Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Naxçıvanın yeri və rolu
(əvvəli ötən
saylarımızda)
Naxçıvan Azərbaycanın qədim
tarixə malik regionlarından biridir. Buradakı qədim
tarixi abidələr, maddi-mədəniyyət nümunələri
Naxçıvanın təkcə
Azərbaycanın deyil,
bəşəriyyətin təşəkkül
tapdığı ən
qədim yaşayış
məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı
həm də müxtəlif fəaliyyət
sahələrində ölkəmizə
əvəzsiz xidmət
göstərmiş görkəmli
tarixi şəxsiyyətləri
ilə məşhurdur.
Bu da Naxçıvanın
həm maddi-mədəni,
həm də mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.Naxçıvan
təkcə ədəbiyyat,
təsviri-incəsənət və hərb sahəsində deyil, həm də elmin müxtəlif istiqamətləri üzrə
yüksək nailiyyətlərə
imza atan yetirmələri ilə tanınır.
Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, akademik, oftalmoloq Zərifə Əliyeva 1923-cü ildə
Kəngərli rayonunun
Şahtaxtı kəndində
dünyaya gəlib.
Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universiteti) bitirib. (1947). Azərbaycan Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunda
elmi işçi,
1969-cu ildən isə
Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə
İnstitutunda göz xəstəlikləri kafedrasının
dosenti, professor, görmə
orqanlarının peşə
patologiyası laboratoriyasının
müdiri, oftalmologiya kafedrasının müdiri
(1982-85) vəzifələrində çalışıb. Zərifə
Əliyevanın Azərbaycanda
oftalmologiya elminin inkişafında müstəsna
xidmətləri var. O, vaxtilə
Azərbaycanda geniş
yayılmış traxomanın,
dünya təcrübəsində
birincilər sırasında
peşə, xüsusilə
kimya və elektron sənayelərində
peşə fəaliyyəti
ilə bağlı göz xəstəliklərinin
öyrənilməsi, profilaktikası
və müalicəsinə,
həmçinin oftalmologiyanın
müasir problemlərinə
dair bir çox sanballı tədqiqatların, o cümlədən
"Terapevtik oftalmologiya",
"İridodiaqnostikanın əsasları" kimi
nadir elmi əsərlərin
müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə
yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici
təklifin müəllifidir.
Zərifə Əliyeva Azərbaycan
iridologiyasının banisi
idi və bu sahədə elmi məktəb yaradıb.
Zərifə Əliyevanın doktriologiyadan
bəhs edən "Göz sulanmasının fiziologiyası", "Göz
sulanmasının müasir
cərrahiyyə üsulları
ilə müalicəsi"
monoqrafiyaları təkcə
oftalmoloqlar tərəfindən
deyil, həm də fizioloqlar tərəfindən rəğbətlə
qarşılanıb. Onun zəngin
pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın
aktual məsələləri"
(prof. N. B. Şulpina və L. F. Moşetova ilə birgə) monoqrafiyasında əksini
tapıb. Bu kitab oftalmoloq və həkimləri təkmilləşdirmə fakültəsinin
müəllimləri üçün
əvəzsiz vəsaitdir.
Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına
böyük əmək
sərf edib. O, Ümumittifaq
Oftalmoloqlar Cəmiyyəti
Rəyasət Heyətinin,
Sovet Sülhü Müdafiə Komitəsinin,
Azərbaycan Oftalmologiya
Cəmiyyəti İdarə
Heyətinin, "Vestnik
oftalmoloqii" (Moskva)
jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə
görə 1981-ci ildə
SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax
adına mükafatına layiq görülüb. 1994-cü ildə cənazəsi Moskvanın Novo Deviçye
qəbiristanlığından Bakıya gətirilərək,
Fəxri Xiyabanda, atası Ə.Əliyevin qəbri yanında dəfn olunub. Məzarı üstündə
tuncdan heykəli ucaldılıb
(heykəltaraş Ö. Eldarov). Bakıda Göz xəstəlikləri
İnstitutu, Naxçıvan
şəhər poliklinikası
və Kəngərli rayonunun Şahtaxtı kəndindəki məktəb
Zərifə Əliyevanın
adını daşıyır.
