“Tərcüman”ın Azərbaycan səhifələri
II məqalə
Yeni səfər hər şeydən öncə yeni
tanışlıqlarla yadda qalmışdı. Tiflisdə iki
gün ləngidiyini bildirən İ.Qaspralı bunun yol
yorğunluğu ilə əlaqəsinin
olmadığını, sadəcə dostlarla birlikdə daha
çox vaxt keçirmək arzusundan irəli gəldiyini
xüsusi qeyd etmişdi. O, Azərbaycan türkləri
arasından yetişən, müxtəlif rus və Avropa
universitetlərində mükəmməl təhsil alıb vətənə
qayıdam tiflisli dostlarını bir-bir nişan
verərək yazırdı: “Bu zamana qədər müsəlman
cəmiyyəti arasında bilici, məlumatlı adamlar pək
azdır. Hər şəhərdə bir və ya iki
bulunduğu halda Tiflisdə beş, on, bəlkə
ziyadə bulunmaqdadır. Bunlar müxtəlif məktəblərdə
ikmali-təhsil və kəsbi-kəmalat edib dövlət xidmətlərində
bulunan cavanlardır ki, məclisdə üçü-beşi
bulunur isə o da Tiflisdə bulunur. Elmi-hüquq və
siyasiyyədə mahir Əhməd, təbib-doktor Mehmet, mühəndis
Səlim, məktəbi-hərbiyyəli ofiser (zabit) Əli,
üsuli-tədrisdə və ümuri-tərbiyədə Həsən
və qeyri bir neçə nəfər fəhmi
açıq... əfəndiləri bir məhəldə, bir məclisdə
görmək, söhbət etmək böyük ləzzət,
böyük rahat olduğu məlumdur”.
Soyadlar göstərilmədiyindən burada adları
sadalananların hamısının kimliyini müəyyənləşdirmək
çətindir. Lakin tərəddüd etmədən “elmi-hüquq və
siyasiyyədə mahir Əhməd”in, heç şübhəsiz,
həmin dövrdə Avropadan yenicə Qafqaza dönən və
rusdilli mətbuatda fəal, cəsarətli
çıxışları ilə yadda qalan Əhməd
Ağayev olduğunu söyləmək mümkündür.
Müəllif ad çəkmədən onun barəsində
bir qədər aşağıda nisbətən əhatəli
məlumat vermişdi: “Bu dəfə Tiflisdə bir dost daha
peyda etdim. Qarabağlıdır. Rusiyada təhsil etdikdən sonra Fransaya gedib Sorbon
Darülfünununda ikmali-fünun edib gəlmiş bir
növcavandır. Sair millətlər arasında boylə
təhsil edib beş-altı lisan bilənlər xeyli çox
olduğundan boylələr müstəsna tutulmaz; lakin bizim cəmiyyətimizdə
arada boylə bir adam bulunduğu
şayani-işarətdir. Bunun üçün
biz də bu qardaşımızın vücudu ilə iftixar edəriz”.
Tiflisdən
başlanan, zəminində möhkəm ideya və amal uğrunda mübarizənin
dayandığı bu dostluq İsmayıl bəyin həyatla
vidalaşdığı 1914-cü ilə kimi
sürmüşdü. “Tərcüman”ın nəşrə
başlamasının 20 illiyi qeyd olunanda Ə.Ağayev “Kaspi” qəzetində İ.
Qaspralının türk milləti
qarşısındakı xidmətlərindən geniş
söz açan məqalə (bax: “Redkiy öbiley”, 29 aprelə
1903 q.) çap etdirmişdi.
Tiflis tanışlarının sırasında Ə.Topçubaşovun
adının çəkilməməsi müəyyən təəccüb
doğurur. Çünki gənc Əlimərdan bəyin hələ
1893-cü ilin aprelində bir neçə Azərbaycan
ziyalısı ilə birlikdə Bağçasaraya, “Tərcüman”ın
on illik yubileyinə dəvət olunması İsmayıl bəyin
onu daha əvvəl tanıdığını
düşünməyə əsas verir. Dəvət məktubunda
İsmayıl bəy həm də qəzetin başlıca məqsəd
və məramının “Rusiya müsəlmanlarının
ana dillərində düzgün təlim-tərbiyə
görmələri, xalq üçün anlaşıqlı ədəbiyyatın
inkişafı, müsəlmanlar arasında rus dilinin, elm və
mədəniyyətin mümkün dərəcədə
yayılması, müsəlman əhalinin mənəvi və
maddi tərəqqi zəminində ruslarla sıx birləşmələri”
olduğunu Ə.Topçubaşova bildirir və onun məsləhətlərinə,
yardımına ehtiyac duyduğunu
yazırdı. Çox güman ki, Tiflislə
bağlı səfər qeydlərində o, yalnız yeni tanış olduğu azərbaycanlı münəvvərləri
təqdim etdiyindən Əlimərdan bəyi bir daha
xatırlatmağa zərurət görməmişdi.
