Yerdəki göy üzü, yaxud Güllü Yoloğlunun yolu

 

 

Güllü Yoloğlu haqda danışmaq Yoldan danışmaq deməkdir. Türk ruhundan, Dədə Qorqud dünyasından ağız dolusu söz açmaqdır.

Məncə, Türk xalqlarının mədəniyyətinin, folklorunun, könül dünyasının açarlarından  biri də onun əlindədir və bu, ona bir buta olaraq verilib.

Buta deyilənsə hər kəsə verilmir. Aşiqlərdən başqa!  Dilə, elə, xalqa, millətə, bəşəriyyətə, Yola aşiq olanlardan başqa!

Güllü ,Yoloğu kimilər o açarı-butanı sevirlər, oxşayırlar,  bağrının başında əzizləyirlər, Qələmə, Sözə, Yola dönənə kimi!

Bir sözlə, yerin özündə yaradırlar göy üzünü! Sözün özünü, Yolun özünü göy üzü bilirlər.

Belə insanlar üçün bircə amal var! Yolçu olmaq! Yol oğlu olmaq!  (Maraqlıdır, Güllünün atasının adı da elə belədr: Yoloğlu!)

Quranda deyilir ki, ən böyük günahlardan biri yolsuzluqdur. Bu, ilahi bir hökmdür. Və bu hökmün ilahiliyini bir daha təsdiq edən ən mühüm kəlamlardan birini də burda xatırlatmağın yeridir:  "Belimdən gələn yox, Yolumdan gələndi mənim oğlum!"  (Həzrət Əli)

 

Beldən yox,yoldan gələnlərsə haqdan dərs alırlar və dərk edirlər ki, "ziyalı olan kəs gərək xalqının mənafeyinə, tarixinə, şərəfinə xidmət eləsin!" (İ. Muğanna).

Güllü Yoloğlu belə ziyalılardan, alimlərdəndir. Yolçular belə olurlar.

Bir çoxlarının elmləri də var, alimlikləri də. Amma onların çoxunda çatışmayan nədir?- İman! Yol!

G.Yoloğlu iman sahibi olan, yolu olan (özü Yol olan!)  yolçulardandır, tanınmış türkoloqdur. Alimdir, elmlər doktorudur.

Güllü Yoloğlutək alimlər, yolçular, tarixə, dilə, yola heç vaxt başqaları kimi yanaşmırlar, onlar dili də, tarixi də, yolu da "Dədə Qorqud" dastanının - ana kitabımızın canı, qanı, davamı hesab edirlər.

Çünki bu deyilənlərin hər biri milli dəyərlərin formalaşmasında, intişar tapmasında həlledici rol oynayır.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Dədə Qorqud dastanının 1300 illiyinin bayram edilməsinə dair sərəncam imzalayandan sonra bu mövzuda sanballı tədqiqat işləri aparanlardan biri də məhz Güllü Yoloğlu oldu. "Dədə Qorqud yaşı" adlı sanballı bir kitab yazıb ortaya qoydu.

Bu yol xalqına şərəflə xidmət etmək istəyənlər üçün ən doğru yoldur.

Bu yol Yola, sabaha xidmət edənlərin yoludur.

Qədim türk dilində sabaha "Danla" deyilir. (yəni Danla- Dan yeriylə birgə gələn)

Gülü Yoloğlunun  həyatının və yaradıcılığının kökü həmin "Danla"- Dan üzü ilə  bağlıdır. O, sabah-sabah oyananlardan deyil, sabahla birgə  doğulanlardan, gələnlərdəndir. O, işığı, günəşi "Danla"nı sevənlərlə yanaşı sevdirənlərin, qiymətə, mətə mindirənlərin sırasındandır.

Doğudan Batıya kimi Güllünün "Yaylaqları", "Oylaqları" var tədqiqat tariximizdə! O, yazdıqlarını bir alimdən daha çox, Şaman ruhuyla yazır.

Çağdaş Azərbaycan ədəbiyyatından, Radlovdan, latın qrafikalı Saxa əlifbasından, Şamanlarla görüşdən yazanda da, aşıq və xayçı yaradıcılığının əlaqələrindən, söhbət salıb,bahar bayramı Şaqaa haqda söz açanda da, xüsusilə, qaqauz ədəbiyyatını, dilini tədqiq və təbliq edəndə də haman şaman ruhundan güc alır, bizi vahid kökümüzə-təkimizə, yerimizə- göyümüzə (göy üzünə!) səsləyir.

Onun "Çingiz Aytmatov yaradıcılığında Şamanizm  izləri" adlı çox dəyərli  tədqiqat  işini də Şaman ruhuna dərindən bələd olmağın bəhrəsidir.

