Mətbuat Şurası ağsaqqal jurnalist Əfqan Əsgərovun 85 illiyini qeyd edib

 

  Azərbaycan Mətbuat Şurasında tanınmış yazıçı və jurnalist Əfqan Əsgərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib.

 

Şuranın Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə baş tutan toplantıda veteran jurnalistin həyat fəaliyyətinin müxtəlif məqamlarından söz açılıb, yubilyarın yaradıcılığındakı spesifik cəhətlərə diqqət yetirilib. 

 

MŞ sədri Əflatun Amaşov bildirib ki, Ə.Əsgərov jurnalistlik fəaliyyətilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafında da xidmətlər göstərib, həm nəsr, həm də dramaturgiya sahəsində çoxsaylı əsərlər yaradıb. Yubilyarın yaradıcılığında “Azərbaycan gəncləri” qəzetinin mühüm yer tutduğunu önə çəkən Ə.Amaşov qeyd edib ki, jurnalist gənc yaşlarından oxucuların məhəbbətini qazanmağı bacarıb.

 

“Əfqan müəllim qətiyyəti və prinsipiallığı ilə seçilən qələm sahiblərimizdəndir. Moskvada ali ssenarist kursunu bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. O zaman kinostudiyadakı vəziyyətlə əlaqədar “Kommunist” qəzetində məqalə ilə çıxş edib. Məqalə Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə geniş müzakirə olunub və məhz həmin toplantıdan sonra Əfqan müəllim “Kommunist” qəzetində fəaliyyətə başlayıb”, – deyən MŞ sədri Ə.Əsgərovu istedadlı yazıçı və dramaturq kimi də səciyyələndirən cəhətlərdən söz açıb.

 

Yubilyarın mövcud sahədəki yaradıclıq nümunələrinə o dövrün gənclərinin böyük maraq göstərdiklərini vurğulayıb. Daha sonra Ə.Amaşov Ə.Əsgərova MŞ-nin təbrik plaketini və hədiyyəsini təqdim edib.

 

Yubilyara vaxtilə çalışdığı “Xalq qəzeti”nin (o zamankı “Kommunist”) də hədiyyəsi təqdim olunub. MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov məclisin fəaliyyətində ömrünü-gününü jurnalistika peşəsinin məziyyətlərinə həsr etmiş görkəmli qələm sahiblərinin yada salınmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

 

Ə.Əsgərovun müəllifi olduğu tarixi romanlarda qəhrəmanların sovet dövrünün xarakterik mənfi təqdimat tərzindən fərqli şəkildə oxuculara çatdırıldığını önə çəkən Y.Kərimov yubilyarın yaradıcılıq dəst-xəttindəki bir sıra xüsusiyyətləri sadalayıb, onu cəsarətli qələm sahibi kimi səciyyələndirib. Y.Kərimov eyni zamanda məlumat verib ki, Ahıl Jurnalistlər Məclisi Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı veteran jurnalistlərin müxtəlif illərdə qələmə aldıqları, həmçinin onlar barədəki yazıların yer alacağı toplu hazırlamağı nəzərdə tutur.

 

Mərasimdə çıxış edən veteran jurnalistlərdən Əli İldırımoğlu, Şakir Yaqubov, Müştəba Əliyev, Rafiq Həsənov, Rafiq Hacıyev, həmçinin “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Dünyainkişafİctimai Birliyinin sədri Namazəli Mustafayev və başqaları Ə.Əsgərovu ustad jurnalist, gözəl nəsr əsərlərinin yaradıcısı, səmimi və qayğıkeş dost kimi xarakterizə edərək onunla bağlı xatirələrini bölüşüblər. Sonda çıxış edən Əfqan Əsgərov sözlə keçən taleyindən xoşbəxtlik duyduğunu dilə gətirib, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1953-cü ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Gecikmisən”, “Gözəllik sorağında”, “Sən belə deyilsən”, “Sarı əlcək” və başqa hekayə topluları nəşr edilib.  Yubilyarın “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır. 

 

525-ci qəzet.- 2014.- 27 sentyabr.- S.17.