"Azərbaycan-Çin əməkdaşlığı
yüksək inkişaf həddinə
çatıb"
Çin Xalq Respublikası
(ÇXR) ilə Azərbaycan
arasında əlaqələrin
qədim və zəngin tarixi var. İki ölkənin münasibətləri Azərbaycan
müstəqillik əldə
etdikdən sonra daha da inkişaf
etməyə başladı. Müsahibimiz ÇXR-in Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Xun Tszyun ölkələrimiz arasında
əlaqələrin hazırkı
durumu, perspektivləri
barədə danışıb.
- Cənab səfir, Çinlə Azərbaycan
arasında əlaqələrin
dərin kökləri
var. Bu gün iki ölkənin əlaqələri
necə inkişaf edir?
- Əlbəttə, xalqlarımız
arasında ənənəvi
dostluqdan danışarkən,
adətən Asiya, Avropa və Afrikanın qədim mədəniyyətlərini birləşdirən
Böyük İpək
Yolunu xatırlayırıq. Məhz bu
yolla Çin ipəyi, ipək emalı texnologiyası, çini qablar, kağız və çap işləri (möhürlər) Avropaya
yayılmışdı. Eyni zamanda bu yolla
Çinə Orta Asiyadan və digər ölkələrdən
pambıq, tütün,
üzüm, nadir at növləri,
xalça, musiqi alətləri və s. gətirilirdi. Hesab edirəm ki, Böyük İpək Yolu bizə ən mühüm konsepsiyanı verir: əcdadlarımız hələ
2 min il bundan
əvvəl dərk etmişdilər ki, qarşılıqlı mübadilə
və əməkdaşlıq
bəşər mədəniyyətinin
sosial-iqtisadi inkişafında
vacib və əvəzedilməz rol oynayır. Xoşbəxtlikdən iki ölkənin
xalqları öz əcdadlarını yaxşı
başa düşür
və diplomatik əlaqələrin qurulması
bizə imkan verir ki, dostluğun
və əməkdaşlığın
ruhunu sonrakı dövrlərdə daha yüksək səviyyədə
göstərək.
Onu da deyim ki, Çin
Azərbaycanın müstəqilliyini
tanıyan və onunla əməkdaşlıq
quran ilk ölkələrdən
biridir. Diplomatik əlaqələrimizin qurulmasından
ötən 22 il ərzində Azərbaycanla Çin arasında dostluq və əməkdaşlıq
yüksək inkişaf
həddinə çatıb
və iki ölkənin birgə səyi ilə mühüm nailiyyətlər
əldə olunub. Tərəflər bütün səviyyələrdə
mübadiləni aktivləşdirib,
hökumət, parlament,
müxtəlif nazirliklər
arasında əlaqələr
genişlənir, iqtisadiyyat,
ticarət, təhsil və mədəniyyət
sahəsində əməkdaşlıq
güclənir.
Kökləri tarixin dərinliklərinə
gedən Çin-Azərbaycan
əlaqələri bu
gün möhkəm siyasi əsaslar üzərində davam edir, bu da
digər sahələrə
öz təsirini göstərir. Çox əsrlər əvvəl
Çinlə Azərbaycan
Böyük İpək
Yolunun mühüm nəqliyyat qovşaqlarını
təşkil edib və indi də
iqtisadi münasibətlər,
uzunmüddətli və
stabil əməkdaşlıq
iki ölkənin köklü maraqlarına və xalqların istəklərinə cavab verir. Çin sizin ölkənizlə
əlaqələrə böyük
əhəmiyyət verir
və Azərbaycanı
özünə etibarlı,
səmimi tərəfdaş
hesab edir.
Humanitar sahə də iki ölkənin əlaqələrinin vacib
aspektlərini təşkil
edir. Ölkələrimizin müvafiq nazirlikləri
arasında imzalanan sənədlər mədəni
əməkdaşlıqla bağlı
proqramı aktiv şəkildə reallaşdırmaq
imkanı verir.
- Mədəni əlaqələr
demişkən, bu sahənin inkişafını
necə qiymətləndirirsiniz?
-Biz ildən-ilə daha maraqlı və yeni mədəniyyət tədbirləri keçiririk.
2012-ci ildə Azərbaycanda Çin Mədəniyyəti Günləri
keçirildi. Ötən
il Azərbaycan
Dövlət Simfonik Orkestri Çinə qastrol səfəri etdi. Çin tamaşaçıları bir
daha Azərbaycan mədəniyyəti və
incəsənəti ilə
tanış olmaq imkanı qazandılar. Təhsil sahəsində əlaqələrimizdə
də sürətli inkişaf müşahidə
edilir. Bu istiqamətdə razılaşmaya
uyğun olaraq hər iki ölkə
arasında tələbə
mübadiləsi keçirilir.
Bakı Dövlət Universitetində
artıq bir neçə ildir ki, Çin dili və ədəbiyyatı
fakültəsi müvəffəqiyyətlə
fəaliyyət göstərir.
