Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Naxçıvanın yeri və
rolu
(əvvəli ötən
saylarımızda)
Naxçıvan
Azərbaycanın qədim tarixə malik regionlarından
biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət
nümunələri Naxçıvanın təkcə Azərbaycanın
deyil, bəşəriyyətin təşəkkül
tapdığı ən qədim yaşayış məskənlərindən
biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni
abidələrilə yanaşı həm də müxtəlif
fəaliyyət sahələrində ölkəmizə əvəzsiz
xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri
ilə məşhurdur. Bu da Naxçıvanın həm
maddi-mədəni, həm də mənəvi baxımdan zəngin
bölgəsi olduğunu göstərir.
Naxçıvan
həm də təkcə Azərbaycanın deyil, dünya
tarixində parlaq iz qoymuş Heydər Əliyev kimi dahi şəxsiyyətin
dünyaya gəlib böyüdüyü bir regiondur. Azərbaycanın
böyük siyasi və dövlət xadimi,
xalqımızın ümummilli lideri, qurtuluş mübarizəsinin
öndəri, Yeni Azərbaycan
Partiyasının banisi, Azərbaycan Xalq Cümhuriyyətinin
tarixi varisi olan müasir Azərbaycan dövlətinin qurucusu və
1993-2003-cü illərdə Azərbaycan Respublikasının
Prezidenti olmuş H.Əliyev 1923-cü ildə
Naxçıvanda doğulub.
Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra
1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq
fakültəsində təhsil alıb. 1941-ci ildən
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası
(Naxçıvan MSSR) Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq
Komissarları Sovetində şöbə müdiri işləyib.
1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi
tərəfindən dövlət təhlükəsizliyi
orqanlarına işə göndərilib, Leninqradda (indiki
Sankt-Peterburq) xüsusi ali təhsil alıb, leytenantlıqdan
general rütbəsinədək yüksəlib. 1957-ci ildə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini
bitirib. 1964-cü ildə Azərbaycan Sovet Sosialist
Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi
Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri
vəzifəsinə irəli çəkilib. Ulu öndər
Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyəti
dövründə bu mühüm strukturun azərbaycanlılaşdırılması
üçün öz xalqı qarşısında misilsiz
xidmətlər göstərib. Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin (AKP MK) iyul (1969)
plenumunda AKP MK-nın birinci katibi, MK-nın büro üzvü
seçilib. Bununla, ümummilli liderimizin Azərbaycana rəhbərliyinin
birinci dövrü başlanıb. O, AKP MK-nın avqust (1969)
plenumundakı məruzəsi ilə respublikada xalq təsərrüfatına
və mədəni quruculuğa rəhbərliyi əsaslı
surətdə yaxşılaşdırmağın, dövlət
və əmək intizamını möhkəmləndirməyin,
kadrların məsuliyyətini artırmağın yeni xəttini
müəyyən edib. Bu xətt Heydər Əliyevin
sonrakı məruzə və çıxışlarında
daha da inkişaf etdirilərək elmi surətdə əsaslandırılıb,
respublikanın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına
mənfi təsir göstərən tənəzzül meyllərinin
qarşısının alınması, sağlam mənəvi-psixoloji
iqlimin, ictimai ovqatın bərqərar olunması uğrunda
uzunmüddətli mübariz fəaliyyət proqramına
çevrilib. Möhtərəm Heydər Əliyev 1976-cı
ilin martında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə
namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro
üzvü seçilib, eyni zamanda, Sovet Sosialist
Respublikaları İttifaqı (SSRİ) Nazirlər Soveti sədrinin
birinci müavini təyin edilib. O, türk-müsəlman
xalqlarına qarşı ayrı-seçkilik siyasətinin
yeridildiyi şəraitdə SSRİ kimi nəhəng bir
dövlətin ali rəhbərliyinə ucalmaqla misilsiz dövlət
idarəçiliyi istedadı və bacarığı
nümayiş etdirib.
Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən
mükəmməl iqtisadi inkişaf konsepsiyası
hazırlanmış, ənənəvi təsərrüfat
sahələrinin şöhrəti və səmərəliliyi
bərpa edilib, yeni-yeni istehsal sahələrinin əsası
qoyulub, iqtisadiyyatın sənaye bazası genişləndirilib
və müasirləşdirilib. Heydər Əliyevin respublikaya
rəhbərlik etdiyi dövrdə (1969-82-ci illər) idarəetmə
mexanizmi və metodlarının təkmilləşdirilməsi,
qanunçuluğa ciddi əməl edilməsi, əmək və
ictimai-siyasi fəallığın artırılması, kənd
təsərrüfatının inkişafı sahələrində
yüksək göstəricilər əldə edilməklə
yanaşı, azərbaycançılıq məfkurəsinin,
milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin
yüksəlişi, xalqın tarixi yaddaşının
özünə qaytarılması, soykökü əsasında
millətdə müstəqil dövlətçilik
ideyalarının güclənməsi və reallaşması
üçün də çox mühüm işlər
görülüb. 1970-80-ci illərin birinci yarısı Azərbaycanın
ictimai-iqtisadi və sosial-mədəni həyatında sürətli
yüksəliş mərhələsi olmuş, müstəqil
Azərbaycanın təməli qoyulub. Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin birinci dövründə (1969-82)
ictimai-iqtisadi inkişafın və milli-mədəni
oyanışın bütün sahələrində müstəqilliyə
doğru böyük dönüş başlanıb. O,
dövlətçilik fəaliyyətinin Moskva dövründə
də həmişə Azərbaycanı
düşünüb, onun taleyi ilə yaşayıb, doğma
respublikanın yalnız SSRİ məkanında deyil, həmçinin
bütün dünyada tanıdılması üçün
mövcud imkanlardan bacarıqla istifadə edib.
