Azərbaycan şərqşünaslığında sanballı imza

 

 

Tanınmış şərqşünas professor Mehdi Kazımov farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış və aparıcı mütəxəssislərdəndir. Orta ərslər yaradıcılıq üslubunun, normativlik və yaradıcılıq fərdiyyəti nisbətinin, şərq ədəbiyyatlarının janr sisteminin, poetikanın fundamental problemlərinin araşdırılmasında alimin xidmətləri təqdirəlayiqdir. O, nəinki İranın, eləcə də Azərbaycan, Hindistan, Əfqanıstan və digər ölkələrin şair və mütəfəkkirlərinin yaradıcılığı ilə məşğul olub.

 

Camali Təbrizi, Ruhuləmin Şəhristani, Əhməd Dehdar və başqalarının adı və əsərləri ilk dəfə elmi ictimaiyyətə məhz onun tərəfindən tanıdılıb.

 

Mehdi Davud oğlu Kazımov 1954-cü ildə Bakı şəhərində doğulub, 1971-ci ildə Azərbaycan Dövlət Universiteti (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars şöbəsinə daxil olub. 1976-77-ci illərdə mütərcim kimi İranda işləyib. 1977-ci ildə BDU-nu bitirərək sonra 11 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında əvvəlcə ictimai elmlər üzrə Elmi İnformasiya mərkəzində və sonralar  Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi vəzifələrində çalışıb. 1981-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.

 

1988-ci ildən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətə başlayıb. 1994-cü ildən professordur. Hal-hazırda İran filologiyası kafedrasının müdiridir. Eyni zamanda o AMEA-nın Şərqşünaslıq İnstitutunun "Mənbəşünaslıq, yazılı abidələrin tədqiqi və nəşri" şöbəsinin müdiridir.

 

Müqayisəli ədəbiyyatşünaslıq sahəsində farsdilli ədəbiyyatın bir sıra janr formalarının tipologiyasının aşkarlanmasında M.D.Kazımovun da səyləri az olmayıb. Bununla belə ədəbiyyatların qarşılıqlı təsiri və əlaqələri, bir şairin yaradıcılığının bütöv bir epoxaya və sonrakı şairlərin nəslinə təsiri məsələlərini də nəzərdən keçirib. Həmçinin bir sıra məşhur süjetlərin genezisi onun tərəfindən izlənilib, bədii vasitələrin istifadəsində, eləcə də müəlliflərin şəxsi üslublarında oxşar və fərqli cəhətlər müəyyənləşdirilib.

 

Nizamişünaslıq problemləri M.D.Kazımovun xüsusi elmi maraq dairəsini təşkil edir. Böyük Azərbaycan şairi Nizaminin, eləcə də onun çoxsaylı ardıcıllarının yaradıcılığı alim tərəfindən tədqiq edilib. Nizaminin rolu Şərq ədəbiyyatı və mədəniyyətində geniş tarixi və bədii mühitdə göstərilib. Nizami poetik məktəbinin məsələləri xüsusi qeyd olunub, nəzirə kimi hadisənin məziyyətləri, onun bədii-estetik və fəlsəfi əsasları öyrənilib. 

 

Mehdi müəllimin "Nizaminin "Həft peykəri"i və XIV-XVI əsrlərin farsdilli ədəbiyyatda nəzirə ənənəsi" adlı ilk monoqrafiyası 1987-ci ildə işıq üzü görüb. Kitabda Nizaminin "Yeddi gözəl" poeması poetikanın bir sıra problemləri aspektindən araşdırılır, əsərin janr sinkretikliyi, məkan-zaman münasibəti, özünəməxsusluğu, fəlsəfi, bədii-estetik əhəmiyyəti öyrənilir, buradakı süjetlərin sonrakı  XIV-XVI əsrlərdəki transformasiyası izlənilir. "Yeddi gözəl"  Nizaminin "Xəmsə"sində ən orijinal poemalardan biridir və bir çox Şərq xalqlarının mədəniyyət və ənənələri ilə bağlıdır.  Bununla yanaşı, prof.Kazımov, Əmir Xosrov Dəhləvi, Abdullah Hatifi, Əbdi bəy Şirazi, Fani Kəşmiri və s. bu kimi Nizami ardıcıllarının əsərlərinin təhlili zamanı bədii  "cavab"ın xarakterik cizgilərini üzə çıxarır, Şərqdə poetik təqlidin yayılması, janr formasının təkamülü, ifadə vasitələrinin genişliyi məsələlərinə toxunur.

