“Jurnalistikaya gəlişim
tam təsadüfi olub”
AZƏR
SARIYEV: “HƏMİŞƏ ÇALIŞMIŞAM Kİ,
GÖRDÜYÜM İŞ YAXŞI VƏ
KEYFİYYƏTLİ OLSUN”
Ölkə mediasının tanınmış isimlərindən
olan Azər Sarıyevlə həmsöhbətik. Görüşümüz
həmkarımızın doğum günündən bir
gün sonraya təsadüf edir. Beləcə
40 yaşlı dostumuzla onun ömründən bəzi səhifələri
vərəqləyirik.
– Azər
müəllim, öncə jurnalistikaya gəlişiniz barədə
danışaq.
–
Jurnalistikada olanların əksəriyyəti deyirlər ki, bu
peşə onların uşaqlıq arzusudur. Məndə
isə əksinə olub. Jurnalist olmaq barədə
heç düşünməmişəm də. Bu sahəyə gəlişim tam təsadüfi olub.
Jurnalist olmağı qarşıma məqsəd
qoymamışdım, hətta deyərdim ki, marağım da
olmayıb. Doğrudur, orta məktəbdə
oxuyanda rayon qəzetində bir-iki yazım çıxıb.
Həmin yazılar da orta məktəbdəki ədəbiyyat
müəllimlərimin təşəbbüsü və dəstəyi
ilə dərc olunub. Bir də atamın
maddi dəstəyi ilə. Restoranda baş
müsahib işləyən atam yazılarım çap
olunmamışdan əvvəl rayon qəzetinin şöbə
müdirlərinə qonaqlıq verirdi. Mətbuata
gəlişim isə “Avrasiya” qəzetində tərcüməçi
işləməklə başlayıb. Biz
beşinci kursda oxuyanda qrup yoldaşım Dünya Sakit
artıq “Avrasiya” qəzetində çalışırdı.
Hamımız diplom müdafiəsinə
buraxılmışdıq. Diplom müdafiəsini
bitirən kimi işləmək istəyirdim. O zaman
çətin dövrlər idi. Valideynlərimə
artıq yük olmaq istəmirdim. 1997-ci il
iyunun sonları idi. Universitetin qarşısında
Dünyanı gördüm və soruşdum ki, sizdə iş
varmı? Cavab verdi ki, olmalıdır, gəl
redaksiyaya. Mən də getdim, rəhbərliklə
söhbətləşdik və işə götürdülər.
Əvvəlcə tərcüməçi, sonra
siyasət müxbiri. Dedilər 50 dollar verəcəyik.
Ayın sonunda baş redaktor İrfan Sapmaz mənə 80 dollar maaş yazdığını söylədi. Ürəyimdə ona da, orada işə düzəlməyimə
səbəbkar olmuş Dünya Sakitə də, Sahib Alıyevə
də xeyli dua etdim.
– Mərkəzi Seçki Komissiyasında mətbuat xidmətinin
rəhbəri olmazdan öncə hansı mətbuat
orqanlarında çalışmısız?
– “Avrasiya”da 1997-98-ci illərdə işləmişəm. Sonra
1998-1999-cu illərdə “Ekspress” qəzetinin siyasət və
parlament müxbiri olmuşam. 1999-2003-cü
illərdə “Palitra” qəzetində baş redaktor vəzifəsində
çalışmışam. “Millət”, Hürriyət”,
“Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə də
əməkdaşlıq etmişəm.
– Necə
oldu ki, MSK-nın media və ictimai əlaqələr
şöbəsinin müdiri oldunuz?
–
Açığı dövlət qulluqçusu olmaq, inzibati
orqanlarda çalışmaq mənim üçün cəlbedici
idi. Dəvət gələndə bəzi
yoldaşlarla da məsləhətləşdim. Dost-tanışlarımın əksəriyyəti mənim
bu işin öhdəsindən layiqincə gələcəyimə
inandıqlarını bildirdilər. Minnətdarlıq
hissi ilə qeyd etmək istəyirəm ki, MSK-da media və
ictimai əlaqələr şöbəsinin müdiri vəzifəsinin
öhdəsindən gəlməyimdə sədr Məzahir Pənahovun
dəyərli məsləhətlərinin və ciddi dəstəyinin
çox böyük rolu olub. Sağ olsunlar, jurnalist həmkarlarımın
da dəstəyi mütləq qeyd olunmalıdır. İşlədiyim müddətdə MSK kollektivinin
yardımını, diqqətini hər zaman hiss etmişəm.
11 ilə yaxın MSK-nın mətbuat katibi vəzifəsində
çalışmışam.
– Mətbuat
xidmətinin rəhbəri olmaq çətin idi, yoxsa jurnalist?
–
Ümumiyyətlə, asan iş yoxdur. Əgər
işinə vicdanla yanaşırsansa, can yandırırsansa,
bütün çətinlikləri dəf edə bilərsən.
