Azərbaycanın gözəl SİMASI
Anarın “Azərbaycan ədəbiyyatı,
incəsənəti, mədəniyyəti” (“Literatura. İskusstvo. Kultura Azerbaydjana”) kitabı
haqqında publisist düşüncələri
II cild
“SİMA”nın ikinci cildinə Anarın müxtəlif
illərdə rəssamlar, musiqiçilər, memarlar, kino və
teatr xadimləri haqqında yazdığı esselər daxil
edilib. Yeri gəlmişkən, yazıçı
özünün üçcildliyi üçün niyə məhz
esse janrını seçməsinin səbəbini ikinci cildə
yazdığı ön sözdə belə izah edir:
Bu janr “zaman və məkan hüdudlarında gəzişmək
üçün geniş imkanlar yaradır, müxtəlif
müqayisələr aparmaq azadlığı, ictimai əhəmiyyətli
hadisələri yaradılan portretlərin cizgiləri,
xüsusiyyətləri, məişət hadisələri
fonunda təqdim edə bilmək sərbəstliyi verir. Ümumilikdə
“Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti”
cildləri bizim xalqın ruhumun təcrübəsindən,
taleyimdə baş verən dəyişikliklərdən və
çarpışmalardan keçirdiyim mənəvi
dünyasının tarixidi”.
İkinci cildə daxil edilən məqalələr
ölçulərinə və məzmununa görə xeyli fərqlənir. Burada akademiklik və
ensiklopediklik həddində olan esselərə (xüsusən də
“Muğamın əbədiliyi”, “Xalça müdrikliyi”,
“Şərq miniatürü haqqında düşüncələr”
və başqaları) rast gəlmək olar. Digər
esselər həcmcə daha yığcam və kiçikdi.
Bu yazılar “təsadüfi”, yaxud da hansısa mədəniyyət
xadiminin yubileyi və ya vəfatı münasibətilə
(R.Behbudov, T.Quliyev, E.Səfərova və s. haqqında esselər)
qələmə alınıb. Üçüncülər
sırf şəxsi təəssüratlara, ya da xatirələrə
əsaslanır, bu və ya digər sənətkarın həyat
dolanbaclarının, yaradıcılıq irsinin xüsusiyyətlərini
dərindən və əhatəli açmağı
qarşıya məqsəd qoymur. (“Süleyman
Ələsgərovu xatırlayarkən”, “Şuşalı
Yalçınlı günlər”). “SİMA”nın ensiklopedik kanvasına belə
materialların da daxil edilməsində bir qanunauyğunluq var.
Belə ki, bu və ya digər sənətkarın
yaradıcılıq üslubunu, həmçinin geniş tərcümeyi-halını
daha peşəkarlıqla sənətşünaslar öz elmi
işlərində aça bilərlər. Anarın
“SİMA”sının vəzifəsi isə başqadı.
O özü bu haqda belə deyir: “Bəstəkarlar,
musiqiçilər, rəssamlar haqqında mən sənətşünas
deyil, yazıçı kimi yazıram. Mən
onların portretlərini təsəvvürümdə
olduğu kimi canlandırmağa çalışıram”.
Təsadüfi deyil ki, hansısa rəssamın üslub
müxtəlifliyi, hansısa musiqiçinin
yaradıcılıq tərzi barədə düşünərkən
Anar tez-tez ədəbiyyat aləminə müraciət edir,
müxtəlif xalqların və zamanların sevimli ədəbi
qəhrəmanlarıyla müqayisələr aparır.
Bəzən istiqanlı şahidin canlı müşahidə
və təəssüratları sənətkarı bizlərə
tamam gözlənilməz tərəfdən göstərmək
iqtidarında olur. Görkəmli bəstəkar Arif Məlikovdan
bəhs edən “Mən ittiham edirəm...” essesində
olduğu kimi.
İstənilən
halda “SİMA”nın mütaliəsi oxucudan
böyük diqqət tələb edir. İkinci
hissədə verilən esselərə gəlincə isə
onları birnəfəsə oxumaq mümkün deyil.
Anarın yazıları uzun yazıçı ömrü
müqabilində ərsəyə gəlib, bu mənada
onların oxunuşu da təmkin tələb edir: bəzən
buradakı məlumatları yetərincə həzm etmək
üçün mütaliəni saxlamalı, bu və ya digər
parçaya yenidən baxmalı olursan.
