Müşfiq insanlar ölkəsi....
MÜŞFİQ CƏFƏROVUN XATİRƏSİNƏ
Səhər
açılır və telefonun zəngindən narazı simayla ayılmaq
var deyəsən qismətdə. Hələ üstəlik ekranda
gördüyün ad da səni təəccübləndirir. Niyə,
nə olub
görən, nədən səhər tezdəndən? Sonra heç bilmirsən
danışıq nə qədər
çəkir... Bir
dəqiqəmi, bir saatmı, ya heç bir zaman
vahidinə sığmayacaq
qədərmi?.. Sonra çökürsən... İzahı çətindi
bu vəziyyətin... Ağlaya bilmirsən,
amma çaşqınsan...
Suallar var beynində...
Həm də
qarmaqarışıq suallar... Bunları yerbəyer eləmək də olmur... Bildiyin bircə həqiqət var, sona
qədər inanmasan da
...Yoxdu bu insan
artıq... Sənə dedilər ki , yoxdu... Və sən
düşdüyün bu
qırx arşın quyunun dibindən baxırsan yuxarı. Boğula-boğula baxırsan...
lll
Yoxlar var
həyatımızda, var. Yoxdan Var edən pay
verib bizə. Var ola bilmək üçün
yoxluğa öyrəşmək
gərəkli. Nəyə lazım axı sərsəmlik...Vardı və...yoxdu... Öyrəşsən
də budu, öyrəşməsən də...
Nə çətindi
Allahım, hisslərinin rəngini çəkmək . Qara da deyil –
bulanıqdı. Dərk eləmək, özünə yaxın qoymaq istəmirsən.
Hər Yoxluğa hər
dəfə öyrəşmək.
Varlığın sirri
yoxluqdamı? Və bir
dostum bu fikirlərimə əlavə edir – birinin yoxluğunu qəbul etmək çox çətindi,
qəbul edənə qədər
varla yoxun arasında gedib-gəlirsən...
lll
Amma hələ ki,
çaşqınsan... Sözlərini xatırlayırsan, səsini
xatırlayırsan, gözlərini, baxışlarını
xatırlayırsan... Son gördüyündə sənin sual və məzəmmət dolu
baxışlarına incik-incik
“HƏ” deməyini xatırlayırsan... İndi lap yandırır o incik
“HƏ”... Necə ola
bilər deyə
düşünürsən ...Var axı, O. Var... Var?!
Yoxdu!!! İndi hamısı keçmişdə qaldı...
Allahım,
nə çətindi sınaqlarına dözmək,
imtahanlarına tab gətirmək...
lll
Nekroloqlar daha
çox insanların etmədiklərini ifadə
edərlər. Bir
abzasın içinə nə sığışdırmaq olar ki?
Və əgər
ölmüş dediyimiz biri cəmiyyətin də tanıdığı biri
deyilsə? Onda
nə yazacaqsan? Necə izah
edəcəksən onun da
bir planet olduğunu, ya da həyatına kometa
kimi girdiyini? “Sabiq polis mayoru qəzada
həlak oldu”. Kim
üçünsə adi xəbər, kim
üçünsə ürəyinə
sancılan bıçaq. Hər şey nə qədər nisbidi, İlahi?
lll
Yazıram və
görürəm ki , suallar
axırıma çıxır... Axırsız
suallar. Bu dünyanı kiçildən texnologiyalar həm
də ağrıları
virtuallaşdıra bilmir, niyə? Sevinəndə,
güləndə, ağlayanda hər şey
təbii olur... Lap ekrandan oxuyub
uğunub gedərsən... Ya da dünən oxuyub
güldüklərinə bu gün gözlərin dolar... Və bu sosial şəbəkələrə barmaqarası baxanlar da böyük səhv
edirlər. Burda
real həyatdan daha
doğma olur insanlar. Birinin yoxluğunu dərhal hiss
edirsən, hər kəs
öz yerində olur. Burda qurduğun dünya daha ədalətli olur, özünü tapanlar da çox olur. Burda əməldən çox söz
var, söz isə... (sözləri
öz çirkin əməllərinə vasitə edənlər də var təbii) Başlanğıc... Və burda elə
insanlar kəşf edərsən
ki, real həyatda min il arasan bulamazsan. Bu ölkədə
insanların ruh tezliklərini aşkar etmək daha rahatdı.
lll
Görəsən niyə ölümündən
(bu ölüm sözünü
nə ağrıyla yazıram bir Allah bilir ) sonra insanın rəsmləri də
başqa cür baxır? Yazdığı sözlər də
başqa cür oxunur?
Niyə?
Sözlər
və şəkillər
də enerji alırlar?
Nə alışa
bilirsən, nə
barışa bilirsən... İndi fikirləşirəm ki, həmişə
çox mütəvazi qeyd etdiyimiz
ad günü də bu dəfə çox
təmtəraqlı və şad keçdi. Sonuncu idi
ona görəmi? Və
monitorun o üzündən
hər insanın
sevinci keçdi ekranın bu üzünə, paylandı
hər kəsə... O, başqaları
üçün bayram yarada bilirdi, sevindirə bilirdi
insanları... Bu
sonuncu
onunçün oldu . Həmin
vaxt
yazdığım təbriki yenidən oxuyuram...
