Hikkə
Səhər erkən yuxudan qalxıb bütün
günü ora-bura vurnuxa-vurnuxa neçə yerdə çək-çevirə,
get-gələ düşsəm də axşamüstü rahat
mürgülədim. Yuxum gələndə isə qalxıb
yatağımda uzandım. Elə tezcənə
də yuxuya getdim. Daha yerimin içində çaza-vaza eləyib
sağa-sola çevrilib qıvrılmadım. Yəni,
səksəkə-filan yox idi.
Bu qədər rahatlığıma rəğmən nədənsə
əcaib-qəraib yuxular gördüm. Yəqin ki, elə bu
yuxuların ab-havasından idi ki, gecəni bir neçə dəfə
hövlnak yerimdən oyanıb ora-bura çevriləsi, hətta
bir dəfə qalxıb yerimin içində oturası da
oldum. O qədər çox yuxu gördüm ki,
hamısını yadda saxlaya bilmədim. Yadımda
qalanları isə danışmaqla qurtarası deyil...
lll
Kəndin ətəyindən evlərin arası ilə
keçib gedən dar bir küçədən bahalı bir
xarici maşınla ötüb gedirdim. Əynimdə
elə özümə yaraşan yaraşıqlı təzə
kostyum vardı. İrəlidəki taxta evin bərabərinə
çatanda gen-geniş
eyvanda samovar qaynadığını gördüm. Təzəcə dəmlənmiş çayın ətri
də ətrafa yayılmışdı. Çayın
ətri o qədər xoş idi ki, hətta oturduğum
maşında gəlib mənə çatırdı. Evin sahibəsi (o qadın gəncliyində də
çox gözəl idi), şux geyimli xanım eyvanda
dayanmışdı. Yanaqları al
qırmızı qadın lap gəncliyindəki kimi olduqca
cazibədar, cəlbedici idi.
Qadını çoxdandı ki, görmürdüm,
arada xəstə olduğunu da eşitmişdim. İndi lap məqamıydı,
maşını əyləşməyib ötəri
ötüb keçməkdənsə, dayanıb
maşından düşməyi, yanına gedib hal-əhval
tutmağı, görüşməyi qərara aldım.
Fikirləşdiyim kimi də edib maşından
düşdüm, üç, ya dörd pillə qalxıb
eyvana keçdim. Qadın durduğu yerdən
tərpənərək qabağıma yeriyib gəldi. Məni hərarətlə qucaqladı, onun xoş təmasını
canım aldı, başını azacıq sinəmə
söykəmiş bu cilvəli xanımın duya biləcəyi
bir gizilti cismimi sardı. Nədənsə
öpüşmədik. Qadın
başını sinəm üstdən qaldırıb arabir kənara
baxırdı, elə mən də. Yəqin
ki, hər ikimiz yoldan ötüb keçənlərin və
ya uzaqdan mənim bu qadının evinin yanında
maşını saxlayıb düşərək onun evinin
açıq eyvanına qalxdığımı, qol-boyun olub
qucaqlaşdığımızı bir görən olar,
ehtimalını nəzərə almışdıq.
Geniş eyvan xüsusi bir qonaq qarşılayacaq şəkildə
dəbdəbə ilə bəzənmişdi. Yerə
naxışlı xalılar döşənmiş, aynabəndin
önündə iri güldanlara koma ilə qom-qom
çiçək taxılmışdı. Ani olaraq
ürəyimdən keçsə də, bu dəbdəbənin
nə səbəbdən, kim
üçün düzənləndiyini soruşmadım.
Qadın mənə oturmağa yer göstərdi. Yerdən
xalının üstünə atılmış
nalçanı altıma çəkib oturdum. Özü isə mənimlə üzbəüz kətilin
üstündə əyləşdi. Elə
gəncliyində olduğu kimi qırçın taxtalı
tuman geyinmişdi. Taxtalı tumanın ucu
dizlərindən aşıb yeri qucaqlamışdı. Nəzərlərim dolanıb-fırlanıb
qadının üzünə dikilirdi. Yanaqları
şüp-şümal, əlvan idi. Başını
da yaylıqla örtmüşdü. Yaylığın
bir ucunu çənəsinin altından fırladıb
çiyni üstdən arxaya atmışdı. Yaylığın saçaqları da diqqətimdən
yayınmadı. Qadının çiyinlərindən
dolanıb sinəsinin üstünə səpələnmişdi.
Mən bütün bunları seyr edə-edə gəncliyindən
tanıdığım bu xoş əndamlı qadından həm
də hal-əhval tutur, onunla şirin-şirin söhbət
edirdim.
