Tarixi həqiqət və poetik vüsət
Hələ
qədimdən qəbul edilmiş bəlli bir həqiqət
var: “Poetika poeziyanı bir sənət növü kimi öyrənən
elmdir” (Xəlil İbn Əhməd VIII əsr). Şərqdə
poetikaya həsr olunmuş elm “Qəvaidi – ədəbiyyə” (ədəbiyyatın
qaydaları) adlanırdı. Dünya və Şərq
poetikasında sonrakı ədəbi növlər yaranana qədər
əsas diqqət nəzmin və şeirin qaydalarına yönəlib. Dramatik növün faciə və komediya kimi
janrları hələ antik yunan ədəbiyyatında (Esxilin
faciələri, Aristofanın komediyaları!) mövcud olsa da,
dram XVIII əsrdən sonrakı dövrün məhsuludur.
Dünya ədəbiyyatında mənzum
dramın klassik nümunələrini U.Şekspir (XVI əsr)
Azərbaycan ədədbiyyatında isə romantik şair və
filosoflar H.Cavid yaradıb. İlk dəfə
onun yaradıcılığında “xəyalla
yazılmış bərabər vəznli və qafiyəli kəlam”
(N.Tusi) – şeir həm də tarixi mövzuları müasirliyə
gətirməyin vasitəsinə çevrilib. O, ilk dəfə
Azərbaycan ədəbiyyatında dörd mühüm poetik vəzifəni
həyata keçirdi: 1)Tarixi nəzmə
çəkib mənzum tarixi dram yaratdı; 2) Milli romantizmin
estetikasını yaratdı; 3) Mənzum tarixi dramın
poetikasını formalaşdırdı; 4) Poetik (poeziya)
teatrın əsasını qoydu.
Dram daha çox bu günlə – cari zamanla məşğul
olur.
F.Şiller yazıb: “Epopeya, roman, sadə hekayə öz
forması ilə hadisələri uzaqlaşdırır. Çünki oxucu ilə iştirakçılar
arasında təhkiyyəsi dayanır. Bütün
təhkiyyə formaları indiki zamanı keçmiş zamana
keçirir. Dram əsərləri isə
keçmişi bu günə gətirir”.(Sobr.
Soç. T.VI M, 1957, s.58).
Azərbaycan
mənzum tarixi dramı da belədir: H.Cavid “Şeyx Sənan” və
“Xəyyam”da, S.Vurğun “Vaqif”də, B.Vahabzadə “Fəryad”da,
N.Həsənzadə “Atabəylər”də tarixi mövzuda
yazsalar da, müasirliyi əks etdirir, tarixi hadisələri
müasirlik müstəvisində təqdim edirlər.
Ümumiyyətlə dram yazmaq müəllifdən
xüsusi istedad tələb edir. Dram əsərində
səhnədə aktyorun hərəkəti ilə təsdiq
olunmayan, bu hərəkəti təcəssüm etdirməyən
bir kəlmə də söz işlədilməməlidir.
Hər sözlə ifadə olunmuş fikir hərəkətlə
təqdim olunmalıdır.
Mənzum
dramda, xüsusilə də epik təhkiyyə tələb edən
mənzum tarixi dramda bu çətinlik ikiqat artır: şeirin
tərənnüm imkanları əməli təqdim vəzifələri
ilə birləşməli, ona tabe olmalı, ona xidmət etməlidir.
Azərbaycan ədəbiyyatşünaslığında
hələ H.Cavidin öz sağlığında onun
dramarturgiyası, xüsusilə də mənzum tarixi
dramları barəsində çox yazılıb. Ən çox mübahisələrə
səbəb olan da məhz tarixi dramları olub...