Cildə daxil edilmiş elə ilk esselərin
oxunuşundan mövzuya peşəkar yanaşma dərhal nəzərə
çarpır. Hekayətin mövzusundan doğan şəxsi
düşüncələriylə yanaşı Anar ciddi
mütəxəssis rəyinə istinad edir, kulturoloji və
tarixi paralellər aparır, onu maraqlandıran bu və ya digər
məsələlərin təşəkkül tapmasında əməyi
keçən elm adamlarının adlarını
xatırladır. Anar heç vaxt
özünün şəxsən varmadığı, hiss etmədiyi,
necə deyərlər, əliylə toxunmadığı
mövzular haqqında yazmır. Əgər qəhrəmanı
rəssamdısa, esse müəllifi mütləq onun
bütün rəsmləriylə tanış
olmalı (yaxud da artıq tanışdı), barəsində
başqalarının yazdıqlarını oxumalıdı.
Bir vaxtlar Anarın yaradıcılıq “mətbəxinin” bu
xüsusiyyətini görkəmli Azərbaycan
yazıçısı İsmayıl Şıxlı dəqiq
qeyd etmişdi: “Anarın bir yazıçı kimi
yaxşı xüsusiyyətlərindən biri də qələmə
alacağı mövzunu dərindən öyrənməsi, əsl
tədqiqatçı kimi axtarışlar aparması və
yalnız bütün bunlar mənimsənildikdən sonra yazını
başlamasıdı”. İsmayıl müəllimin
fikrincə, onun “Dədə Qorqud dünyası”, yaxud “Anlamaq dərdi”
kimi əsərləri bədii cəhətdən təsirli
olduqları qədər də elmidi.
Esselərdə tanıdığımız insanlar
haqqında xeyli yeni məlumatlar toplanıb və həm də
bu informasiyalar materialın qəhrəmanlarıyla olan şəxsi
tanışlıqdan, birgə işlərdən, söhbətlərdən
qaynaqlanan xatirələrlə daha da zənginləşib. Və işdi əgər
informasiya qıtlığı yaranıbsa, bu zaman Anar qəhrəmanı
barədə hər şeyi öyrənmək, yaxud
özünü maraqlandıran bəzi suallara cavab almaq
üçün həmin şəxsin evinə,
emalatxanasına, teatra gedərək onu səmimi söhbətə
çəkmək üçün jurnalist “işləyir”.
Mövzunun Azərbaycan xalçası, orta əsrlər
miniatürü, yaxud kino sənətindən bəhs etməsindən
asılı olmayaraq, hər analitik essedə onlarla mənbədən
iqtibaslar gətirilir. Bu sitatlar özündə Azərbaycan, Rusiya, Qərb
müəlliflərinin kitabları, məqalələri,
oçerklərini, qəhrəmanların şəxsi
düşüncələrini, onların
yaxınlarının xatirələrini və s. ehtiva edir. Və bütün bunlarla bərabər istinad etdiyi əsərin
müəllifinin adını və soyadını qeyd etməklə
özünə “əziyyət” vermək istəməyən (əslində
çox vaxt heç istinad da olmur, belə ki,
başqasının düşüncəsinə
açıq-aşkar plagiatlıqla sahib çıxırlar)
bəzi müasir yazıçı və publisistlərdən
fərqli olaraq, Anar həmişə özgəsinin
düşüncəsinə və rəyinə qarşı
diqqətlidi. Müəllifin və əsərin
adının tam göstərilməsi onun üçün zəruri
şərtlərdən biridi. Və əgər o,
hansısa kitabdan, yaxud hansısa materialdan iqtibas gətirirsə,
əmin ola bilərsiz ki, o, bu əsəri,
monoqrafiyanı, oçerki və s. əvvəldən
axıracan diqqətlə oxuyub. Anar həm də
düşünən oxucu, peşəkar tamaşaçı,
dinləyici, müşahidəçi kimi çox azsaylı
yazıçılarımıza xas olan keyfiyyətlərə
malikdi. Onun Azərbaycan rəssamları
haqqında olan esselərini oxuyarkən belə təsəvvür
yaranır ki, bu yazılar peşəkar sənətşünas
qələmindən çıxıb. Belə
ki, esselərində Anar həmin rəssamların təbiəti
və yaradıcılıq xüsusiyyətləri haqqında
elə incəliklə və mövzuya səriştəliklə
söhbət açır, müxtəlif rəsm əsərlərinin
mahiyyətini oxucuya elə obrazlı təsvir edir ki, istər-istəməz
bu qənaətə gəlməli olursan. Musiqi
aləminin korifeyləri haqqında olan esseləri oxuyanda isə
sənə elə gəlir ki, bu məqaləni peşəkar
musiqişünas yazıb. Bu cür
yanaşma memarlıq sənətindən bəhs edən məqalələrə
də aiddi (kino və teatrla bağlı məqalələri
qeyd etməyə ehtiyac görmürəm. Çünki Anarın incəsənətin bu sahələrini
mükəmməl bildiyi hamıya məlumdu).
