Yaşlı bakirələr
Bakirəlikdən
söz düşəndə istər-istəməz məşhur
Avstriya rejissoru Michael Hanekenin Nobel mükafatçısı,
yazıçı Elfriede Jelinekin eyniadlı romanı əsasında
çəkilmiş “Pianoçu qadın” filmini
xatırlayıram. Azərbaycan tamaşaçısı sakit,
darıxdırıcı həyat yaşayan ciddi, mühafizəkar
ana ilə xarakter etibarilə elə onun özündən fərqlənməyən
40-45 yaşlı bakirə qızının münasibətlərini
ekranda görəndə yəqin ki, çaş-baş
qalıb... və özünə sual verib: doğrudanmı
müasir Avropa cəmiyyətində də valideyn yetkinlik həddinə
çatmış övladını nəzarətdə
saxlayır, onun həyatına müdaxilə edir?
Çünki
ilk baxışda filmdəki ailə mühafizəkarlığı
tanış mənzərəni –
Azərbaycan gerçəkliyini xatırladır. Amma...
yalnız ilk baxışda. Ümumiyyətlə, Avstriya cəmiyyəti
bu gün müəyyən məsələlərdə
mühafizəkarlığını saxlasa da, hər halda
bakirəlik tabusunu çoxdan adlayıb. Bəs, nədən
rejissor bu mövzuya müraciət edib?
Əvvəla,
izləməyənlər üçün filmin qısa
xülasəsini anladım: “Pianoçu qadın” filminin
baş qəhrəmanı, musiqi professoru, bakirə Erika qoca,
deyingən, köhnə düşüncəli anası ilə
yaşayır, tələbələrinə Şubertin
musiqisini öyrədir. Ciddi insan kimi tanınan qadın dərsdən
sonra intimomaqazinlərə baş çəkir, tələbələrindən
biri ona vurulanda isə bakirə müəllimənin
tamaşaçını heyrətə salan vəhşi-mazoxist
intimual istəkləri üzə çıxır...
Yenidən
o suala qayıdaq ki, rejissor nədən bakirəni qəhrəman
seçib və hadisələr də məhz onun ətrafında
cərəyan edir?
Əslində,
bakirəlik filmdə əsas motiv deyil. Sadəcə, rejissor
“bakirəlik” ilə cəmiyyətin daha dərin problemlərinə
nəzər salır. Müasir qərb cəmiyyətinin o
problemlərinə ki, hər şeydən çox rejissorun
özünü narahat edir. Bu hansı problemlərdir? XX əsrdən
başlayaraq ədəbiyyata, kinoya gətirilən və bu
gün də aktuallığını itirməyən, əksinə,
sürət əsrində daha da güclənən –
insanın tənhalaşması və yadlaşması problemi
(XXI əsrdə də bu problemin nə qədər aktual
olduğunu təsdiqləyən bir olayı – yaxınlarda
Latın Amerika ölkələrindən birində tənha gənclərin
tənhalığa etiraz aksiyasını xatırlayıram).
Ömrünü
musiqiyə həsr edən və bu sənətdə
bütün mümkün olan uğurları qazanan
qadının son nəticədə başqaları ilə
özü arasında dərin uçurum yaranır və o,
real, gündəlik həyatın yaşantılarından,
qayğılarından uzaq düşür: hər şeydən
əvvəl isə normal insanın ehtiyacı olduğu
kişi-qadın münasibətlərindən. Hətta o qədər
uzaq düşür ki, partnyoru ilə intim münasibətdə
qadın necə davranacağını sadəcə, bilmir və
kişinin heyrətinə səbəb olur.
Haneke
filmində Freydin psixoanaliz nəzəriyyəsinə də,
belə demək mümkünsə, yungülcə əl
atıb: insanın realizə edə bilmədiyi arzuları, istəkləri,
enerjisi tamamilə başqa formada üzə çıxır.