 

Professor M.D.Kazımovun 1991-ci ildə çapdan çıxmış "Nizaminin ardıcılları" adlı növbəti monoqrafiyası bu kitabın məntiqi davamıdır. Əgər birinci kitabda ədəbiyyat tarixinin problemləri araşdırılırdısa, ikincisi orta əsrlərdə farsdilli regionda ədəbi təqlid kimi təzahürün nəzəri anlamına həsr olunub. Nizaminin "Xəmsə"si  Şərqdə bütün ədəbi inkişaf prosesinə böyük təsir göstərib. Şərqin müxtəlif  yerlərində və ayrı-ayrı dillərdə dahi Azərbaycan şairinin poemalarına  yüzlərlə təqlidlər yazılıb. Orta əsrlər Azərbaycan, fars-tacik, hind ədəbiyyatı nümayəndələrinin - Camali, Əşrəf Marağayi, Hatifi, Cami, Əhməd Dehdar və başqalarının əsərlərini araşdırarkən alim nəzirənin fəlsəfi-estetik əsasını, onun spesifikasını işıqlandırır, şairlərin yaradıcı fərdiyyətini üzə çıxarır.

 

Qeyd olunmalıdır ki, işin materialı başlıca olaraq əlyazma nüsxələrinə, o cümlədən unikal mənbələrə əsaslanır. Onlardan  biri Mehdi müəllimin 1998-ci ildə çapdan çıxmış "Camali Təbrizinin poetik irsi" kitabının əsasını təşkil edir. Kitabın tarixçəsi maraqlıdır. M.D.Kazımov 1980-cı illərin sonunda İngiltərədə elmi ezamiyyətdə olmuş və Londonda İndia Offis kitabxanasında işləmişdi. Bu kitabxananın əlyazma kataloqunun naşiri Q.Ete  Camalinin "Xəmsə"si kimi onlardan birinin adına işarə edib. Amma Mehdi müəllimə əlyazmanın müəllifinin Təbriz əsilli Azərbaycan şairi Camalinin olduğunu müəyyənləşdirmək müyəssər olub. Bu fakt artıq özü özlüyündə Azərbaycan ədəbiyyatının öyrənilməsi nöqteyi-nəzərindən prinsipial əhəmiyyət daşıyır.

 

Əlyazmanın dəyəri həm də ona görə yüksəkdir  ki, o yalnız bir siyahıda və təkcə bu kitabxanada qorunur.

 

M.D.Kazımov bu əlyazmanın əsasında şairin tərcümeyi-halının başlıca mərhələlərini bərpa edir, onun məsnəvilərinin ideya-tematik və bədii xüsusiyyətlərinin təhlilini aparır. Kitabda həmçinin Camalinin "Yeddi taxt-tac" poemasının faksimilesi verilib.

 

Camali Təbrizi Nizami poetik məktəbi, epik poeziyanın parlaq nümayəndələrindən biridir. Professor M.D.Kazımovun səyi nəticəsində onun adı ilk dəfə elmi dövriyyəyə gətirilmiş, yaradıcılığının öyrənilməsi isə orta əsrlər farsdilli Azərbaycan ədəbiyyatının daha təkmil təsvirinin yaradılmasında irəli atılmış ciddi bir addım olub. Özünəməxsus zəngin ənənələrə malik olmaqla yanaşı o, eyni zamanda bədii nailiyyətlər və görkəmli ədiblərlə seçilən digər regionların farsdilli ədəbiyyatı ilə də yaxından maraqlanıb. Onlardan daha parlaq simaların xarakteristikası M.D.Kazımovun "Farsdilli ədəbiyyatın yeddi əsri" kitabında təqdim olunub.