Amma
fikrimcə, kitabda bu və ya digər sahələrə
işıq tutan ensiklopedik xarakterli esselər (“Muğamın əbədiliyi”,
“Qobustan magiyası”, “Milli teatrın kökləri”)
özündə daha qiymətli yük daşıyır. Bu mənada, orta əsrlər şərq
miniatürü haqqında olan yazı məni heyran etdi.
İlahi, bir gör, nəticədə bu parlaq essenin – əsl
müasir komparativistika nümunəsinin ərsəyə gəlməsi
üçün nə qədər ədəbiyyat oxunub, rəsm
əsərlərinə baxılıb, qalereyalar gəzilib!
Anar zaman
və məkan etibarilə bir-birindən fərqli olan
(Toğrul Nərimanbəyov – Sezan, Cavad Mircavadov – Meksika rəssamı
Ruffino Tamayyo, Rasim Babayevin “Müharibə” və Pablo Pikassonun
“Hernika” əsərləri) müxtəlif rəssamlar və rəsm
əsərləri arasında orijinal, bəzənsə
paradoksal körpülər, yaxud körpücüklər
qurur. Onun esselərində bu gün dəbdə
olan komparativistika elmi ruhunda xeyli kəşf və
tapıntı nəzərə çarpır. Məsələn, orta əsrlər şərq miniatürü
haqqında yazarkən müəllif onunla XX əsrdə
kubistika cərəyanını təmsil edən Avropa rəssamlarının
əsərləri arasındakı bənzərlikləri
göstərir. Yaxud, Azərbaycan
xalçasının boya zənginliyinin sehri üzərində
düşünərkən Anar, bir çox Avropa rəssamlarının
əsərlərində bizim xalçalardan “sitat gətirildiyini”
qeyd edir. Bununla yanaşı müəllif ümumi
sübutlarla kifayətlənməyərək, bu rəssamların
adlarını qeyd edir və onların
yaradıcılıqlarından olan nümunələri
“SİMA”nın səhifələrinə
yerləşdirir.
“SİMA”nın “damı altında” toplanan esselərdə
müəllifin intibah səviyyəsində olan hərtərəfliyi,
yeni biliklərlə, yeni təəssüratlarla gənclik
şövqüylə yanaşması heyrət doğurur. Üzdən baxanda, daş haqqında nə demək
olar, axı? Amma o, daş haqqında nəsrlə
yazılmış əsl poema yarada bilir (“Daş saatların
çıqqıltısı”).
Əlbəttə ki, Anarın hansısa sənətkarın
əsərinin üslubu, dili, yanaşma tərzi barədə
düşüncələri fərdi, subyektivdi. Bu məsələlərdə
Anarla razılaşmaq da olar, razılaşmamaq da, amma onun
yazdıqlarını oxumaq düşünən insan üçün
maraqlıdı. Çünki hər
cümlədən oxucuda özünə ağıllı,
mütaliəli və savadlı həmsöhbət
tapdığı təəssüratı yaranır.
Oxuduğunu hər kəs bir cür qəbul edir. Məsələn, mənim
üçün Anarın parlaq yazıçı qələmiylə
“SİMA”nın bu və digər qəhrəmanının
yaradıcılıq üslubunun özünəməxsusluğunu
qeyri-adi və özünəxas şəkildə təhlil
etdiyi esseləri oxumaq daha maraqlı idi. Anar özü
böyük sənətkardı və bu mənada, onun deyək
ki, Vaqif Mustafazadə, yaxud Tahir Salahovun istedadının təbiəti
barədə düşüncələri yeni və orijinal olduğundan
maraqlıdı. Bu düşüncələr
oxucunu yazının ardınca gələn fikirlərə,
dialoqlara diqqət kəsilməyə, necə deyərlər,
təhrik edir.
