Şair doğulanın başqa
yol tutmaq şansı
qalmır
Elə bil dünən idi. “Gəlib çatdım 50 yaşa” deyən İbrahim Yusifoğlunun bir əsri yarılamasının
sevincinə şərik
olmaq üçün
şair dostlarla birlikdə Şərur rayonuna yollanmışdıq.
Zarafat deyil, 50 il. Şərur şəhər 2 nömrəli
orta məktəbin geniş zalında onun yubiley gecəsi
keçirilirdi. Hamı
bir-bir danışırdı,
ürək sözlərini
söyləyir, təbriklərini
çatdırırdı. Dostlar,
qohumlar, şairlər,
yazı adamları... Heç şeirə aidiyyəti olmayan adamlar da çox
idi. İbrahim Yusifoğlu sevənlərin
məclisi idi.
O isə başda oturub qayğılı baxışlarını zalın
tavanında, əslində
isə sonsuz bir nöqtədə düyünləyib əlini
ağapaq saçlarında
gəzdirirdi qeyri-ixtiyari
olaraq. Ağlıq həm də zirvə nişanəsidi axı. Sanki şair uca bir dağa
yaslanmışdı. 50 yaş
da zirvədi axı. 50 yaşa yaslanıb bəlkə də ömrün kuliminasiya nöqtəsindən
geriyə boylanırdı.
Bu günlərdə, daha dəqiqi desəm sentyabr ayının 30-da isə onun 60 yaşı tamam olur. Dünənki kimi yaddaşımızda iz qoyan bu
10 illik ömür nə tez keçdi,
İlahi!
10 rəqəminin tilsimi ilə uşaqlıq illərimə, 10 yaşıma
qayıdıram. Məktəb
direktoru işləyən
atamın hər dəfə Şərurdan
qayıdanda gətirdiyi
qəzetləri maraqla
oxuyardım. 20 Yanvar hadisələri yenicə baş vermişdi və rayonumuzun “İşıqlı yol” qəzetində dərc olunmuş “Mənim inamımı güllələdilər”
poemasını maraqla
oxumuşdum. Mənə
çox qəribə
gəlmişdi; necə
ola bilər axı, inamı da güllələməkmi
olar? Amma olurmuş. Böyüdükcə,
yaşa dolduqca nəinki inamı, sevinci də, sevgini də güllələməyin mümkün
olduğunu anladım.
Bunu isə mənə ilk dəfə
üzünü görmədiyim,
tanımadığım İbrahim
Yusifoğlu başa salmışdı.
Bir müddət sonra atamın kitabxanasında əl içi boyda bir kitab
diqqətimi çəkmişdi:
bu, inamı güllələnən şairin
ilk şeirlər kitabı
olan “Araz bayatıları” idi. Həm də mənim oxuduğum ilk şeirlər kitabı.
Daha sonra tələbəlik illərimin ilk vaxtlarında
atam mənə daha bir kitab
gətirəcəkdi—“Mənim
inamımı güllələdilər”.
Təkrar oxuduğum həmin poemada mənim üçün hər şey apaydın görünəcəkdi:
Çoxu
inanmırdı, doğrusu
mən də,
Bu qonşu qəsdinə inanmayırdım.
Bütün sərhədləri bütöv
ölkədə
Torpaq davasını gülünc
sayırdım.
Gözüm görə-görə, haqq deyə-deyə,
Yurduma xəyanət, qəsd eylədilər.
Sülhə, Göyərçinə, süni hər şeyə
Mənim
inamımı güllələdilər.
İbrahim Yusifoğlu 1954-cü ilin sentyabr ayının
30-da Şərur rayonunun
axarlı-baxarlı, dağların
sinəsinə söykənmiş
Axura kəndində anadan olub. Dağ
adamlarının mayasında
həmişə bir kövrəklik, həlimlik,
zəriflik, bütün
bunlarla birlikdə həm də daxili bir sərtlik
olur. Mənə elə gəlir ki, haqqında danışdığım şair
bu xarakterlərin hamısını özündə
ümumiləşdirir. Yazdığı
şeirləri oxuduqca
da buna əmin
olursan. Onun şeirlərində qayaların
sivri sərtliyi, bulaqların həzin axışı, çiçəklərin
bihuşedici rayihəsi,
göyqurşağının cəlbedici rəng harmoniyası var.