Hə,
axı, o, mən maşından düşüb eyvana qalxandan
sonra görüşüb əyləşməyə dəvət
eləyəndə:
–Elə eyvanda oturaq, – deyə ətrafa,
kənd tərəfə işarə edib: – günün bu
vaxtında evə keçməyimizi necə başa
düşərlər? – deyib müəmmalı
bir sual da vermişdi.
Mən də:
– Nə fərqi, –demişdim, – sizi görüb hal-əhval tutmağa
döndüm. Axı,
çoxdandı sizi görmürdüm.
Sonra da:
–Həmişə
də gəlib görüşməyi arzulayıram, ancaq sonda
macal eləyə bilmirəm, – deyə bir əlavə də eləmişdim.
Yadımda deyil, kimsə gətirib qabağıma pürrəngi
çay qoydu.
Çaya limon da salmışdılar. Çayın ətri də, rəngi də gözəl
idi. Qəfildən əlim ilişdi, stəkan
nəlbəkinin içinə aşdı. Çayın yarısı dağıldı.
Hayıf, yaxşı çay idi, dağıldı, çox
hayıf, – deyib aşmış stəkanı qaldırdım. Stəkanın yarıdan aşağısı
qalmışdı. Bəlkə də qadının cazibəsindən,
içindən gülən işvəli gözlərinin qəmzəsindən
əlim, qolum titrəmişdi...Qadın yerindən
qımıldamadan gülümsəyərək məlahətli
səslə:
–Niyə
narahat olursan, çaydı da, dağıldı. İndi təzəsini süzərlər,
– dedi və elə o cür də gülümsəməkdə
davam elədi.
Kimsə yenidən elə
həmin stəkanda gətirib qabağıma çay qoydu. Ancaq bu çay əvvəl gətirilən,
aşıb dağılan çay kimi ətirli və o qədər
də pürrəngi deyildi. Çayı
içdim. İçə-içə də: – Əvvəl
gətirdiyiniz çay daha ətirli və parlaq idi, – deyə
öz fikrimi bildirməyi də unutmadım.
Qarşımda
kətilin üstündə oturan, cilvəsi can alan
qadına baxdıqca-baxırdım. Və eləcə xəyal
da məni çox-çox uzaqlara, ötüb keçən
illərə aparıb qaytarırdı...
lll
Gün günortadan ötmüşdü. İşdən erkən
çıxıb kiçik şəhərciyin qonaq-qarasını öz
ünvanlarına yola salan dayanacağına gəldim. Al
yanaqları göz qamaşdıran, şux əndamı
insanın ruhunu əlindən alan, indi
kötüyün üstündə oturub üzümə
dayanmadan gülümsəyən qadını da o dayanacaqda
görmüşdüm. Özü yaşda
başqa bir qadınla kənarda oturub maşın gözləyirdilər.
Əlbəəl yaxınlaşıb salam
verdim, hal-əhval tutdum, buralara nə əcəb yolları
düşdüyünü soruşdum. Axı,
onları əvvəldən də tanıyırdım, bir
obadandıq, indi yolumuz da birdi. İş
dalınca gəldiklərini dedilər.
Canıyananlıqla ac olub-olmadıqlarını xəbər
aldım. Tox olduqlarını dedilər. İrəlidə,
yolun kənarındakı yeməkxananı göstərib:
– Elə isə gəlin gedək, bir çay içək, –
deyə təklif elədim.
–Yox, ora
getmək istəmirik, – deyə yaraşıqlı qadın
dilləndi. Elə indiki kimi, ancaq indikindən bir az da can alan işvə ilə: – Çayı
bura gətirən olsaydı, burdaca içərdik, – deyərək
rəfiqəsinə baxıb xəfifcə güldü. O
güldükcə sanki narın yağışdan sonra ləçəklərin
üstündə gilələnmiş şeh dənələri
xəfif əsən mehdən titrəyərək ətrafa səpələnir,
xoş bir rayihə yaradırdı.
Yüyürüb özümü yeməkxanaya
çatdırdım. Tanış çayçı da əlbəəl
samovarın üstündə olan çayniki, büllur stəkanlarla
billur qənddanı padnosa qoyub mənə uzatdı. Əlüstü bufetdən aldığım
bahalı şirniləri də qənddanın kənarına
düzüb qadınların yanına gətirdim.
Qadınlar deyib-gülə çayı içdilər. Məni də
xeyli təriflədilər. (Həm də elə o vaxt da
o qadınlar yaşca məndən böyük idilər)
Dayanacaqda
durub bir az da gözləyəndən sonra
yol gedəcəyimiz səmtə olan bir yük
maşını tapıldı. Dayanıb durub
yüngül maşın gözləməyə lüzum yox
idi. Bundan sonra başqa maşın yəqin
ki, olmayacaqdı. Çar-naçar bu iki xanım da, yolu
biz gedən tərəfə olan daha on-on iki kişi
də maşının yük yerinə qalxdıq. Kişilər
ehtiram əlaməti olaraq qadınları irəli buraxıb kabinəyə
yaxın, ön taxtanın yanında yer elədilər. Mən
də tanış qadınları tək
qoymayıb onlarla birlikdə irəli keçdim.
