General əmri... Şair sözü...

 

 

 

İnsan yaşa dolduqca zaman da, məkan da başqalaşır elə bil. Çox şeyin mənası dəyişir. Əslində, dəyişilən adam özüdü, onun həyata baxışıdı. Çağdaş, sürətli dünyanın insanından ötrü isə hər şey daha çətindi...  Sanki dünya atlı olub, insan piyada. İnkişafın, yeniliklərin arxasınca qaça-qaça, hər təzə çıxan nəyisə öyrənə-öyrənə vaxtın necə keçdiyinin fərqinə də varmır adam. Bu günün, indinin dadını çıxarmağa macal tapmamış “sabah” qapını döyür... Axır bu günlə, sabahla qaçdı-tutdu oynamaqdan yorulub oturur. Sakitcə sonunu gözləyir... Amma yaşayaraq, sadəcə dünənində, xatirələrində yaşayaraq edir bunu.

Bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində canlandırılan General da dünənində qalmış adamdı. Söhbət Vaqif Səmədoğlunun “Generalın son əmri” pyesinin qəhrəmanından gedir. Bu əsərə illər öncə mərhum rejissor Hüseynağa Atakişiyev “Gənclər” Teatrı səhnəsində quruluş vermişdi. Bildiyimə görə elə baş rolu, General rolunu da özü ifa etmişdi. Təəssüf ki, o tamaşanın lent yazısı-filan qalmayıb, ona görə iki fərqli rejissorun eyni əsərə yanaşmasını müqayisə etmək imkanından məhrumam. Bu dəfə tamaşanın rejissoru Xalq artisti Ramiz Həsənoğludu. Bu rejissor-dramaturq “duet”inin, yəni Vaqif Səmədoğlu və Ramiz Həsənoğlu birliyinin həmişə uğurlu nəticə verdiyini bildiyim üçün tamaşanın premyerasını xüsusi həvəslə gözləyirdim. Hələ üstəgəl Cavanşir Quliyev musiqisi, Cəfər Namiq Kamal oyunu və s. Bir sözlə əla olmalı idi!

Hələ yay aylarından “Benefis” layihəmin növbəti yazısını hazırlayanda Ramiz müəllimin bir neçə məşqini izlədiyim üçün bu əsərə xüsusi  bir doğmalıq duyurdum. Həm də yeniyetməlikdən üzübəri Vaqif Səmədoğlu yaradıcılığının heyranı kimi kağız üstündə oxuduğum, həvəslə, gülərək, kövrələrək, ağlayaraq, düşünərək bir çox cümlələrinin altını cızdığım əsərin səhnədə necə görünəcəyi, nə cür təqdim olunacağı xeyli maraqlı idi. Son illər Azərbaycan səhnə əsərlərini  ardıcıl izlədiyim və tamaşaçının nəyə meyl etməsini az-çox bildiyim üçün bu işin çətinliyini də dərk edirdim. Əvvəla ona görə ki, əsər 1998-ci ildə “ramstor”, “şirvan” zamanında yazılıb. Və indi xeyli uzaqda qalmış, amma keçmiş statusunu da hələ qazanmamış bir dövrü bu gün səhnəyə gətirmək mənə qəliz görünürdü. Eyni zamanda əsərdə fantasmaqoriya elementlərinin, sürrealist səhnələrin varlığı, daha doğrusu reallıqla irreallığın sərhəddinin itməsi işi bir az da ciddiləşdirirdi. Amma əlbəttə bütün bunlar mənə oxucu kimi çətin gələ bilərdi. Uzun illərin təcrübəsi və peşəkarlıq isə öz sözünü dedi və 19 sentyabrda, Dram Teatrı səhnəsində “Generalın son əmri” tamaşasının premyerası baş tutdu. Elə ilk səhnələrdən əsl sənət, səviyyə özünü göstərirdi.

Hadisələr köhnə bir Bakı həyətində cərəyan edir. Sovet dövründə yüksək mənsəb sahibi olan general evin ikinci mərtəbəsində, onun əyyaş nəvəsi isə aşağıda yaşayır. Və ilk baxışdan konflikt də elə bu evin üstündə qurulub. Generalın bir qız nəvəsi də var ki, o da arabir gəlib hay-küy salır, anasından qalma lüstranı tələb edir. Amma Generalın nəvələrinin davası əsasən evə görədi, evi ələ keçirməkdən ötrü babalarının ölümünü gözləyirlər. Elə baba özü də ölümünü gözləyir. Ölüm mələyi, sevgilisi gələn gün hər şeyi nəvələrinə buraxıb gedəcək. Bircə general formasından və Marşal Rokosovskinin hədiyyə etdiyi silahdan başqa heç nə götürməyəcək özü ilə. Hələ möcüzə də baş verəcək həmin gün: Qız Qalasının üstündə nar ağacı bitəcək.