Nəhayət,
İsmayıl Qaspralının 1893-cü il Tiflis səfərində
məxsusi görüşdüyü şəxslərdən biri də
şəhərdəki İran
konsulu, Qacar sülaləsindən olan Azərbaycan əsilli
Mirzə Rza xan Ürfəüddövlə (1853-1957) idi. Mirzə Cəlilin məşhur “Konsulun arvadı”
hekayəsi həmin dövrün İran diplomatları
haqqında təsəvvürümüzdə elə mənfi
izlər buraxıb ki, ilk baxışdan böyük
maarifçinin konsulun ziyarətinə getməsi qəribə
görünür. Lakin İranın əvvəlcə
Tiflisdə baş konsulu, sonra Peterburqda səlahiyyətli naziri
(səfiri) olan, Məşrutə inqilabı dövründə
bir müddət ədliyyə naziri vəzifəsini tutan Mirzə
Rza xan həmvətənlərinin çoxundan yaxşı mənada
fərqlənirdi. “Daniş” təxəllüsü
ilə şeirlər yazır, tarix və fəlsəfə ilə
yaxından maraqlanırdı. Üstəlik, “Tərcüman”ın
10 illiyi münasibəti ilə təbrik teleqramı göndərmişdi
və bu baxımdan da İsmayıl bəy onunla
görüşməyi özünə borc
saymışdı.
“Bağçasaraydan
Daşkəndə səyahət” silsiləsi
“Gürcüstan.Tiflis. Mirzə Rza xan”
yazısı ilə açılırdı. İran konsulunu sadəcə
dövlətinin təmsilçisi deyil, həm də təbəəlik
mənsubiyyətindən asılı olmayaraq bütün
Tiflis müsəlmanlarının mənəvi rəhbərlərindən
biri kimi təqdim edən İ.Qaspralı yazırdı: “Mirzə
Rza xan orta yaşlı, qayət yaraşıqlı bir adam olub
həzrəti-şövkətli Nəsrəddin şahın ən
məlumatlı və postuna, dərəcəsinə ən
müvafiq olan sadiq bəndələrindən biridir. Kəsb
etdiyi bilik və kəmalat, mükəmməl təhsil etdiyi farsi, türki, rusi və firəngi lisanlar həp
kəndinin səməreyi-səy və qeyrətindən hasil
olunan malıdır. Mülayiməti, insaniyyəti
və bulunduğu cəmiyyətə şəfəq və
xoşnudluq gətirməsi Tiflisin cəmiyyəti-üməra
və mütəbaranında (əsl-nəcabətli və
mötəbər cəmiyyətdə) həqiqət məqbul
və rəğbətli və təbəəyi-İran eynində
(İran təbəələrinin nəzərində) məhəbbətli
və nüfuzlu olmasına bais olmuşdur” (“Tərcüman”,
31 avqust 1893, sayı 29).
Burada onu
da qeyd edim ki, 1919-cu ildə İran nümayəndə heyətinin
tərkibində Versal sülh konfransına yollanan Mirzə Rza xan İstanbulda və
Parisdə Ə.Topçubaşovla dəfələrlə
görüşmüşdü. Hətta
tutduğu kifayət qədər yüksək vəzifəyə
baxmayaraq Tehrana səfəri zamanı vətənlə
davamlı əlaqə saxlamaq baxımından ciddi çətinliklərlə
üzləşən Azərbaycan nümayəndə heyətinin
kuryeri olmaq, diplomatik poçtu daşımaq vəzifəsini
üstünə götürməkdə də bir əskiklik
görməmişdi. Düşünürəm
ki, türk əsilli bu İran əyanı əz azı belə
vətənpərvərlik jestinə görə hörmət
bəslənməyə layiqdir. Və bu həm
də Azərbaycanın cənubu ilə şimalının
bütün zamanlarda mənəvi
bağlılığını göstərən diqqətəlayiq
örnəklərdən biridir.
Mayın 19-da (27-də) İsmayıl bəy Zaqafqaziya dəmir
yolu ilə Tiflisdən Bakıya gəlmişdi. Gəlişi
barəsində heç kimi xəbərdar etməmişdi.
