Əsərləri - V  cild  (1918 – aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

 

(Əvvəli ötən şənbə sayımızda)

(Müsavat məsləkinin elani-zəfəri)     

28 Mayıs.

Üç boyalı bayraqlara örtülmüş dər və divar, rəngin və zəngin xalılarla bəzənmiş pəncərə və balkonlar, sokakları doldurmuş təmənnak gözlər, mütəbəssüm çöhrələr, göylərə inikas edən elektrik ziyalı lampalar, Parlaman qarşısında məhşəri-kübrayı andıran o on minlərcə qəfalı izdiham, hürriyyət meydanında Şollar suyunun bir sərinlik nəşr edərək yüksəklərə fışqıran fəvvarəsi yanında sərbəstliyi bəsait olaraq duran əskərlər, əskərlərin hökumət rəisi təbrikinə müqabil “Yaşa! Yaşa! Yaşa!” deyə böyük meydanı dolduran möhtəşəm sədaları və bu sədaya bir inikas olaraq yerdən, göydən, hər yandan qopan alqışlar, küçələrdə gəzişən izdihama ağ çarşaflarilə lətif hüsn və şairanə bir məna verən xanımlar, musiqi tərənnümatına qovuşan “Yaşasın!” sədaları, natiqlərin same ilə bərabər qəlblərə verdigi həyəcan və təhsislər, türk mətbəə işçilərinin tarix təbaəti, aktyorlarımızın da ələlümum mazimizi canlı bir surətdə təşhirlə paytaxt küçələrini gəzişmələri, “kiçik” əskərlərin “böyük” toplar və “son sistemli” tüfənglə rəfilə etmələri, daha nələr, nələr – iştə İstiqlal Günü paytaxtımızın aldığı mənzərənin səthi bir surətdə çizilən xütuti-əsliyəsi...

Bakı tarixinin bəlkə də bu ana qədər qeyd eləmədigi bu böyük gündə bir çoxları kəndi-kəndilərinə:

Əcəba, bu uykumudur!? – diyordular.

Əvət, bu Azərbaycan tarixinin ən böyük həqiqətini təşkil edən gün o qədər xariqüladə idi ki, uykuya bənziyordu.

Fəqət bu həqiqəti bundan iki sənə əqəll Mayısın 28-də şənglər yapan xəlq bugünki kibi təsəvvür və xəyal etməmişdisə də, Azərbaycan şüarını ortaya atan firqəmiz istiqbalda böylə bir günə malik olacağımızı heç şübhəsiz ki, təsəvvür eləmişdi.

Müsavatçılar üçün bu gün ikili bayramdır. Milli bayram – fikir bayramı!

Bundan bir sənə əvvəl ümum fəlakət və anarşi içində olaraq millət vəkilləri tərəfindən elan olunan istiqlal, etiraf etməlidir ki, xəlqimizdə böyük bir hissiyyat və ümid oyatmıyor, hər kəs onu bir növ məcburiyyətlə qəbul ediyordu. Fəqət bir sənə sonra fikri-istiqlalın nə dərəcədə ümumi və milli olduğunu görüyoruz.

Görüyoruz ki, bundan bir sənə əvvəl Tiflisin bir guşəsində qalan Azərbaycan müməssilləri nə böyük bir vəzifəyi nə qədər hüsni-ifa etmişlər və millətin istədigini nə dərəcədə doğru olaraq dərk eləmişlərdir.

Mayısın 28-də istiqlal bayramını qeyri-qabil təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkmiyəcəklər və bütün cahangirlərə dedilər ki:

– İstiqlal xanların, bəylərin, ağaların degil Azərbaycan xəlqinin, bütün millətin amalı, ən müqəddəs idealıdır.

Böylə bir hissiyyata malik olan millətin həqqini hər kəs tanımalı, bu milləti bu qədər sevdigi hürriyyət və istiqlalını müdafiə üçün mübarizə edə bilər bir halə qoymalıdır.

Növzadi-istiqlal bir yaşına çatdı. Möhtəşəm İstiqlal bayramı ilə bu növzad artıq süddən ayrıldı. Parlaman məbuslarından birisinin dedigi kibi “dili xörəyə dəyən uşaq artıq süd yeməz!”.

Azərbaycan milləti artıq əsarətə getməz!

Yaşasın Azərbaycan!