Eyni zamanda müəllim və tələbələrin Çin
mədəniyyəti ilə
tanış olması məqsədilə
BDU-da Konfutsi institutu açılıb
ki, onun Azərbaycanın digər
təhsil müəssisələrində
də filialları fəaliyyət göstərməkdədir.
Hər iki ölkənin dövlət kitabxanaları
əməkdaşlıq haqqında
müqaviləni aktiv şəkildə yerinə
yetirirlər. Beləliklə, ölkələrimiz arasında
əlaqələrin inkişafı
fonunda mədəni əməkdaşlıq da
sonrakı mərhələlərdə
genişlənəcək.
- Cənab səfir, bildiyimiz kimi, Çin həm də, böyük ixtiralar və kəşflər ölkəsidir.
Bu amil ölkənin
inkişafına necə
təsir edib?
- Çin dünya tarixinin qədim sivilizasiyasına malikdir. Yazılı
abidələrdən Çinin
5 minillik tarixə malik olduğu bəlli olur. Bu fakt özlüyündə
indiki Çinin mədəni, texniki inkişafında güclü
potensial yaradıb.
İndi isə fəxrlə deyə bilərik ki, Çin müasir dövrdə də, texniki və yeni informasiya
texnologiyaları sahəsində
dünyanı təəccübləndirməkdə
davam edir.
- Azərbaycan Çində
nə dərəcədə
tanınır? Buraya gələnə qədər ölkəmiz
haqqında nə bilirdiniz? Burada olduğunuz müddətdə
sizdə hansı təəssürat formalaşıb?
- Xoşbəxtlikdən 2009-cu ildə
mənə ilk dəfə
Azərbaycana gəlmək
nəsib olub. O vaxt Bakıda cəmi iki gün
qalmağıma baxmayaraq
şəhər məndə
böyük təəssürat
yaratdı. Üç ildən sonra,
yəni 2012-ci ildə
yenidən Azərbaycana
gəldikdə Bakının
bu qədər sürətlə dəyişməsi
məndə böyük
təəccüb hissi
doğurdu. Şəhəri tanıya bilmədim.
Azərbaycanda insanların
Çin mədəniyyətinə
dərin sevgiləri olduğunu hiss etdim. Eyni zamanda məndə də bu xalqın
mədəniyyətinə dərin
maraq oyandı. Ölkənizin zəngin mədəniyyəti,
musiqisi var. Azərbaycan
muğamını ilk dəfə
dinləyərkən sadəcə
onun sehrinə düşdüm.
Çinin Azərbaycanda fövqəladə
və səlahiyyətli
səfiri olmaq bir tərəfdən mənim üçün böyük şərəfdir,
digər tərəfdən
böyük məsuliyyətdir. Bu postda işimin əsas məqsədi iki ölkə arasında dostluq və əməkdaşlıq
əlaqələrini ölkələrimizin
çiçəklənməsi, xalqlarımızın yaxınlaşması
naminə müxtəlif
istiqamətlərdə inkişaf
etdirməkdir. Təəssüf
ki, boş vaxtlarım az
olur. Lakin mən həmişə
şəhərə çıxmağa,
dəniz sahilində gəzməyə çalışıram.
Əlbəttə, zaman-zaman konsertlərə
də gedir, muzeylərə baş çəkirəm. İçərişəhərdə tez-tez keçirilən
sərgiləri böyük
məmnuniyyətlə ziyarət
edirəm. İçərişəhərin belə qorunub
saxlanılması çox
xoşuma gəlir.
Bu qədim məkanın
gözəl, qənbər
daşları döşənmiş
küçələrində gəzmək insana xoş təsir bağışlayır və
bu gözəlliklərə,
əvəzolunmaz memarlıq
üslublu tikililərə
heyran olmaqdan yorulmursan.
- Regionlarımıza necə,
səyahət edə bilmisinizmi?
- Bəli, Şəki, Qəbələ kimi gözəl məkanlara getmək imkanım olub. Ötən il mənə
Göyçayda keçirilən
"Nar bayramı"nda iştirak
etmək də nəsib oldu. Bu, çox böyük
xalq bayramı idi. Biz orada
nardan hazırlanmış
müxtəlif yeməklərin
dadına baxdıq.
Deyim ki, çox dadlı idi və həm də Azərbaycan milli mətbəxi mənə tanışdır.
Mən bu mətbəxdə hazırlanan yeməklərin
məhsullarına və
dadına adət etmişəm. Ona görə
ki, sizin mətbəxlə Çin
mətbəxi arasında
çox oxşarlıqlar
var.
Hər ikisində
göyərtidən çox
istifadə olunur. Lakin hər
bir halda bu həm də
mənim üçün
ikinci təbiətə
vərdiş etməkdir.
Hərdən Çinin milli mətbəxi üçün darıxıram. Boş vaxtlarımda mətbəxdə işləməyi sevirəm. Ona görə ki, nəvələrim babalarının hazırladıqları yeməkləri çox xoşlayır.
PƏRVANƏ
525-ci qəzet.-
2014.- 20 sentyabr.- S.7.