İlk səfərindən
fərqli olaraq 1893-cü ilin mayında Bakı artıq fikri və
əməli ilə türk dünyasının
simvollarından birinə çevrilməyə başlayan Krım-tatar maarifçisini
daha sayğı ilə qarşılamışdı.
Hamıdan xəbərsiz şəhərin “Avropa”
mehmanxanasına gələn müəllif burada istiqbalına
çıxanları görüb heyrətlənmişdi:
“Müsafirxanada bir neçə gənc müsəlmanlar cəm
olub acizlərini istiqbal buyurdular. Bir xeyli adamlar
da dəmiryol vağzalına gedib bəndələrini izləmişlər
(axtarmışlar). Bakıya nə gün
gələcəyimi heç kimsəyə bəyan etməmiş
isəm də, qaibanə dostlar Tiflisə teleqram yollayıb xəbər
almışlar. Lakin teleqramda azacıq xəta
olduğundan vağzalda görüşmək mümkün
olmamışdı” (“Tərcüman”, 9 sentyabr 1893-cü il, sayı 30).
Yeni dostları İsmayıl bəyin oteldə
qalmasına imkan verməmişdilər. Əvvəldən lazımi
hazırlıq görüldüyünü bildirərək
onu tanınmış yazıçı və maarif xadimi
Sultan Məcid Qənizadənin (1866-1937) mənzilinə gətirmişdilər.
Yeməkdən sonra çay süfrəsi ətrafında
uzun, maraqlı söhbət başlanmışdı. Çox güman ki, ziyalı milli gəncliklə bu
söhbətlər onun Bakı və ümumən Azərbaycan
haqqında təsəvvürlərinin genişlənməsinə,
bilgilərinin artmasına təsirsiz qalmamışdı.
Bağçasaraya,
“Tərcüman” redaksiyasına göndərdiyi səyahət
qeydlərində İsmayıl Qaspralı Bakının tarixi
keçmişi və XIX əsrin sonundakı vəziyyəti barəsində
müxtəsər də olsa, məlumat vermişdi. Yazdığına görə, 1893-cü ildə
şəhər əhalisinin sayı 100 min nəfəri
aşmışdı, onların üçdə birindən
çoxu müsəlman – yəni Azərbaycan türkü idilər.
Müəllif çeşidli tarixi qaynaqlara əsaslanaraq
Bakını çox qədim yaşayış məskənlərindən
biri və təbii ehtiyatlarla zəngin bölgə kimi təqdim
etmişdi: “Bu bəldə (şəhər) yunan və ərəb
coğrafiyyunu əsərlərində yad olunan bir məhəll
olub ta əski zamanlardan bəri neft, yəni yer mayı
(yağı) ilə və yerdən zühur edən təbii
qazların yanıb durması ilə məşhurdur. Rusiya təsərrüfatına (idarəçiliyinə)
keçməzdən əvvəl bəzi İran və
Osmanlı və əksər halda Şirvanşahlar
hökmündə bulunub 1806 sənəsi general Bulqakov tərəfindən
istila edilib Rusiya mülkünə qoşulmuşdur. Ən son hakimi Hüseynqulu xan şəhər
alındığı gün qaçıb getmişdir”.
Şəhərin memarlıq baxımından müxtəlifliyi,
köhnə və yeni Bakının fərqli simaları da
İsmayıl bəyin nəzərindən
yayınmamışdı. İçəri
şəhərdəki yeraltı bazar, Cümə məscidi,
Şirvanşahlar sarayı barəsində müəyyən
bilgilər vermiş, eyni zamanda bütün bu tarixi abidələrin
uçulub-dağılmaqda olduğunu təəssüflə
qeyd etmişdi.
İsmayıl bəy Bakının simvoluna çevrilən
əfsanəvi Qız qalası üzərində daha müfəssəl
dayanmışdı. Qalanın inşasını xanın doğma qızına sevgisi ilə
bağlayan rəvayəti də eşitmişdi. Lakin dərhal qəti qənaətini bildirmiş, “Məzkur
qüllə haqqında bu boş bir rəvayətdir. Qələm və ya şair dili ilə müsbət
(isbata yetirilən) bir şey deyildir” – deyə mövcud rəvayətin hər hansı yazılı
qaynağa, ən başlıcası isə xalqın mənəviyyatına,
əxlaq təsəvvürlərinə əsaslanmadığıbı
vurğulamışdı. Həmin
dövrdə Qız qalası haqqında ortada hər hansı
ciddi elmi araşdırma yox idi. Amma bununla belə,
İ.Qaspralı sövq-təbii şəkildə, tarixi
analogiyalar yolu ilə qalaya heç zaman düşmən
ayağı dəymədiyinə, yağı əlinə
keçmədiyinə görə bəkarət simvolu
sayılan adın verildiyi qənaətinə
gəlmiş, “Türk millətinin adəti-qədiməsindən
olduğu məlum olub bu halda Bakı qülləsinə dəxi
möhkəmiyyət nəzərindən Qız qalası
deyildiyi əmri-təbiidir” – yönündə doğru və
ağlabatan nəticə çıxarmışdı.