M.Ə.Rəsulzadə

“İstiqlal” qəzeti, 31 mayıs 1919, ¹17

Dər – qapı

Rəngin – gözəl, lətif

Mütəbəssim – gülümsəyən

Məhşər – qələbəlik

Kübrayi – ən böyük

Səfbəstə – sıraya düzülmüş

Same – eşidən

Təşhir – şöhrətləndirmə

Rəbi – uca, yüksək

Əqəll – daha az

İstiqlal bayramı

Mayısın 27-də daha şəhər bayraqlar ilə müzəyyən edilmişdi. Hər kəsdə bir təlaş görünməkdə idi. Paytaxtımızın yuxarı hissələrində belə alaqapı qayrılmaqda idi. Küçələr boyu məftillər çəkilərək əlvan fanuslar, rəgbərəng bayraqlar asılırdı. Türk ətfalı da işbu bayramın əzəmətini, hörmətini düşündüklərindəndir ki, bir gün əvvəl rəsmi keçidə hazırlanırdılar. Kağız papaqlar, taxta silahlar hazırlanır, dalanlarda təlimat yapılırdı.

Gözlənilən 28 Mayıs günəşi tülu etdi. Artıq paytaxtın bəzəyi on qat artmışdı. Sokak boyu aşağı-yuxarı baxacaq evlərdən üç rəngli, hilallı, ulduz nişanlı bayraqların yellənməsi insanın qəlbində fərəh oyadırdı.

Yaşıllıqlar ilə bəzənmiş balkonlardan asılmış qiymətli xalılar, ipək örtüklər, “Yaşasın istiqlal!”, “Yaşasın Azərbaycan!” yazılı bayraqlar millətdə ruhi-vətən və millət məhəbbətini layiqincə göstərirdi.

Marşurut qərarı üzrə məktəblərin çocuqları buradan Məclisi-Məbusan (parlaman) qarşısına getməli idi. Bazar küçəsi ipək parçalar, xalılar və rəngbərəng bayraq ilə bəzədilmişdi.

Məclisi-Məbusan bir gün əvvəldən istiqlal bayramı libası geyinmişdi. Damında elektrikdən “Yaşasın istiqlal!” şüarı yazılmış, böyük qapısı üstündə məşhur türk nəqqaşı Əzim Əzimzadə tərəfindən yazılmış istiqlal embleması elektrik lampaları ilə bəzənmişdi. İşbu rəsm olduqca mənalı və calibi-diqqət idi. Bir gün əvvəl buradan keçənlər biixtiyar durub rəsmə baxır, gözəlliyini və manidar olduğunu tanımadığı başqa bir tamaşaçıya söyləyirdi.

Bu rəsmdə Azərbaycanın tarixi nümunələri mahiranə bir surətdə təcəmmö etmişdi: Qız qalası üzərində üç rəngli Azərbaycan bayrağı, Suraxanıdakı tarixi Atəşgədə, sentyabr müharibəsində xəsarət almış Yanar Dağ...

Digər tərəfə minarələrində ay-ulduz rəkz edilmiş, Xan məscidlərini tülu etmiş, istiqlal günəşi işıqladır. Zanbaq kimi istiqlal səmasında Vətən, İstiqlaliyyət və Məhəbbət nişanı, mülk bütün Azərbaycan üzərində üç rəngli hilal-ulduzlu “Yaşasın istiqlal!” şüarlı bayrağı tutmuşdu.

Həqiqət işbu rəsmi-şayan təhsin idi.

Bələdiyyə idarəsi də bayraqlar içində idi. Bir sözlə, bayraqlar, bayraqlar! Yaşıl ot, əlvan parçalardan alaqapılar bəzədilmiş idi. Küçəyə çıxan balkon elektrik ilə çıraqban edilmişdi. Şəhər bağı və bulvarda da bələdiyyə idarəsi tərəfindən alaqapılar bəzənib hesabsız milli bayraqlar asılmışdı. İçəri şəhərdəki bütün məscidlərin minarələri başında milli bayraqlar rəkz edilərək elektrik ilə çıraqban edilmişdi. Xan sarayları üzərində də milli bayraqlar asılmış, məşhur Qız qalası çıraqban edilmişsə də üzərində iki böyük bayraq rəkz edilmişdi.

Təzəpir camei çıraqban edilmiş, bayraqlar asılmışdı. Bütün paytaxtdakı minarələr elektrik ilə tənvin, milli bayraqlar ilə təzyin edilmişdi.

Dövlət binaları, nazirliklər, xüsusilə Daxiliyyə nazirliyi olduqca qəşəng bəzənmişdi. Bulvardan Daxiliyyə nazirliyinə baxdıqda ay-ulduza bürünmüş işıqlı, bəzəkli bir qala kimi gözə çarpırdı. Bulvar qarşısındakı hesabsız bayraqlar ilə müzəyyən qayıqlar paytaxtı salamlayaraq böyük bayram ilə təbrik edirdilər.

Saat 9 radələrində Məclisi-Məbusan qarşısında izdiham qələbəlik bir dərəcədə idi ki, artıq keçməyə yol tapmaq namümkün idi. Bütün o dairədəki evlərin damları, pəncərə və balkonları tamaşaçılar ilə dolmuş idi. Damda qoşa zurna çalınır. Qarşıdakı balkonda məşhur tarzən Şirin, məşhur xanəndə Cabbar Qaryağdı oğlu çalıb oxuyurdu.