Beləcə
yola düşdük, mənzil başı isə o qədər də
yaxın deyildi.
Yük
maşını irəliləyir, irəlilədikcə isə
torpaq yolda çala-çuxura düşüb “belindəkiləri” də nehrə
kimi çalxalayırdı. Məni kimi öyrəncəli
olanlar üçün əlbəttə, bu, elə bir şey deyildi. Ancaq belə zərif qadınlar bu maşına, həm
də, belə maşına təsadüfən minmişdilər.
Maşın narahat yollarla hərəkət
etdikcə, sərnişinləri də onun ahənginə
uyğun sağa-sola yırğalanırdılar.
Qabağımda
ön taxtadan yapışan tanış
qadın çiyni üstdən mənə tərəf
dönüb alışıb yanan qara gözlərini
süzdürərək:
–Ay
oğlan, maşında yol gedəndə mənim ürəyim
bulanır. İrəli dur, məni möhkəm
tut, saxla, yoxsa... – gözlərini bir də süzüb
qabağa döndü. Mən bundan da irəli
özümü hara verə bilərdim ki, qadının sinəsi
maşının ön taxtasına, kürəyi isə mənim
sinəmə söykənmişdi. O biri qadını isə
deyəsən, maşın tutub eləmirdi. Maşının
yük yerinin bərabəri taxtasından necə
yapışıb durmuşdusa, eləcə də dirənib
qalmışdı.
Köhnə
yük maşını dərin bir çalaya
düşüb necə yırğalandısa, üstündəkilər
ləngər vurub az qala yük yeri ilə
qarışıq qopub bir kənara düşəcəkdilər.
Bax, elə o məqamda qadın yıxılmasın deyə
sağ əlimi onun qoltuğunun altından salıb qucaqlayaraq
sinəmə sıxdım.
Maşın
üzü aşağı endikcə mən qadına tərəf
sığınır, dikdiri qalxdıqca o arxası üstə
mənə tərəf gəlir, “bərk tut, saxla məni”, –
deyə bütün vücudu ilə mənə
sarılırdı.
Daha maşının ləngəri, yolun
eniş-yoxuşu da vecimə deyildi və bu yolun bitməsini
heç istəmirdim də.
Gəlib mənzil başına çatanda qadın sakitləşmişdi. Bəlkə də
maşının belə hərəkətinə
alışmağa başlamışdı, daha məni
çağırıb, “tut, bərk saxla” demirdi. Bu yolçuluqdan xoşbəxt, məmnun bir haləti
vardı.
Yük maşınından enib azca aralandıq. Yollarımız
müxtəlif səmtəydi. Sağollaşanda
sözsüz, kəlmə kəsmədən gah artıq
uzaqlaşan köhnə yük maşını tərəfə,
gah da mənə elə baxır, elə baxırdı ki, hələ
də o baxışlar gözlərimin önündəydi,
getməmişdi... Bəlkə də o
baxışlarla bir də belə bir maşına minə biləcəyikmi,
ya səni bir də görəcəyəmmi, demək istəyirdi.
Mənimsə matım-qutum qurumuşdu, nəfəsim od püskürürdü, içimin atəşi
canımı elə sarmışdı ki, hələ də
sönmürdü.
lll
...Yenə elə həmin
stəkanda kimsə çay süzüb qabağıma
qoymuşdu.
–Çayın
soyuyur, içsənə! – Bu, o idi, qarşımda, kətilin
üstündə oturub gülümsəyərək elə
hey davamlı üzümə baxırdı.
–İçdim, çox dadlı, yaxşı çay
idi, sizi də gümrah gördüm, ancaq gərək “əvvəlki
kimi çox gözəl gördüm”, deməliydim, demədim. Yubanmayım,
– deyib ayağa qalxdım. O da yerindən durdu. Mənim getdiyim səmtə tərəf dönüb
yanaşı yeridi. Gəlib pilləkənin
başına çatmışdıq. Burada
sağollaşıb ayrılmalıydıq. Mən pillələri enib maşına oturacaq, o isə
geri, indicə üstündən qalxdığı kətilin
yanına dönəcəkdi.
Elə bu
məqamda məhəllənin bir az da aşağısından,
düz biz duran evə tərəf üstü “miqalkalı”, həm
də daha iki maşınla müşaiyət olunan bahalı
bir maşının yan aldığını gördüm.