Eyni zamanda
qədim Bakının bu nadir memarlıq abidəsi ilə
bağlı çox güman ki, əsrlərdən bəri
xalq arasında dolaşan rəvayəti də tamam sərf-nəzər etməmişdi. İnsest,
yəni qan qohumluğunun daha çox əski İran təsiri
və atəşpərəstlik təlimi nəticəsində
meydana çıxması ehtimalına diqqət yönəltmişdi.
Bəlli
olduğu kimi, Azərbaycan xanlıqlarının Rusiya tərkibinə
qatılmasından sonra çarizm idarəçiləri diqqəti
yerli əhalinin türk olmasından hər vasitə ilə
yayındıraraq ona “müsəlman”, “persianin”, “Zaqafqaziya
tatarı”, “tuzemets” (yerli) və s. kimi çeşidli uydurma
adlar vermişdi. Yalnız milli izzəti-nəfsin
təhqirinə deyil, həm də tarixi saxtalaşdırmalara
yol açan bu həssas məqam böyük türk milliyyətçisi
İsmayıl Qaspralını, təbii ki, laqeyd buraxa bilməzdi.
O, Bakı ilə bağlı qeydlərində yuxarıda sadalanan adların heç birinin Azərbaycan
xalqının milli mənsubiyyəti ilə əlaqəsinin olmadığına diqqəti
çəkərək yazmışdı:
“Əhaliyi-şəhrin otuz mindən ziyadəsi əhli-şiə
müsəlmanlardır. Sünni əhli azdır. Cümləsi lisani-türki ilə mütəkəllim
olub (türkcə danışıb), ancaq üləması və
məktəb görmüş tüccarı farsiyə
aşinadır. Bakı müsəlmanlarını
“əcəm”, “irani” və “persiyane” – diyə yazdıqları
görülməkdədir. Bu isə
açıq bir xətadır. Cünki bunlar ümumən
lisan, cins və adət cəhətlərindən tərtəmiz
türkdürlər! Əhli-sünni türklər
olduğu kimi bunlar da əhli-şiə türklərdir.
Nə farsdırlar, nə persiyandırlar,
çünki əski vətənləri İran deyil,
Türküstandır” – deyə həm Qafqazdakı rus idarəçilərinə,
həm də özlərini “müsəlman” adlandırmaqla
dini mənsubluqlarını milli mənsubiyyətdən önə
çəkən azərbaycanlılara həqiqəti
anlatmağa çalışmışdı. Təxminən eyni dövrdə “Kəşkül”də
Qafqazın “müsəlman” əhalisinin çoxunun azərbaycanlı,
Azərbaycan türkü olması barəsində məşhur
dialoq da işıq üzü görmüşdü.
Beləliklə, Azərbaycan mətbuatının
yalnız 1905-ci ildə, “Həyat” qəzetinin nümunəsində
başlatdığı müsəlman ümmətindən
türk millətinə çevrilmə prosesinin ilk
konturları XIX əsrin sonlarında “Tərcüman”da
cızılmışdı.
Bakı əhalisinin
zahiri görünüşü, işgüzarlığı,
yenilik və mədəniyyətə marağı İsmayıl bəyin diqqətindən
yayınmamışdı: “Bakılılar boylu (boy-buxunlu),
qüvvətli və işlək xalqdır. Şöylə
ki, beynlərində (aralarında) hünər və maarif təsvi
edərsə (yayılarsa) dünyada cüdap (duruş gətirib)
yaşayacaq kibi adamlardır”.
Birinci böyük neft bumunun başlandığı bir
vaxtda Azərbaycan türklərinin ölkənin təbii sərvətlərinə
sahiblik uğrunda mübarizəyə qoşulmaları türk
təəssübkeşi kimi İsmayıl bəyi
sevindirmişdi. Krım tatarları da imperiyanın eyni dərəcədə
ögey övladları olduqlarından rəqabətin neçə
çətin, qeyri-bərabər şəraitdə
aparıldığı ona sirr deyildi. Milli və dini mənsubiyyətin
prosesdəki roluna yaxşı bələd idi. Əslində Həsən bəy Zərdabi kimi
İsmayıl Qaspralı da maarifi, məktəbi təbliğ
edəndə xalqı ilk nöbvədə iqtisadi mübarizəyə
– “zindəganlıq savaşına” hazırlamağı
göz önünə alırdı.