Bununla yanaşı Anar heç kimə öz
zövqünü və yanaşmasını təlqin etmir. Çünki
sovetlər dönəmində incəsənətdəki
bütün eksperimentlərə qarşı olan kütləvi
basqını yaxşı xatırlayır. Odur ki, o, incəsənətdə
peyda olan hansısa hadisəylə bağlı öz şəxsi
baxışlarını ehtiyatla, ustalıqla ifadə edərək,
sanki üzrxahlıqla bildirir ki, söhbət onun bunu qəbul
edib-etməməsində, yaxud anlayıb-anlamamasında deyil,
sadəcə, incəsənətin digər istiqamətləri
bir müəllif kimi ona daha yaxındı. Amma
Allah eləməsin, bu heç də o demək deyil ki, onun
üçün qəbuledilməz, yaxud hansısa bir
başqası üçün anlaşılmaz olan əsər
yaşamaq hüququna malik deyil (bax. Azərbaycanın
avanqard təsviri sənəti barədə olan
“Axtarışlar və itkilər” essesi).
Anar öz qəhrəmanlarının portretlərini necə
deyərlər, “laklamır”, ara-sıra onları insani zəiflikləriylə,
həyatlarındakı mürəkkəb anlarla, ustadlar
arasında olmuş qarşılıqlı münasbətləri
dramatik məqamlarıyla (bax. Fikrət Əmirovdan bəhs
edən “Sadəliyin dərinliyi” essesi) təsvir edir. Anar
özü özünə verdiyi “ məişət
məsələlərindən belə ətraflı
yazılsa, bu “yöndəmsiz” həqiqət görkəmli
şəxsiyyətlərin obrazlarına xələl gətirməzmi?”
sualını belə cavablandırır: “Əgər
onları (korifeyləri – E.A.) az-çox tanıyanlar, hər
halda gələcək nəsillər üçün
canlı şahidlik etməsələr, bu, şayiələrin
və əfsanələrin düzülüb qoşulmasına
rəvac verəcək”.
lll
Qeyd etdiyim kimi, üçcildliyə daxil edilmiş esselərin
əksəriyyətini Anar rus dilində, sonradan
başqaları tərəfindən tərcümə olunan bəzilərini
isə Azərbaycan dilində yazıb. Amma hər iki halda oxucu
müəllifin azərbaycandilli olduğunu hiss etmir, onun rus dilini
belə dərindən duymasına, ölkəmizdə bu iki
böyük dili qarşı-qarşıya qoymaq istəyənlərə
örnək ola biləcək və
olmalı olan bu zəngin iki dilliliyinə heyran qalmaya bilmir.
Öz qəhrəmanlarının portretlərini təsvir
edərkən, yaxud yaradarkən o, nəsrdə əsl rəssamdı
– oxucuyla həssas mənzərə ustası, təsiredici
lirik kimi ünsiyyət qurur. Anar Azərbaycan mədəniyyətinin
bu və ya digər hadisəsinin xarakterini açmaqda mahirdi.
Məsələn, o, iki nəhəng musiqinin – muğam və
cazın məğzinə, dərinliyinə vararkən bu qənaətə
gəlir:
“Muğam yaşamın ləngərli müşahidəsi,
anilikdən, heçlikdən emosional təcrid, Əbədiyyətin
özü qədər sonu görünməyən musiqidi.
Caz qaynar ritmlərin, yorulmadan, aman vermədən
dartınan əsəblərin sərbəstliyidi. Əlbəttə,
cazda da melanxolik blyuzlar, təsirli məqamlar var, amma caz kədərinin
konkret ünvanı mövcuddu. Bu, dünyəvi
kədər, itirilmiş vətən və azadlıq xiffətidi.
Bu, zaman içində olan tragizmdi.
Amma muğam metafizikdi, o özündə həyatın əzəli
faniliyini daşıyır, muğam zamanın çərçivələrinə
sığmayan tragizmdi”.
Adətən yumşaq təbiətli və təmkinli
Anar, düşünmədən Azərbaycan xalqının mənəvi
sərvətlərini dağıdanlara, yaxud bu məsələyə
laqeyd qalanlara qarşı qətiyyətli və hətta
amansızdı. Bu cür qınayıcı fikirlər memarlıq
nümunələrinə həsr olunmuş materiallarda, məsələn,
qədim daş abidələrlə – atların, qoyunların və
s. heykəlləri ilə bağlı esselərdə yetərincədi.