Tamaşa, rejissor işi və aktyor oyunu barədə fikirlərimi bildirməzdən əvvəl Vaqif Səmədoğlu dramaturgiyası və əsas da bu əsər haqda bəzi mülahizələrimi bölüşmək istərdim.

Mənə görə, Vaqif  Səmədoğlu yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatında ayrıca bir hadisədir. İstər poeziyası olsun, istər dramaturgiyası... Bu böyük sənətkar öz dəsti-xəttini, qeyri-adi, tamam yeni, orijinal üslubunu gətirib ədəbiyyatımıza. Və bu o qədər qəliz, fərqli bir yoldu ki, onu nə yamsılamaq mümkündü, nə də ona bənzəmək. Vaqif Səmədoğlunun şeirlərini, yaxud pyeslərini oxuyanda qəribə bir asudəlik, rahatlıq, arxayınlıq duyursan. Elə bil dünyanı, qaydaları vecinə almayan, çərçivələri sındırıb dağıtmaqdan zövq alan bir adam oturub yazıb özüyçün. Elə-belə yazıb da... Bir az sözlə oynayıb, bir az insan hissləriylə, bir az aldadıb özünü, bir az açıb ürəyini, bir az gizlədib fikirlərini, ironiya edib, atmaca atıb... Hə, sadəcə yazıb... iddiasız, filansız. Amma nəticədə sənət əsəri alınıb. Və bu əsərlərin dərinliyinə gedəndə, bir balaca ədəbiyyatşünas kimi yanaşıb araşdıranda zərgər işini duyduqca heyrətlənməyə bilmirsən. “Generalın son əmri” pyesi də mənə görə Vaqif Səmədoğlunun bu cür rahat, çərçivəsiz, arxayın yazdığı, yaratdığı amma sözlə zərgər kimi işlədiyi, hər səhnəni, hər replikanı yüz ölçüb bir biçdiyi əsərdi. Müəllifin özü haqda dediyi və heç unutmadığım bir fikri var. Deyir, mən pyes yazanda da şairəm. Bu tamaşada da şair Vaqif Səmədoğlu çox vaxt gizlin işləsə də, ara-sıra qəhrəmanlarının diliylə bəzi fikirlərini açıq bildirir. Məsələn, Generalın  dilindən səslənən “Sevgidən ötrü bütün dünya birotaqlı evdir”, “Məhəbbət ölmür”, “Məhəbbət skleroz olmur” və s. aforizmlər şeir misralarına bənzəyir.

Əsərdə düşündürücü məqamlardan biri insanın keçmişində qalması, xatirələrlə yaşaması, zəmanəyə uyğunlaşa bilməməsidir. Yazımın əvvəlində dediyim kimi General dünənində qalıb. Keçmişinin bütün ağırlığına, çətinliklərinə baxmayaraq oranı arzulayır. Sovet dövrü, müharibə, Stalin, aldığı yaralar, sevgilisinin qoxusu – “Krasnaya Moskva” ətri, əmrinə müntəzir cəllad və s. bütün bunlar onun əsl həyatının hissələridir. Xalq artisti Cəfər Namiq Kamalın oyununu seyr etdikcə aktyorun rola yanaşması bir qədər qəribə görünürdü. Nədənsə adam generalı  bu qədər həlim, yumşaq təsəvvür eləmir. Amma sonra fikirləşirsən ki, axı bu adam, qəhrəman keçmişdə general olub. İndi o sevgilisini həyəcanla özləyən, ölümü səbrsizliklə gözləyən bir qocadı. Onun amiranə səsi, sərt tonu, qəddar əmrləri də keçmişdə qalıb. Ona görə Cəfər Namiq Kamalın yaratdığı General bu qədər mülayimdi.