Saat 10 radələrində mədən dairələrindən “Müsavat” və “Hümmət” firqələri tərəfindən təşkil edilmiş fəhlələr bayraq və musiqi ilə gəldilər. “Hümmət” firqəsinin bir çox al və milli bayraqları ilə bərabər embleması, “Müsavat”ın bir çox bayraq və embleması aralığı təzyin edirdi. Bir az keçmədən minlərlə məktəb şagirdləri havada kiçik milli bayraqları yelləyərək “Yaşasın!” sədaları ilə dairəyə gəldilər. Ətfalın səsləri asimanə bülənd olurdu. İzdiham da çocuqların sədalarından cünbişə gələrək “Yaşa!”deyə onlara qoşuldular. Tam 15 dəqiqə işbu kütleyi-əzim “Yaşasın!” sədaları, əl şıqqıltıları bütün ətrafı gumbuldatdı. Bələdiyyə idarəsi qarşısından tutmuş Məclisi-Məbusan dairəsi, Parapet bulvarı, dövlət dairəsi tamaşaçılar ilə xıncaxınc idi.

Dəstə-dəstə mini-mini çocuqlar antik xalılarda taxta silahlar ilə ağır topxanaları ilə əlam bir əsgər kimi marş oxuyaraq gəzirdilər...

Bir az keçmədən “Müsavat”ın bəzəkli avtomobili, türk mürəttiblərinin avtomobili dairəyə gəldi, türk mürəttibləri doğrudan da “əntiqə” bəzənmişdilər. İçərisində iki hürufat kassası qoyulmuş, iki nəfər mürəttib iş əlbisəsində cümlə yığır...

Bir az keçəndən sonra Məclisi-Məbusan qarşısında M.Ə.Rəsulzadə cənabları kürsiyi-xitabətə çıxaraq xalqın alqışları altında bir nitq irad edərək camaatı milli böyük bayram və bəxtiyarlıq ilə təbrik etdi: “Bizim düşmənlərimiz, azadlıq və istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onu istəmir. İştə camaat, bugünki izdiham, bugünki bəşaşət istiqlaliyyətin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq görsünlər”. (Xalqın alqışları altında nitqinə xitam verir). Ondan sonra başqa natiqlər də nitq etdilər...

“Azərbaycan”, 1 həziran (iyun) 1919, ¹192    

İran – Azərbaycan

Bu mövzuda qəzetəmiz ilə Tehran mətbuatından möhtərəm “İran” qəzetəsi arasında bir münaqişə vaqe olduğunu qarelərimiz biliyorlar. İran qəzetəsi cümhuriyyətimizə Azərbaycan ismi vermək həqqində olmadığımızı, biz isək bunun əksini isbat ediyorduq. “İran” qəzetəsinin tərəfimdən yazılan son məqaləsinə cavab yazmaq üzrə ikən posta məzkur qəzetənin 454-cü nömrəsini gətirdi. Bu nömrədə “Qəzavat tarixi” ünvanı ilə İsmayıl Əfşar Tarəmi-Azərbaycanı imzasilə müfəssəl bir məqalə nəşr ediyor. “Elmi intiqad və azadi mətbuat” naminə dərci təqaza olunan bu məqalə Bakı ilə Tehran arasında olan mübahisəyə iştirak edərək kəndisi iranlı ikən həqqin biz tərəfdə olduğunu tarixi və elmi bir surətdə isbat ediyor. Bu müfəssəl məqaləyi tərcümə ilə aşağıya dərc ediyoruz:

İştə İran qəzetəsində mündəric məqalənin eynən tərcüməsi: 439 və 440 nömrələrinizdə ədibi-maarifpərvər M.Ə.Rəsulzadə əfəndinin qələmi ilə yazılmış Azərbaycan həqqində bir məqalə dərc edilmişdir. İran qəzetəsi dəxi haman məqalənin zeylində bəzi mətləbləri tənqid eləmişdi. Bu münaqişəyə bən də iştirak etmək istədim. Fəqət bu iştirakımla bən Azərbaycan hökumətinin İran üzərində siyasi təsiratından sərfi-nəzər yalnız bir həqiqəti-tarixiyyənin kəşfi üçün səy edəcəyəm. Çünki məşhur müvərrixlərdən Qustel Dokulanır der ki, tarixi ehsasati-vətəniyyə ilə qarışdırmaq hər zaman möhlikdir. Onlardan birisi elm, digəri isə fəzilətdir.