 

Əsərdə Rudəkidən başlayaraq Vəhşi Bafqiyə qədər iyirmi üç orta əsrlər şairi, yazıçısı, mütəfəkkiri haqqında məlumatlar verilir. Onların seçimi hər şeydən əvvəl farsdilli ədəbiyyatın formalaşması və inkişafında rolu, Şərq mədəniyyətində, fəlsəfi-dini təfəkküründə tutduqları yer, həmçinin məşhurluq və avtoriteti ilə şərtlənib. Firdovsi, Xəyyam, Sədi, Rumi, Hafiz, Cami və digər belə korifeylərin şöhrəti bütün Şərqin hüdudlarını aşıb, onların əsərləri isə haqlı olaraq, dünya ədəbiyyatı xəzinəsinə daxil olub. Materialın zaman çərçivəsi X-XVI əsrləri əhatə edir. Bu elə bir dövrdür ki, farsdilli bölgənin ədəbiyyatı haqqında vahid bir hadisə kimi danışmaq olar.

 

Professor Mehdi Kazımov orta əsrlər ədəbiyyatına böyük diqqət yetirərək, tədqiqat işinin zəruri səriştələrinə, böyük təcrübə və dərin biliyə malik olan peşəkar alim kimi digər dövrləri də diqqətdən kənar qoymur. Onu müasir fars ədəbiyyatı, xüsusilə müasir İran poeziyasında baş verən proseslər də maraqlandırır. 2006-cı ildə nəşr etdirdiyi növbəti monoqrafiyasında alim XX əsrin son otuz ilini araşdırır.

 

Demək lazımdır ki, klassik dövrdən fərqli olaraq, İranın müasir ədəbiyyatı çox zəif öyrənilib, İslam inqilabından sonrakı mərhələsi isə, demək olar, işıqlandırılmayıb. Bu dövrün aparıcı şairlərinin yaradıcılığı haqqında məlumat yoxdur, onların əsərləri geniş oxucu kütləsinə məlum deyil. Buna görə də, M.D.Kazımovun kitabı bu istiqamətdə birinci və əhəmiyyətli təşəbbüs sayılır. Əsərdə 1970-1990-cı illər poeziyanın aparıcı tendensiyalarının işıqlandırılması ilə yanaşı Əli Musəvi Gərmarudi, Nüsrət Rəhmani, Söhrab Sepehri, Məhəmməd Əli Sepanlu, Huşəng İbtihac, Qeysər Əminpur, Əli Rza Qəzve və başqa bu kimi ustadların həyat və yaradıcılığı araşdırılır. Bu müəlliflərin yaradıcılığı XX əsrin sonunda İranda yaranmış mədəni-tarixi mühit fonunda öyrənilir, hakim ideoloji şəraitə baxmayaraq, onların əsərlərinin ümumbəşəri dəyəri vurğulanır. Qeyd etmək lazımdır ki, kitab təkcə nəzəri əhəmiyyətə malik deyil, ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universitetində müasir fars ədəbiyyatı tarixi kursunun tədrisinin əsasını formalaşdırır.

 

Professor M.D.Kazımov ədəbiyyatşünaslıq məsələləri ilə yanaşı tarixşünaslıqla da məşğul olur. XIII-XIV əsrlərin bir sıra tarixi əsərlərinin, o cümlədən Azərbaycan tarixçisi Əbu Bəkr əl-Kutbi əl-Əhərinin "Tarixe-şeyx Üveys", məşhur tarixçi, coğrafiyaşünas və ictimai xadim Həmdullah Mustoufi Qəzvininin "Zeyle-tarixe-qozide" ("Seçilmiş tarixə əlavə") və onun oğlu Zeynəddinin "Zeyle-tarixe-qozide"nin fars dilindən tərcümələri müəllifin qələminin məhsuludur. Bütün tərcümələr birbaşa əlyazma mənbələrindən edilib.