Bu sözlərə akademik İsa Həbibbəylinin aşağıdakı fikirlərini
də əlavə etməyə ehtiyac var: “Həyatı barmaqları bənövşəyi
mürəkkəbli şagirdlərin
və müəllimlərin
arasında keçən
İbrahim Yusifoğlunun
bir çox misraları həm rəng çalarına, həm poetik mənasına görə
bənövşə çiçəyinə
bənzəyir. Bəlkə
də belə demək mümkündür
ki, İbrahim Yusifoğlunun şeir yaradıcılığı bütövlükdə
sanki badam ağacında bənövşə
çiçəyidir”.
Bəli,
onun ömrünun 60 ilinin 40 ili pedaqoji
fəaliyyətlə keçib.
Bu gün də o, öz peşəsinə sadiqdir. Müəllimliyin saflığı, müqəddəsliyi
İbrahim Yusifoğlunun
şeirlərində də
dilə gəlir:
Ən parlaq ulduzdu, nur saçan Aydı,
Dalğalı dənizdi, ləpəli
çaydı,
Ömrü ömürlərə paylanan paydı.
Safdır,
müqəddəsdir müəllim
ömrü.
Həyatda hər zaman gözləri toxdu,
Ürək ovsunlayan sözləri
çoxdu.
Dünyanın varında gözləri
yoxdu,
Odlu bir nəfəsdi müəllim ömrü.
Əmək fəaliyyətinə başladığı dövrdən
müəllim işləsə
də, özündən
fərqli olaraq yetirmələrinin bir çoxu əməkdar müəllim adına layiq görülsə də, bu, İbrahim
Yusifoğlunun daxilində
nə hansısa həsədə səbəb
olur, nə də onu narazı
salır. Onun dilindən dəfələrlə
eşitdiyim cümləni
olduğu kimi yazmaq istəyirəm: “Mənim dərs dediyim şagirdlər əməkdar müəllim
fəxri adına layiq görülüblərsə,
bu, elə mənim əməkdar müəllim olmağıma,
bununla fəxr etməyimə kifayət edir. Bir də
ki, İbrahim Yusifoğlunu tanıyan hamı onu hər
şeydən əvvəl
şair kimi sevir. İndiyədək 25 şeir, poema və
nəsr kitabının müəllifi olması da dediklərimizi
təsdiq edər.
İbrahim
Yusifoğlu şeirlərini iş masasının arxasında əyləşib,
“bu gün mütləq bir şeir yazacam” iddiasıyla
sözü zorlayaraq yazanlardan deyil. Onun şeirlərində səmimilik
var. Bu səmimiliyi oxucu ilk misradan hiss edir, yaşayır:
Yaman
gileyliyəm özüm-özümdən,
Ürəyim
istəyən bəxtim olmadı.
Şəvə
saçlarıma səpələndi dən.
Məni
kövrəldəcək kədər qalmadı.
lll
Bu da bir
taledi, başım üstündən
Bulud
çəkilmədi, Günəş doğmadı.
Heç
nə istəmirəm Tanrıdan ki, mən,
Ruhuma bircə
bu yağış doğmadı.
lll
Çıxıb
gedəcəyəm sənin əlindən,
Dünya,
fərq qoymadın ölüyəm, sağam.
Ruhuma qəm
hopmuş nəğmələrimlə
Özgə
bir dünyada yaşayacağam.
Xalq yazıçısı
Hüseyn İbrahimov da İbrahim Yusifoğlunun səmimiliyinə
işarə vuraraq deyirdi ki, “İbrahim Yusifoğlu xoşuma gələn
şairdir, çünki nə yazırsa ürəkdən
yazır, şeirləri də özü kimi səmimidir”.
Nədənsə,
İ.Yusifoğlunun bütün şeirlərində həzin
bir kədər var. Bunu ancaq onu lap yaxından tanıyanlar bilər.
Kövrəkliyi elə bil ki, onun alın yazısıdı.
“Məni kövrəldəcək kədər qalmadı” desə
də, o bir uşağın küsməsindən də
kövrələ bilər, bir qızın ayrılıq
göz yaşlarından da. Bir şəhid anasının
donmuş baxışı, külək aparan çörək
qırıntılarının arxasınca hoppana-hoppana gedən
sərçə çarəsizliyi də onun kövrəlməsinə
səbəb ola bilər.