“Məsələ belədi. Hər hansı
canlının mövcud olması üçün Yaradan
münbit şərait yaradır.Və o mütləq həmin
mühitdə yaşamalıdı. Məsələn,
evkalipt ağacı günəşi sevir, uçurumların kənarında
bitir, böyük çətirinin altında nə qədər
canlını barındırır.Yarpaqları yaralara məlhəmdi,
əsəb sistemini sakitləşdirir. Qədim yunan
dilində EU –xoş, xeyirli , KALİPT –
gizlətmək anlamını verir. Koala da bu ağacı
seçib özü üçün.... O qədər
maraqlı canlıdı ki... Koala da yerli dildə – su içməyən
deməkdi. Boş əyləncələrə
vaxt xərcləmir, bütün günü yatıb dincəlir,
gecələr də ağaclarda gəzib evkalipt
yarpaqlarını yeyir. Belə demək
olar – Koalanın ictimai həyatı yoxdu. Amma qəzəblənəndə
də üzünü görməyəsən, elə
dalaşar ki... Bunlar niyə yadıma
düşüb?))))))))))
Bıyyyy
həəəəə.... Bizim Koalanın ad günüdü
)))))) Günəşə boylanan, amma gecələr
görünən, uçurumun kənarında oturub, çətiri
altında nə qədər canlını yığıb
birləşdirən, əsəblərinə məlhəm
dostumuz – VİVAT!!!!!!! Müşfiq Cəfərovun ad gününə )))))))
Və qəribədi ki, həmin vaxt səhifəmdə
paylaşdığım bu
şeirin altında –
Baxıram
bu aləm
öz
aləmində,
Mən
açan çiçəyəm,
Solan yarpağam.
Nə
vaxtsa, dünyanın duru dəmində
Yenidən
dünyaya qayıdacağam.... –
“Əgər qismət
olsa” yazmışdı....
Koala deyirdim – yuxusuz idi , gecələr gəlirdi
şəbəkədəki dostlarının yanına. Dostlarını bir araya
yığıb
toparlaya bilirdi... Komsorq deyirdim.
Şeirlərini oxuyandan sonra – Laçın deyirdim...
lll
Allah əlinizdən alıb, qəlbinizdən də alsın deyirlər adətən. Bir dəfə oğlunu
itirmiş tanış bir qadına “Allah səbr versin”- dedim. Diqqətlə üzümə baxdı
və “bunlar sözdü də”
dedi.... Nə rahat olardı,
amma qəlbin düyməsi
də insan əlində olsaydı... Həm də bunu düşünürəm
ki, dünya
dağılardı onda...
Dağılıb deyə bilərsiz – yox!!!!
Dağılsa heç nə olmazdı... O da olmazdı. Var
axı...
Eqoist
varlıqdı insan. Sevdiklərini
özünə görə sevir. “Sənsiz neylərəm” deyir? Özünü
düşünür... Neyləyəcəksən? Sənə aid
xatirələrin qalır
qəlbinin mübhəm guşələrində.... Ya da başqası
üçün ağlayanda bir
pay da özümüzçün
ağlayırıq. Özümüz gedəndə ağlaya
bilməyəcəyik axı....
lll
Burkina Fasonun müşfiq vətəndaşı. Sıldırımın lap kənarında dayanıb, baxanda üşənirsən... Burkina Faso
– şərəfli
insanlar ölkəsi. Və bu ölkənin şəfqətli,
mərhəmətli
sakini.
Bunlar virtual
səhifənin verdiyi məlumatdı
. Sonra
tanıyırsan, qat-qat açılır səhifə. Sənin də bu səhifəyə öz redaktələrin əlavə olunur. Komsorq deyirsən, Koala deyirsən... Lap son
vaxtlar da – Laçın... Onun da sənə verdiyi
ismi hər kəs
qəbullənir. Heç soruşmadım da mənə niyə
elə deyirdi... İki ildə vaxt
tapmadım... Lənətə gəlmiş zaman.
lll
İnsanlar
bölüşmək, paylaşmaq istəyirlər. Bəzən etiraflar eləmək
istəyirlər. Dünyəvi dinlər bunu məqbul hesab edir. Katoliklər keşişin yanına
gedib günah çıxarırlar, İslamda tövbə anlayışı var... Mənə görə, daha
doğrusu İslamda olandı. Bəndəynən Allahın arasına kim
girə bilər ki? Üzünü tutdun
yuxarı və “Allahım, əfv elə” dedin... Günahları da
özündən yaxşı
kimsə bilməz... Elə etiraflar
da var ki , onu heç özünə də edə
bilmirsən....
Amma öz
aralarında
bölüşür
insanlar, kimin bəxti gətirib
də məhz anlayana rast gəlsə.
İzharım dünya, dünya...Və ....