 

Onlarda XIII-XIV əsrlərdə Azərbaycan və İranda baş verən hadisələrlə bağlı çoxlu yeni,  maraqlı faktlar vardır və onların əhəmiyyəti həmin dövrün öyrənilməsinin ilk mənbələri kimi kifayət qədər yüksəkdir.

 

Əlyazmalarda tarixi faktlar gətirilir, Hülakülər dövlətinin tənəzzülü, Cəlarilər dövlətinin yaranması təhkiyə olunur, Malik Əşrəfin əmirliyi dövründən Azərbaycana Teymurun ikinci yürüşünə kimi feodal çəkişmələri və toqquşmaları əks olunur, çox hadisələrin, o cümlədən 1385-1392-ci illərdə Təbrizə 18 hücumun maraqlı təfsilatı verilir.

 

Tarixçilər öz əsərlərində bu tərcümələrə artıq dəfələrlə istinad edib, Azərbaycan və İranın orta əsrlər tarixinin araşdırılmasında onlardan mənbə kimi bəhrələniblər. Hər üç tərcümədə mənbəşünaslıq əsərlərində qəbul olunduğu kimi ön söz və geniş şərhlər mövcuddur.

 

Professor Mehdi Kazımovun tədqiqat fəaliyyətindən danışarkən iki mühüm məqamı qeyd etmək istərdik: birincisi, onun dünyagörüşü, elmi maraqlarının genişliyi, ikincisi, bir alim kimi qeyri-adi iş bacarığı, məhsuldarlığı. Mütəxəssislər tədqiqatın bir sahəsindən digərinə keçidin nə qədər çətin olduğunu bilirlər.

 

Mehdi müəllim isə orta əsrlər və yeni dövr problemləri, Azərbaycanla yanaşı bir sıra Şərq ədəbiyyatı, nizamişünaslıq, mənbəşünaslıqla eyni zamanda asanlıqla məşğul olur ki, onun 11 kitab və 120-dən çox məqaləsi buna sübutdur.

 

Son dövrlərdə Mehdi müəllim sufi ədəbiyyatı, Şərqin ən geniş dini-mistik cərəyanlarından biri olan sufizmi intensiv şəkildə öyrənir. Hələ 2001-ci ildə onun "Sufi təfəkkürü tarixindən" adlı kitabı çap olunub ki, bura XI-XIII əsrlərdə yaranmış üç sufi əsərinin tərcümələri daxildir: Abdullah Ənsarinin "Minacat"ı, Nəcməddin Razinin "Eşq və əql"i, Fəxrəddin İraqinin "Ləməat"ı ("Parıltılar"). Bu əsərlər sufi təfəkkürünün nəzəri xarakteri və bədii təcəssümünə təsir göstərərək, onun inkişaf tarixində iz buraxıb, həmçinin mistik təlim çərçivəsində ayrı-ayrı görüşlərin öyrənilməsi və izahı, emossional müəyyənliyin ötürülməsinin mühüm mənbələri olub.

 

Professor M.D.Kazımovun 2010 və 2014-cü illərdə iki mühüm farsdilli mənbəni tərcümə etməsi xüsusi qeyd olunmalıdır: Məhəmməd bin Münəvvərin "Əsrar ət-tövhid fi məqamat əş-şeyx Əbu Səid" ("Şeyx Əbu Səidi məqamlarında tövhidin sirləri") və Nəcməddin Razinin "Mirsad əl-ibad min əl-məbdə iləl-məad" ("Allah bəndələrinin başlanğıcdan qayıdışa yolu") .