“Kar
(qazanc), kəsb və iş meydanında Bakı türkləri
xeyri qeyrət və kəmalat izhar ediyorlar, – deyə müəllif
yazırdı: –İran, Qafqaz, Türküstan və Rusiya, yəni
dörd yol ağzı bir məhəldə bulunduqlarından
istifadə edərək şəraiti ührəvi və
dünyəvi (axirət və dünya şərtləri)
hökmüncə vacib olan kar və kəsbdə xeyli tərəqqi
etdikləri görünməkdədir. Şöylə
ki, Rusiyanın sair şəhər və vilayətlərində
bulunan əhli-islamın cümləsindən irəlilədirlər,
zənn edərim. Kəsb və ticarətdə
bakılı qardaşlarımız Qazan, Orenburq və Hacıtərxanlıları
ozmuşturlar” (keçmişlər).
İsmayıl
Qaspralının fikrincə, bütün bunlar türk
insanına xas fitri bacarıq və zəhmətsevərlik sayəsində
mümkün olmuşdu: “Hər nə qədər
zamanların boranları, hökumətin təğayür və
inqilabatı əhaliyi pozub zədələmiş isə də
“Türklər əti çürüməz, sümükləri
üşüməz!” fitvasınca hər türlü
müsibətə təhəmmül edib bu tərəfin
türkləri inkirazdan (məhvdən, yox olmaqdan)
qurtulmuşlardır”.
Lakin iqtisadi həyatın müəyyən sahələrində
nəzərə çarpan belə müsbət irəliləyişlər
hələ Azərbaycan türklərinin ölkəyə
sahib olmaları anlamına gəlməməli idi. Bakıda
keçirdiyi bir neçə günün müşahidələri
ona “Tərcüman” səhifələrində gəlmə ermənilərin
Azərbaycanda günü-gündən genişlənməkdə
olan iqtisadi-siyasi ekspansiyası haqqında birincilər
sırasında söz açmağa imkan
yaratmışdı. Ruslarla din
ümumiliyi, habelə maarif və ictimai tərəqqinin verdiyi
üstünlüklər nəticəsində onlar Bakıda
öncül mövqeyə çıxmağı
bacarmışdılar. İsmayıl bəy bizim
1993-cü ildə acınacaqlı nəticələri ilə
üz-üzə qaldığımız proses barəsində
yüz il əvvəl xəbərdarlıq
edərək “Tərcüman”ın 9 sentyabr 1893-cü il tarixli
sayında yazmışdı:
“Bu zaman
iqtizasınca müsəlmanlardan beş-on sənələr əvvəl
göz açmış ermənilər müsəlman əlindən
pək çox mal və ticarət alıb bu gün də
Bakıda zamanca (dövrün tələbinə görə) ağalıq
ediyorlar. Bakıda ermənilərin əlində
bulunan mülk və zavodlar müqəddəmcə (əvvəllər)
ümumən müsəlmanda idi. Lakin qədir
və qiymətini bilməyib əldən
çıxardılar. Bakının ermənisi
qədim əhalidən olmayıb ətrafdan və əksərən
Qarabağdan gəlmiş müsafir və mühacirlərdir”.
Maraqlıdır ki, XIX əsrin sonunda hələ ciddi
eksseslər doğurmayan erməni-azərbaycanlı münasibətləri
İ.Qaspralının təkcə publisistikasına deyil, həm
də bədii yaradıcılığına yol
tapmışdı. “Tərcüman”ın 1895-ci il 12 və 19 noyabr tarixli
43-44-cü saylarında dərc olunan “Əhməd bəy
Daşkəsənli və Bedros ağa Qaraqaşyan” hekayəsi
bunun əyani sübutudur (mənim Krım-tatar türkcəsindən
çevirərək kiçik müqəddimə də
yazdığım həmin hekayə “525-ci qəzet”in 21 yanvar
2014-cü il tarixli sayında çap edilmişdir – V.Q.)
İkinci Bakı səfərindən il yarım sonra qələmə
alınmış xəbərdarlıq mahiyyətli həmin əsərin
əsasında İsmayıl bəyin “neft və milyonlar səltənətində”
gördükləri, eşitdikləri, müşahidə
etdikləri dayanırdı.
