"İŞİD”-lə mübarizəni
bitirən kimi Bağdadda Azərbaycan səfirliyi
açılacaq"
Müsahibimiz
İraqın Azərbaycandakı səfiri Heydər Şiyə
Qubeyşi Əl-Barrakdır.
Səfir
müsahibə zamanı İraqın yeni hökuməti, son
aylarda ölkənin qarşılaşdığı
İŞİD problemi, Azərbaycanla münasibətlər və
digər məsələlərdən danışıb.
- Cənab
səfir, İraqın yeni hökumətinin əsas prioritetləri
barədə nə deyə bilərsiniz?
- İlk
növbədə yeni hökumətin qarşısında duran
başlıca hədəflərdən biri təhlükəsizlik
məsələsidir. Hazırda İraq dövləti
İŞİD adlanan terrorçu qrup tərəfindən
çox böyük təhlükə ilə üzləşib.
Bu baxımdan İraqın yeni hökumətinin başlıca
hədəfi İŞİD-i məhv edib, ölkədə əvvəlki
vəziyyəti bərpa etməkdir.
Son hadisələr
iqtisadi baxımdan İraqa böyük ziyan vurdu.
İŞİD-in dağıtdığı şəhərlər,
binalar yenidən bərpa olunmalı, tikilməlidir. Əlbəttə,
bu sual ətrafında saatlarla danışmaq olar, amma mən əsas
hədəfləri saydım.
-
İŞİD-in yaratdığı əsas problemlər
hansılardır və hökumət onlara qarşı nə
kimi tədbirləri həyata keçirməyi
düşünür?
- Təbii
ki, ən başlıca problemlərdən biri İŞİD
terrorist təşkilatının insanları öz
yaşayış yerlərindən didərgin
salmasıdır. Biz çalışırıq ki, onların
öz yerlərinə qayıtmalarını təmin edək.
İŞİD çıxdığı bütün ərazilərdəki
yaşayış yerlərini, infrastrukturu, bir şəhəri
digəri ilə birləşdirən beynəlxalq əhəmiyyətli
yolları, körpüləri dağıdır, İraq əsgərlərinin
daxil olmasını əngəlləmək üçün
minalar qoyurlar. İndi bizim 2 milyona yaxın qaçqın,
köçkünümüz var. Bu çox böyük rəqəmdir.
Başlıca
hədəflərimizdən biri həmin insanların geri
qayıtmasını təmin etməkdir. Həmin insanlar
köçkün həyatı yaşadıqları
üçün onların ev, qida, geyinmə ehtiyacı var.
Bütün ehtiyacları təmin olunmalıdır. Bu da təbii
ki, İraq hökuməti üçün ağır
yükdür.
Ona
görə də İŞİD terrorist təşkilatı məhv
edilənə qədər bizim beynəlxalq ictimaiyyətin
yardımlarına ehtiyacımız olacaq. Təbii ki, İraq
hökuməti köçkünlərə aylıq pul
yardımı da edir. Çünki onlar iş yerlərini,
qazanc mənbələrini də itiriblər. Amerika, Avropa
İttifaqı tərəfindən humanitar yardımlar edilir, amma yenə də ehtiyac tam təmin
olunmayıb.
-
ABŞ-ın rəhbərliyi ilə yaradılmış
anti-İŞİD koalisiyasına İraqın münasibəti
necədir?
- Bu, gec də
olsa doğru yolda atılan ilk düz addımdır. Biz ona nail
olduq ki, beynəlxalq ictimaiyyət anladı ki, İraqda baş
verən süni-şiə tayfaları arasında müharibə
yox, rəsmi Bağdadın terrorizmə qarşı mübarizəsidir.
- Cənab
səfir, əvvəlcə İŞİD-in Qərbə
bağlı olduğunu, daha sonra Qətərin bu təşkilata
dəstək verdiyi barədə məlumatlar yayıldı.
Hazırda həm Qərb, həm Qətər
anti-İŞİD koalisiyasına qoşulub. Belə olan halda
bu terrorçu qrupun kökü hardan gəlir?
- Mən
heç bir dövlətin adını çəkmədim.
Onu deyə bilərəm ki, İŞİD heç kimin
yaratdığı təşkilat deyil. Bu terrorçu qurum qan
tökməyi sevən, ona eşq bəsləyən və onun
uğrunda çalışan bir təşkilatdır. Hətta
o terrorist təşkilata kömək edən, dəstək verən
qüvvələr də oldu, həm maliyyə, həm silah, həm
də döyüşçü hazırlığı
baxımından. İŞİD-in İraq ərazisində ələ
keçirdiyi ərazilər Suriya ilə İraq sərhəddindədir. O sərhədlərdə
Suriya və İraq sərhəd qoşunları
olmadığı üçün onlar asanlıqla hərəkət
edə bilirlər.
Hətta
özlərini tanıtmaq üçün KIV-dən çox
peşəkar şəkildə istifadə edirlər.
Öldürmə səhnələri olan videoları təsir
etmək, qorxu içində saxlamaq üçün
birbaşa gənc nəslə ötürürlər. Həmin
görüntülər nəticəsində çoxsaylı ərəb
və digər ölkələrin gəncləri
İŞİD-ə qoşulurlar. Onlar heç bir
döyüş protokoluna aid olmayan döyüşlər
aparır, nizami ordu kimi vuruşmurlar, qadın paltarı geyinərək,
üzərlərində gəzdirdikləri bomba ilə
haranısa partladırlar.
Belə
bir tərzdə İŞİD-lə müharibə çox
çətindir. İraq ordusu onları
sıxışdıranda, təbii ki, Suriyaya qaçırlar.
