Kənddən bağlama var
Xoruzun ilk banından sonra yatağından qalxan Sadıx kişi paltarlarını əyninə keçirib həyətə düşdü. Səhər idmanı edirmiş kimi
qollarını sağa-sola yellədi, bir-iki dəfə oturub
durduqdan sonra həyətdəki su kranına tərəf gedi, mıxcadan
asılmış məhrabanı boynuna atdı, sonra kranını açıb əl-üzünü
yudu. Üz-gözünü qurulayandan sonra məhrəbanı yenidən
mıxcadan asıb, evin böyründəki bağa keçdi.
Tut ağacına yaxınlaşıb budağını
aşağı əydi, iştahla tut yeməyə girişdi.
Tövlədən gələn qoyun-quzunun mələşmə
səsi onu, tutlarını həvəslə yediyi
ağacından aralanmağa məcbur etdi. Qolundakı
saata baxdı, saat yeddiyə on beş dəqiqə
işləyirdi. Tövləyə
yaxınlaşıb qapısını açdı. Qoyun-quzu mələşə-mələşə
tövlədən çıxıb həyət darvazasına
doğru getdi. Sadıx kişi
sürünü qabağına qatıb kəndin mərkəzi
küçəsinə tərəf apardı. Mərkəzi
küçə deyəndə ki, yüz qırx evdən ibarət
olan kəndin torpaq yoldan ibarət cəmi bir küçəsi
var idi. Evlər də səliqə ilə
yol boyunca tikilmişdi. Bu yol öz
başlanğıcını kəndin bir başında tikilən
məktəb və poct şöbəsindən alırdı,
kəndin o biri başında olan mağaza, klub və idarə binasının
yanında da sona çatırırdı. Sadıx
elə həmin o mərkəzi kücənin
qırağında, özünün iyirmiyə yaxın
qoyun-quzusu ilə kəndin qoyun nobatını gözləyən
İsrafil kişiyə yaxınlaşdı. Sadıx kişinin qoyunları tez qaçıb
İsrafilin qoyunlarına qarışdı.
-
Sabahın xeyir olsun, ay İsrafil. Nobat hələ keçməyib
ki?-deyərək ona əl uzatdı.
-
Sabahın xeyir.Yox, keçməyib. Harda olsa
bir-iki dəqiqəyə gələr - deyən, İsrafil
gözlərini yola dikib baxdı. Sonra:- Ay Sadıx, bu gün nobatda kimin
növbəsidir, bilmirsən?
Sadıx
uzaqdan, kəndin o başından gələn qoyun
sürüsünə baxaraq İsrafilə cavab verdi:
- Odur ey,
sürü gəlir. Əslinə qalsa mənim növbəmdir,
amma bu gün rayona iclasa getməliyəm, ona görə də məni
Musa kişi əvəz eliyir. Mən də onun yerinə sabah nobata gedəcəm.
İsrafil başını yelləyərək
dilləndi:
- Deyirəm
bu hökümət də kefdi ey vallah, ə, gündə
iclas olar?
- Demə
ay İsrafil, bu bir ili də bir təhər
başa vursaydım, rahatca təqaüdə
çıxardım. İsrafil, sən sürünü nobata
qat, mən gedim evə əynimi dəyişim, yoxsa iclasa gecikərəm...
Sadıx kənddə
çox da böyük olmayan poçt şöbəsinin rəisi
idi. Özündən başqa cəmi iki
işçisi vardı. Bir əməliyyatçı
Yeganə, bir də poçtalyon Pərcahandan ibarət olan bu
şöbə açılan gündən ona Sadıx rəhbərlik
edirdi. Rəhbərlik edirdi deyəndə
ki, poçtun işi elə də ağır deyildi. Az-çox məktub yazan olsa da, bir iki nəfər
abunə ilə qəzet alsa da, başqa əməliyyatlar demək
olar ki, olmurdu. Təqaüdçülərə
verilən təqaüdləri nəzərə almasaq, nə
başqa yerə pul göndərən var idi, nə də
başqa yerdən kiməsə pul gəlmirdi. Kənddə hamının evində telefon
olduğundan, hərə əlində bir mobil telefon gəzdirdiyindən,
başqa yerlərə zəng etmək üçün
poçta qoyulan telefon aparatını da toz
basmışdı. Kənddə elə
cavanlar var idi ki, əllərində iki telefon gəzdirirdi.
Mobil telefonu olmayan bir adam var idisə, o da
Sadıx özü idi. Kənd cavanları əsgərliyə
gedəndə hər kəsdən çox sevinən bəlkə
də Sadıx olurdu. Çünki sonradan əsgərlərə
göndərilən bağlamaların sayı poçtun
bağlama göndərmə planının göstəricisinə
müsbət təsir edirdi. Son altı ay ərzində
isə kənddən bir nəfər olsa heç yerə poçt
bağlaması göndərməmişdi. Sadıx hiss edirdi
ki, əgər bu iclasda poçtun işindən söz
düşsə, bu zəhrimara qalmış bağlama məsələsinə
görə ona irad tutacaqlar. Bəlkə heç ona söz deyən
olmayacaq, bəlkə heç
poçt yada düşməyəcək, nə bilmək olar
ki, iclasdı da, hər şey ola bilər...
