Üzeyir Hacıbəylinin ev-muzeyində "Sənət hekayələri”
təqdim olundu
Ötən gün dahi bəstəkar
Üzeyir Hacıbəylinin
ev-muzeyində yazıçı-publisist
Mustafa Çəmənlinin «Sənət hekayələri»
kitabının təqdimat
mərasimi keçirilib. Mərasim Üzeyir
Hacıbəyli VI Beynəlxalq
Musiqi Festivalı çərçivəsində təşkil edilib.
Tədbiri dahi bəstəkarın
ev-muzeyinin direktoru Sərdar Fərəcov açıb:
«Zaman-zaman qələm
adamları musiqi dünyasının görkəmli
şəxsiyyətləri haqqında
fikirlərini, düşüncələrini
qələmə alıblar,
onlar haqqında kitablar yazıblar. XX əsrin 60-70-ci illərindən
sonra musiqi –xadimləri haqqında daha çox yazıçı Mustafa Çəmənli
yazılar qələmə
alıb. Kitab Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub. Azərbaycanın musiqi dünyasının
görkəmli şəxsiyyətləri
ilə yanaşı, artıq unudulmuş sənətkarlarının həyat
yoluna da işıq tutduğu üçün Mustafa Çəmənliyə
minnətdaram».
Yazıçı-dramaturq Əli Əmirli çıxışında
vurğulayıb ki,
Mustafa Çəmənlinin bu kitabın təqdimatını Üzeyir
Hacıbəylinin ev-muzeyində
keçirməyə mənəvi
haqqı var:
«Çünki Mustafa Çəmənli
Üzeyir Hacıbəylinin
yaradıcılığı haqqında çox dəyərli yazılar müəllifidir, dahi bəstəkarın simasını
onun oçerklərində
görmək mümkündür. Mustafa Çəmənli dəyərli
publisistik yazılarla bərabər, həm də qiymətli tarixi romanlar qələmə alıb.
Onun son romanı «Ölüm mələyi» ədəbi
cameədə maraqla qarşılanıb, rezonans
doğurub. «Xallı gürzə» romanı isə dəfələrlə çap
olunub ki, kitabların cəmi 300-500
tirajla çap edildiyi indiki dövrdə bu çox böyük uğur sayıla bilər. «Fred Asif» əsərinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, hadisələrin üstündən uzun zaman keçəndən sonra gələcək nəsillər Qarabağ hadisələrinin və döyüşçülərinin keçdiyi yol haqqında ətraflı, dəqiq məlumat ala biləcəklər. Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun
haqqında yazdığı
«Mübariz» povesti isə gələcək nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi
üçün çox
önəmlidir. Təsadüfi deyil ki, povestdən
bir hissə dərsliklərə daxil edilib. Mərhum yazıçı Sara Nəzirova yüksək intellektə və zövqə malik insan idi, hər
kəs haqqında söz deməzdi. O bir dəfə qeyd etmişdi ki, Müstafa Çəmənli qədər
Azərbaycan muğamına,
musiqisinə bələd
yazıçı, jurnalist
tanımıram». Ə.Əmirli çıxışında M.Çəmənlinin
çox zəhmətkeş
olluğunu, dayanmadan mənbələrdə axtarış
aparıb yeni-yeni əsərlər qələmə
aldığını vurğulayıb.
Xalq artisti Roza Cəlilovanın
sözlərinə görə,
kitabı oxuyandan dərhal sonra müəllifə zəng
vurub, minnətdarlığını
bildirib:
«Kitabı dönə-dönə
oxumuşam və hər dəfəsində
də kövrəlmişəm. Gələcək nəsillərin sənətkarlarımızı
tanıması, unutmaması
üçün bu kitab çox qiymətli mənbədir».
Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid tədbirin keçirildiyi məkanın müsbət
aurasından söz açıb, burada uyğun mövzuda
təqdimatların keçirilməsi
üçün əlverişli
şəraitin, yaradıcı
ab-havanın olduğunu
vurğulayıb:
«Əli Əmirli
Mustafa müəllimin yaradıcılığı
haqqında elə ətraflı və ürəklə danışdı
ki, mən doğrudan da bu cür ehtiram
ifadəsindən böyük
zövq aldım. Mustafa Çəmənlini
mən də uşaqlıqdan tanımışam,
əsərlərini – «Xalı
gürzə»ni, «Ölüm
mələyi»ni, son illərdə yazdığı
hekayələri oxumuşam.
Əlbəttə, biz onu ilk növbədə
nasir kimi tanımışıq. Eyni zamanda,
Əli Əmirlinin də qeyd etdiyi
kimi, onun publisistik yazıları da çox dəyərlidir,
kitabda adı çəkilən görkəmli
sənətkarları tanımayan
gənc nəsil üçün bu nəşr xüsusilə
qiymətlidir. Mustafa müəllim kitabı, avtoqraf yazaraq, atam üçün göndərmişdi. Kitabı böyük
məmnuniyyətlə atama
təqdim elədim, mütəəssir oldu.
Əvvəla, burda onun cavanlığının bəzi
məqamlarını yada
salan, nostalji doğuran yazılar var, ikincisi də,
gözdən və xatirələrdən uzaq düşən adamlar haqqında təmənnasız
yazılan məqalələr
toplanıb bu kitabda».R.Məcid M. Çəmənlinin
redaktorluq, naşirlik fəaliyyəti ilə bağlı fikirlərini də bölüşüb,
gənc yazarların kitablarının peşəkar
redaktəsi üçün
onun çəkdiyi zəhməti yüksək
dəyərləndirib.
Tədbirdə çıxış edən yazıçılar
Aqşin Babayev, Təranə Vahid, Xalq artisti Ramiz
Quliyev, Əməkdar
artist, diktor Əli Məmmədov və başqaları kitabın məziyyətlərindən, müəllifin
yaradıcılığından rəğbətlə söz
açıblar.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 25 sentyabr.- S.7.