Soyqırım tədqiqatlarının təşkili
məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib
Sentyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyada soyqırım tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilmişdir.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq XX əsr ərzində Azərbaycan xalqına qarşı bir neçə dəfə yönəldilmiş soyqırımı siyasətinin faciəli təzahürlərindən danışmışdır. Akademik Akif Əilizadə qeyd etmişdir ki, bədnam qonşularımız tərəfindən aparılan soyqırımı siyasəti nəticəsində Azərbaycanın tarixi torpaqları işğal olunmuş, azərbaycanlı əhali kütləvi surətdə öz dədə-bab yurdlarından deportasiya olunmuşdur. Lakin Ermənistan bu gün də həmin siyasətin davamı olaraq informasiya müharibəsini genişləndirərək dünya ictimaiyyətini çaşdırmağa çalışır, heç bir reallığa əsaslanmayan "faktlarla” guya ermənilərin soyqırımına məruz qaldıqlarını dünyaya yayırlar. Akademik Akif Əlizadə informasiya müharibəsində Azərbaycan alimlərinin böyük rol oynamalı olduğunu diqqətə çatdıraraq bu gün obyektiv, əsaslı dəlillərə və tarixi sənədlərə istinad olunaraq elmi-kütləvi əsərlər yazılmasının, filmlər çəkilməsinin, tərcümə materiallarının hazırlanıb nəşr edilməsinin daha vacib əhəmiyyət daşıdığına diqqət yönəltmişdir. Akademik bildirmişdir ki, komissiya tərəfindən bütün tarixi zamanlara ətraflı nəzər yetiriləcək, xüsusilə bu gün də çoxlarına qaranlıq qalan Birinci Dünya müharibəsindən sonra Qafqazda baş vermiş hadisələr mütəxəssis nöqteyi-nəzərindən işıqlandırılacaqdır. Bu məqsədlə AMEA-da Qafqazşünaslıq Elmi-Tədqiqat İnstitutunun yaradılmasının vacibliyini diqqətə şatdıran akademiya rəhbəri göstərilən istiqamətdə Azərbaycanda və arxivlərdə sənədlərlə işləməyin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək soyqırım tədqiqatlarının təşkili məqsədilə yaradılan komissiyanın fəaliyyət istiqamətləri barədə ətralı məlumat vermişdir. Akademik İsa Həbibbəyli bütün XX əsr boyu Məmməd Səid Ordubadinin "Qanlı illər” tarixi-publisist romanı və bir neçə bədii əsərlərdəki fraqmentlərdən başqa, demək olar ki, heç bir bədii ədəbiyyat nümunəsində erməni məsələsinin köklü surətdə işıqlandırılmadığını, tarixi əsərlərin tədqiqatlar aparılsa da yetərincə olmadığını bildirmişdir. Keçmiş sovet
dönəmində sənədlərin "tam məxfi” qrifi ilə gizli saxlanıldığını, Azərbaycan tədqiqatçıları üçün xüsusi qadağalar qoyulduğunu qeyd edən akademik İsa Həbibbəyli bildirmişdir ki, həmin boşluqdan istifadə edən ermənilər dünyanın müxtəlif ölkələrində uydurma faktlar əsasında özlərini "yazıq millət” kimi qələmə vermiş, zaman-zaman qondarma "Böyük Ermənistan” xülyasını şişirtmişlər.
Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı imzaladığı tarixi sərəncamlardan sonra müstəqil Azərbaycanda bu mövzuda olan tədqiqatlar üçün geniş meydan açıldığını qeyd edən akademik İsa Həbibbəyli mövcud imkanlardan alim və mütəxəssislərin daha geniş istifadə etməyinin vacibliyini diqqətə çatdırmışdır. Akademik İsa Həbibbəyli bildirmişdir ki, istər bədii, istərsə də elmi əsərlər, o cümlədən təsviri sənət, mədəniyyət, kino sahəsində də erməni məsələsi, millətlərarası münasibətlər problemi diqqətlə işıqlandırılmalı və ictimaiyyətə çatdırılmalıdır. Bu məqsədlə meydana çıxan əsərlərin müxtəlif dillərə tərcümə edilərək dünyaya yayılması istiqamətində də təsirli tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırmışdır.
Komissiya üzvlərindən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, BDU-nun professoru, tarix elmləri doktoru Anar İskəndərov, AMEA İnsan hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun dirüktoru İlham Məmmədzadə çıxış edərək komissiyanın işi, fəaliyyət istiqamətləri ilə bağlı fikir və mülahizələrini bildirmiş, təkliflərini səsləndirmişlər.
Tədbirin sonunda soyqırım tədqiqatları üzrə komissiyanın sədri, akademik Akif Əlizadə və komissiyanın sədr müavini, akademik İsa Həbibbəyli bu qurumun üzvləri olan alim və mütəxəssislər tərəfindən səsləndirilən fikir və mülahizələrə münasibət bildirmiş, təkliflərin nəzərə alınacağını qeyd etmişlər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə komissiyanın fəaliyyəti ilə bağlı konkret tapşırıqlar vermiş, qarşıda duran vəzifələri müəyyən etmişdir.
Ağahüseyn ŞÜKÜROV
525-ci qəzet.-
2014.- 24 sentyabr.- S.8.