Müəllif qeyd edir ki, bu cür abidələrimizin
çoxu artıq məhv olub, özü də təkcə
erməni işğalçılarının əliylə
yox. Anar yeni Bakının
memarlığında da bəzi elementləri qəbul etmir.
“Köhnə İnturist”, “Moskva”
mehmanxanalarının sökülməsinə təəssüflənir.
Sevimli Bakısının bu və digər
guşəsini yenidən necə qurmalı olmaqla, paytaxtın
küçələrində hansı abidələri görməyi
arzulamasıyla, gələcək Dədə Qorqud parkını
necə təsəvvür etməsiylə bağlı
oxucularla fikrini bölüşür. Özünün də
yazdığı kimi, əlbəttə, bütün bunlar
yazıçı fantaziyasıdı, amma istərdik ki,
Bakının memarlıq simasına cavabdeh olan şəxslər
bu “fantaziyaları” oxuyub onlardan özləri üçün
xeyirli nəsə götürsünlər.
Hesab eləyirəm
ki, “Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti”
kitabı dərs vəsaiti kimi qəbul edilməli, gələcək
tiyə və fırça ustalarının, dirijor və bəstəkarların,
sənətşünas və teatrşünasların təhsil
aldıqları ali məktəblərdə
tədris olunmalıdı. Çünki bu esselər
həm də cansıxıcı akademizmdən uzaqdı,
yüngül oxunur. Əsl usta qələmindən
çıxmış püxtə, maraqlı bir dillə
yazılıb, qeyri-adi illüstrativ materiallarla zənginləşdirilib
və eyni zamanda mütəxəssislər üçün dəryalarca
faydalı məlumata malikdi.
“SİMA”dakı tərtib və dizayn işi xüsusi qeyd olunmalıdı. Mən müəyyən mənada esselər toplusu olmaqla (fundamental sözünü də qarşısına əlavə edərdim) yanaşı, əsl incəsənət kataloqu təsiri bağışlayan, səliqəylə işlənmiş belə bir zəngin kitab çoxdan idi görməmişdim. Kitabın maraqlı vizuallığından hiss olunur ki, bu sahə də ciddi-cəhdlə işlənilib. Belə ki, müəllif bu və ya digər rəssamın üslubu barədə paralellər gətirərkən yanına dərhal gözəl seçilmiş fotolardan illüstrasiyalar yerləşdirilir. Kitabda bütün teatr, səhnə, kino xadimlərinin portretləri, sevimli filmlərdən kadrlar, təsviri sənət nümunələri və s. təqdim olunur. Və bütün bunlar hamısı, necə deyərlər, yerinə düşür, işə yarayır. Bu yerdə üçcildliyin tərtibatçısı və məsul şəxsi olan milli poliqrafiya sənətimizin görkəmli nümayəndəsi Nazim İbrahimovun əməyi xüsusi qeyd olunmalıdı. O, Anarla birlikdə böyük bir işin öhdəsindən layiqincə gələ bilib. Buna görə ona dərin təşəkkürlər.
Bununla yanaşı, fotoların keyfiyyətli alınması məqsədilə kitabı rəsm kataloqları üçün nəzərdə tutulan ən yaxşı kağızda nəşr etdirmək lazım gəldi. Nəticədə kitab çox kütləli alındı. Belə ağır kitabla nə divana uzana, nə də kresloya yayxana bilərsən. Onu yalnız stolun üstünə qoyub şagird pozası almaqla oxumaq olar. Bu mənada, “SİMA” əlbəttə ki, kitabın müasir formatlarından uzaqdı. Bununla bağlı düşündüm ki, hər “SİMA”nın həcmini azaldıb deyək ki, üç yox, məsələn, altı cild (hissələrə uyğun) etsək, necə olardı? Onda kitab daha nazikləşər və yığcamlaşardı, əldə tutmaq da rahat olardı. Çünki müasir oxucu tənbəldi və ciddi yazıya elə də həvəsli deyil. Bu mənada, çətin ki, özündə belə “zəhmli” kitabın oxusuna başlamaq kimi cəsarət tapsın.