O, diqqəti "Cəmilə" povestinin qəhrəmanı olan Cəmilənin qaynanasının bir şamanvari hərəkətinin (adətinin) üzərinə yönəldir. Sən demə, həmin ağbirçək hər il bahar gələndə həyətdə düzəldilib qoyulmuş köç yurtunu ardıc tüstüsünə verirmiş, Gülü yoloğlu yazır:

 

"Evi, həyəti, ev heyvanlarını ardıc, kəkotu, üzərlik yandırmaqla tüstüyə vermək qədim şaman adətlərindəndir.

Tuvanın paytaxtı Kızıl şəhərindəki "Dünqür"  şaman cəmiyyətində belə bir mənzərə gördüm: Xamlardan (Şamanlardan) biri həyətdəki  maşının  və yiyəsinin ətrafında ardıc tüstülənən qab dolandırırdı".

Elə bu  yerdəcə demək istəyirəm ki, Güllü Yoloğlunun da  "Dədə Qorqud yaşı"  kitabındakı sözlərin,  bütövlükdə həyat və yaradıcılığının da (Yolunun da!) məncə başına dəmbədəm ardıc, kəkotu, üzərlik dolandırmaq lazımdır. Tüstüyə  vermək lazımdır özünü də,Sözünü də...

Şaman Tüstüsünə!

Güllü Yoloğlunun çox dəyərli tədqiqat işlərindən biri də Qazax şairi Muxtar Şahanova həsr etdiyi məqalədir. Həmin yazıdan bəlli olur ki, Qazax şairinin "Sivilzasiyasının yanlışlıqları" adlı poemasının I-ci fəsili 1997-ci ildə Beynəlxalq İssıx-Kul Forumunda, 2-ci fəsli isə 1998-ci

ildə Yuneskonun Kişinyovda keçirilən Forumunda Məruzə şəkilində dinlənilib.

Qədim sözün qüdrətinə bax! (bəlkə şaman ruhunun-milli dəyərlərinin qüdrətinə bax, deyək?!) Poema hara, məruzə şəkilində oxunmaq hara?! Ancaq artıq bu, həqiqətdir!

 Bu, Muxtar Şahanovun timsalında böyük sözün də, G.Yoloğlunun yazısının timsalında elə onun da getdiyi yolda göy üzünü Yer üzünə endirməyə qadir şaman ruhunun həqiqətidir, qələbəsidir, təntənəsidir!

Mən həmişə Güllü Yoloğlunun yaradıcılıq və tədqiqatçılıq nümunələrini bu həqiqətə-bu qələbə qüdrətinə görə izləmişəm! Sevmişəm bu yolu, yerdəki Göy üzünü!

Bir-birindən maraqlı məqalələr, kitablar, tərcümələr,  radio və tele məkanda hazırlanan verilişlər də öz işığıyla, nuruyla ruhumuzu oxşayır, müəllifinə ümumxalq məhəbbəti qazandırır. Bu müəllifin  hər sözü milli dəyərimizin aşınmasına rəvac vermək istəyənlərin köksünə və gözünə sancılır-türk oxu kimi! Şaman ruhunun işığı kimi!

Boz qurd ulartısı kimi!

M.Şahanov demişkən, "Toxluq naminə  toxluq, pislik naminə pisliyə bərabərdir".

Beləcə, bu duyğular, düşüncələr, ağrılar (ağılar) ağırlıqlar içində 50 yaşına gəlib çatdı səssiz-səmirsiz şəkildə Güllü Yoloğlu da! Özü haqda düşünməyə vaxt tapmadı, şamanlar kimi ocaq başında insanlardan çox ruhlarla oturdu, durdu,  ruhları düşündü ancaq-Şaman ruhlarını! Özü də Ruhlaşdı!

Yubiley keçirməyi hamı bacarar.

Şaman olmağı ki, hər yetən bacarmaz!

Öz varlığında türk ruhunu ki, hamı yaşadammaz!

 Sən təkcə Yoloğlu müəllimin qızı (oğlu!) yox, həm də gərək Yol oğlu olasan,Yolun oğlu olasan!

P.S Şeytanın hər şeyi var.Yolu yoxdu. İnsanın heç nəyi yoxdu, amma yolu var! Oljas Süleymenov da elə həmin yola and içir. "Yola and olsun! "deyir".

Yola and içməyəninsə Allaha and içməyinə ehtiyac yoxdu!

 

Barat VÜSAL

525-ci qəzet.- 2014.- 24 sentyabr.- S.7.