      Şərq və Qərb müvərrixləri ilə coğrafiyunlarının rəylərinə görə Azərbaycan Zaqafqasiyanın qismi-şərqisindən, İrəvan, Naxçıvan və bütün İran Azərbaycanı, bütün Xəmsə vilayətləri, Tarəm, Talış, Gilan həvalisindən bir qismi ilə Həmədan və Qəzvindən ibarət olmuşdur. Rzaqulu xan Lələbaşı ki, rus-İran müharibəsinin müasirlərindəndir, Rövzeyi-Lisfanın 10-cu cildində diyor ki:

Azərbaycan keçmiş zamanlarda Bakı bəndərindən Xalxalə qədər tula 95 fərsinin və Macirvan qəsəbəsindən Cəbəli-Sinayə qədər ərza 55 fərsinin bir məsahədə vaqe olmuşdur. Eyni məzmunda təfsilat Büstanülsiyahə ilə digər əsərlərdə dəxi məzkur ki, mətləb uzanmasın deyə zikrindən sərfi-nəzər ediyoruz1. Bu həqiqəti-tarixiyyə kəşf olunursa, İran qəzetəsinin vətənlərinin əski nami-müqəddəsini ehya etmələri üçün azərbaycanlıları həqli görəcəgini ümid edərim.

Əxlaq, adat və dil barəsində də dəxi bir takım şeylər zikr edilmişdi. Bunun doğru olduğunu dəxi isbatə lüzum yoxdur. Zira Qəzvindən birisi qalxıb da Qubaya müsafirət eləsə yalnız əxlaq, adat və dil birligində degil, şivə və ləhcənin dəxi eynilə bir olduğunu görər. Bu gün bir tehranlı ilə bir şümranlı ləhcələri arasında fərq vardır, mazandaranlı ilə dəvmandlının şivələrindəki fərq isə daha bəllidir. Bu böylə ikən aya, azərbaycanlıların bir cinsdən və bir irqdən olmadıqlarını iddia etmək qabilmidir?

Şimdi görəlim, Amerika və İngiltərənin bitərəf üləması bu xüsusda nə diyorlar.

Professor Nikela Qrabils diyor ki: 1907-ci ildə Amerika asari-ətiqə mütəxəssislərindən bir heyət Azərbaycanı tədqiq üçün getmiş idi. Bu heyət kəndi məruzəsində diyor ki:

“Türküstan ilə Kürdüstan arasında Azərbaycan mahallarında çini və zürüfat kibi qədim türk asari-ətiqəsinə təsadüf edildi. Hətta bəzi sikkə və kətəbələr üsərində uyğurca yazılar vardı”. (Uyğur əski Azərbaycan hökumətinin rəsmi lisanı olmuşdur).

Eyni professor ingilis üləmasının əsərlərindən birisindən nəql ediyor ki:

Turan həqqindəki tədqiqat getdikcə genişləniyor, Asiyasi-vüstanın hər tərəfində bu millətin əsərlərinə təsadüf olunuyor. Burası bizcə mühəqqəqdir ki, İranın ətrafı türklərlə mühat olub qədim iranilərin (arini-qədim) ilk müharibəsi Azərbaycan türkləri ilə vaqe olmuşdur.

Məzkur professor diyor ki, türklərin iranilərdən daha əvvəl Azərbaycanda sakin olduqları adla və bir ahin ilə sabitdir. Professor Nikela Qrabilsin təlif elədigi “Məsələi-şərqiyyə” nam kitabında (61-64-cü səhifələr) arinlərin Azərbaycandakı ərzi və ati olduğu həqqində bir çox sübut və dəlillər vardır və Azərbaycan həmişə türklərin olmuşdur. Bunu tarix asanlıqla isbat edər.

Tarixi-qədimdən əldə mövcud olan nə varsa yunanlılardan nəql olunmadır. Tövrat ilə bəzi ortadan itmiş İran və hind asarından sərfi-nəzər yunanlılar müfrit bir təəssübi-milliyyə bəslədiklərindən və şərqi-qədim lisani-tarixiyyəsinin ədəmi-müsaidəsindən dolayı tarixi bir çox əfsanələr və yalanlarla doldurdular.

19-cu əsrə qədər tarixi-qədim həqqində yunan asarından başqa əldə bir vəsiqə yoxdur. 19-cu əsrin tülüində bir çox ingilis, firəng və alman üləmasının himməti ilə keçmişin ölü dilləri həll olunaraq bu vasitə ilə asari-qədimədən mövcud olmayan bir çox tarixi həqiqətlər açılmış oldu. Kətəbələr kəndisinə heç bir əl sürülmədən samit və sabit bir halda qədim dövrlərin sərgüzəştini bizə nəql ediyorlar.