Pyesdəki qeyri-adi məqamlardan biri də Generalın xəyalında olan hadisələrlə reallıqda baş verənlərin bir-birini əvəz etməsidi. Məsələn, şeypurçu, sevgili, fərari, cəllad obrazları hamısı xəyaldı, dünəndən gəlmiş ruhlardı sanki. Amma Oğul nəvə, qonşu, qız nəvə, polislər, qisasçı qadın bunlar hər biri real, bu günün qəhrəmanlarıdı. Və bu ruhlarla, xəyali obrazlarla real adamları görüşdürmək, danışdırmaq, onları bir süjetdə birləşdirmək həm dramaturqun, amma artıq səhnədə daha çox rejissorun böyük uğurudur. Ramiz Həsənoğlunun özünəməxsus estetikası, yumoru, zərif ironiyası bu tamaşada da özünü göstərir.

Əsərdə əsas hadisələr, gizlin məqamlar oğul nəvə ilə qonşunun dialoqlarında açılır. Oğul nəvəni Sabir Məmmədov, qonşunu isə Rövşən Kərimduxt ifa edirlər. Bütün tamaşa boyu alkoqoldan ayılmayan bu iki əyyaş dünyanın ciddi məsələləri, mühüm problemləri haqqında söhbətlər edirlər. Və deyim ki, hər iki aktyorun oyununun arxasında zəhmətin, həm də ciddi rejissor işinin durduğunu aydın sezmək olur. Bir anlıq mənə elə gəlirdi ki, yəqin Rövşən Kərimduxt tamaşadan çıxanda da evinə aşa-aşa gedəcək. Bir sözlə sərxoşluq bu iki aktyorun təbii halına çevrilmişdi sanki.

Qız nəvəni canlandıran Mehriban Xanlarovanın enerjisi ilə obrazın ruhu, ovqatı xeyli üst-üstə düşür. Aktrisa anasının lüstrasından ötrü yeri-göyü dağıtmağa hazır sonsuz, bir az da çoxbilmiş bir qadını çatdıra, yarada bilib. Və birdən lüstra deyə-deyə özü də lüstraya dönən qadın səhnəyə çıxanda tamaşaçı çaşıb qalır. Bu da müəlliflərin ironiyasıdı. Dünya malından ötrü özünü öldürən yazıqlara kinyalələridi. Və rejissorun bu səhnəni eyhamsız, filansız olduğu kimi səhnəyə çıxarması son dərəcə düşündürücü, həm də gülməlidi. Hər halda zal uğunub getmişdi gülməkdən. Amma Vaqif  Səmədoğlu oxucusunu, tamaşaçısını gülə-gülə ağlatmağı, gözündə yaş güldürməyi hər kəsdən yaxşı bacarır. Və Ayşad Məmmədovun canlandırdığı Cəllad, yaxud Almaz Amanovanın yaratdığı Qisasçı qadın obrazları sanki məhz düşündürmək, kövrəltmək üçün gəlirlər səhnəyə.

... Bütün tamaşa boyu kəndir hörən, kitablardan, əsərlərdən sitatlar gətirən     mütaliəli cəllad ölüm, həyat, intihar haqqında müxtəlif fikirlər səsləndirir və bəzən hətta diksindirir də adamı. Bu fikirlərin də hamısı Vaqif Səmədoğluna aiddi, onun aforizmləridi. Kitab oxuyan və sonda özünü asan cəllad, yaxud düşmənə güllə ata bilməyən fərari (Pərviz Məmmədrzayev) nə qədər qəribə görünür, deyilmi? Məncə, burda müəlliflərin əsas çatdırmaq istədiyi bir başlıca fikir var... İnsanın taleyindən, məşğuliyyətindən, xarakterindən, hansı peşəyə sahibliyindən asılı olmayaraq sadəcə insan olması. Yüzlərlə adamın qanına əlini bulaşdırmış Cəllad da insandı: çay içir, kitab oxuyur... heç kimə əl qaldıra bilməyən, düşmənə güllə atmayan Fərari də insandı: qorxur, ağlayır, kövrəlir...  bir vaxt əmrləriylə dünyanın çarxını tərsinə fırlada bilən, indi isə öz hücrəsinə çəkilib ölümü gözləyən General da insandı: “Ramstor”a gedir, pendir alır, qəhvə içir... Bu qeyri-adi, bir az da əndrəbadi qəhrəmanların içindəki adi, “sıravi” adamı, insanı göstərmək əsərin əsas uğurlarından biridir.