Heydər
Əliyev SSRİ Ali Sovetinin (8, 9 və 10-cu
çağırışlar) deputatı seçilib, 9-cu
çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin
sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və
10-cu çağırışlar) deputatı və respublika
Ali Soveti Rəyasət Heyətinin üzvü olub,
"Lenin" ordeni (4 dəfə), "Qırmızı
Ulduz" ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə
Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983)
layiq görülüb. 1970-80-ci
illərdə Sov. İKP
MK və SSRİ Ali Soveti nümayəndə heyətinin
başçısı və üzvü kimi Meksika, Almaniya,
Vyetnam, Koreya Xalq Demokratik Respublikası, Rumıniya, Yuqoslaviya,
İtaliya, Misir, Suriya və Hindistana rəsmi səfərlər
edib. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. İKP MK
Siyasi Bürosunun və Baş katib M.S.Qorbaçovun yeritdiyi səhv
xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti
olaraq tutduğu vəzifələrdən istefa verib və
mövcud rejimə qarşı müxalif mövqe tutub. Heydər
Əliyev sovet qoşunlarının 1990-cı ilin 20
Yanvarında Bakıda törətdiyi qanlı
qırğınla əlaqədar ertəsi gün, Kreml
rejiminin təqiblərinə və səhhətinin ağır
olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyində
verdiyi bəyanatında Azərbaycan xalqına qarşı
silah işlədilməsini qətiyyətlə pisləyib, Azərbaycan
xalqının Qurtuluş mübarizəsinin önünə
keçib. O, doğma xalqını milli-siyasi fəlakət
burulğanından xilas etmək üçün 1990-cı
ilin iyulunda Azərbaycana qayıdıb, ilk əvvəl
Bakıda, sonra isə Naxçıvanda Qurtuluş mübarizəsini
davam etdirib, həmin ildə də Azərbaycan və
Naxçıvan parlamentlərinə deputat seçilib. 1992-ci
ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan
şəhərində keçirilmiş təsis
qurultayında partiyanın sədri seçilib. Heydər
Əliyevin siyasi fəaliyyətinin Naxçıvan
dövrü, xüsusilə onun Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri vəzifəsində
çalışdığı illər (1991-93) muxtar
respublikanın siyasi, sosial-iqtisadi və mədəni
inkişafının çətin, eyni zamanda, əlamətdar
dövrdür. Heydər Əliyev, birinci növbədə,
Naxçıvan Muxtar Respublikasını Ermənistanın
silahlı təcavüzü və işğalı təhlükəsindən
xilas edib. Bu illərdə ulu öndərin təşəbbüsü
ilə muxtar respublikanın Ali Məclisinin adından
"sovet, sosialist" sözləri çıxarılıb,
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) üçrəngli
bayrağı Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul olunub. Blokada şəraitində
olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə
ciddi diqqət yetirilib, qonşu Türkiyə və İranla
iqtisadi əlaqələr yaradılıb,
Naxçıvanı Türkiyə ilə birləşdirən
"Ümid körpüsü", İranla yük və sərnişin
daşınmasını təmin edən Şahtaxtı-Poldəşt
körpüsü salınıb.
Xalqımızın
böyük oğlu 1991-ci ilin fevralında Azərbaycan
Respublikası Ali Sovetinin birinci sessiyasındakı
çıxışında Vətənin ağır və
çətin dövründə xalqın dərdinə şərik
olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə,
müstəqillik uğrunda mübarizəyə
qoşulmağa gəldiyini bəyan edib, dağılmaqda olan
Sovet İttifaqında, eləcə də Azərbaycanda
mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək,
cəmiyyəti dərindən düşündürən
problemlər barədə mühüm ideyalar irəli
sürüb, prinsipial və konkret fikirlər söyləyib, təkliflər
verib, siyasi və iqtisadi böhranın səbəbləri,
onların aradan qaldırılması yolları barədə qətiyyətli
mövqeyini bəyan edib, Dağlıq Qarabağ münaqişəsinin
səbəbləri və günahkarı barədə deyib:
"Yaranmış vəziyyətin günahkarı hakimiyyətdə
olan Kommunist Partiyasının Mərkəzi Komitəsi, partiya
və dövlət hakimiyyətini ələ keçirmiş
Qorbaçovdur".
Xalqının müstəqilliyi uğrunda dönmədən mübarizə aparan ulu öndər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirib: Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edilib (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 26 avqust tarixli qərarı), Azərbaycan Ali Sovetinin 1991-ci il 29 avqust tarixli sessiyasının qərarına əsasən, Azərbaycanda həmin il sentyabrın 8-nə təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilməsinin dayandırılması (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr tarixli qərarı) haqqında qərar çıxarılıb. Onun siyasi təcrübəsi və qətiyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sabitlik təmin olunub, demokratik dövlət quruculuğu formalaşıb.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 26 sentyabr.-
S.6.