Bu sublimasiyanın isə müsbət və mənfi yönləri
ola bilər. Məsələn, filmdə Erika qadın həsədindən
doğan hissin təsiri ilə gənc tələbəsinin
cibini şüşə qırıntıları ilə
dolduraraq onun əlini şikəst edir. Amma hər halda
rejissorun məqsədi dahi həmvətəninin nəzəriyyəsini
kinoda çözmək deyil. Onun üçün vacib olan
daha başqa məsələ var.
Hanekenin
filmdəki bir hədəfi də kübar davranışın
saxtalığını, burjua düşüncəsini,
stereotipləri alt-üst etməkdir. Rejissor müsahibələrində
dəfələrlə bu motivin onu narahat etdiyini deyib. Beləliklə
də, Haneke qəhrəmanının, həmçinin onun
anasının timsalında cəmiyyətdə bir, pərdə
arxasında isə tamamilə başqa rol oynayan insanların
nümunəsini yaradıb. Cəmiyyətdə
özünü ciddi, mədəni aparan, kübar maneralarla
davranan, tələbələrindən nizam- intizam, əxlaq, tərbiyə
tələb edən professor işdən sonra intimo filmlər
izləyir, açıq-saçıq qiyafələrə səxavətlə
pul xərcləyir, intim münasibət zamanı kişidən
israrla sado-mazoxist davranış istəyir.
Ananı
isə dəvət olunduqları ziyafətdə klassik musiqi, sənət
söhbətləri deyil, ev sahibəsinin təklif etdiyi yeməklər
maraqlandırır. Üstəlik, ana qızından yeni mənzil
almaq üçün daha çox dərs keçməyini istəyir.
Rejissor eyni zamanda Avstriya cəmiyyətində nöqsan
saydığı bir detala incəliklə eyham vurur: klassik
musiqiyə olan sevginin xəstəhal bir
düşgünlüyə çevrilməsinə, onun cəmiyyəti
az qala total əsarətində saxlamasına. Avstriya
intellektualları bu musiqi mübtəlalığını
burjua cəmiyyətindəki rəqabətə bənzədirlər.
Məsələni
daha da aydınlaşdırmaq üçün xırda bir
haşiyə çıxmaq istəyirəm: XIX əsrdə
yalnız klassik musiqini və dahi bəstəkarları dəyərləndirən
Avstriya dövləti texniki ixtiraları, sənayeni, elmi diqqətdən
kənar qoydu və nəticədə 1866-cı ildə
müharibədə Prussiyaya məğlub oldu.
Rejissor filmində ona işarə vurur ki, Avstriya bu tutqusundan hələ də xilas ola bilmir. Klassik musiqi onlar üçün bir sənət növü anlamından çıxaraq, daha geniş miqyas alır: insanın dəyər ölçüsünə çevrilir, onun cəmiyyətdəki yerinə, nüfuzuna həlledici təsir edir (Bu məqamda çox sevdiyim dostum A.Məmmədlinin fikrini yazmaqdan özümü saxlaya bilmirəm: “Lənət olsun, burjuaziyanın incəsənət sevgisinə. Gözəl səslənən sözləri deyil, insanı sevin”). Hamı sanki bir-birilə yaxşı musiqiçi olmaq və ya klassik musiqi barədə bilgiləri ilə rəqabət aparır.
Erikanın anası arzulayır ki, heç bir tələbəsi onun professor qızından yaxşı ifa edə bilməsin. Musiqi əsarətinə qarşı olan Haneke filmin finalını da radikalcasına bitirir: Erika konsertdə pianoda ifa etməlidir, hamı onu dinləməyə gəlib. O isə foyedə dayanaraq sevdiyi kişinin gəlişini gözləyir. Həmişə soyuqqanlı, ifadəsiz üzü olan qəhrəmanın sifətində bu dəfə əndişə, həyəcan var. Sevdiyi kişi onun yanından saymazyana təbəssümlə ötəndə Erika əlindəki bıçaqla sinəsini yaralayır və konsertin keçiriləcəyi binanı tərk edir. Yəni qadın həyatının mənasına çevirdiyi, onunla reallıq arasında uçurum əmələ gətirən, şəxsi münasibətlərdə uğursuzluğuna səbəb olan musiqidən – tutqudan, tabudan xilas olmaq qərarına gəlir. Sinəsini bıçaqla yaralaması isə hər zaman içində daşıdığı mənəvi ağrının – mənəvi yaranın ifadəsi anlamına da gələ bilər...