Hüseyn Cavid (24 oktyabr 1882-5 dekabr 1941) 1905-ci ildə
yaradıcılığa başlayıb. 1095-1913-cü
illərdə “Keçmiş günlər”, 1905-1917-ci illərdə
isə “Bahar şəbnəmləri” kitabına daxil olan
lirik-romantik şeirlərini yazıb. 1906-1908-ci
illərdə İstanbul Universitetinin tələbəsi ikən
yazdığı “Vərəmli qız” şeiri mükafata
layiq görülüb. Hüseyn Rasizadə
1909-cu ildə mənası “əbədi” olan “Cavid” təxəllüsünü
qəbul edib. Hüseyn Cavid aşağıdakı dram əsərlərini
yazıb: “Ana” (1910), “Maral” (1912), “Şeyx Sənan” (1914),
“Şeyda” (1916), “Uçurum” (1917), “İblis” (1918), “Afət”
(1921), “Peyğəmbər” (1923), “Topal Teymur” (1925), “Knyaz”
(1929), “Səyavuş” (1932), “Xəyyam” (1934), “Şəhla”
(1935), “İblisin intiqamı” (1937). Bu on dörd əsərdən
beşi “Maral”, “Şeyda”, “Afət”, “Topal Teymur”, “İblisin
intiqamı” nəsrlə, qalanları isə nəzmlə
yazılmış mənzum dramlardır. Qeyd
etdik ki, bu əsərlərdən dördü tarixi
mövzudadır. Burada müəyyən mübahisəli
məqamlar da var. Məsələn, mövzusu sufi
ədəbiyyatdakı bir hekayədən
götürülmüş “Şeyx Sənan” faciəsindəki
Şeyx Sənanın tarixi şəxsiyyət olması
mübahisəlidir. Eləcə də “Səyavuş”
əsərinin mövzusu birbaşa tarixdən yox,
Ə.Firdovsinin “Şahnamə” poemasından
götürülüb.
Bu qeydlərdən
sonra öncə belə bir suala cavab verməliyik: mənzum (mənzum
tarixi) dram müstəqil janrdırmı? Bunun
üçün əvvəlcə janr anlayışına nəzər
salaq. Əvvəlcədən qeyd edək
ki, janr ümumən nəzəri fikirdə bir çərçivə
olaraq dəyərləndirilib. İkinci
yanlışlıq isə “janr” anlamının lüğəti
məzmunundan doğulub. Fransız
sözü olan janrın mənası “cins”, “növ” deməkdir.
Burada işlənən növ sözündən
istifadə edən bəzi ədəbiyyatşünaslar
janrı ədəbi növlə eyniləşdiriblər.
Nüfuzlu
mənbələrdən birində oxuyuruq: “janr dedikdə ədəbiyyatın
inkişaf tarixi ərzində varlığın təsvir edilən
hadisələrindəki özünəməxsusluqla və sənətkarın
onlara münasibətinin səciyyəsi ilə şərtlənib,
əsərdə təkrar olunan kompozisiya quruluşu vəhdəti
nəzərdə tutulur” (Mirəhmədov Ə.Ədəbiyyatşünaslıq.
Ensiklopedik lüğət. B., 1998, s.87),Əlbəttə, bu qeydlərdə janra məxsus
bütün əlamətlər öz əksini tapmır. Fikrimizcə, janrın poetik təyinatını verərkən
ilk növbədə onun hansı ədəbi növə
aidiyyatı nəzərə alınmalıdır. Ədəbi
növlər və janrlar haqqında ilk nəzəriyyənin
müəllifi Aristotel yazıb: “Təqlidi sənətlər...
bir-birindən üç cəhətdən: ya təqlidin nə
olduğuna, ya nəyin təqlid olunduğuna, ya da təqlidin
necə olduğuna görə fərqlənir ki, bunlar da həmişə
eyni cür olmur”(Aristotel. Poetika, B.,Azərnəşr. 1974, s.41).
Aristotelin öz sözləri ilə desək o ədəbi
növləri (və janrları) “Təqlid etmənin vasitələrinə
görə” fərqləndirir. Başqa sözlə, janr
sənətkarın həyata münasibət tərzi, onu bədii
təcəssüm imkanları ilə hüdudlanan bədii
formadır. Bədii forma kimi o mənsub
olduğu dövrə, aid olduğu ədəbi cərəyana,
yaradıldığı bədii dilin poetik vasitələrinə
və üsluba görə müəyyənlik əldə
edir. Şübhəsiz ki, burada sənətkarın
həyata münasibətinin guşə daşında dayanan
estetik idealın mühüm rolu vardır.
Böyük
tənqidçi V.Belinski fransız maarifçi filosofu Volterin
belə bir fikrini misal gətirir: “ədəbiyyatda
bütün növlər yaxşıdır,
darıxdırıcısından və müasir olmayandan
başqa”. Bununla da tənqidçi həyatın
müasirlik ruhunu bütün ədəbi növlər və
janrlar, ümumən bədiilik və bədii əsərlər
üçün başlıca şərt sayır.