Rus, erməni
və Avropa kapitalistləri ilə çətin rəqabət
şəraitində Bakının sərvətlərinə,
ilk növbədə isə neftə sahib çıxmağa
çalışan yerli iş adamları sırasında
İsmayıl bəy H.Z.Tağıyev, M.Nağıyev,
Ş.Əsədullayev kimi zənginlərin adını
çəkir, ümumiyyətlə 41 azərbaycanlının
bu və ya digər şəkildə neft hasilatı,
emalatı, yaxud satışı ilə məşğul
olduğunu diqqətə çatdırırdı.
Onların içərisində isə sərvətinin
çoxluğu ilə deyil, nəcibliyi və
xeyirxahlığı, millətinə sahib
çıxması, insancasına davranış
baxımından Hacı Zeynalabdin Tağıyevi xüsusi fərqləndirirdi. İsmayıl
bəyin Bakıda olduğu dövrdə Hacı ilə şəxsi
tanışlığı, yaxud görüşü
haqqında əldə heç bir məlumat yoxdur. Mümkündür ki, görüşsünlər.
Öz növbəsində H.Z.Tağıyevin
1908-ci ildə “Tərcüman”ın 25 illik yubileyi münasibəti
ilə Bağçasaraya hədiyyə və təbrik məktubu
göndərməsi şəxsi tanışlıq haqqında
inamla danışmağa imkan verir. Hətta
belə bir görüş baş tutmasa belə, onun millət
atasının şəxsiyyətinə dərin bələdliyi
şübhə doğurmamalıdır. Bunu “Tərcüman”ın
18 sentyabr 1893-cü il tarixli 31-ci sayındakı
sətirlər sübut edir. Müəllif Bakının ən
diqqətəlayiq insanlarından birinin Hacı Zeynalabdin
olduğunu bildirdikdən sonra oxucularını yalnız
formaya, zahiri görünüşə aldanmamağa
çağıraraq yazırdı:
“Hacı
dedikdə zor (böyük) və qalın əmmaməli, uzun
xələtli, ya cübbəli, uzun və ağ
saqqallı bir adam təsəvvür olunuyor, deyilmi? Bən də
bunları zənn eduiyor idim. Hacı imiş, amma xəyal
etdiyim kimi deyil imiş! Kamal yaşında, qara
saqqallı, başı qara qalpaqlı (papaqlı) bir
adamdır; lakin qalpağina əmmamə sarılmamışdır.
Qalpağina əmmamə sarılmamış isə
də, başı əfkari-aliyə ilə (uca fikirlərlə)
dolu və xələti əcayib və cübbəsi qiyamət
qədər (uzun) deyil isə də, xeyir-xeyrət və
hüsni-əməl (gözəl işlərlə) ilə
geyinib qurşandığını gördüm”.
Müəllif H.Z.Tağıyevin təmənnasız
xeyriyyəçilik fəaliyyətini onun mütərəqqi
və gözüaçıq şəxsiyyət olması, cəmiyyətin
inkişaf meyllərini uzaqgörənliklə təhlil edib
ağıllı nəticələr çıxarmaq
bacarığı ilə əlaqələndirirdi. Digər həlledici amili isə
azərbaycanlı milyonçunun öz xalqına böyük məhəbbətində
görürdü:
“Hacı Zeynalabdin əfəndidən bəhs etmiş
idik. Bir-iki söz daha söyləmək istiyorum.
Çünki bu adam zamanın bir meyvəsi
və nümunəsidir. Xeyli tüccar və
sövdəgər biliriz ki, köpnün (hər kəsin) və
millətin əhvalinə aşina olmaq istərlər, fəaidi-ümumiyyədən
bəhs edərlər və qədrül-hal
(bacardıqları qədər) ümurat və maarifi-miliyyəyə
hizmət etmək istərlər. Bunların
arasında Bakının hacısı bəlkə də
birincidir. Kəndi (öz)
övladlarını lazımınca tərbiyə və təhsil
etdirməkdən məada, yüzlərlə axça verib
ixvandan bir-iki növcavanı daim böyük məktəblərdə
tərbiyə etməkdədir”. Hacının millət
yolunda gördüyü xeyirxah işlərdən
danışarkən müəllif onun 15 min manat xərcləyib
Bakıda Kənd Təsərrüfatı məktəbi
açmasını, Moskvaya və Peterburqa səfərləri
zamanı universitetlərdə təhsil alan azərbaycanlı
gənclərlə görüşüb onlara yardım
göstərməsini, ümumun istifadəsi üçün
nəzərdə tutulmuş bir sıra layihələri öz
vəsaiti hesabına maliyyələşdirməsini və s.
yad edir.