Hər kəs vəzifəsindən asılı
olmayaraq öz peşəsinin, vəzifəsinin məsuliyyətini
daşımağa borcludur. Yoxsa bizdə xəstəlik
səviyyəsinə çatmış bir mənfi xasiyyət
var, hesab edirik ki, işlədiyimiz yerdə təsadüfiyik,
burada olmağımız tarixi ədalətsizlikdir və ən
azı nazir müavini olmalıymışıq. İddialarımız imkanlarımızdan
böyük olur. Nəticədə də işi yola
veririk və faydalı iş əmsalı aşağı
olduğundan lazımi keyfiyyəti əldə etmək
mümkün olmur. O ki qaldı
çalışdığım sahələrə, deyim ki,
jurnalistika həqiqətən zəhmət tələb edən
peşədir. Həm gərək öz üzərində
işləyəsən, daima mütaliə edəsən, eyni
zamanda da axtarışda olasan. Məmurluğun, mətbuat
katibliyinin də özünəməxsus çətinlikləri
var. Mən də hər iki sahədə bacardığım qədər
çalışmışam ki, gördüyüm iş
yaxşı, keyfiyyətli olsun. Deyilənlərə
görə öhdəsindən də pis gəlməmişəm.
–
Ümumiyyətlə, fəaliyyətinizin neçə ilini
jurnalist, neçə ilini dövlət qulluqçusu kimi
çalışmısınız?
– Altı
il jurnalistikada (3 il reportyor, 3 il baş
redaktor) işləmişəm. 2003-cü il
avqustun 18-də Mərkəzi Seçki Komissiyası
Katibliyinin şöbə müdirliyinə əmrim verilib. MSK-da fəaliyyətim bu ilin fevralın 19-na kimi davam
edib. Dövlət qulluqçusu ixtisas dərəcəm
dövlət qulluğunun müşaviridir. Mərkəzi Seçki Komissiyasında işdən
ayrılandan sonra AzərTAc-ın Türkiyə üzrə
xüsusi müxbiri olaraq çox qısa bir müddət
çalışmışam. Ancaq
övladlarımın təhsili ilə bağlı məsələləri
həll edə bilmədiyimdən Azərbaycana qayıtdım.
Hazırda işsizəm. Aradabir
ölkə mediasında yazılarım çıxır.
– Yəqin
ki, siz də jurnalist işləyərkən məlumat
almağın çətinliklərini
yaşamısınız?
–
Xüsusi çətinliyim olmayıb. İnformasiya
almaqda mənim üçün heç vaxt problem
yaranmayıb. Həmişə istənilən
partiyada, yaxud qurumda mənbələrim olub. Bəzən olurdu ki, hansısa siyasi partiyadan
eksklüziv informasiya, yaxud siyasilərdən partiyadaxili, yaxud
başqa rəqibləri barədə kompramat almaq xatirinə
yalan da danışırdıq. Özümüzü
guya onların siyasi xəttinə, daşıdığı
ideologiyaya, məfkurəyə yaxın adam
kimi göstərirdik. Əksəriyyəti tora
düşürdü. Jurnalist arxasınca
getdiyi informasiyanı mütləq almalı, redaksiyaya
ötürməlidir. Etiraf edək ki, bu da
çox vaxt asan başa gəlmir.
– Mətbuat
katibi işlədiyiniz zaman olubmu ki, jurnalistlərlə
konfliktlər yaşayasınız?
– Konfliktə
gedən adam deyiləm. Hesab
etmirəm ki, işlədiyim dövrlərdə hansısa
jurnalist məndən informasiya almaqda çətinlik çəkib.
Heç vaxt olmayıb ki, hansısa sual
cavabsız qalsın. Hətta elə olub ki,
iş vaxtı bitəndən sonra da, istirahət günləri
də zənglərə, suallara cavab vermişəm. Amma Mətbuat Şurasının “qara siyahı”ya
saldığı reket jurnalistlərlə arabir yüngül
söz güləşdirməmiz olurdu. Onların
məqsədi bizə məlum idi və dillərini də, məqsədlərinə
yetirmədən könüllərini almağın
yollarını da bilirdik. Amma bəzən
lap üzlüsünə rast gələndə, layiq
olduqları tərzdə danışmalı olurduq. Bir sözlə, işlədiyim müddətdə elə
böyük konfliktlər yaşamamışam, amma xırda
problemlər olub. Məsələn,
özü də bilmədən dövlət tədbirini
pozmağa cəhd edən bir jurnalistlə yüngül
konfliktimiz olmuşdu.
–
Jurnalistika həyatınızda yadda qalan hadisə olubmu?
– Mənim
jurnalist işlədiyim dövr çox maraqlı illərə
təsadüf edir. 1997-ci ildən 2003-cü ilə
qədər jurnalistikada olmuşam. O illərdə
çox insanlar tanımışam. Həmin illərdə
əldə etdiyim informasiyalar, qazandığım təcrübə
və dostlar hər zaman köməyimə çatıblar.
Həmin dövrlərdə jurnalist işləmək
maraqlı idi.
– İlk məqalənizi
xatırlayırsınızmı?