Müasir nəzəriyyə əsərlərində belə
bir yekdil fikir özünə yer alır: “Ədəbi növlərin
hər birinin özünəməxsus xüsusiyyətləri,
oxşar və fərqli cəhətləri vardır. Lirika
üçün hiss və həyəcan, əhvali-ruhiyyə,
eqos üçün hadisə, dramaturgiya üçün hərəkət
daha xarakterikdir.
...Lirik,
epik ünsürləri bədii əsərlərin qoşa
qanadlarına, dramatik elementləri isə onların hərəkətverici
qüvvəsinə bənzətmək olar”.(
Yusifoğlu R. Ədəbiyyatşünaslığın əsasları.
B. Sabah, 2001. S. 117-118) Beləliklə də,
şair və nəzəriyyəçi R.Yusifoğlu dramatik
konfliktə daha çox üstünlük verir.
XX əsr (xüsusilə II yarısından sonra) ədəbi
prosesinin səciyyəvi cəhətlərindən biri də
janr münasibətində dəyişmələrin baş
verməsidir.
Janrlararası münasibətlərdə
keçmələr, poetik qarışıqlıq bu
dövrün ədəbi janrları üçün səciyyəvidir.
İndi sırf saf janrdan danışmaq bir qədər
çətindir. Ümumiyyətlə,
burada poetik ehkamçılığa yol verməyə ehtiyac
yoxdur. Elmi Texniki İnqilabın
başlanması (1950-ci illər) ilə bağlı stresslərin
artması – yəni zəmanə özü artıq 60-cı
illərdən başlayaraq janrlara çeviklik və
yığcamlıq gətirən elementlərin gəlməsinə
şərait yaratdı. Ədəbiyyatda
psixologizm gücləndi, sənət pafosdan, patetikadan,
möhtəşəm bədii təsvirlərdən, təfərrüatdan
adiliyə endi.
Janr
anlayışına tərif verən, məşhur rejissor, yeni
teatr məktəbinin banisi Q.A.Tovstoqonov yazırdı: “Hər
bir əsər bu və ya başqa şəkildə həyatı
əks etdirir. Janr isə gerçəkliyə
münasibətdə bədii obraz kimi müəllifin
şüurunda əksini tapan ifadə vasitəsidir” (Tovstonoqov
Q.A. Zerkalo stsenc. L., 1980. S.173.)
Beləliklə də deməli janr müəllifin
tapdığı ən qlobal obrazdır. Sənətkar
gerçəkliyi müəyyən obraz şəklində təsəvvür
edir, təxəyyüldə yaradır və onu bədii vasitələrlə,
dil və üslubla təcəssüm etdirir ki, buna da janr
deyilir.
Son
zamanlar ədəbiyyatşünaslar detektiv janr, fantastik janr, mənzum
janr, tarixi janr kimi ifadələr işlədirlər. Bunlar janr təyinatı deyil, hansı mövzuda
yazılmasının məsələn, roman və dramın
janr poetikasına heç bir dəxli yoxdur. Janrın klassik qanunları pozulmazdır. Fantastik roman xüsusi janr deyil, elə romandır.
Bu mənada biz belə hesab edirik ki, mənzum
dram, mənzum tarixi dram müstəqil janr deyil. Nəsrlə, yaxud şeirlə yazılması
dramın janr təyinatını dəyişmir. Şeiriyyət poetik teatr yaradır. Bu ənənə də dünya ədəbiyyatında
yeni deyil, onun U.Şekspir kimi Renessans zirvəsi mövcuddur.
Qeyd etdiyimiz kimi, Azərbaycan mədəniyyəti tarixində
poetik teatrın banisi H.Caviddir. Şübhəsiz ki,
mənzum dramın özünəməxsus səhnə həlli
var. Əgər nəsrlə yazılmış dram əsərində
sözlərin tam surətdə hərəkət və əməllə
dolması şərtdirsə, mənzum dramda aktyor həm də
şeiriyyətin gözəlliyini tamaşaçıya
çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə
çatdırılması deməkdir. Burada
sözün fəlsəfi tutumu aktyorun ifasında aydın
verilməlidir.