Şəvə
saçlarına ağappaq qarların yağdığı bu
şairin şeirlərini oxuduqca əmin olursan ki, o küsməyi
bacarmır... İnciyir. İncikliyini də heç vaxt biruzə
vermək istəmir. Şeirlərinə hopdurur. Sözlərlə
açır ürəyini. Vərəqləri qaraldır.
Küsə bilməmək azarındandır ki, etiraz kimi oxunur
bəzi şeirləri: “Çıxıb gedəcəyəm,
sənin əlindən” deyir, “Ən əzablı işlərə
dözüb sinə gərərəm” deyir. Bəzən isə
daha da hiddətlə dinir. “Mən zalım adamam” şeirindəki
kimi. Amma taleyinə şairlik yazılıbsa, dünyaya
şair kimi gəlibsənsə, istəsən də zalım
ola bilməzsən, İbrahim müəllim. Əsgərlik illərində
belə çəkdirdiyi şəklində əlində silah
əvəzinə çiçək tutub qoxlayan şairin zalım
olmasına kim inanar ki?! İndiyə kimi də kimsə sizin
zalımlığınızdan şikayət etməyib, bilirəm.
Bir məqamı
da xüsusi qeyd eləmək istəyirəm. Atalar deyib ki,
birini yaxşı tanımaq istəsən onunla gərək
yol yoldaşlığı edəsən. Mən də bir dəfə
İbrahim müəllimlə birhəftəlik yol
yoldaşlığı eləmişəm. 2008-ci ilin noyabr
ayının əvvəllərində mən, Zeyqəm
Vüqar və İbrahim Yusifoğlu Urmiya şəhərinə
şeir festivalına yollanmışdıq. Hər
üçümüz bir otaqda qalırdıq. Axşamlar sərin
havada şəhərin mərkəzindən axan Urmiya
çayının kənarında o qədər səmimi və
şirin söhbətlərimiz olub ki. O vaxta kimi yaxından
tanıdığım şairi lap yaxından kəşf elədim.
Həmin günlərdə Naxçıvan-Urmiya-Tehran-Məşəd-Təbriz-Naxçıvan
dairəvi marşrutumuzdakı şirin söhbətlər
zamanı yazdığı şeirlərin, demək olar ki,
hamısının necə yarandığını
özündən dinlədim.
Bildim ki,
“Sulara danışdım yuxularımı” inamına söykənən,
“Şairlər Allahdılar, sözlərinin Allahı” əminliyi,
“Bu qış xasiyyətdə mənə oxşayır”
etirafı, “Sən məni duymazsan duyulan kimi”
küskünlüyü hardan gəlir, nədən
qaynaqlanır.
Bəlkə
də sözlərimdə yanılıram, amma İbrahim
Yusifoğlu oğul kimi, qardaş kimi, dayı kimi, əmi kimi,
ata kimi, həyat yoldaşı kimi, cəmiyyətin üzdə
olan ziyalısı kimi tamamilə fərqli bir ampuladadırsa,
baba kimi tam başqa bir aləmdədir. Bunu onun uşaqlar
üçün yazdığı şeirləri oxuyanda daha
gözəl hiss edirsən. Şairlər onsuz da öz
uşaqlıqlarını daim içlərində, gizli bir tərəflərdə
saxlayırlar. Tək qalanda öz uşaqlıqları ilə
uşaq oyunları oynamağı da sevdiklərini bilirəm. Nəvələrinə
qoşulub uşaqlaşmağı şairlərdən
çox heç kim şiddətlə istəyə bilməz.
Çünki şairlər əslində nəvələri
üçün uşaqlaşmırlar, öz
uşaqlıqlarını yaşayırlar. İbrahim
Yusifoğlunun şeirlərində də onun
uşaqlığını görmək olur. Buna görə
də o uşaqlar üçün yazdığı şeirlərdə
də balaca fidanlara nələrisə öyrətmək,
onları düşündürməyə
çalışmağı qarşısına məqsəd
qoyur:
Günəbaxan,
günəbaxan,
Ay
özünün günə yaxan.
Quşlar
səni, dənləyəcək,
Açıq
qalıb axı yaxan.