Avropa üləması kəşf olunan bu kətəbələr sayəsində bilmişlər ki, Kildə və Assur dövlətlərinin təşkilindən əvvəl və aryanilərin qərbə doğru olan hərəkətlərindən daha müqəddəm Orta Asiyada digər millətlər sakin olmuşlardır. O millətlərin dilləri tədqiq olunduqdan türk cinsinə mənsub olduqları və bu günlər türklərlə həmcins olduqları aşkar oluyor.

Bu millətlərdən akkad-sumer denilən bir qismi Beynülnəhrində, hitlər Anadoluda, uradhular Azərbaycanda mütəvvətən olmuşlar. Kilikiya, Beynəlnəhrin və Azərbaycanda bir çox kətəbələr bulunmuşdur ki, üləma onlardan bəzisini oxuya bilmişlərdir.

Bu kətəbələrdən sabit olmuşdur ki, məzkur millətlər böyük bir mədəniyyətə malik olmuşlar. Vəqta tarixi müəyyən olmayan bir zamanda övladi-sam cəzirətülərəb akkadsumerə həmlə edib onlarla ixtilat edərək Hammurabi-Akkad mədəniyyətinin əsasını vəz etdilər. O zamanlarda ariya millətləri şərqdən hücum edərək nagəhani bir istila nəticəsində urarduhu və heyət millətlərini məhv edərək ermənilər Azərbaycanda, frakiyalılar da Anadoluda sakin oldular. Oksford darülfünununun aliqədr professorlarından Says diyor ki:

“Turanilər bu böyük mədəniyyətin əsasını vəz etdilər, məqsəd növi-bəşərin mədəniyyət övliyasıdır ki, əgər iranilər onu məhv etməsəydilər bizə ondan böyük yadigarlar qalacaqdı. Fəqət İran istilası bu təməddünü məhv elədi. İranilər ancaq kəndi məmləkətlərində bir əsəri-təməddün göstərə bildilər. Yoxsa mütəvaliyən icra olunan hərblər nəticəsində müştərək bir urarduhu-İran mədəniyyətini vücudə gətirəmədilər2.

Üləmanın bəzisinin əqidəsi bu mərkəzdədir ki, kürd, gürcü, talış urarduhu nəslindəndirlər. Urarduhu ləfzi ilə kürd ləfzi arasında şəbahəti-tammə vardır. Bu millətlər kəndi istiqlaliyyətlərini qeyb etdikdən sonra İran mədəniyyətinin qarşısında duramayıb məhv olmuşlar. Sitlər daima Azərbaycanı fəth eləmək qəsdində olmuş, yeni təərrüzlərdə bulunmuşlar. Onlardan bir qismi Azərbaycana daxil olub İran din və əxlaqını qəbul eləmişlərdir.

Bu mütaliədən məlum oluyor Turan millətləri mütəməddin idilər və Avropanın məruf üləmasının dediginə görə Babil mədəniyyəti Turan mədəniyyətinin bir surəti-mütəkamili idi. Böylə ikən “İran” qəzetəsinin bu üstə-vürudi moğol – deyə yazması mucibi-heyrətdir. Görünüyor ki, qəzetə bu xüsusda Mətinülsəltənəyə nəzirə yapmışdır. Mərhum Mətinülsəltənə qeyrətinin şiddətindən xuddarlıq edəməyib vəhşi türklər islamı məhv və nabud etdilər – deyə yazmışdı.

Halbuki münsiflər təsdiq etdilər ki, türk millətinin islama olan xidməti heç bir zaman unudulmaz. Türklərin səlibiyyunə qarşı müdafiəsi, Təbristanı islavlardan təmizləmələri (6-cı əsr Kamil cild, 11 və 12) (Batu) bu xüsusdakı qəhrəmanlıqları ki, onun sayəsində islavlar bir boyuna 5 yüz sənə artıq hərəkət edəməz oldular. İslam hüdudunun Kiyev, Varşu, Krakov, hətta Vyana hasarlarına qədər dayanması və səkkiz milyon hindlilərin müsəlman edilməsi ki, bu gün dəxi onlar müsəlman aləmi həqqindəki dad və fəryadlarının nə dərəcədə müəssir olduğunu görüyoruz, əcəba, bunlar türklərin xidməti degilmidir? Oğuz, Tümən, Atilla, Çingiz, Teymur, Fatih-Səlim, Süleyman, Nadir, Ağa Məhəmməd xan kibi sərdarlar, Çingizin yasası, Teymurun tüzükü kibi qanunlar, səlimlər qanununun əsəri əcəba unudulurmu?