Sadıx həyət darvazasından içəri girəndə
arvadı Tavat inək sağırdı. Sadıx armud
ağacının altında yerə sərilmiş palazın
üstündəki döşəkçələrin birinin
üstündə oturdu. Arvadın işini
qurtarmasını gözləməyib təzəcə qaynayan
samovardan özünə bir stəkan çay süzdü.
Tavat arvad sağdığı südü
süzüb ocağın üstünə qoydu. Sonra süfrəyə təndir çörəyi,
pendir, kərə yağı, qaynadılmış yumurta
düzərək ərinin yanında özünə yer etdi.
Samovardan bir stəkan
çay süzüb
öz qabağına qoydu. Qaynar çayı üfürə-üfürə
içərək dilləndi:
-
Kişi, sən bu gün nobata getməli deyildin?
Sadıx
düzəltdiyi dürməkdən dişləyib cavab verdi:
-Günümü
dəyişmişəm, sabah gedəcəm,
bu gün rayona iclasa gedirəm. Sən mənim kostyumumu
hazırla, ağ köynəyimi
ütülə, onu geyəcəm. Gör o qara qalstukum
hardadır, onu da tap.
-Bəs sən
sabah, şənbə-bazar şəhərə
gedirdin, nəvələrə mer-meyvə aparırdın, nə
oldu?
-İclas girdi araya da. Şənbə günü də nobatdayam, eybi yoxdur,
nobatdan sonra gedərəm, nəvələri görərəm,
bir-iki günə də qayıdaram. Sən
onların pay-puşunu hazırla, heç nə yadından
çıxmasın ha.
-Narahat
olma, a kişi, elə şey yaddan çıxar?-
deyən,Tavat çayını içdi. Rabitəçilər
yavaş-yavaş yeni tikilən mərkəzi poçtun iclas
zalına toplaşırdılar. Saat onda
başlayan iclasın işi günorta saat ikiyə qədər
çəkdi. Rayon rəhbərlərinin də iştirak etdiyi
iclasda mərkəzi poçtun yeni təyin olunmuş müdiri bir-iki nəfər idarə
müdürünü çıxmaqla, demək olar ki,
hamının işinə bir-bir öz iradını bildirdi.
Sadıxı da ayağa qaldırıb ondan poçtun
işində dönüş yaratmağı tələb etdi, verilən
arayışlara əsasən son iki rübdə poçtdan
bircə dənə də olsun bağlama göndərilməməsini
onun yadına saldı və:
-Belə
gedərsə təqaüd yaşından əvvəl işdən
gedəsi olacaqsan, Sadıx müəllim,-
deyib poçtla bağlı fikirlərini bitirdi.
Dörd saat çəkən iclas nəhayət ki, bir
neçə işçinin fəxri fərmanla təltif
olunması ilə başa çatdı.
Sadıx avtobusdan
evinin yanında düşəndə, günortadan xeyli keçmişdi. Darvazadan içəri girən kimi həyətdəki
armud ağacının kölgəsində arvadının
sacda bişirdiyi yuxaların ətiri onu məst etdi. Pencəyini, qalstukunu çıxardıb ağacdan
asdıqdan sonara sacın yanındakı döçəkcənin
üstündə bardaş qurub oturdu. Arvadının
isti yuxanın arasına pendir qoyaraq büküb ona verdiyi
dürməyi iştahla yeməyə girişdi. Sonra arvadının əlindən şişi
alıb sacın üstündə olan yaymanı çevirməyə
kömək etdi. Arvadı kündəni oxlovla
açaraq:
-İclas necə
keçdi?-deyə, soruşdu.
Sadıx
da əlini yelləyib:
-Necə
keçəcək, o ki, var dannadılar,-
dedi.
Tavat əlinin
işini bir anlıq saxladı:
-Niyə
ki, nə üstündə, a kişi?
-Nə
bilim ee, dedilər ki, niyə camaat bağlama göndərmir. Mən neyniyə bilərəm ki? Kimsə bağlama göndərmək istədi, mən
də poçt müdürü olub qabağını
aldım?
Sadıx iclasda ona aid
olan hissəni təfsilatı ilə arvadına
danışdı. Son cümləsini deyəndə Tavat əsəbləşdi:
-Ay siz
öləsiz, çıxardarsız! Səni yiyəsiz
görüblər? Təqaüdə bir il
qalan adamı da işdən çıxardarlar, ay
başıvıza dönüm?
-Demir ee
çıxardıram, deyir ki, dönüş yaratmasan
çıxardacam,- deyən Sadıx
söhbəti yumşaltmağa çalışdı.