Hadisələrə son dərəcə uyğun musiqi isə tamaşaya xüsusi ovqat gətirir. Şübhəsiz ki, Cavanşir Quliyevin peşəkarlığı və uzun illər Ramiz Həsənoğlu ilə birgə çalışması, uğurlu işlərə imza atması bu dəfə də öz bəhrəsini verib. Xüsusən, qısasçı qadının Generalı öldürmək üçün gəldiyi səhnədə musiqi xeyli təsirlidi.

Bu məqamda ümumiyyətlə bütöv əsərdən – pyesdən, rejissor işindən, musiqidən, aktyor oyunundan və hamısının birgə vəhdətindən danışıb bir vacib məsələni də vurğulamaq istərdim. Bu əsər hazırlıqlı, intellektual tamaşaçı üçün nəzərdə tutulub. Daha doğrusu tamaşadan bütöv zövq almaq üçün bir az o dövrü, insanları, xarakterləri bilməyə ehtiyac var. Məsələn, tamaşada bir dialoq var. Şeypurçu ilə Generalın dialoqu. Şeypurçu generala deyir ki, Fima Qolşteyn dolların kursunu bilmək istəyir. General cavabında deyir: Bu da sənə Sovet İttifaqı Qəhrəmanı... O dövrdən xəbərdar tamaşaçı bilir ki, onda valyuta alqı-satqısı ilə məşğul olan adamlar həbsə atıla, xalq düşməni elan edilə bilərdilər. Bu mənada çoxbilmiş, yəhudi Qolşteynin özü Sovet İttifaqı Qəhrəmanı ola-ola dollarla maraqlanması uğurlu tapıntı deyilmi? Həm də Generalın bunu necə şərh etməsi... Lakin xəbərsiz adamdan ötrü bu sadə, adidən adi bir söhbətdi. Tamaşada onlarla bu cür replika, dialoq var... Və kimsə bunları qəbul edə, anlaya bilmirsə, səbəbi  özündə görsün.

... Əsərin əsas, həlledici məqamı yaxınlaşır və göydən zanbaqlarla birgə qapqara paltarlı sevgili gəlincə səhnədəki ovqat dəyişir. Məncə, quruluşçu rəssam Nazim Bəykişiyev və işıq üzrə rəssam Rafael Həsənovun “əl izləri” ən çox bu yerdə özünü göstərir. Rəngbərəng zanbağların “içindən” sevgilinin qara gəlinlik paltarında çıxması son dərəcə təsirli, yaddaqalandı.

...Nəhayət, o gözlənilən vüsal anı yetişir. General Krasnaya Moskva qoxulu sevgilisinə qovuşur. Onsuz da tamaşa boyu kövrək, həssas Cəfər Namiq Kamal sevgilisini, Sənubər İsgəndərovanı görüncə az qala əriyib gedir. Onu deyim ki, aşiq-məşuqə obrazı onların hər ikisinə yaraşır. Bir az xatirələrə dalandan, ötənləri yada salandan sonra getmək zamanı çatır. General məktub yazır, daha doğrusu nəvələrinə baba məktubu yox, Generalın son əmrini yazıb qoyur... Və güllə açılır!

Sevgilisinə, ölüm mələyinə qoşulub “gedir” General... Nəvələrinin, polislərin hay-küyünə, şeypurçunun ciddi-cəhdinə baxmayaraq ayılmır. Yalnız sonda gözlərini açıb bizə, tamaşaçıya baxır və “Mən burdayam!”deyir. Amma harda? Keçmişdə, xatirələrdə, xəyallarda... Axı General üçün “bura” anlamı yalnız keçmişlə bağlıydı...

... Və sonda Qız Qalasının təpəsində nar ağacı bitir, çiçək açır, nar gətirir!

İnsan inamının yaratdığı möcüzə. Nar ağacımı? Yox! Vaqif Səmədoğlunun gözləri... Aylardı xəstəliyi ilə döyüşən Sənətkarın, Kişinin qalibiyyəti... Lojadan hər bir tamaşaçısının gözünün içinə baxması, üzündən yağan nur, baxışlarındakı  sevinc və “Mən burdayam” – deməsi. Ramiz Həsənoğlunun illərdi birgə çalışdığı sənətkara ehtiramının, sayğısının açıq-aydın duyulması... Nüşabə xanımın həyat yoldaşından gizlətdiyi göz yaşları... Ayaq üstə alqışlamaqdan yorulmayan bizlər, tamaşaçılar... Bütün bunlar sənət əsəri deyildimi? Yox! Həyat idi! Sadəcə Həyat!   

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 27 sentyabr.- S.21.