lll

Ərəb istilasından sonra Azərbaycan; ərəblərin istilası zamanında Azərbaycandakı türklər sutublarla urarduhu bəqasından ibarət idilər. İran məzhəbi ilə adat və əxlaqi onlara nüfuz eləmiş idi. Rəşid və Mamun zamanlarında iranilər xüləfa dərbarında böyük nüfuz qazandılar. Bu nüfuz bir dərəcəyə qədər iləriləmişdi ki, əgər Mötəsim tədbir görməsə bütün ərəb hökumətinin iranilərə intiqal etmək qorxusu vardı. Türklərdən ibarət məxsusi bir qoşun təşkil edərək bu vasitə ilə Mötəsim farsların nüfuzunu kəsr eləmişdi. Fəqət ərəblər bundan müstəfid olamıyaraq aralarına əvvəlkindən daha ziyadə bir ixtilal düşdü. Bir dərəcədə ki, türklər istəmədikləri xəlifəni əzl ediyor, yerinə istədiklərini nəsb eliyorlardı. Buna görə də xüləfa məcbur oldular ki, türk qoşununu paytaxtdan uzaqlaşdırıb sərhədlərə göndərsinlər. Bunlardan bir qismini islav-qıpçaq qabağını saxlamağa göndərdilər. Bunlardan bir qismi Azərbaycanda qalaraq Xistənyan və sairə kibi Azərbaycan hökumətini təşkil etdilər, o zamanlarda səlcuqilər Xorasandan gəlib Azərbaycanı tutdular. Azərbaycan bu sülaləyə intiqal elədi. Səlcuqilərin intiqrazında səlcuq şiələrindən olan Atabəylər Azərbaycanda səltənət etdilər. Ülfi və kamil tarixlərindən məlum oluyor ki, Atabəylər zamanında türk xanəvadələrindən bir çoxu Türkistandan Azərbaycana gəlib burada sakin olmuşlardır. Qıpçaq səfərində bu müsəlman olmuş türklərdən bir çoxu ərəb ordusunda idi. Fəqət məlum idi ki, Azərbaycan düşmənləri bulunan ermənilərlə debilməlilərə qarşı müqavimət edəmiyəcəkdi. Bu sıralarda idi ki, Azərbaycan yarlığı Qaani-əzim tərəfindən Hülaküyə vagüzar olundu. Hülakü müxtəlif türk qəbiləsindən 32-ni ayıraraq Bağdad ilə Azərbaycan səmtinə rəvanə qıldı. Bütün Turanda zəfər təranələri çalındı. Car çəkildi ki, Purçəkin xanəvadəsinın ən şücaətli bir cavanı Qərbi Turanı mühafizə eləməgə gediyor. Elxani-əzim Bağdaddan Azərbaycana gəldi. Türk qəbilələrindən ötrü qışlaq və yaylaqlar təyin elədi. Bu günlər Azərbaycan milləti təşkilatının ovci-əlaya yetişdigi günlərdi. Elxan Marağada ikən dari-əqbayə rəhlət etdi. Nəvələri Qazan xan ilə İlcaytu Azərbaycan millətinin rüknini möhkəmlədərək onu dini-islamla qüvvətləndirdilər. Xacə Rəşidəddinin yazdığına görə bir dəfə 200.000, digər dəfə 400.000 türk islama müşərrəf oldu. İslavların (rusların), ermənilərin, gürcülərin, sonra da Cəbə və Səvidi nam cəngavərlərin istilası ilə hasil olan qətliamlar vasitəsilə Azərbaycanın farsları məhv olmuşlardı. O gündən bu günə qədər bir ovuc ermənidən savayı bütün Azərbaycan əhalisi türk və müsəlmandır. Sultan İlcaytu Azərbaycanda bir takım təcəddüdlər vacudə gətirdi. O cümlədən olaraq Azərbaycan paytaxtını Marağadan Soltaniyyəyə köçürtdü. Məəttəəssüf ki, sindibad həvadisə qarşı bu bina davam edəməyib məhv oldu.

Bu gün Azərbaycanın o böyük o paytaxtından bir məzari-qübbə qalmışdır. Bu qübbə illərin təsirinə müqavimət edərək qalmışsa, ixlafın naxələfligi üzündən o əsər dəxi xərabəyə üz tutmaqdadır. Hər sübh günəş o qübbə üzərinə tülu edərək inikasatı ilə bizə türk millətinin fütuhat və iftixaratını yad etdiriyor. Azərbaycan Elxanian sülaləsinin inqrazından sonra Çobanian sülaləsinə intiqal ediyor. Bunlar Azərbaycanı idarədən aciz qaldıqlarından qəbilələrdən bir çoxu babalarının qədim yolunu tutaraq Anadoluya köçüyorlar. Teymurun zühuri və Anqara vaqeəsindən sonra bu qəbilələrdən bir çoxu təkrar Azərbaycana ovdət ediyorlar. Bədə Şeyx Səfinin irşadati ilə şiə məzhəbi qəbul edib, Anadoludakı qardaşlarını da bu məzhəbə daxil etdiriyorlar.