Filologiya
üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazovun təbirincə
desək “mayası büllur bulaq suyu ilə nanəli, qərənfilli
dağların torpağından yoğrulmuş” İbrahim
Yusifoğlunun şeirlərinin böyük bir qismini lirika təşkil
etsə də, onun doğma yurda, vətənə,
böyüyüb boya-başa çatdığı Axura kəndinə,
Şərur torpağına, Naxçıvan elinə,
bütün bunların timsalında Azərbaycanın dərdinə,
kədərinə, sevincinə həsr olunmuş onlarla
şeiri var ki, həmin şeirlərin ovqatı milliliklə
mayalanıb. Bu baxımdan onun “Torpaq bayatıları”, “Dərdlərin
Belimi əydi ay vətən”, “Vətən haqqında
şeir”, “Bu nəğməm sənədi, doğma
Naxçıvan”, “Aqxura kəndi”, “Ana kəndim
qayıtmışam qoynuna”, “Daha Araz boyu qatar getməyir” və
bu qəbildən olan şeirlərini oxumağa dəyər.
Hələ
Sovet hökuməti dağılmamışdan qabaq inamı
silahlara tuş olan İbrahim Yusifoğlu hirsini boğa bilməyərək
təəssüflə qələmə sarılırdı:
Bizim haqda
iftiralar, yalanlar təzə,
Bayquşlara
duz veririk, səsləri batmır.
Yaltaqların
yaltaqlığı çatır mərkəzə,
Bizim isə
haqq sözümüz Mərkəzə çatmır...
Daha sonra
qazanılan müstəqilliyin nələr bahasına başa
gəldiyini yaşadığı üçün Vətənə
səslənirdi:
Axır
ki, ayırıb düşməni dostdan,
Tanıdın
ən qəddar yağını, Vətən.
Qoynun uzaq
olsun alovdan, oddan,
Yaşa
müstəqillik çağını, Vətən.
İllər
keçdikcə, qazanılan müstəqillik firəvan həyata,
rahat yaşayışa çevrildikcə, evindəki,
qonşudakı, kəndindəki, yurdundakı
uşağının, gəlinin, qocanın üzü
güldükcə, sevinci gözlərində bərq vurduqca,
gündən-günə gözəlləşən doğma
el-obası rəngbərəng dona büründükcə,
Naxçıvan özünün gül-çiçək ətirli
həyatını yaşadıqca İbrahim Yusifoğlu yenə
şeirlə dillənəcəkdi:
Qovmusan
başından dumanı, çəni,
Toylu-büsatlıdı
qoynunda hər yan.
Qəlbimdən
süzülən bu şən nəğməni
Sənə
bəxş edirəm, doğma Naxçıvan.
Sevimli
şairim, aramızdakı yaş fərqinə baxmayaraq
(İbrahim Yusifoğlu mənim atamla həmyaşıddır)
dəyərli dostum İbrahim Yusifoğlu haqqında deyiləcək
sözüm çoxdur. Nədənsə varlığımda
sevincdən uçunan titrəyiş hiss edirəm.
Barmaqlarım klaviaturanı döyəclədikcə demək
istədiklərimin hamısını deyə bilməməyin
nigaranlığı ürəyimdə qövr eləyir.
Əlli yaşında yazdığı şeirini
pıçıldayıram qarşımdakı
kitabının üz qabığından boylanan ağ
saçlı şairə:
Əllərim
başım altında,
Qismətim
daşın altında,
Ölümüm
qaşın altında,
Gəlib
çatdım əlli yaşa.
Əlli
yaş nədi ki, İbrahim Yusifoğlu! Bu gün artıq 60
yaşın şeirini gözləyirik sizdən. Aşıq
Alı necə demişdi: Yüzə nə qaldı... Həəəə,
hələ 70 yaşın, 80 yaşın,100 yaşın
şeirini də gözləyəcəyik sizdən. Axı
özünüz demisiz:
Ömrümün
elə bir zirvəsindəyəm,
Qalıb
damağımda gəncliyin tamı.
Yenə
yaratmağın həvəsindəyəm,
Məndən
ola bilməz özgə adamı.
Şair
doğulanın başqa yol tutmaq şansı qalmır. 60
yaşınızda belə yolunuza ağappaq
saçlarınızdan işıq düşürsə, nur
süzülürsə 100-ü də
yaşamağınızı arzulamadan keçmək olmur. Yenə
və yeni-yeni şeirlər yaratmağınız arzusuyla, 60
yaşınız mübarək, İbrahim Yusifoğlu...
Şair dostunuz Elxan YURDOĞLU
26.09.2014
Naxçıvan şəhəri
525-ci qəzet.-
2014.- 27 sentyabr.- S.31.