Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu

 

(əvvəli ötən saylarımızda)

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm də müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm də mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.

Tarixi şəxsiyyətlər

Naxçıvanda dünyaya gələn məşhur şəxsiyyətlərdən biri də görkəmli ədib Məmməd Səid Ordubadidir. Ordubadda mollaxanada və Məhəmməd Tağı Sidqinin "Əxtər" məktəbində oxuyan M.S. Ordubadi 1886-1904-cü illərdə ipək fabriklərində fəhlə işləyib, 1904-1910-cu illərdə Culfa gömrük xidmətində çalışıb. Birinci rus inqilabının (1905-07) təsiri altında siyasi mübarizələrə qoşulub,  "Hümmət" sosial-demokrat təşkilatının tərkibində Iran Məşrutə hərəkatına kömək edən qrupun fəal üzvlərindən olub. 1915-ci ildə siyasi fəaliyyətinə görə Saritsına sürgün edilib. Fevral inqilabından (1917) sonra Dağıstana gəlmiş, Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına daxil olaraq, siyasi fəaliyyətini davam etdirib. 1918-ci ildə Nəriman Nərimanovun dəvətilə Həştərxana gedərək, "Hümmət" qəzetinin redaksiyasında çalışıb. 1920-ci ildə 11-ci Qırmızı ordunun tərkibində Dağıstana gəlib, Temirxan-Şura şəhərində "Qırmızı Dağıstan" qəzetinin nəşrini təşkil edib. 1920-ci il mayın 2-də Bakıya gələn Ordubadi "Əxbar" qəzetinin redaktor müavini vəzifəsinə təyin edilib, "Əxbar" və "Kommunist" qəzetləri birləşdirildikdən sonra onun redaksiya heyətinin üzvü və redaktor müavini, 1920-ci ilin sentyabrından isə "Füqəra füyuzatı" jurnalının redaktoru olub. 1928-ci ildə "Yeni yol" qəzetinin redaktoru vəzifəsinə təyin edilib. Azərbaycan SSR Ali Sovetinin (1-3-cü çağırış) deputatı seçilib.

Ordubadinin ədəbi fəaliyyəti 19 əsrin 90-cı illərinə təsadüf edir.

İlk şeirləri 1903-cü ildə "Şərqi-Rus" qəzetində dərc olunub. Şair "Qeyrət" mətbəəsində (Tiflis) "Qəflət" (1906), "Vətən və hürriyyət" (1907) adlı şeir kitablarını nəşr etdirib. "Qəflət"də islam millətlərinin geriliyini tənqid edən Ordubadi "Vətən və hürriyyət" kitabında fikirlərini siyasi məcraya yönəldib, Cavad xanın və Şeyx Şamilin rus çarizminin Qafqazda işğalçı siyasətinə qarşı mübarizəsini tərənnüm edib. 20 əsrin əvvəlində Bakı və Tiflis dövri mətbuatında, o cümlədən, "İrşad", "Təzə həyat", "Tərəqqi", "Səda", "Sədayi-həqq" və s. qəzetlərdə, "Molla Nəsrəddin" jurnalında şeirlər, publisistik məqalə və felyetonlarla çıxış edib. "Qanlı sənələr" (1911) kitabı, "İki çocuğun Avropa səyahəti" (1908), "Baği-şah, yaxud Tehran faciəsi" (1910), "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) tarixi pyesləri, "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngi-məab" (1914) romanı  nəşr olunub. "Qanlı sənələr"də müəllif 1905-06-cı illərdə daşnak-erməni quldurlarının Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə ətrafında, Mehridə Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı real faktlar və sənədlər əsasında qələmə alıb.

Sovet hakimiyyəti illərində dövri mətbuatda müntəzəm olaraq publisist və elmi-kütləvi, ədəbi-tənqidi məqalə və felyetonlar dərc etdirib. Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. XX əsrin əvvəllərində Cənubi Azərbaycanda milli azadlıq mübarizəsinə həsr olunmuş dördcildlik "Dumanlı Təbriz" (1933-48) epopeyasının, Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946-48), inqilabi mövzuda "Döyüşən şəhər" (1936), "Gizli Bakı" (1940) romanlarının müəllifidir. Ədib 1950-ci ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Naxçıvan görkəmli ədibləri ilə yanaşı istedadlı rəssamı Bəhruz Kəngərli ilə də fəxr edə bilər. 1892-ci ildə dünyaya gələn rəssam, boyakar və qrafik Bəhruz Kəngərli uşaq ikən ciddi xəstəlik keçirir və eşitmə qabiliyyətində ağırlaşma əmələ gəlir. Bu səbəbdən Kəngərli ümumtəhsil məktəbinə gedə bilməyib, rəssamlığa meyl göstərib. Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq məktəbində oxuyub. Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olub. Yaradıcılığının ilk dövründə müəllimi-mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D. Qudiaşvilinin portretlərini çəkib, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri yaradıb. Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin adı ilə bağlıdır. 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi və orada göstərilən rəsmləri həmyerlilərini heyran edib. Kəngərlinin zəngin bədii irsi qalıb. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkib. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri ("Şəlalə", "Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza ", "Yamxana kəndinə gedən yol" və s.), mədəniyyət abidələri ("Möminə xatın türbəsi", "Əshabi-kəhf dağı", "Nuhun qəbri"), ilin fəsilləri ("Payız", "Bahar") əks olunmuşdur. Bəhruz Kəngərli 1918-20-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və sair onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-20) Bəhruz Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskvada Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri verib. A.Babayevin "Yarımçıq şəkil" pyesi Kəngərliyə həsr olunub. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" sərəncamına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılıb, qəbirüstü abidəsi ucaldılıb.

(ardı var)

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 23 sentyabr.- S.6.