 

"Əsrar ət-tövhid" orta əsr farsdilli sufi nəsrinin parlaq nümunələrindən biridir. Kitabda sufizmin bəzi

konseptual məqamları, dini-fəlsəfi aspektləri ilə yanaşı, sufi mühitinin məişət, əxlaq və ənənələri əks olunur, çoxlu tarixi şəxsiyyətlər, o cümlədən alim, filosof, mistik, sufi şeyxləri və başqaları haqqında məlumat verilir. Burada xüsusilə Azərbaycan mütəfəkkiri, sufi şeyxi və hədis bilicisi, həyatı haqqında indiyə kimi demək olar ki, heç nə məlum olmayan Baba Kuhi haqqında maraqlı faktlar vardır.

 

Kitab oxucularda elə böyük maraq yaratdı ki, eyni ildə birinci nəşrin ardınca ikinci nəşri çap olundu və o təkcə Azərbaycanda deyil, Rusiya, İran, Tacikistan və Türkmənistanda da tanındı.

 

Nəcməddin Razinin "Mirsad əl-ibad" təzkirəsi, ən məşhur və ciddi sufi əsərlərindən biridir. 1223-cü ildə qələmə alınmış bu kitab tezliklə ümumilikdə savadlı dairələrdə şöhrət qazanır. Beş fəsil və qırx hissədən ibarət əsərdə  Nəcməddinin dünyanın yaranışı haqqında baxışları bəyan olunur, dünyada insanın yeri və təyinatı müəyyənləşdirilir, hakim siniflərdən tutmuş əkinçilik və sənətkarlıqla məşğul olan insanlara qədər müxtəlif ictimai təbəqələrin əxlaqı, davranışı və təmayüllərindən danışılır. M.D.Kazımov hər iki kitabın müfəssəl ön sözündə dövrün mədəni və tarixi həyatına nəzər salır, müxtəlif mənbələrdə səpələnmiş faktlar əsasında müəlliflərin tərcümeyi-halını bərpa edir, əsərlərin xüsusiyyətlərini üzə çıxarır.

 

Fars dilini gözəl bilən, ərəb dilinə yiyələnən, Şərqin tarix və mədəniyyətindən tutmuş, sufizmə qədər ən müxtəlif sahələrdə geniş savada malik olan M.D.Kazımov bu işi yüksək elmi səviyyədə icra edib.

 

Professor Mehdi Kazımov Ziya Bünyadov, Vasim Məmmədəliyev, Aida İmanquliyeva, Rüstəm Əliyev, Mübariz Əlizadə kimi klassik Azərbaycan şərqşünaslığı məktəbi yolunun nümayəndələri sırasına daxildir. O, həm akademik mühitdə, həm də professor-müəllim heyəti və tələbələr  arasında böyük hörmətə malikdir. Onun tələbələri hal-hazırda həm elm sahəsində, həm də digər sahələrdə fəaliyyət göstərirlər.

 

M.Kazımov dəfələrlə Rusiya, Türkiyə, İran, Şimali Kipr, keçmiş Sovetlər Birliyinin Şərqşünaslıq mərkəzlərində beynəlxalq konfrans və simpoziumlarda iştirak edib. O, Amerika, İngiltərə, İran universitetlərində mühazirə demiş, uzun müddət Avropa və Şərq ölkələrinin kitabxana və əlyazma mərkəzlərində işləyib. 1994-cü ildə ABŞ-ın Sietel şəhərində Vaşinqton universitetində təcrübə keçib. Onun elm və təhsil sahəsində xidmətləri dövlət tərəfindən "Tərəqqi" medalı və fəxri fərmanlarla təqdir olunub. 60 illik yubileyi münasibəti ilə dəyərli alimi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Vasim MƏMMƏDƏLİYEV, akademik, BDU İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri;

Elxan ƏZİZOV, dosent, BDU Şərqşünaslıq fakültəsinin dekanı

525-ci qəzet.- 2014.-24 sentyabr.- S.4.