Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu

 

(əvvəli ötən saylarımızda)

 

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm də müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm də mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.

 

1993-cü ilin may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı möhtərəm Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Bu, əsl mənada, milli hərəkata çevrildi və nəticədə, Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil olub. Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş mübarizəsi zəfər çalıb. Bununla, dahi rəhbərin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlanıb. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxıb. İyunun 24-dən isə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb, Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, dövlət müstəqilliyi qorunub saxlanıb, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulub, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edilib. Bu  qayıdışla əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi, dünyəvilik kimi ümummilli, ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Böyük rəhbərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf edilən uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklərə başlanıb. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alınıb, düşmənə əks-zərbələr endirilib və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olunub. Böyük siyasi xadimin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişib. ATƏT-in Lissabon sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə edib.

 

H.Əliyev ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərib. 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi bağlanıb. Bundan sonra Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar yeni-yeni sazişlərin imzalanması belə müqavilələrin sayını 21-ə, iştirak edən dövlətlərin və iri şirkətlərin sayının isə müvafiq surətdə 15 və 33-ə çatdırılmasına imkan verib. Bütün bunlar ölkənin iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla yanaşı, eyni zamanda, çox mühüm siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirən amil funksiyası daşıyır. Dahi öndərin yeritdiyi müdrik siyasət nəticəsində Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində də uğurlu addımlar atılıb, “Bakı-Supsa” boru kəməri və “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəməri tikilib istifadəyə verilib. Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda konfransı keçirilib, konfrans proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul edib. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM birliyinin yaradılmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyev dühasının xidmətləri ölçüyəgəlməzdir. 1999-cu ilin aprelində GUAM ölkələri başçılarının Vaşinqton görüşündə Heydər Əliyev təşkilatın ilk sədri seçilib.

 

Ulu öndərin çoxşaxəli və genişmiqyaslı fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi böhranın aradan qaldırılması və tərəqqinin təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ölkə iqtisadiyyatında ilk artım meyllərinin başlanması, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi və inflyasiyanın qarşısının alınması, manatın alıcılıq qabiliyyətinin davamlı surətdə sabit saxlanması prioritet sahələr olub. O, demokratik,  hüquqi  və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının və onun əsasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövləti insan hüquq və azadlıqları sahəsində bütün beynəlxalq konvensiya və sazişlərə qoşulub. Ölkə rəhbərinin “İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 1998-ci il 22 fevral tarixli fərmanı Azərbaycan Respublikasının dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaradıb, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırıb, 1995-ci ilin mayında əfvetmə təsisatı bərpa edilib, 1995-2003-cü illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus cəzaçəkmədən tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasına “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olub.

 

Prezident Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirmiş, bu yolda ardıcıl mübarizə aparıb, problemin sülh yolu ilə həlli baş tutmadıqda, Qarabağın silahla azad ediləcəyini əzmlə bəyan edib. Türk dövlətləri arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərən ulu öndər türk dövlətləri başçılarının 1992-ci ildən işə başlamış zirvə toplantılarında müntəzəm olaraq fəal iştirak edib, türk xalqlarının birliyi naminə bir sıra dəyərli tədbirlərin həyata keçirilməsinə nail olub. Türk dövlətləri başçılarının 6-cı zirvə toplantısının (2000, aprel) Bakıda keçirilməsi və bu böyük tədbirin türk dünyasının böyük ədəbi abidəsinin – “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi ilə eyni vaxta düşməsi də bu baxımdan çox əlamətdardır. Hər iki tədbirin çox yüksək səviyyədə keçirilməsi və bütün türk xalqlarının əsl bayramına çevrilməsi Azərbaycan liderini həm də çağdaş türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrətləndirib.

 

Heydər  Əliyev  dahi  siyasi  və dövlət xadimi olmaqla yanaşı, həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin gözəl bilicisi, elmin və mədəniyyətin himayədarı idi. Onun bilavasitə təşəbbüsü və iştirakı ilə neçə-neçə ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilib, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilib, abidələri ucaldılıb. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan qocaman sənətkarlara, istedadlı gənc şair və yazıçılara, müxtəlif yaradıcılıq sahələrində ümidverici yeniyetmələrə fərdi təqaüdlər təyin etməsi də mədəniyyətimizin inkişafına ulu öndərin böyük qayğısının bariz nümunələrindəndir.

 

Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri, türk xalqları və dövlətləri arasında əlifba və dil birliyinin təmin edilməsi və bir çox digər sahələrdə çoşğun fəaliyyəti möhtərəm Heydər Əliyevə böyük şöhrət gətirib.

 

Azərbaycan xalqı, mütərəqqi beynəlxalq ictimaiyyət ulu öndər Heydər Əliyevin anadan olmasının 75, 80 və 85 illiyini böyük təntənə ilə qeyd edib. Azərbaycanda və bir sıra xarici ölkələrdə xalqımızın ümummilli liderinin Azərbaycanın dövlət müstəqilliyi və tərəqqisi naminə titanik fəaliyyətindən bəhs edən silsilə kitablar, kitab-albomlar nəşr olunub, kinofilmlər yaradılıb. O,  bir  sıra  xarici  ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və Iş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, “İpək Yolu Fondu”nun təsis etdiyi “İpək Yolu Xidmət Mükafatı”na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülüb, dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə “Qızıl fortuna” Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı olan “Qızıl Ulduz” (“Qloriya populi”) ilə təltif olunub. (2001).

 

Ulu öndər 2003-cü il, dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda dəfn olunub. Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün Azərbaycan xalqının, bütün türk-islam dünyası və mütərəqqi bəşəriyyətin tarixinə ən ağır hüzn günü kimi daxil olub. Dahi rəhbər əbədiyyət dünyasına arxasınca irəliləyən milyonlarla azərbaycanlını – doğma xalqını birləşdirərək qovuşub. Ulu öndərin adı geniş miqyasda əbədiləşdirib, anadan olduğu Naxçıvan şəhərində Heydər Əliyevin büstü (1983) və heykəli (2007) ucaldılıb, Heydər Əliyev muzeyi (1999) yaradılıb. Azərbaycanın bütün rayon, şəhər, böyük qəsəbə və kəndlərində Heydər Əliyev bağ və parkları, meydanları salınıb, bulaq-abidə kompleksləri, pannolar inşa edilib. Kiyevdə Heydər Əliyev adına Siyasi Elmlər və Beynəlxalq Münasibətlər İnstitutu fəaliyyət göstərir. Heydər Əliyev məktəbləri və universitetlərində elmi-nəzəri mühazirələr, məruzələr dinlənilir, seminarlar keçirilir.

 

Azərbaycan xalqının ümummilli liderinin, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə 2005-ci ildə “Heydər Əliyev” ordeni təsis edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 27 sentyabr.- S.30.