“Bakirəlik” tabusunu hələ adlamayan Azərbaycan tamaşaçısına bu film yuxarıda toxunduğum məqamlar nöqteyi-nəzərdən yox, elə “bakirə” sözünün birbaşa mənasında maraqlıdır. Ona görə də tamaşaçıların filmlə bağlı gəldiyi yekun rəy budur: yaşlı bakirələr (qarımış qızlar) doğrudan da aqressiv, təhlükəli, dözülməz olurlar və əyalətlərdən tutmuş Bakıya qədər Azərbaycanın hər yerində neçə-neçə ailədə belə yaşlı bakirələr var...
Doğrudan da Azərbaycanda yaşı 50-ni keçən nə qədər qadın var ki, heç zaman cinsi akt yaşamayıb. Bunu hər şeydən öncə həmin qadınların şəxsi faciəsi kimi qəbul edirəm və düşünürəm ki, bu vəziyyətin bir neçə səbəbi var. Hanekenin qəhrəmanı kimi, Azərbaycanda da əsasən ali təhsilli, karyera qurmaq istəyən qızlar uzun illər bütün enerji və diqqətlərini iş həyatlarına yönəldirlər, şəxsi həyat unudulur, yaşlaşanda isə adətən ən azı psixoloji baxımından kişi ilə münasibət qurmaq çətinləşir.
Digər səbəb milli mentallıq və sosial dayaqların zəifliyidir. Azərbaycanlı düşüncəsində bakirəlik ilk öncə əxlaq anlayışı ilə assosiasiya olunur. Ərə getməyən qızların cinsi münasibətdə olmasını ailəsi biləndə bu az qala qızı “olum və ya ölüm” dilemması ilə üz-üzə qoyur. Bölgələrdən birində baş vermiş cinayət faktını xatırlayıram: böyük bacı özundən kiçik bacısını, ərə getmədən hamilə olduğu üçün bətnindəki körpə ilə birgə vəhşicəsinə qətlə yetirmişdi. Müsahibəsində isə bundan peşimançılıq keçirmədiyini və ailə namusunun hər şeydən üstün olduğunu fəxrlə demişdi.
Belə faktların sayı çoxdu və bu cür faciələrin qarşısını almağın, insanların normal cinsi münasibətlərinin olmasının ən optimal yollarından biri maariflənmə ilə yanaşı, həm də təkcə qadınların yox, kişilərin də sosial vəziyyətinin yaxşılaşmasıdır. Çünki gənclərin çoxu maddi baxımdan müstəqil deyil, ailələrindən asılıdırlar və bu səbəblərdən də şəxsi həyatlarını istədikləri kimi qura bilmirlər. Üstəlik, valideynlərin əksəriyyəti çoxdan yetkinlik yaşına çatmış övladlarının şəxsi həyatına kobud müdaxilələr edir: oğlundan xəbərsiz onun üçün qız axtarır, təki qızı evdə qarıyıb ona yük olmasın deyə məcburən ərə verir, nəticədə isə ailələrdə ciddi problemlər yaşanır.
Əgər oğlan və qızın normal sosial imkanları olsa, o zaman şəxsi həyatlarını lazım bildikləri kimi quracaq, normal cinsi münasibətlər yaşanacaq, cəmiyyətdə cinsi aqressiyanın fəsadları azalacaq, partnyorlar bir-birini yaxından tanıdıqca qurmaq istədikləri ailənin fundamentinin möhkəm olub-olmadığını anlayacaqlar. Ən əsası, sosial imkanlar artdıqca insanların seçim imkanları çoxalacaq, cəmiyyətin bakirəlik mövzusunda mühafizəkar düşüncələri tədricən liberallaşacaq, gənc qızlar isə yaşlı bakirələrə çevrilməyəcəklər.
Sevda Sultanova
Kulis.az
525-ci qəzet.- 2014.- 20 sentyabr.-
S.19.