-Bəs onda, bu basa-basda sən necə gedəcəksən şəhərə, poçtun qapısını qıfıllayacaqsan? Bəs bu bağlama planın nə təhər olacaq, a kişi?
-Boş-boş danışma, ay arvad, poçtun qapısını bağlamaq olar? Mən gələnə qədər, Yeganə məni bir-iki gün əvəz edər. Narahat olma, iki günlə dünya dağılmaz, qayıdandan sonra işimdə dönüş yaradaram da,- deyən Sadıx son sözlərini deyəndə qanı yenə qaraldı.
Səhəri günün axşamı qoyun nobatından dönən Sadıx yuyunub kostyumunu geyindi, qalstukunu taxdı, sonra da arvadının ona açdığı şam süfrəsinin arxasına keçdi. Tələsik bir-iki tikə yeyəndən sonra evdən çıxıb sonuncu avtobusa əyləşdi və rayon mərkəzindəki dəmir yol vağzalına gəldi. Bakıya gedən qatarın gəlməsinə hələ yarım saat qalırdı. Biletini alıb vağzalın həyətindəki oturacaqda oturub qatarın gəlməsini gözləməyə başladı. Birdən, yanında yerə qoyduğu əl çantasına baxıb əsəbləşərək, öz-özünə deyinməyə başladı:
-Əə, bu arvad da qocaldıqca lap başını itirir ey, deyəsən. Bəs bu mənə yol tədarükü görürdü, uşaqlara mer-meyvə qoyurdu, bəs niyə qoymayıb? Özüm də dilimnən tapşırdım ey.Yadımdan çıxmaz, yadımdan çıxmaz... Ay sənin yadıva nə deyim?
Qatarın fit səsi Sadıxı fikirlərindən ayırdı. Əl çantasını götürüb dilxor halda perronda dayanan qatara tərəf addımladı...
İki gün idi ki, Sadıx oğlunun evində, nəvələri ilə xoş günlər keçirirdi. Sabah axşamkı qatara bilet aldığından, arxayınca səhər yeməyini yeyən kimi nəvələrinin əllərindən tutub bulvara gəzməyə apardı. Oğlu ilə gəlini işdə olduqlarından nahar yeməyini də nəvələri ilə birlikdə bulvardakı kafelərin birində yeyib evə qayıtdı. Qapıya yaxınlaşanda ev telefonunun zənginin səsini eşidib, tələsik qapını açdı. Uşaqları qapıdan içəri salınca, telefon zəngi susdu.
"Yəqin arvaddı, narahat olub zəng eliyir. Belə narahat olan idin, bağın meyvəsindən, motalından, qapımda əkdiyim tərəvəzdən, kartofdan, beş-altı büküm yuxadan, toyuqdan, cücədən yolub qoyardın bir çamadana, gətirərdim də uşaqlara. Nə təhər olur ey, nəvələr yadıva düşür, onlara pay-pürüş qoymaq yadıva düşmür?"-deyərək, öz-özünə danışdı.
Bir az sonra telefon zəngi yenidən çalındı, Sadıx tez telefonun dəstəyini qaldırıb cavab verdi:
-Alo,eşidirəm.
-Salam, bağışlayın, bayaqdan bir neçə dəfə zəng vurmuşam, amma telefonun dəstəyini qaldıran olmadı. Bura Taleh müəllimin evidir?
-Bəli qızım, onun evidir. Mən də onun atasıyam, nə lazımdı ki?
-Danışan poçt şöbəsindən əməliyyatçı Mehriban xanımdır. Taleh müəllimə kənddən on iki ədəd bağlama gəlib, saat altıya qədər gəlsin aparsın. Yoxsa sabaha qalsa içindəki ərzaqlar xarab ola bilər. Sağ olun!..
Sadıx bağlamaları evə qaldırmaqda oğluna köməklik edib qurtarandan sonra divanda əyləşib, maraqla gəlininin bağlamaları açmasına tamaşa etməyə başladı. Bağlamaların içindən çıxan ərzaqlara, meyvələrə, yolunub təmizlənmiş çolpalara baxıb gülümsündü. Özündən ixtiyarsız:
-Sağ ol e, ay
arvad, səndən yoxdu, vallah... Bax bu da sizə bağlama planı. Hə, indi
işdən çıxardın görüm, necə
çıxardırsınız? Tavat sizin
başınızda turp əkər, turp-dedi.
Taleh
atasının dediyi "turp" kəlməsini eşidib
çaşqın halda dilləndi:
-Ata, anam
turp göndərməyib axı, ürəyin istəyirsə
gedim bazardan alım?
Sadıx gülümsəyərək
oğluna cavab verdi:
-Yox istəmirəm. Anan hələ turp əkməyib, əkəndə bir bağlama da turp göndərər. Narahat olma...
Arif ƏRŞAD
525-ci qəzet.-
2014.- 23 sentyabr.- S.7.