Azərbaycanın dostu – professor
Yan Malitski
Onunla
ilk görüşümüzdən hiss etdim ki, səmimi
bir insanla tanış oluram. 2007-ci ildə olan bu ilk görüşümüzdən
sonra professor Yan Malitski
ilə demək olar ki, hər
il Varşavada
rəsmi tədbirdə
birgə oluruq. Onun başçılıq etdiyi
Şərqi Avropanı
Öyrənmə İnstitutu
xətti ilə keçirilən “Prometey” konfransları müxtəlif
ölkələrdən olan
alimləri, tarixçiləri
bir yerə toplayır.
Bu gün Polşanın
tanınmış simalarından
olan professor Y.Malitski həm keçmiş Polşa ənənələrini
yaşadır, həm
də müasir dəyərləri. Onun görüntüsündə də bu ikili
formanı ayırd etmək mümkündür.
Uzun bığlı, gülərüz,
səmimi və xarizmatik Y. Malitski mənə 1920-1930-cu illərdəki
tanınmış Polşa
alimləri və ictimai xadimləri olan Sedlitskini, Bançkovskini, Leon Vasilevskini
xatırladır. Hətta bu
görünüşündə onu Marşal Pilsudskiyə də oxşatmaq mümkündür.
Digər
ölçülərdən yanaşanda isə biz ciddi və tələbkar,
öz sahəsinin gözəl bilicisi olan Y.Malitskini görürük.
Onun həyat
yolu da maraqlı
və çoxlarına
nümunədir. Y.Malitski 1958-ci ildə Polşada
(Debi, Szlaçeski – Jeronin)
anadan olub. İlk təhsilini Varşava Universitetinin tarix fakultəsində alıb.
Burada oxuduğu illərdə
professor A.Qiyestorun rəhbərliyi
altında doktorluq işini tamamlayıb.
Sonradan əlavə olaraq, Varşava Universitetində
filologiya və incəsənət tarixi üzrə də bilgilər alıb.
Professor Y.Malitski Şərqi
Avropanın, Mərkəzi
Avropanın, Rusiyanın
və Qafqazın keçmişinə, çağdaş
durumuna həsr edilmiş çoxlu sayda daxili və
beynəlxalq konfransların
iştirakçısı olub. Y.Malitskinin
elmi fəaliyyətində
əsasən aşağıdakı
sahələr üstünlük
təşkil edir: 1) sovetologiya və Şərq təbliğatının
tarixi; 2) Şərqi Avropada dəyişikliklər
prosesi, bu ölkələrdə baş
verən hadisələr,
onların səbəbləri;
3) regiondakı etnik problemlər, tarixi müəyyənləşdirən amillər.
Y.Malitskini bir şəxsiyyət kimi Polşa ictimaiyyətində tanıdan yalnız onun elmi çalışmaları və fəaliyyəti deyil. Bir patriot və bir vətənpərvər olaraq o, Polşa xalqının azadlığı uğrunda da mücadilə aparıb. Kostyuşkonun, Pilsudskinin mübariz ruhu onun güc və qüvvət mənbəyinə çevrilib. Y.Malitski vətəni Polşanın 1939-cu ilin sentyabrında işğal edildiyini bilirdi. O, vətəninin sovet və kommunist rejiminin əsarətində qalan bir məmləkət olduğunu da yaxşı başa düşürdü. Odur ki, gənclik illərindən, hələ 1981-ci ildən başlayaraq gizli təşkilatlarda fəaliyyət göstərir, məxfi olaraq “Obuz” jurnalını nəşr edirdi. Siyasi fəaliyyətinə görə isə həbs də edilmişdi. O, polyak xalqının getdikcə böyük inamına çevrilən “Solidarnoct” (“Həmrəylik”) hərəkatının fəallarından biri idi artıq. Bu çətin və şərəfli yolda Y.Malitskini heç bir qüvvə, heç bir “KQB” həbsxanası qorxutmurdu.
Bir haşiyə çıxıram ki, polyak xalqı Rusiya imperiyasının əsarətindən qurtulmaq üçün daim mübarizə aparıb. Xalq etirazları, silahlı üsyanlar, rus istibdad (yəni istədiyi kimi ölkəni idarə etmək) rejimi ilə barışmamaq, mərd və cəsurcasına mübarizə polyakların əsas xarakter əlamətləridir. Bu şərəfli mücadilənin sonunda – 1918-ci ilin noyabrında polyaklar müstəqilliyə qovuşdular. Polşanın qəhrəman oğlu Marşal Yozef Pilsudskinin “Məğlub olduqda təslim olmamaq- bu əsl qələbədir!” sözləri isə azadlıq mübarizəsi aparan başqa xalqların da ümumi bir şüarına çevrildi. Elə buna görə də Y.Pisudski yalnız Polşada, Avropada deyil, eyni zamanda bu gün bütün dünyada ən ünlü siyasətçilərindən biri olaraq qəbul edilməkdədir. Təsadüfi deyil ki, hazırda ABŞ-da Nyu-York şəhərində Pilsudskinin adını daşıyan ayrıca bir institut da fəaliyyət göstərir.
