Bakıda "Əbdürrəhman Cami və müasirlik" mövzulu
beynəlxalq konfrans keçirilib
Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Mövlana
Əbdürrəhman Caminin
600 illik yubileyinə həsr olunmuş “Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikasının
Azərbaycandakı səfirliyinin
təşkilatçılığı ilə Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt Zalında keçirilən tədbirdə
Azərbaycan elmi ictimaiyyəti ilə yanaşı Tacikistanın
və bir sıra xarici ölkələrin diplomatik
korpuslarının və
elmi qurumlarının
nümayəndələri iştirak
ediblər. Konfrans iştirakçıları əvvəlcə
foyedə böyük
Şərq mütəfəkkiri
Əbdürrəhman Caminin
Azərbaycan, tacik, ingilis, rus dillərində
çap olunmuş kitablarının sərgisi
ilə tanış
olublar. Tədbirdə AMEA-nın prezidenti,
akademik Akif Əlizadənin və Tacikistan EA-nın prezidenti, müxbir üzv Fərhad Rəhimovun təbrik məktubları oxunub.
Təbriklərdə hər iki ölkənin elmi-mədəni
əlaqələrinin yüksək
xətlə inkişaf
etdirildiyi vurğulanıb,
beynəlxalq tədbirin
işinə uğurlar
arzulanıb.
Konfransı giriş sözü
ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb, Azərbaycan
və Tacikistan respublikaları arasında
qarşılıqlı dostluq
və elmi əməkdaşlıq əlaqələrindən
danışıb, əməkdaşlığın
bundan sonra da inkişaf etdiriləcəyini bildirib.
Bu yaxınlarda iki ölkə akademiyası arasında elm sahəsində
əməkdaşlıq üzrə
birgə layihələrə
start veriləcəyini diqqətə
çatdıran akademik
bu sahədə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən aparılan
fəaliyyətin hədəflərini
qeyd edib. Akademik İsa Həbibbəyli təkcə Şərqdə
deyil, bütün dünyada tanınan Əbdürrəhman Caminin
həyatı və yaradıcılığı haqqında
ətraflı məlumat
verərək dahi mütəfəkkirin əsərlərini
geniş şərh edib. Bildirib ki, Əbdürrəhman
Caminin irsi tərəqqipərvər bəşəriyyət
tərəfindən yüksək
qiymətləndirilir, dünyanın
hər yerində onun əsərləri bu gün də
tərcümə edilir,
nəşr olunur və oxunur.
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin 12
yanvar 2004-cü ildə
verilmiş sərəncamı
əsasında bir sıra dünya klassikləri sırasında
Caminin də əsərlərinin latın
qrafikalı əlifba ilə çap edilib ölkə kitabxanalarına hədiyyə
olunmasının iki ölkə arasında mövcud olan mədəni əlaqələrin
bariz nümunəsi olduğunu bildirən akademik İsa Həbibbəyli Azərbaycanda
dahi söz sahibinin əsərlərinin
daima çap olunduğunu, bu sahədə elmi tədqiqat işlərinin
aparıldığını diqqətə çatdırıb.
Akademik, tacik xalqının böyük
oğlu, tacik-fars ədəbiyyatının görkəmli
klassiki Əbdürrəhman
Caminin fəlsəfi və bədii əsərlərinin təhlilini
verərək, şeirlərindən
nümunələr gətirib,
dahi klassikin üç divanını
ətraflı şərh
edib, bu irihəcmli silsilə divanların nəsihətamiz
ideyasını, ədalətə,
əmin-amanlığa çağırış
missiyasını yüksək
dəyərləndirib. Akademik
İsa Həbibbəyli
Şərqin böyük
söz ustadları Nizami Gəncəvi, Firdovsi, Sədi, Hafiz Şirazi, Yunis İmrə, Əmir Xosrov Dəhləvi, Nəsimi, Füzuli və başqaları ilə bir sırada
Əbdürrəhman Caminin
də əsərlərinin
dərin fəlsəfəsi,
bəşəriyyətə humanizm, birlik, sülh, ədalətlilik çağırışları ilə tarixdə iz qoyduğunu bildirib.
Qeyd edib ki, “Baharistan”, “Yusif və Züleyxa”
və digər əsərləri ilə ustad sənətkar tamamilə fərqli düşüncə üzrə
fəlsəfi fikir dünyasında işıqlı
ideyalar ortaya qoyub, məhəbbət dastanını cəmiyyət
dastanına çevirməyi
bacarıb. Tacikistan Respublikasının Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Zoxir Saidov belə bir nüfuzlu
beynəlxalq tədbirin
keçirilməsinə görə
ölkə prezidentinə,
o cümlədən AMEA-nın
rəhbərliyinə minnətdarlığını
ifadə edərək
təşəkkürünü bildirib, Azərbaycan və Tacikistan dövlətləri arasında
qarşılıqlı elmi-mədəni
əlaqələrin bundan
sonra da inkişaf etdiriləcəyinə
əminliyini diqqətə
çatdırıb. YUNESCO-nun Azərbaycandakı
nümayəndəsi Günay
Əfəndiyeva təmsil
etdiyi beynəlxalq qurum tərəfindən qeyri-maddi mədəni irs sahəsində görülən işlərdən
danışıb, bu sahədə Heydər Əliyev Fondunun yaxından iştirakını
xüsusi vurğulayıb,
Əbdürrəhman Caminin
yaradıcılığının beynəlxalq aləmdə geniş təbliğ olunduğunu diqqətə
çatdırıb. Sonra
elektron akt zalında Tacikistan EA-nın prezidenti, müxbir üzv Fərhad Rəhimovla videobağlantı yaradılıb,
o, beynəlxalq
konfransı uğurlu elmi-mədəni hadisə
kimi səciyyələndirib.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli də videobağlantı vasitəsilə
çıxış edib. İran
İslam Respublikasının
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Möhsün
Pakainin çıxışında,
Tacikistan EA-nın müxbir üzvü,
professor Mirzo Mulloanmadovun
“Əbdürrəhman Cami
– misilsiz humanist”, AMEA Humanitar
və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Nizami Gəncəvi və Cami” mövzularında
məruzələrdə, o cümlədən İran
İslam Respublikasının
Azərbaycandakı Səfirliyinin
Mədəniyyət Mərkəzinin
sədri Səid İbrahim İbrahiminin çıxışında Şərqin
böyük dühası,
tacik-fars ədəbiyyatının
misilsiz nümayəndəsi
Əbdürrəhman Caminin
yaradıcılıq məziyyətlərindən
söhbət açılıb,
əsərlərinin elmi
tədqiqat nöqteyi-nəzərindən
təhlili verilib.
Ağahüseyn ŞÜKÜROV
525-ci qəzet.-
2014.- 27 sentyabr.- S.16.