Şah İsmayılın zühurundan sonra Anadoludakı azərbaycanlılar Şah Abbasa köməgə gəliyorlar. Fəqət Osmanlı hökuməti bunlara mane olduğundan bir qismi Anadoluda qalıyorlar (bu gün Osmanlı azərbaycanlıları Amasiya və Anqara vilayətlərində 500.000 miqdarında olub kəndilərinə qızılbaş denilməkdədir). Elxan sülaləsinin inqirazından sonra sonra Şah İsmayıl əfşar qəbiləsini Xəmsə, Marağa, Qarabağ və Şirvan vilayətlərinə, qacar qəbiləsini də Səlmas, Gəncə və İrəvana məmur elədi.

Şah İsmayıl zamanında Azərbaycan ədəbiyyatı rəvac eləmişdir. Təqribən demək olar ki, Şah İsmayıl Azərbaycan ədəbiyyatının binasını vəz eləmiş və kəndi Divani-türkisini yadigar olaraq buraxmışdır. O zamanın böyük şüərası Azərbaycan türkcəsinin ehyasına çalışmışlardır. Füzuli, Məsib xan, Təkəllü Şani, Təkəllü Sadiq Əfşar, Həsən Türkman və Yusif Qarabaği o zamanın türkcə yazar şairləridir. (Təzkirə Sadiq ilə Təxfeyi-Samiyə rücu oluna). Azərbaycanlılar səfəviyyə və əfşariyyə və onlardan sonra zamanında kəndi ədəbi-siyasi təşkilatlarını quruyordular. Bu zamanda rus militarizmi həmlə edərək Azərbaycanın bir qitəsini digərindən ayırdı, möhtərəm şəhid Cavad xan ilə İbrahimxəlil xan, Mirhəsən xan və sair bu kibi qəhrəmanların rəşadət və müqaviməti istilanı qurtara bilmədi. Azərbaycanın qismi-şimalı yüz sənədən ziyadə rus əsarətində qaldı, tainki hürriyyətin sədayi-fərhəfzası üfiqi-aləmdə tərənnümsaz olub Rusiya militarizmi elani-iflas elədi, bunun üzərinə Azərbaycan məmləkəti təkrar qəddini düzəldərək təmami-aləmə elani-istiqlal etdi. Bu üçüncü dövrədir ki, azəri türkləri kəndi azadlıqlarının binasını qurmaq üçün və azadlıq düşməni olan Azərbaycan düşmənlərinin dəfi üçün mübarizə ediyorlar. Əlbəttə ki, edəcəklər və kəndi cavanlarının fədakarlığı sayəsində Azərbaycan istiqlalını paydar etməklə müzəffər olacaqlardır.

Azərbaycanlı qardaşımızın tərcüməsi, yuxarıda məzkur bu məqaləsinə “İran” qəzetəsi uzun-uzadıya cavab veriyor. Bittəbii onun dəlil və sübutları ilə müvafiqət edəmiyor. Bu xüsusda ayrı bir vəqt.

M.Ə.Rəsulzadə

“Azərbaycan”, 26 həziran (iyun) 1919, ¹212

Qəzavat – dini məhkəmə, qazılıq

Tarəm – ən yüksək

Təqaza – lazım gəlmə, tələb, lüzum

Məhlikə – qorxulu, təhlükəli

Fəzilət – bilik

Züruf – qablar

Çini – Çində düzəlmiş, əla növ saxsı qab-qacaq

Kətəbə – kitab, lövhə

Mühat – əhatə olunmuş

Təlif – yazılmış kitab, əsər

Ərəzi – əsli olmayıb sonradan əmələ gələn

Ati – ön, qabaq

Mütəvvətin – bir yeri özünə vətən edən, bir yerdə yaşayan

Aliqədr – yüksək dərəcəli, hörmətli

Mütəvali – mütəmadi

Şəbahət – oxşarlıq, bənzərlik

Müəssir – təsirli

Kəsr – sındırma, qırma

Müstəfid – faydalanan, istifadə edən

İntiqal – keçmə, nəql etmə

Xanəvadə – nəsil, say

Rəhlət – köç, hərəkət, məcazi: ölüm

İnqiraz – sonu kəsilmə, məhv olma

 

1) Bu xüsusda şübhələri olanlar İstaxiri, Müqəddəs, Yaqut, Əbuülqəda, Sədulla, Hafiz, Kitabi-Cəlaliyə rücu buyursunlar.

2) Turanın qədim təməddüni həqqində aşağıdakı kitablara müraciət oluna

Mənzil və həcz məsələsi ətrafında

“Müsavat” fraksiyası rəisi Rəsulzadə Məhəmməd Əminin həcz məsələsi ətrafındakı qeyri-adiliklər münasibətilə Daxiliyyə naziri həzrətlərinə böylə bir məruzə təqdim etmişdir:

– Daxiliyyə nəzarəti-cəliləsinə –

Həcz məsələsi son zamanlarda əndazədən xaric bir şəkil almış olduğu hər gün vaqe olan müraciətlər və şikayətlərlə təsbit olmaqdadır.