Öz
sağlığında H.Cavidə münasibət ziddiyyətli
olub. Bu münasibəti müxtəsər
söyləsək, deyə bilərik ki, 1920-1937-ci illərin ədəbi
tənqidi, bəzən kifayət qədər H.Cavidi başa
düşməyib. Yaşar Qarayevin məlum qənaəti ilə
desək, marksist tənqid romantik Cavidə realizm ölçüləri
ilə yanaşıb, “romantizm məhz
bir romantizm kimi təhlil əvəzinə realizmin xüsusiyyətləri
baxımından təftiş edilir” ( Yaşar Q. Realizm: sənət
və həqiqət Bakı, Elm, 1980, s.25). Y.Qarayev 20-30-cu illərdə
H.Cavid ətrafında gedən mübahisələri qiymətləndirərək
yazıb: “Vulqar əyrintilər və ifratlar nəzərə
alınmazsa, Cavud ətrafında ədəbi elmi mübahisələrin
də əsas pafosunu, “Cavid uğrunda mübarizə” devizi ilə
ifadə etmək olar. Hüseyn Cavidə
qarşı ən kəskin ittihamlarında da ciddi əbədi
tənqid onun böyük və bənzərsiz istedadına,
heysiyyət və şəxsiyyətinə hörmət
çərçivəsindən kənara
çıxmamışdır”. (Yaşar
Q. Ədəbi üfüqlər. B.Gənclik.
1985. S.114.) Tənqidçinin “Sənətkar
və tarix” adlı geniş tədqiqat məqaləsindən gətirdiyimiz
bu fikir belə bir həqiqəti ifadə edir ki, H.Cavid və
onun bənzərsiz irsi şairin sağlığında da
müasirləri tərəfindən yüksək qiymətləndirilib.
20-30-cu illərdə H.Cavid barəsində ən
çox və ən yaxşı yazan ədəbiyyatşünas
və tənqidçi 1937-ci ildə H.Cavidlə bərabər
repressiya qurbanı olmuş Hənəfi Zeynallı idi.
Onun “Şeyda” xüsusunda qısa bir mülahizə” (1923),
“Maral xüsusunda qısa mülahizə” (1923), “Hüseyn
Cavidin yazdığı “Peyğəmbər” haqqında
mülahizələrim” (1926), “Şeyx Sənan” haqqında
mülahizələrim” (1926) məqalələri həm
20-30-cu illər tənqidinin, həm də Azərbaycan
cavidşünaslığının qiymətli nümunələri
hesab oluna bilər. H.Zeynallı “Peyğəmbər” əsərinə
həsr etdiyi məqalədə yazır: “Hüseyn Cavid bir
Osmanlı ədəbiyyat dəstpərvərdəsi, bir azərbaycanlı
balası olduğu üçün ədəbiyyatımızda
göstərdiyimiz dairə xaricinə çıxmamış
qalmışdı.
Kim bilir, bəlkə bu hal müvəqqəti bir zaman
üçündür. Bəlkə də biz burada bu sətirləri
mütaliə edərkən möhtərəm şairimiz nə
kimi möhtəşəm və böyük bir mövzu
düşünür ki, birdən-birə parlasın, əsrinin
fövqünə çıxmış olsun.
Böyük mövzu dedik; məhz Cavidin ən zəif
nöqtələrindən biri də böyük
mövzuları alıb üzərində çox
çalışmamasıdır.
Cavid bir
“Şeyx Sənan” yazar, bir “Uçurum” açar, bir “Afət”
doğurar, bir “İblis” rəqs etdirər, bir “Peyğəmbər”i
yaratmağa qeyrət edər, bəlkə də indi bir
Çingiz, yarım bir İskəndər, ertəsi gün də
bir Lenin diriltməyə can atacaqdır” (
Cavidşünaslıq II-III cild. 2007, s. 190-191.) Bu
mülahizələrdə 20-ci illər tənqidinin – vulqar
sosioloji tənqidin özünün nəzəri-metodoloji
ziddiyyətləri əksini tapıb. Xoşbəxtlikdən
H.Cavid “Lenin diriltmədi”, bir türk olaraq həbsxananı
seçdi.