Bakının Binəqədi
rayonu ərazisində
adına istirahət parkı salınıb.
Azərbaycanın tanınmış kimyaçı
alimi, kimya elmləri doktoru, akademik, SSRİ Elmlər Akademiyasının müxbir
üzvü, SSRİ Dövlət
mükafatı laureatı
Yusif Məmmədəliyev
1905-ci ildə Ordubadda
boya-başa çatıb.
Akademik N.D.Zelinskinin
tələbəsidir. Azərbaycan
Ali Pedaqoji İnstitutunu
(indiki APU) bitirib, Gəncə Pedaqoji Texnikumunda və Yerevan Pedaqoji Institutunda kimya müəllimi olub, iki il Lomonosov adına Moskva Dövlət Universitetində
təhsilini davam etdirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda
(1932-33) və Azərbaycan
Elmi-Tədqiqat Neft Emalı İnstitutunda
(1933-45) işləyib. Azərbaycan Milli
Elmlər Akademiyası
yarandıqdan (1945) sonra
Neft İnstitutuna rəhbərlik edib. 1954-58-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru olub. Məmmədəliyevin əsas elmi
işləri, neftin və neft qazlarının
katalitik emalı sahəsindədir. O, müxtəlif
karbohidrogenlərin katalizator
iştirakı ilə
xlorlaşdırma və
bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər
stasionar katalizator üzərində, sonralar
isə qaynar təbəqədə xlorlaşdırmaqla,
karbontetra-xlorid, metilxlorid,
metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını
göstərib. Aromatik parafin
və sikloparafin karbohidrogenlərini doymamış
karbohidrogenlərlə katalitik
alkilləşdirmə sahəsindəki
tədqiqatı aviasiya
yanacaqlarının yüksək
keyfiyyətli komponentlərinin
sənaye miqyasında
sintezinə imkan verib.
Məmmədəliyev benzolu propilenlə alkilləşdirilmək yolu
ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlayıb,
bu da Böyük
Vətən müharibəsi
illərində aviasiyanın
yüksək oktanlı
yanacaqla təmin olunmasına kömək edib.
Məmmədəliyev plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində
də mühüm işlər görüb. 200-dən çox elmi əsərin, o cümlədən
6 monoqrafiyanın müəllifidir.
Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük
xidməti olub.
O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə,
Polşa, Macarıstan
və başqa ölkələrdə keçirilən
qurultay, konqres və simpoziumlarda respublikamızı dəfələrlə
təmsil edib.
D.İ.Mendeleyev adına Ümumittifaq Kimyaçılar
Cəmiyyəti Azərbaycan
İdarəsi Rəyasət
Heyətinin (1957-61) və
Azərbaycan "Bilik"
Cəmiyyəti Rəyasət
Heyətinin sədri
(1948-50 və 1958-61) olub.
SSRI Ali Sovetinin (5-ci çağırış) və
Azərbaycan SSR Ali Sovetinin
(4-cü çağırış) deputatı seçilib.
"Lenin" ordeni, "Qırmızı Əmək
Bayrağı", "Şərəf
nişanı" ordenləri
və medallarla təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyası Neft Kimyası Prosesləri İnstitutuna
(NKPI), Ordubad ipək kombinatına və Şamaxı rəsədxanasının
yerləşdiyi qəsəbəyə,
Bakı küçələrindən
birinə onun adı verilib, adına mükafat təsis olunub, Ordubad şəhərində
ev-muzeyi açılıb,
büstü qoyulub, Bakıda yaşadığı
evdə xatirə lövhəsi vurulub. Bakının İstiqlaliyyət küçəsində, Azərbaycan
Milli Elmlər Akademiyası Rəyasət
Heyəti binasının
yanında heykəli ucaldılıb.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 25 sentyabr.-
S.6.