlik yaradıcılığı ərzində onun qələmindən klassiklərdən tutmuş, ədəbiyyat aləminə ondan xeyli sonralar gəlmiş cavanlara qədər bu mühiti təmsil edən həmkarları barədə yüzlərlə, ədəbi portretlər, resenziyalar çıxıb. Sənətə yenicə gəlmiş bir çox yazıçı üçün Anarın onların ədəbiyyatdakı ilk addımları barədə yazdığı məqalələr vizit kartı kimi böyük ədəbiyyata “girişlərini” təmin edib. Anar bir çox istedadlı gənc şair və yazıçının, tənqidçi və tərcüməçinin necə deyərlər “xaç atasıdı”. Və ən əsası onda çoxsaylı ədəbi “övladlarının” yaradıcılıqlarındakı uğurlara görə  səmimi sevinc hissidi ki, bu da sənət dünyasında nadir istisnalardandı.

Nahaq deməyiblər ki, istedadlı adam hər işdə istedadlıdı. Əgər Anar tanınmış nasir və kinodramaturq olmasaydı, heç də az tanınmayan ədəbiyyatşünas alim olardı. Amma əslində o, elə alimdi. Belə ki, onun bütün məqalə və esselərini bir yerə yığsan, neçə-neçə doktorluq işi, yaxud monoqrafiya eləyər. Bir də ki, bu dissertasiya məsələsi hardan ağlıma gəldi?! Doktorumuz ürəyin istəyən qədərdi, amma bir Anarımız var. Bu mənada, AMEA-nın    Ali Attestasiya Komissiyasının təşəbbüsüylə bu ilin mayında Anara professor adı verilməsi mənə tamamilə məntiqli görünür.

lll

“Azərbaycanın SİMASI” kitabında təqdim olunan məqalələrin dili diqqəti xüsusi cəlb edir. Anar ikidillidi. Odur ki, onun doğma Azərbaycan dilində yazdığı məqalələr rus dilinə sonradan tərcümə edilib. Bəzi məqalə və esselər isə yazıçının mükəmməl bildiyi rus dilində yazılıb. Amma bütün bunlarla yanaşı, üslub fərqliliyi, dilin qeyri-adekvatlığı nəzərəçarpmır. Əvvəla, Anarın məqalələrini yüksək səviyyəli tərcüməçilər çeviriblər, ikincisi, özünün maarifçilik missiyasından çıxış edərək, ən müxtəlif oxucu auditoriyasına anlaqlı və maraqlı olmaq üçün Anar qəliz üslubçuluqdan və fikri bilərəkdən ağırlaşdırmaqdan qaçaraq, hamı üçün aydın olan dildə yazmağa çalışır. O, bu yerdə də özünün sevimli ədəbi sələfi Mirzə Cəlilə bənzəyir.

Anarın cümlələri sitat gətirdiyi sevimli şairlərinin şeirləri kimi musiqili və diləyatımlıdı. Bununla bərabər hansısa ədəbi cərəyan, yaxud bu və ya digər yaradıcı fərd xarakterizə olunarkən bu cümlələr dolğunluğu və eyni zamanda yığcamlığı ilə seçilir.

Anarın qarşıya qoyduğu yüksək meyar hər məqalədə, hər essedə qabarıq görünür.Bu, Azərbaycanın mədəniyyət xadimlərinin portretlərini xələfləri üçün əbədi həkk etdirmək, onların SİMASININ təsvirini gələcək nəsillərə çatdırmaqdı. Bu mənada, müasirləri (yaşca özündən böyük Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, İsmayıl Şıxlı, yaxud da yaşıdları Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Fikrət Qoca və başqaları) haqqında yazdığı məqalələr öz səmimiliyinə görə xüsusi seçilir və xaraktercə memuar janrını xatırladır.

Hər məqalə hansı həcmdə olmasından, yaxud yalnız bir sənətkardan, bir cərəyandan, yaxud nəsildən bəhs etməsindən asılı olmayaraq,  istər-istəməz çoxşaxəliyi, əhatəliyi ilə seçilir. Bütün bu məqalələr toplu halına gəldikdə isə özündə təxminən bütöv minillik Azərbaycan ədəbiyyatının ədəbi-bədii, estetik və fəlsəfi axtarışlarının dərin və bitkin mənzərəsini əks etdirir. Azərbaycanın SİMASI bax, budu – bizim qürur duya biləcəyimiz, yalnız milli deyil, həm də ümumbəşəri sərvət sayıla biləcək həqiqi, parlaq SİMASI. Bu böyük ruhsal ədəbiyyatı yaradan xalq həqiqətən də ölməzdi.

Birinci cildin əvvəllində təqdim olunan   “Odlar yurdunun mənəvi zənginliyi” məqaləsində Anar yazır:

“Azərbaycan uzun əsrlər boyu müxtəlif nəsilləri təmsil edən saysız-hesabsız insanların uğrunda canlarını fəda etdikləri ölkədi. Onlar öz həyatlarını öz xalqının azadlığı və şərəfi uğrunda qurban veriblər – suyunun, torpağının bərəkəti, yeraltı sərvətləri, dağının havasının və bulaqlarının suyunun saflığı, təbiətinin əsrarəngiz gözəllikləri, qadınlarının ləyaqətli və uşaqlarının gələcəyi uğrunda,  xeyirxah, istedadlı, qonaqpərvər və əmək sevər xalqı uğrunda. Və bir də onun mənəvi saflığı uğrunda.

Odlar yurdunun ən böyük sərvəti onun mənəvi zənginliyidi. Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti onun misilsiz, parlaq və gözəl simasıdı”.

Bu simanın qorunub-saxlanılmasında, layiqincə əks olunmasında ən böyük xidməti olanlardan biri də heç şübhəsiz maarifpərvər yazıçı Anardı.

 

Elmira Axundova

525-ci qəzet.- 2014.- 20 sentyabr.- S.20.