H.Cavidin mənzum dramları, o cümlədən tarixi
dramlar Azərbaycan romantizminin poetika və estetikasını
özündə əks etdirən bitkin nümunələrdir. Bu əsərlər,
xüsusilə “Şeyx Sənan” bütün rişələri
ilə Şərq mənəviyyatına, 1300 ildən
artıq tarixi olan böyük təsəvvüf ədəbiyyatına
və fəlsəfəsinə bağlıdır. Ümumən Şərq mədəniyyətləri
üçün xarakterik olan təkamülü inkişaf
meyli XX əsr Azərbaycan romantizminə də öz əsaslı
təsirini göstərmişdir. “Bu cərəyana mənsub
olanlar, səsi çox uzaqlardan, qoca Şərqin “İncə
hikmətlər” fəlsəfəsindən gələn
“ümumi məhəbbət” ideyasını təbliğ
edirdilər, onu ən böyük xilaskar ideya
sayırdılar” ( Məmməd Cəfər. Azərbaycan ədəbiyyatında
romantizm. seçilmiş əsərləri. II
c. S.19.) Bu bir həqiqətdir ki, təkcə Azərbaycan
romantizminin Ə.Hüseynzadə, M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət
və s. kimi görkəmli nümayəndələri yox, həmçinin
Türkiyə romantizminin Ə.Hamid, T.Fikrət, R.Tofiq, N.Kamal
kimi qüdrətli şəxsiyyətləri orta
çağlar Şərq romantikası və sufizmlə – təsəvvüflə
sıx bağlı olmuşlar.
Hətta belə demək olar ki, həm Türkiyə, həm
də Azərbaycan romantizmi dahi Füzulinin XX əsrə gətirilməsi
idi. Bizə
artıq məlumdur ki, H.Cavidin 15 dramından beşi nəsrlə
yazılıb: “Maral”, “Şeyda”, “Afət”, “Topal Teymur”,
“İblisin intiqamı” H.Cavidi hamıdan çox sevən, 1960-cı
ildə çap olunmuş “Hüseyn Cavid” monoqrafiyası ilə
1937-ci ildən 23 il sonra yeni dövr
cavidşünaslığının əsasını qoyan,
faktiki olaraq H.Cavidə elmi bəraət verən akademik M.Cəfər
belə bir fikrə gəlir ki, “Cavidin dramları içərisində
dram sənəti nöqteyi-nəzərindən ən zəif əsərlər
“Peyğəmbər” və “Topal Teymur”dur”. (Məmməd Cəfər.
Seçilmiş əsərləri. s. 226.), “Peyğəmbər”in
zəif olmasını bu əsər “İblis”dən qat-qat zəif
çıxmışdır” (Cavidşünaslıq, II-III
cild, s. 224) –deyə H.Zeynallı da qeyd edir.
Beləliklə, müqayisədə belə nəticəyə
gəlmək olar ki H.Cavidin nəsrlə yazdığı
dramlar, nəzmlə yazdıqlarından bir qədər zəifdir. H.Cavid
dramaturgiyası öz poeziyası ilə güclüdür.
Böyük dramaturq şeirin gücü, fəlsəfəsi,
pafosu ilə güclü ehtiraslara malik xarakterlər yarada
bilir. Akademik M.Cəfər “Peyğəmbər”
və “Topal Teymur”u bir də ona görə zəif hesab edir ki,
“bu əsərlər xarakterlər dramı olmayıb, daha
çox bioqrafik dram növünə yaxın” idilər.
Halbuki görkəmli alim H.Cavid
dramaturgiyasının sənətkarlığını, bədii-fəlsəfi
qüdrətini şərh edərək
aşağıdakı qənaətlərə gəlirdi.
“Cavidin dramları əsas etibarilə xarakterlər
dramıdır. Lakin bu xarakter dramlarını bir-birindən
fərqləndirən spesifik dram xüsusiyyətləri də
vardır.
...Cavidin
dramlarının çoxu xarakterlər dramı olmaqla, eyni dərəcədə
ehtiraslar dramı şəklində
yaradılmışdır... Cavid mücərrəd
ehtiraslar tanımır. Onun dramlarında ehtirasları və
xarakterləri, hər şeydən əvvəl, ideya və
dünyagörüşü müəyyənləşdirib
istiqamətləndirir... Cavidin dramaturgiyasında
fantastik dram ünsürləri də xüsusi yer tutur. Bu ünsürlər müxtəlifdir. Bəzən onlar mövhumi surətlər şəklində,
bəzən teyflər, ruhlar, ölülərin canlanması
şəklində, bəzən də sayıqlamalar, yuxuda
görülən hadisələr şəklində
yaradılır”. ( Məmməd Cəfər.