Həddi-zatində ali hökumət məmurları ələlxüsus zabitani-əskəriyyə məxsus olmaq üzrə qəbul bir dərəcəyə qədər zəruri və dövlət müəssisələrindən ötrü müsəlləm görülən ev, oda həczi o dərəcə ümumiləşmişdir ki, o əmri-məxsusə məmurları, parlaman əzaları degil, hər növ xədaməti-mülkiyyə və zabitiyyə üçün ev odaları həcz ediliyor. Hətta vəqt olmuş ki, idareyi-rəsmiyyədə xidmət edən reminqtonistikalar üçün belə ixtiyar bir ailə dışarı çıxarılmışdır.

Həczlər son dərəcədə ədalətsiz bir surətdə icra olunaraq bütün ailəyi adətən küçəyə tökmək surətilə vaqe oluyor. Öylə olmuşdur ki, bir ailə bir məmurun xatiri üçün sokaka atılmış, digər bir xişinin evinə sıxılmaq istədikdə orası da həcz olunaraq iki ailə birdən dışarıda qalmışdır.

Bu surətlə vaqe olan həczlər eyni zamanda ev sahiblərinin və bir takım ev icarədarlarının dəxi spikulyasiyasından xaric qalmıyor. Bir kirayənişin əlində “aciz” qalan ev sahibi əksərən məmurin ilə münasibata girişərək odasını “həcz etdirməklə” ticarət ediyor.

Həcz məsələsi o dərəcədə asan bir şəkil almış və ümumi bir hala gəlmişdir ki, əksərən məmurlar mənzil sahibi ikən məhzən kəndisinə xoş gələn digər bir mənzilə sahib olmaq üçün həcz vasitəsinə müraciətdən çəkinmiyorlar. Bəzi idarələrin məhzən məmurları kəndisinə yaxın olsun deyə o həvalədəki odaların idarə məmurları üçün həcz edilməsini tələb edərək həcz komisyonuna müraciət elədigi vaqe olmuşdur.

Böylə bir haldan mütəvəllid suyi-müamilənin və bu müamilədən doğacaq ümumi mənəviyyətsizligin əfkari-ümumiyyə üzərində nə kibi bir suyi-təsir hasil edəcəgini və xəlqin hissiyyati-hüquqpərvəranəsinə nə dərəcədə bir xələl verəcəgini əlbəttə təqdir edərsiniz.

Bu son dərəcə müxəlli-hüquq və heysiyyəti-dövlətlə namünasib olan əhvalın önünü almaq üçün atidəki tədbirlərin icrası ümuri-alilərinə aiddir.

1- Rəsmi idareyi-əskəriyyə və mülkiyyədən başqa bir müəssisə və ya şəxs üçün, o şəxs hanki bir məqam və məmuriyyəti haiz olsa da ev və ya oda həczini qətiyyən mən etmək yalnız nazirlər bu qanundan bəlkə müstəsna tutula bilər.

2- Həcz məsələsi bir zərurət halını aldığı zaman ailəyi tamamilə evdən çıxarmaq degil, heç olmazsa uplotneniye deyilən sıxışdırma üsuluna müraciət edilsin.

3- Həcz olunacaq ev və ya odanı boşaltdırmaq və yaxud sıxışdırmaq üçün ev və ya oda sahibinə 5 gündən 1 aya qədər möhlət vermək lazım.

4- Hər halda bir ailəyi 3 gün və ya daha az bir müddət zərfində tərki-məskən etdirmək qədər şiddətli bir tədbirə müraciətdən qismən imtina etmək.

Bu xüsusda sərih bir tədbirin ittixazına lüzum vardır, yoxsa ərkani-hürriyyətdən olan məsuniyyəti-məskən məsələsi Azərbaycan Cümhuriyyəti paytaxtında ənguşt halına gəlmiş bir hal kəsb edərək münafirəti-amməyi mucib olur.

“Müsavat” fraksiyası rəisi: Məhəmməd Əmin Rəsulzadə

Əslinə mütabiqdir:   katib imza

“Azərbaycan”, 21 ağustos (avqust) 1919, ¹257

Cəlil – hörmət sahibi

Həcz – müsadirə

Xiş – qohum-əqraba

Müxəlli – boşaldan, boşaldıcı

Mən – qadağa

Ənguşt – barmaqla göstərilən

Münafirəm – bir-birinə nifrət etmə

Ammə – kütlə

 

(Ardı var)

Məhəmməd Əmin Rəsulzadə

525-ci qəzet.- 2014.- 27 sentyabr.- S.26-27.