Sonda isə
Hacı Zeynalabdinin kifayət qədər diqqəti çəkən
portret cizgilərini aşağıdakı sətirlərlə
tamamlayır: “Maarif və kəmalat üçün şəhər
məclisində müşavirə edildikdə ağçaya
acımayan (pul əsirgəməyən) və sair məclislərdə
təhsili-hünər və kəmalatdan qeyri bir bəhs etməyən
Hacı, budur!”
Savadsız, lakin son dərəcə müdrik
H.Z.Tağıyevin bütün türk-müsəlman zənginlərinə
örnək olacaq nəcibliyi və xeyriyyəçilik fəaliyyəti
“Tərcüman” qəzetində sonralar da dəfələrlə
işıqlandırılmışdı. Hətta tam əminliklə
demək olar ki, bir müddət sonra Həştərxanda,
Volqaboyunda, Uralda yaşayan imkanlı tatarlar arasında xeyriyyəçilik
hərəkatının geniş yayılmasına
Hacının “Tərcüman” vasitəsi ilə təbliğ
və təşviq
edilən nümunəsi danılmaz təsir göstərmişdir.
Müəllifi sevindirən cəhətlərdən biri
də Hacının meydanda tək olmaması idi. Onun çevrəsindəki
zənginlər də savab əməllərdən kənarda
qalmırdılar: “Şöylə ki, maarif və təhsil və
islahat xüsusunda bəhs və qeyrət edənlər
görülməkdədir. Xudaya şükür! – deyə İsmayıl bəy sevincini “Tərcüman”
oxucuları ilə bölüşürdü.
İ.Qaspralı Hacı Zeynalabdinin xeyirxah əməllərini
təkcə Rusiyada deyil, bütün İslam ölkələrində
yaymağa çalışırdı. O, 1907-ci ilin oktyabrında
dünya müsəlmanlarının konqresini təşkil etmək
niyyəti ilə Misirdə olarkən Qahirənin “Kontinental”
otelində ziyalılar və mətbuat nümayəndələri
qarşısındakı nitqində
çağdaş müsəlman cəmiyyətinin
ümmətin birliyinə, maarif və tərəqqisinə
çalışan bir neçə
görkəmli nümayəndələri sırasında
H.Z.Tağıyevin adını birincilər sırasında
çəkmişdi. “Tərcüman”ın 13 noyabr 1907-ci il
tarixli 73-cü sayındakı “Misirdən məktub” adlı
redaksiya yazısında bu haqda deyilirdi: “Badə (sonra)
Bakıda bulunan Hacı Zeynalabdin Tağıyev cənablarının
fövqəladə himmət və fədakarlıqları və
fəaliyyəti-həmiyyətməndanəsi yad olunaraq xətibi-fazil
tərəfindən “sağ olsun, yaşasın!” denildikdə,
“yaşasın, yaşasın!” duayi-xalisanəsi təkrar
salonu titrətdi”
Bakı zənginlərinin bioqrafiyası, ömür yolu ilə tanışlıq İsmayıl bəyin Azərbaycan türklərinin, bütünlükdə türk insanının gələcəyinə inamını artırmışdı. Çünki onlar hamısı ağıl və zəhmətləri hesabına sərvətə qovuşmuşdular, şəxsi nümunələri ilə bunun mümkünlüyünü isbata yetirmişdilər. İ.Qaspralı “Arabaçıdan paroxod sahibi, hammaldan fabrikaçı, baltaçıdan böyük tüccar olmaq istedadından məhrum olmadığımız Bakıda zahir olub ehli-həmiyyətə mədari-təsəlli (həmiyyət sahiblərinə təsəlli vasitəsi) ola biləcəkdir” – deyə ikinci Bakı səfəri zamanı xeyli ümidlənmişdi. Eyni sevinc hissləri Musa Nağıyevin dövrün müasir texnologiyası əsasında qurulmuş kerosin zavodunu gəzib dolaşarkən də onu tərk etməmişdi. Bəlkə də bu çox sadədil, uşaqcasına bir sevinc idi – dünyanın hər üzünü görmüş İsmayıl bəyi qürrələndirən belə böyük və çağdaş zavodun bir türkə məxsusluğu idi...