Tələsik çıxıb getmək istədim. O gələnlərin
kimliyini bilmək istəmirdim. Heç özümü də
onlara nişan vermək fikrim yox idi.
Elə
yuxarıdan aşağı, pilləyə ayaq qoymaq istəyirdim
ki, pilləkənin dibində iki, yox, üç, bir az da qabağa əyilib baxanda, dörd it
gördüm. İtlər ağ rəngdə
idilər. Yerlərindən tərpənməklərindən
köpək olduqları məlum idi.
Qadına tərəf döndüm. O isə elə durduğu
yerdəydi. Üzümə baxıb:
–Bu itlər
hardan çıxdı, bunlar burda neynir, özünü qoruya
bilərsənmi? – deyə dilləndi.
–Bəyəm əlimdə ağacımmı var? Görmürsənmi əliyalınam! – deyərək təlaşla üzünə baxdım. İtlərin yolumu kəsməsi, pilləkənin altına yığılması, deyəsən, onun vecinə də deyildi, heç haləti də pozulmamışdı.
Mən:
– İtlərə acıqlan, qoy yolumdan çəkilsinlər, keçib gedim, – dedim.
O isə:
– Bu itlər mənə qulaq asmaz, çəkilməzlər ki, – deyə itlərə acıqlanmaqdan imtina elədi.
Mən:
–Necə, sən öz həyətində qonağını itlərdən qoruya bilmirsən? – deyə əsəbi səslə soruşdum. Sonra daha da hiddətlənib: – Öz itinə də acıqlana bilmirsən? – deyə öz iradımı bildirdim.
O isə bir söz demədən arxasını mənə çevirib geri döndü, bayaq oturduğu kətilə tərəf yönəldi.
Birdən-birə itlərin sayı çoxalmışdı. Deyəsən, pilləkənin altı, zirzəmi
it yuvası idi.
Deməli qadın nəyinsə hayıfını məndən
alırdı.
Amma nəyin-onu uzun yolda qucağımda tutub mənzil
başınacan alışa-alışa gətirməyiminmi,
“ya nə vaxt səni görə biləcəyəm”, ya da belə
bir də maşına minəcəyikmi deyən
baxışlarını oxuyub dəyərləndirə bilmədiyiminmi?
Bəlkə də onun indi də bəzəyi göz
qamaşdıran bu eyvanına qonaq düşəcək o gələnlərin
fitnəsimi?..
Gecikmək olmazdı, itlərdən yayınıb
keçib getməliydim.
Təkrar
qadına tərəf səslənib:
–Bu itlər getdikcə
çoxalır. Burdan, bu səmtdən
düşmək mümkün olmayacaq. Gəlsənə,
mən eyvanın qabaq tərəfindən keçib gedim, –
dedim, – maşın da irəli gəlib mənə çatar.
Qadının:
–Nə
bilim, özün bilərsən, – deməsini nəzərə
almadan döndüm və eyvanın ön tərəfindən
yeriyib sürətlə gəlib darvazanın
ağzına çatdım.
Əlimə uzun qamçı
keçmişdi.Qadının evinin eyvanından düşəndə
dəhlizin ağzındakı taxçadan əl atıb
götürmüşdüm.
Mən darvazaya çatanda itlər də arxadan,
böyürdən özlərini yetirib üstümə
atıldılar. Qamçını fırladırdım,
o yekə köpəklər özlərini yan vurub
sıçrayır, küçüklər isə irəli
soxulurdu. Balaca olduqları üçün
zərbə də onları tutmurdu. Aha, birini vurub
yıxdım, o biri əlimi cırmaqladı. Bunu əlimin
göynərtisindən hiss etmişdim.
Diqqətlə baxdım, çeçələ
barmağımın yanındakı tənbəl
barmağım qanamışdı. Bu balaca barmağa
üç-dörd yerdən küçüyün dişi batmışdı.
...Qardaşım
demə, gəlişimi eşidibmiş, qarşılamağa
qabağıma gəlirmiş. Haray-həşiri
eşidib qaçaraq özünü mənə
çatdırdı. Əlində yekə
bir zopa vardı.
Mən barmağımı sıxır, itin dişlərinin
batdığı yerdən axan qanı sürətləndirməyə
çalışırdım. Qışqıraraq qardaşıma:
–Bunlar
öyrədilmiş, dişlərinə zəhər çəkilmiş
itlərdilər, məni qapdılar, sən özünü
qoru, yaxın gəlmə, – deyə haray çəkirdim....
Anamın səsinə ayıldım. Elə aydın
çağırırdı ki, caan, bala, caan, – deyirdi...
Ukrayna, Morşin
27 avqust,
2014-cü il
Novruz Nəcəfoğlu
525-ci qəzet.-
2014.- 27 sentyabr.- S.28.