– Analitik
yazı idi, “Avrasiya”da tərcüməçi işləyərkən
yazmışdım. Adı “İran inqilab ərəfəsində”
idi. 1997-ci il İranı ilə
1978-79-cu illər Pəhləvi İranını müqayisə
etmişdim. Mənim diplom işimin mövzusu
“İran islam inqilabı ərəfəsində Amerika-İran
münasibətləri” olub. Həmin
dövrü pis bilmirdim. 1997-ci il
İranın iqtisadiyyatı ilə bağlı rəqəmlər
əldə etmişdim və müqayisəli təhlil
aparmışdım. İran 1997-ci ildə islam
inqilabı ərəfəsində olduğu kimi hərbləşməyə
az qala büdcənin yarısından çoxunu
ayırırdı. Həmin hadisə ilə
bağlı maraqlı bir tarixi əhvalatı
danışım. İran islam
inqilabı ərəfəsində ABŞ Departamentinin gənc
eksperti İrandakı vəziyətlə bağlı hesabat
hazırlayaraq göstərmişdi ki, Pəhləvi rejimi
dövlət büdcəsinin yarısından çoxunu hərbləşməyə
ayırır və bu iqtisadiyyatın çökməsinə
və inqilaba səbəb ola bilər. O zaman təhlükəsizlik
məsələləri üzrə president müşaviri olan
Bzejinski həmin hesabatı kənara atmışdı və
demişdi ki, gəncdir, fikir verməyin. Bir
müddət sonra İranda inqilab baş verdikdə, demişdi
ki, həmin cavan oğlanı tapın gətirin. Nə
isə... Təhlil aparıb İranın inqilab ərəfəsində
olduğunu yazmışdım. İranın
o zamankı səfiri həmin yazı ilə bağlı
“Avrasiya” qəzetinə zəng edib mənimlə, baş
redaktor İrfan Sapmazla danışmış, bizi səfirliyə
dəvət etmişdi. Mən gələcəyimi dedim, amma getmədim. Amma deyəsən,
İrfan bəy getmişdi.
–
İnqilabsa baş vermədi...
– Hə.
1997-ci ildə Xatəmi hakimiyyətə gəlmiş və
iqtidar islahata getmişdi.
– Mətbuatda
kimlərin yazılarını oxuyursuz və hansı
yönlü yazılar marağınıza səbəb olur?
– Son
vaxtlar çox təsadüfi hallarda müəllif
yazıları oxuyuram. Yəni analitika,
köşə yazıları diqqətimi çəkmir.
Belə yazılar xüsusi diqqətimi çəkəndə
oxuyuram. Gündəlik informasiyaları izləyirəm.
Ədəbiyyat, mədəniyyətlə
bağlı yazıları oxuyuram. Şeirlər,
hekayələr, tənqidlər.
– İndiki dövrdə gənclər də müxtəlif
mövzularda öz qələmlərini sınayırlar. Necə
düşünürsüz uğurlu alınırmı?
– Mən
reportyor işlədiyim zamanlarda yazı prosesinə daha ciddi
baxırdılar. İndi elə saytlar var ki,
insan düşünür, onların redaktorları və ya
korrektorları yoxdur. Cümlədə
durğu işarələrinin harada qoyulmasını belə
bilmirlər. Orfoqrafik səhvlərə
çox tez-tez yol verilir. Cümlədə
bir feldən bir neçə dəfə təkrar istifadə
olunur. Redaktə və korrektura prosesi
savaddan başqa, ciddi diqqət tələb edir. Adamın
dili, qrammatikanı bilməsi o demək deyil ki, həmin şəxs
həm də yaxşı redaktor ola bilər.
Vurğulamaq istərdim ki, rəsmi mətbuatda
bu barədə problem yoxdur. Amma son vaxtlar
görürsən ki, bəzi müstəqil media
quruluşları da bu eyibləri aradan qaldıra biliblər.
Bizim jurnalistlərlə bağlı bir məsələni
də qeyd edim ki, çox savadlı, bacarıqlı və
enerjili media mənsublarımız var. Onlara öz
potensiallarını gerçəkləşdirmələri
üçün müstəvi vermək lazımdır. Bir nümunə göstərim. Ceyhungilin
“Bilik” fondundakı fəaliyyətinə diqqət yetirin.
Adamlar həm yaradıcılıqla məşğul
olur, həm də fondda diqqəti çəkən işlər
görürlər.
– Bəs
bundan sonra hansısa bir məqsədiniz varmı?
– Mən
fatalist adamam. Düşünürəm ki,
alnımıza nə yazılıbsa, onu da görəcəyik.
Amma o demək deyil ki, əməlin rasional məqsədli
tipindən uzaq adamam. Əksinə,
bütün işlərimi planlı və məqsədli
görürəm. Amma bötüvlükdə
həyatı yaşamaqla bağlı təqvim planı
tutanlardan deyiləm ki, ay bu yaşa qədər filan məqsədə
çatım, o biri yaşa qədər də bəhmən
işi görüm.
– Bəs,
iş axtarmırsınız? İşsiz
çətin deyil?
– Təbii
ki, axtarıram və əlbəttə, çətindir.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.-
2014.- 27 sentyabr.- S.24.