"Azərbaycan"ın sentyabr
sayı işıq üzü görüb
Bugünlərdə "Azərbaycan"
jurnalının 9-cu sayı
nəşr edilib. Jurnal Xalq yazıçısı
Anarın "Nazımın
çağdaşları" adlanan silsilədən
"Təsəllisiz yaşamağı
bacarmaq və ya "bədbəxt adamın" xoşbəxtliyi",
"Nazımın məhbəs
arkadaşları, yetirmələri"
və "Nazımın
çağdaşları" esseləri ilə açılır.
Dərginin ənənəvi "Poeziya" rubrikasında Hüseyn Bağıroğlu,
Rəfail Tağızadə,
İbrahimxəlil, Gülnarə
Cəmaləddin və
Elşad Baratın şeirləri yer alıb.
Zahid Sarıtorpağın "Dərdin
sarı çəpkəni"
romanı və Mübariz Cəfərlinin
hekayələri jurnalın
"Nəsr" bölümündə
oxuculara təqdim edilib.
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcidin 50 ilik yubileyi münasibətilə
Əsəd Cahangirin
"Rəşad Məcid
fenomeni" yazısı
və yubilyarın şeirləri də bu sayda dərc
olunub. Ə. Cahangir yazır: "...Rəşad
Məcid təkcə mənim həyatımda yox, çoxlarının həyatında eyni rolu oynayır. Mən bu neçə
ildə onu haqqın, həqiqətin vəkili kimi gördüm. İstedadın
vəkili, yeniliyin vəkili, düz sözün vəkili... və bu nadir xüsusiyyəti ilə onu hətta ədəbiyyatımızda bir
fenomen hesab edirəm - Rəşad Məcid fenomeni. Bu fenomenin iki əsas
mənbəyini görürəm:
birincisi, şübhəsiz
ki, onun daşıyıcısı olduğu
seyid genindən, Müseyib kişinin ocağından gəlir. İkincisi, Rəşad Məcidin xarakter, şəxsiyyət, zövq
və dünyagörüşünün
formalaşmasında böyük
rolu olan Ramiz Rövşənin pozitiv təsiri ilə əlaqələndirirəm...".
Şair-alim Elçin İsgəndərzadənin
50 illik yubileyini isə Xalq şairi
Zəlimxan Yaqub "Ümidin qanadlarında"
yazısı ilə təbrik edib: "Elçinin böyük alim Xudu Məmmədova,
Çingiz Aytmatova, Şahmar Əkbərzadəyə,
Səttar Bəhlulzadəyə,
Savid Əfəndiyə
həsr etdiyi əsərlərdə şair
dünyasının genişliyi,
dünyagörüşünün rəngarəngliyi var. Ömür-gün
yoldaşına həsr
etdiyi "Eşq"
poemasında az qala bütün dünyanın eşq dilində xəritəsi var..." Jurnalda yubilyar E.İsgəndərzadənin
şeirləri də işıq üzü görüb.
Professor Vaqif Yusiflinin "Böyük kitab" məqaləsi dərginin
"Ədəbi düşüncələr"
rubrikasında öz əksini tapıb.
Qəşəm Nəcəfzadənin "Başı yaylıqlı
qoyunlar"ı isə
jurnalın "Xatirələr,
duyğular" ənənəvi
bölümündə oxucuların
ixtiyarına verilib.
"Tənqid və ədəbiyyatşünaslıq" rubrikasında Möhsün
Nağısoylunun "A.A. Bakıxanovun çap olunmamış bir şeiri" və Aytən Quliyevanın
"Süleyman Sani Axundova gələn məktublar" yazıları
yerləşdirilib.
"Cənubdan səslər"
rubrikasında güneyli
soydaşlarımız şairlər
Kiyan Xiyav və Nasir Merqatinin
şeirləri dərc
olunub.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 24 sentyabr.-
S.7.