***
“Dirilmiş”
ölüyə ağlamaq nə qədər
mənalıdırsa ...
“Ölmüş”
dirilərə ağlamamaq
o qədər
mənasızdır
...Dağın
hər tərəfini görmək üçün
başına dolanmalısan...
Vaxtsız
gələn, Əzrayıl,
nə
hörmətsiz olursan?
Birinə
verdiyin hərarəti geri almayanda çox üşür
insan... yaxın olsun,
ya
uzaq...
Nə fərq
edər, göy üzündə gecədir
ya
gündüzdür, aydınlıq olmayınca ...
Olan olur
düzdü, keçən heç vaxt keçmir
!
Bu da onun
etirafları idi....
İçi
boşluq dolu, izsiz – illəri .
Sevgisiz
bir qəlbi, yaşatmaq çətin .
Tikana
bürünmüş qızılgülləri
,
Kökündən
qoparıb qoxlamaq çətin...
...........
Yüksəkdə ucammaz, naşı ovçunun
Qanadın
qırdığı, lap tərlan ola .
Gözlərdən
sədəqə yığan yolçunun
Gözlərin
doydurub qapatmaq çətin .
................
Ayrı
dünyalara düşdü mehrimiz,
Nə sən tutdurmadın, nə mən tutmadım.
Bir sirli dərgahda
göruşərik biz ,
Ayrı
dünyaları paylaşmaq çətin ...
lll
Aya getməsən, kraterlərin görməsən Ayı
necə təsəvvür
edə bilərsən? Və başqalarına necə təsvir
edə bilərsən? Naşı
ovçunun
qanadın qırdığı.... Qanadları nə qədər sağaltmaq olar... Bir gün qopacaq.... Əslində ruhu da, düşüncələri
də şair idi. Çırpınıb
öz yerini tapmaq
istəyirdi. İndi
şeirlərini yenidən oxuyub da
niyə vaxtında toplamağa məcbur
etmədiyimi
düşünürəm. Özünə münasibətdə çox biganə idi . Bəlkə də üzdən hər şey sakit
görünürdü. Amma insanların
içində fırtınalar cövlan edir...Ünvan
tapmır insan hissləri. Hərə özünü bir
yerdə axtarmağa başlayır – biri içkidə, biri
narkotikdə, birinə elə gəlir ki, gey olsa her şey
düzələcək, biri gündə bir kişi
dəyişərək özünə rahatlıq axtarır.
Əslində bir böyük səbəb var – REALİZƏ
OLUNMAMAQ...Və
buna görə də özünlə barışıq yaşaya bilməmək...
Qəlbin
axı dili yoxdur... Səsi yoxdur... Çığıra
bilmir... O gərək səbr etsin, səbr etsin, səbr
etsin...Hər kəs bacarmır bunu. Alınmır...
lll
...Bəlkə
o filmi görənlər xatırlayar – ruslar Paqanini haqqında
çoxseriyali film çəkmişdilər... 30 ildən çoxdu... Maraqlı aktyor ve rejissor işi ilə
diqqətçəkən bir film idi. Filmdə
həmişə Paqanini ilə birlikdə səyahət edən
bir obraz var – onun bioqrafı. Və onun bir
daxili monoloqu indiyə qədər yadımdadı. Deyir
ki, gələcək nəsillər heç vaxt tam anlamda
Maestronun (Paqaninin) kim olduğunu bilməyəcəklər.
Onun sehrli barmaqlarını, dinləyicini hipnoz edən
musiqisini eşidə bilməyəcəklər və onlar bu məhrumiyyətə
görə bədbəxtdilər...
Bəzən
çox sehrli bir adamı kiməsə anlatmaq istəyəndə
bu sözlər yadıma düşür...Hamının tanıdığı kəslərdən
danışmağa nə var ki? Bir də var
hamıya gizlin bir
planeti tanıdasan, sənin kəşfini görsünlər, inansınlar...
lll
Vallah, bizim axırımıza çıxır bu
laqeydlik, biganəlik. Tükənirik, nəslimiz kəsilir. Hisslərimizdən,
duyğularımızdan utanırıq ... Kaprizlərimizə,
təkəbbürümüzə qurban veririk könlümüzün bayramların. Amma o
qədər azdı ki,
bu insanlar həyatımızda...Varları özümüz yox
edirik, sonra...
Sonra bir səhər telefon zəngi gəlir ...Əcəl zəngi ...Və alt-üst olursan... Bir ölkə
itirirsən könül xəritəndən... Müşfiq insanlar ölkəsini...
Həsrət qalıb doğma yurdun nazlı,
Müşfiq qucağına; Gözlər yaşlı, boyun
bükük vətənsizmi öləcəyəm?
lll
Çoooooxdan heç nə yazmırdım.... Ağı yazdım dostum
üçün... Əslində Müşfiq insanlar
ölkəsində yaşamağa məhkum hər kəsin
ağısı...
Ay Laçın ?!... Can Laçın...
İradə Tuncay
525-ci qəzet.- 2014.-
27 sentyabr.- S.11.