Təbii ki, Y.Malitsinin professional fəaliyyətini müəyyənləşdirən bir çox məqamlar vardır: onun həm araşdırıcı, həm də rəhbər vəzifədə uğurla çalışması. O, 1992-ci ildən Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin direktoru vəzifəsində çalışır. Həmin Mərkəzdə Şərqi Avropanı öyrənmək mövzusunda maraqlı mühazirələr oxuyur. Eyni zamanda o, Qafqazda və Şərqi Avropa ölkələrində keçirilən tədbirlərdə maraqlı çıxışlar edir.
Y.Malitski həm də yüksək təşkilatçılıq gücünə malik bir insandır. 2009-cu ildə Kaunasda (Litvada) Böyük Hersoqluq İnstitutunun həm qurucusu, həm də üzvüdür. 1991-ci ildən o, “Şərq icmalı”nın da yaradıcısı və Baş redaktorudur.
Y.Malitski tədrisin yüksəldilməsi istiqamətində böyük çalışmalar göstərir. 1998-ci ildən kullikvimin ((təlim, tədris planı) müəllifi və Şərqi Avropa Tədqiqatları Proqramının direktoru olaraq çalışır. Bundan əlavə o, Şərqi Avropaya həsr edilmiş müxtəlif təqaüd proqramlarının da direktorudur (buraya əlavə edə bilərik beloruslar üçün olan “Kalinoski Təqaüdü”nü. Y. Malitski 2006-cı ildən həmin Təqaüdə rəhbərlik edir).
Qeyd edək ki, onun xidmətləri də yüksək dəyərləndirilib. 1992-ci ildə ona (Y. Turoviçlə birgə) “Adolf Boçenski” mükafatı verilib. 1999-cu ildə isə ABŞ-dakı J. Pilsudski İnstitutunun da mükafatı ona təqdim edilib. 2003-cü ildə isə o, Tbilisi Dövlət Universitetinin İvan Yavakaşvili medalı ilə də təltif olunub. Aldığı mükafatlar sırasında Gürcüstanın “Şərəf ordeni”, Macarıstanın “Cəngavərlik xaçı” da vardır.
Y.Malitskinin ən böyük xidmətlərindən biri də 1920-1930-cu illərdə Avropada mövcud olmuş və sovet rejiminə qarşı kəskin mübarizə aparmış “Prometey Hərəkatı” tarixini yaşatmışdır. Məhz onun təşkilatçılığı və başçılıq etdiyi Şərqi Avropanı Öyrənmə Mərkəzinin fəallığı ilə hər il Varşava Universitetində “Prometeyçilik”lə bağlı müxtəlif elmi konfranslar keçirilir. “Prometeyizm”in böyük şəxsiyyətləri”, “Prometeyçilər soyuq müharibə illərində” və digər mövzularda keçirilən beynəlxalq səviyyəli tədbirlər elmi ictimaiyyətin böyük marağına səbəb olub. Bu konfranslarda ABŞ-dan, Fransadan, Gürcüstandan, Azərbaycandan, Rusiyadan, Ukraynadan, Qazaxıstandan olan alimlər maraqlı mövzularla çıxışlar etmişlər.
2008-ci ildə Y.Malitskinin ümumi rəhbərliyi ilə Varşava Universitetində Gürcüstanın tanınmış alimi Peradzeyə və Azərbaycanın tanınmış dövlət xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş tədbirlər keçirilib. Həmin tədbirdə bu sətirlərin müəllifi əsas məruzəni etmiş və M. Ə. Rəsulzadənin 1953-cü ildə “Amerikanın səsi” radiosunda vala yazılmış səsini iştirakçılar dinləmiş və alqışlamışlar. M. Ə. Rəsulzadənin ikinci həyat yoldaşı Vandanın polyak olması da polyakların bu görkəmli şəxsiyyətə maraqlarını daima artırır.
Y.Malitski Bakıda da olub. Onun Azərbaycan
xalqına böyük
sevgisi var. Direktoru olduğu Şərqi Avropanı Öyrənmə
Mərkəzində bir
çox azərbaycanlı
uğurla magistr təhsil alıb: Şəhla, Hicran, Anar. Bu gün
onlar Varşavada ciddi elmi fəaliyyətlə
məşğuldurlar.
Y.Malitskiyə həsr edilmiş bu məqaləni əvvəl “Dostum Malitski” adlandırmaq istədim. Sonra düşündüm ki, o, əslində Azərbaycanın da dostudur, Gürcüstanın
da, Ukraynanın da, Belorusiyanın da, Qazaxıstanın da.
Nəsiman Yaqublu
525-ci qəzet.-
2014.- 20 sentyabr.- S.10.