Seçilmiş əsərləri , II. C.s.
214-215 və 221.)
Bütün bunlar şübhəsiz ki, H.Cavid
dramaturgiyasının bədii-fəlsəfi məzmununu zənginləşdirən,
həm də onun əsərlərinin poetikasına təsir edən,
onun novator istiqamətdə formalaşdıran amillər idi. H.Cavid
filosof-şair idi. Onun romantizmi Azərbaycan
həyatının daxili laylarına işıq salır,
gizlindəki qüdrət və zəiflikləru bədii
sözün hikmət və gözəlliyi ilə çəkib
aşkara çıxarırdı. Onun
yaradıcılığı böyük bir fikri poetik ənənə
üzərində bərqərar olmuşdu. Yaradıcılıqa şəxsiyyətin rolu
böyükdür. Zəmanənin
bütün təzyiqlərinə baxmayaraq şəxsiyyətinə,
estetik idealına sadiq qalmaq sənətkar və sənət
üçün olduqca önəmli məziyyətidir. Həqiqətən də “H.Cavid bütöv təbiətli,
öz yaradıcılıq məramına, bədii-estetik
konsepsiyasına, humanist dünyagörüşünə
axıra qədər sadiq bir sənətkar olmuşdur.
O, nədən yazırsa – yazsın, həmişə
insanın qadirliyinə xeyirxahlığına ürəkdən
inanmış, xalqının, bütünlükdə bəşəriyyətin
gələcəyinə, tərəqqi və intibahına
ümidlə, niknin nəzərlərlə
baxmışdır. Buna görə də H.Cavid yaradıcılığının
əsasında hər şeydən əvvəl insan, onun əqidə
dünyası, mənəvi aləmi, milli bəşəri
borcu, taleyi və şəxsi səadəti kimi problemlər
dayanır... İnsana məhəbbət H.Cavid
yaradıcılığında həm də insanı mənən
pak, uca, qüdrətli görmək arzusu ilə birləşir”.
( Əlimirzəyev X. Dramaturgiyamızda
ideal və qəhrəman. B., 1995, s. 156-157). H.Cavidin
bədii-fəlsəfi məramı dəqiq, estetik idealı
aydın və saf idi. O zəmanəyə boyun əymədi,
onun fövqündə dayanaraq öz əsərlərini
yazdı, Azərbaycan mənəviyyatında özünə əbədiyyət
abidəsi ucaldı. H.Cavidin düşüncələri,
romantik idealları proletar təfəkkürünə
sığmadı.
Mən, fəqət hüsnü-xudaşairiyəm.
Yerə
enməm də səma şairiyəm deyən qüdrətli
romantikin bir əli Tanrı ətəyində, bir əli də
yer üzündə müharibələrdən, xəstəliklərdən,
yanlış təriqətlərdən, hakimlərin
zülmündən əzab çəkən insanların üzərində
idi. Yerin dərdlərindən yazsa da Cavid
heç vaxt yerə enmədi “Cavidin əsərləri bəşər
və dünya tarixinə çəkilən
illüstrasiyalardır. Cavid – planeti görən
və planetdəki bütün qütblərdən
görünən sənətkardır. Bu vaxta qədər
onun planetə az yayılmasına səbəb yalnız az və
pis tərcümə olunmasıdır” (. Qarayev Y. Ədəbi
üfüqlər, s. 111)
H.Cavidin öz poetikası var. O bir sistem təşkil
edir. Əruzşünas alim Ə.Cəfər qeyd edir ki,
H.Cavidin eyni şeirdə həm əruz, həm də heca
işlətməsi poetik yenilikdir. Belə
poetik novatorluq onun həm poeziyasında, həm də mənzum
dramlarında çoxdur. H.Cavidin mənzum
dramları yüksək poeziyası ilə deyil, həm də
dramaturgiyası ilə səhnənin bütün tələblərinə
cavab verir. H.Cavid dilə və şeiriyyətə
hakim sənətkar idi. X.Əlimirzəyev bu barədə
yazır: “H.Cavid şeirin, poeziyanın daxili sirlərini,
mexanikasını, estetik imkanlarını yaxşı bilən
qüdrətli şair, parlaq istedad sahibi idi. Yüksək
şeiriyyət, bədii vüsət onun həm ümumi
yaradıcılığı, həm də dram əsərləri
üçün eyni dərəcədə səciyyəvidir.