Bizim də Suriya ərazisinə girməyə icazəmiz
yoxdur. Suriya ilə İraq arasında sərhəd 700
kilometrdir və həmin ərazi tam şəkildə ikitərəfli
nəzarətə götürülsə, xarici qüvvələrin
də dəstəyi ilə orada
İŞİD terrorçularını məhv etmək olar.
Amma bu, 700 km-lik sərhəd açıqdır və
heç kim ora nəzarət etmir, hər hansı post yoxdur.
-
Türkiyə İŞİD-ə qarşı koalisiyaya
qoşulmayıb. Siz ümumiyyətlə, bu məsələdə
rəsmi Ankaranın mövqeyini necə qiymətləndirirsiniz?
- Biz
Türkiyənin mövqeyini çox yaxşı qiymətləndiririk.
Ankara hərbi əməliyyatlara qoşulmasa da, insani
yardımlara qoşuldu, hansı ki, bizim buna böyük
ehtiyacımız var. Türkiyənin Suriya və İraqla
müştərək sərhədi var, buna görə də
Türkiyə əcnəbi döyüşçülərin
Suriya və İraqa daxil olmasının
qarşısını ala bilər.
-
İŞİD-lə mübarizə nə qədər davam edə
bilər?
- Bu məsələdə
vaxt söyləmək çox çətindir, biz gündəlik
müharibə aparırıq. İŞİD həm regiona, həm
dünyaya hədədir. Fransa konfransında çox
böyük addımlar atıldı, hesab edirəm ki, bu da
müharibənin bitməsini yaxınlaşdırır. Hərbi
əməliyyatlar başlayanda biz tək idik, amma indi davam edən
beynəlxalq ictimaiyyətin insani, hərbi yardımları
onların tez bir zamanda məhvinə gətirib
çıxaracaq. Fransa prezidenti hava hücumlarından
mübarizəyə yaşıl işıq yandırdı.
Onu da
deyim ki, bu hadisələr İraqda Azərbaycan səfirliyinin
açılmasını da yubatdı. İraq hökuməti
İŞİD-lə mübarizəni bitirən kimi
Bağdadda Azərbaycan səfiliyi açılacaq. Bir müddət
əvvəl Azərbaycandan nümayəndə heyəti səfirliyin
binası, səfirin və əməkdaşların
yaşayacağı mənzillərlə tanış olmaq məqsədilə
Bağdada səfər edib. Amma
İŞİD-in yaratdığı problemlər nəzərə
alınaraq səfirliyin açılması yubadıldı.
Azərbaycan
səfirliyinin binası Bağdadda səfirliklərin yerləşdiyi
"Green zone" (Yaşıl zona) yerləşməyəcək.
Səfirlik üçün ayrılmış bina həmin
zonadan da təhlükəsizdir. Razılaşmamız belə
olub ki, bu məsələ ətrafında problemlər həllini
tapandan sonra Azərbaycan səfirliyi fəaliyyətə
başlayacaq.
- Cənab
səfir, Azərbaycanın regionda təhlükəsizliyin təmin
olunmasında rolu necə qiymətləndirirsiniz?
- Azərbaycan
terrorizmlə mübarizə aparan ilk ölkələrdəndir.
Azərbaycan özü də müəyyən vaxtlar olub ki,
terrorizmdən əziyyət çəkib. İndi də
terrorizm ideologiyası ilə mübarizə aparır. Təbii
ki, Azərbaycan dövlətinin apardığı bu siyasət
həm də terrorizm ideologiyasının gənclərin beyninə
yürüməməsinə gətirib çıxaracaq. Azərbaycanın
təhlükəsizlik məsələsində çox
geniş təcrübəsi var və ölkənin bizə təhlükəsizlik
baxımından kömək etməsinə çox sevinərdik.
Çünki bəzi terroristlər var ki, Tacikistan,
Çeçenistan, Özbəkistandan İŞİD-ə gəlib
vuruşurlar. Onlar barədə bizə məlumat verilsə,
çox sevinərik. Qeyd etdiyim ki, İŞİD bütün
dünyanı, o cümlədən Azərbaycanı hədələyir,
onların tərtib etdikləri xəritəyə Azərbaycan
da daxildir.
- Azərbaycan-İraq
əlaqələrinin inkişafı və perspektivləri barədə
nə deyə bilərsiniz?
- Bizim əlaqələrimiz
hər zaman yüksək səviyyədə olub və
çox gözəl siyasi əlaqələrimiz,
anlaşmalarımız var. Ticarət dövriyyəsinin həcmi
ilə bağlı çox yüksək rəqəmlər
mövcuddur. 2013-cü ildə İraqla Azərbaycan
arasında ticarət dövriyyəsi 300 milyon dollar təşkil
edib, bu çox sevindirici, hətta ağıla gəlməyən
bir rəqəmdir. Çünki 2010-cu ildə ticarət
dövriyyəsi cəmi 1 milyon dollar idi,
göründüyü kimi böyük bir
sıçrayış, hətta deyərdim ki,
partlayış baş verib.
Bağdadda
Azərbaycan-İraq hökumətlərarası komissiyanın
iclası olmalı idi, amma baş verən hadisələr
iclasın yubanmasına səbəb oldu. Ümid edirik ki, bu
ilin sonuna kimi iclas baş tutacaq və əməkdaşlığın
geniş spektri, o cümlədən birbaşa reyslərin
açılması məsələsi müzakirə olunacaq.
Pərvanə
525-ci qəzet.- 2014.- 24 sentyabr.- S.5.