Tiflisdə olduğu kimi Bakıda da İsmayıl bəy ilk növbədə Avropa təhsili görmüş, cəmiyyətə yenilik ab-havası və ictimai tərəqqi düşüncəsi aşılamağa qadir azərbaycanlı ziyalılarla tanış tanışlığa, ünsiyyətə can atmışdı. Və vaxtının çoxunu böyük ümidlər bəslədiyi belə gənclərin arasında olmuşdu.“İki axşam Bakının Millət bağında müsəlmanlar ilə keçirdiyim vaxtı yad ediyorum. Tiflisdəki kimi bunda dəxi bir xeyli ziyalı bəradəran (qardaşlar), əfkarlı, bəsirətli tüccari-mötəbaran, Belgiyada elmi-kimya təhsil etmiş müsəlman (ilk azərbaycanlı kimyaçı alim, 1883-cü ildə Strasburq universitetini “kimya doktoru” dərəcəsi ilə bitirmiş Möhsün bəy Xanlarov (1857-1921) nəzərdə tutulur – V.Q.), Germaniyada elmi-tibb təhsil etmiş cavan (söhbət həkim və ictimai xadim, 1888-ci ildə Almaniyanın Erlangen universitetini bitirmiş Əbdülxaliq Axundovdan (1864-1944) gedir – V.Q.) və sairlər bu bəldənin (şəhərin) cəmiyyəti-islamiyyəsinə mənsub olduqları pək az yerdə görülür; binaənəleyh (bu səbəbdən də), bunları bir yerdə, bir cəmiyyətdə və bir əfkari-həsənədə (xeyirli niyyətdə) bulmaq əhli üçün ən böyük keyf və ləzzəti-mənəvidir”.
İsmayıl Qaspralı “Tərcüman” səhifələrində Bakıda gördüyü yeni üsulla təhsil verən “şkola-məktəblərindən” (ilk baxışdan tavtalogiya təsiri bağışlayan bu qəribə ifadə həmin məktəblərdə həm rus dilinin, həm də Azərbaycan türkcəsinin tədrisi nəticəsində yaranmışdı – V.Q.) böyük ümidlərlə söz açmış, bu məktəblərin qurulmasında əmək sərf edən Məcid (qəzet mətnində səhvən Mahmud kimi getmişdir – V.Q.) Əfəndi Qənizadəni minnətdarlıqla xatırlamışdı. Həmin model bir neçə il sonra onun yaxından iştirakı və yardımları ilə Bağçasarayda açılan rüşdiyyə məktəblərində də uğurla tətbiq olunmuşdu.
Şəhərin “müsəlman məhəllələrindən” birində gördüyü qız məktəbi də İsmayıl bəyin Bakı ilə bağlı xoş xatirələri sırasında yer almışdı: “Məktəbə girdim. Otuz-qırx sibyan (qız) var idi. Xocadan rüxsət ilə bunları bir əcələ imtahan etdim. Farsi və türki oxub yazdıqlarını, qiraəti-Quran etdiklərini gördüm. Məktəb əski üsul isə də xeyli tərəqqisi və xocanın səy və qeyrəti aşkar idi”. Göründüyü kimi, Bakıda keçirdiyi bir neçə gün “Tərcüman” redaktoruna şəhərin mədəni, ictimai, iqtisadi, hətta siyasi həyatının əsas meyllərini görməyə və işıqlandırmağa imkan vermişdi.
Bakıdakı bir görüşü haqqında isə İsmayıl bəy qəzetə ayrıca məqalə yazmışdı. Səfərdən təxminən il yarım sonra qələmə alınan “Yolda bir rastgəliş” adlı həmin yazı “Tərcüman”ın 20 yanvar 1895-ci il tarixli 3-cü sayında çap olunmuşdu. Burada müəllifin babi əqidəsinə xidmət edən Azərbaycan türkü ilə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi öz əksini tapmışdı. Bab üsyanından (1850) sonra İranda şiddətli təqiblərə məruz qalan babilər əsasən Aşqabadda cəmləşmişdilər. Başlıca ibadətgahları və dindarları bu şəhərdə idi. Lakin Bakıda da təlimin ardıcılları az deyildi. Milyonçu Musa Nağıyevin də babi olduğu söylənirdi.
Fikir mübadiləsi üçün mehmanxanaya, tanınmış qonağın görüşünə gələn babi ona iman gətirdiyi təlimin əsas mahiyyətini anlatmağa çalışmışdı. İsmayıl bəyin fikrincə, “tərzi-ifadəsi pək açıq və sadə, bəyan etdiyi əfkarlar pək dərin və təftişli olub bir Azərbaycan türkü üçün qayət sərbəst və liberal görünüyordu”. Çox güman ki, tam sərbəst və fərqli, üstəlik də yenilikçi və cəsarətli mülahizələr eşitdiyi üçün İsmayıl bəy bu görüşü ümumi Bakı təəssüratlarından ayıraraq onun barəsində ayrıca bir yazıda söz açmağı daha məqsədəuyğun saymışdı.
Budapeşt,
avqust, 2014-cü il
Vilayət QULİYEV
525-ci qəzet.- 2014.-
20 sentyabr.- S.14-15