Güclü romantik pafosa, psixoloji təsirə malik lirik, tragiq
dialoq və monoloqlar ustası olan H.Cavidin pyeslərində
şeir dili dram sənətinin və səhnə dilinin tələblərinə
uyğun olaraq, yeni məna və ifadə çalarları,
xüsusi dramatizm kəsb edir, hadisə və obrazların bədii
siqlətini, emosionallığını artırır, fikir və
ideyanın daha yaxşı açılmasına, dərindən
qavranılmasına imkan yaradır, bütünlüklə
poetik məziyyətə çevrilir”. (
Əlimirzəyev X. Dramaturgiyamızda ideal və qəhrəman.
S. 156) Bu mülahizələri eynilə “Cavid teatrı”na da aid etmək olar.
H.Cavid öz mənzum
(və mənzum tarixi) dramlarında həm heca, həm də əruz
vəznlərində istifadə edib. O, qafiyənin
çox maraqlı formalarını yaradıb:
Xəyyam:
– Var
olunuz.
Kaş
ki, hər gün bizə düşsün
yolunuz.
Burada yarımçıq və tam misra həmqafirə
olub orijinal beyt əmələ gətirir.
Yaxud
“Şeyx Sənan”da yarımçıq misralar qafiyələnərək
bütöv fikir əmələ gətirir:
Xumar: –
Söylə kimsin?
Şeyx Sənan:
– Zavallı bir məftun...
Nina: – Kim
bilir... Bəlkə...
Xumar: –
Qaliba məcnun...
Burada fikri, psixoloji durum deyilən sözlərdən daha
artıq pauzalarda, deyilməyən, yerinə bitməzlik
işarəsi – üç nöqtə qoyulan və ehtimal
olunan, daha doğrusu oxucunun (tamaşaçının!) ehtimal
edəcəyi sözlərdə ifadə olunur. XX əsrin 60-cı illərində
novator şair Ə.Kərim özünün “İki sevgi”
şeirində bu poetik üsulu obraza çevirdi, üç dəfə
təkrarlanan “nöqtə” sözü qafiyə yaradan poetik
fiqur kimi sabitləndi.
Azərbaycan mənzum tarixi dramının şedevrlərindən
biri S.Vurğunun “Vaqif” dramıdır. “Vaqif”i tarixi mövzuda
yazılmış poetik simfoniya adlandırmaq olar. Sərhədsiz
şair ilhamından güc alan tarixi həqiqət
və romantik pafosun vəhdəti bu əsərin bədii-fəlsəfi
uğurunu təmin etmişdir. Bunun üçün əsərin
poetik hüsnünü zinətləndirən ayrı-ayrı
misraları yada salaq:
“Burada gecələrin
qərib səsi var”; “Qəlbi hicran çəkmiş qərib
axşamlar”; “Allah da çox sevir şeirin səsini”; “Aldada
bilməmiş dünyanın
varı // Bir məslək eşqilə yaşayanları”;
“Soyuq məzarda da zinətdir insan”; “Bir boynu olsaydı bəşəriyyətin
// Onu da qılıncla vurardım yəqin”; “Gözüm
gözündən uzaq olsa da // Könüldən –
könülə yollar görünür” və s.
Ağır repressiya günlərində
yazılmış və teatr səhnəsindən deyilmiş
bu misralar 75 ildən artıqdır ki, xalqın dilində
müdrik kəlamlar kimi işlədilir.
Ağır tarixi mövzunun zərif şeir dili ilə bədii
təcəssümü sənətkardan böyük istedad tələb
edir. XX əsr Azərbaycan ədəbiyyatında mənzum
tarixi dramın kamil nümunələrini yaratmış
H.Cavid, S.Vurğun, B.Vahabzadə, N.Xəzri, N.Həsənzadə
belə istedad sahibləridir.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
525-ci qəzet.-
2014.- 20 sentyabr.- S.18;23