“SİMA”da mənim düzəliş vermək istədiklərim də var. Məsələn, xeyli sayda orfoqrafiya səhvləri və mətbəə xətaları (redaktorlar və xüsusən də korrektorlar bu səviyyədə və bu həcmdə olan kitab üzərində çox ciddi işləməliydilər) təəssüf doğurur. Bir də mənə elə gəlir ki, Anar öz esselərində müxalifət mətbuatı tərəfindən ona qarşı olan qərəzli hücumları çox xatırlayır. Biz onunla bu mövzu ətrafında xeyli söhbətlər etmişik. Mən ondan bu məsələyə bu qədər ciddi yanaşmamasını, bu xırda yaramazlıqlara əhəmiyyət verməməsini xahiş etmişəm. Çünki bu cür qərəzli paskvillər yazan cızma-qaraçılarla yazıçı Anar arasında olan məsafə həddən ziyadə böyükdü. Anarın bu reaksiyası insani tərəfdən anlaşılan olsa da, əksinə, bu, cızma-qaraçıları daha da həvəsləndirir və növbəti təxribatlara sürükləyir. Düzünə qalsa, onlar bu “şərəfə” layiq deyillər. Bir də gördun, Anarın sayəsində həmin bu qanturallar, astanbəylilər ustad yazarın bədxahları qismində olsa belə ədəbiyyat tariximizə düşdülər.
lll
Hər esseni oxuyarkən, adamın içindən az qala nida qopur: ilahi, bizim bu bərəkətli torpaqda necə şərəfli, istedadlı insanlar yaşayıblar (və yaşayırlar). Və Anar gör necə xoşbəxt insandı ki, bu korifeylərin əksəriyyəti ilə şəxsən tanış olub, dostluq edib. Və ona böyük afərin düşür ki, bu məqamları gözdən qaçırmayıb, bizlər üçün çox qiymətli olan bu simaları sözlərə həkk edib, təsvirlərini yaradıb. Və bizlər bu əvəzi olmayan şəhadətləri gələcək nəsillərə ötürəcək “SİMA”nın “damı altında” toplanan esselərə görə, necə də xoşbəxt və zəngin xalqıq.
Mühacir rəssamlarımızdan bəhs edən gözəl essesində Anar Əlibəy Hüseynzadənin oğlu Səlim Turan və tərcüməçi İldəniz Qurtulanla birlikdə İstanbulda “Xoşbəxt ol, Nazım” tamaşasına necə baxdıqlarını xatırlayır. Anar bu səhnə əsərinə baxdıqca əsl sənətin qüdrəti barədə düşünürmüş:
“Düşünürdüm ki, budu, artıq biz kommunist Nazım Hikmət haqqında tamaşaya baxırıq: pantürkizm ideoloqunun oğlu Səlim Turan, İranda “Musavat” partiyasının təmsilçisi olmuş, sonralar QULAQ cəhənnəmindən keçmiş və möcüzə nəticəsində sağ qalmış Əjdər Qurtulanın oğlu İldəniz... bir də mən – Musavat nazirinin nəvəsi və sovet nazirinin oğlu. Nazım üçün qapıları bağlanmış İstanbulda... Dəlicəsinə sevdiyi şəhərinə olan bu dəlicəsinə xiffəti Nazım özüylə məzara apardı. Və budu, onun ölümündən cəmi bir neçə il sonra İstanbulun düz mərkəzindəki teatrın səhnəsindən onun ölməz şeirləri səslənir. Bəli, bütün siysi qadağalar, siyasi çağırışlar gec-tez bütün maneləri dəf edib oxucusuna, tamaşaçısına, dinləyicisinə çatan əsl sənət qarşısında gücsüzdü”.
İnanmaq istərdik ki, eynilə bu şəkildə, dərc edilmiş sözdən təcrid olunmuş, ciddi ədəbiyyatı qəbul etməyən indiki gənc İnternet və sosial şəbəkələr nəsli də yenidən kitaba qayıdacaq. Və bu zaman Anarın “SİMA”sı Azərbaycan xalqının uzunəsrlik mədəniyyətini bütün möhtəşəmliyi və gözəlliyi ilə birlikdə onlara nümayiş etdirəcək.
Hələlik isə ikinci cildin qəhrəmanlarıyla sağollaşıb, “Yaşamaq haqqı”adlı tarixi-kulturoloji traktatla açılan 500 səhifəlik üçüncü cildin oxusuna başlayıram. Amma bu barədə gələn məqaləmdə...
Elmira Axundova
525-ci qəzet.-
2014.- 27 sentyabr.- S.22-23.