Al qoynuna məni, əzizlə, Təbriz!
Uzun illər
arzularımın, xəyallarımın şəhəri
olmuş Təbrizə gəldim, imana gəldim... Səmimiyyətimə
inanın, şübhə etməyin lütfən... Düz 25
ildir Güney Azərbaycanda yaranan möhtəşəm ədəbiyyatı
araşdırıram və demək olar ki, hər yazımda
adını çəkirdim şairlərin sevə-sevə vəsf
elədiyi ulu Təbrizin... O Təbrizin ki, yuxularımda, xəyallarım-da
gəzirdim dolanbadolan küçələrini... "Saat
qabağı"nda fikrə gedir, El gölünün masmavi
sularını seyr edir, Göy məscidində dualar edirdim... Mənə
ən yaxın olan, dəfələrlə cəhd eləsəm
də, müəyyən səbəblər üzündən əlim
çatmayan, amma ünüm yetən Təbrizə Beynəlxalq
Şəhriyar konfransına qatılmaq üçün ayaq
basdığımda elin şeir boxçasından bir
bayatı gəldi dilimin ucuna:
Əzizim
səni, Təbriz,
El sevər
səni, Təbriz,
Al qoynuna əzizlə,
Anatək məni, Təbriz.
Hava
limanında doğma torpağa ilk addımlarımı
atdığım andanca qarşılaşdığım hər
kəsə "Gün aydın!" salamıma onlardan təbəssümlə:
"Xoş gəlmisuz, yaxçısuz? Və daha çox
"Qurbanam, Qurban olum!" kəlmələrini eşitdikdə
insanların səmimiyyətini, mehribanlığını bu
dərəcədə qoruyub saxladığına heyrət
etdim... Bizi Ana tək qoynuna alıb əzizləyən, "səhərləri
qızarmış çörəyə, işıq fəsillərinə
bənzəyən" şəhərin küçələrilə
"Göstəriş" adlı qonaq evinə gələrkən
Rza Bərəhaninin məhz bu duyğuların
qaçınılmaz etkisilə yazdığı
"Qadınların başından çadralarını
qaçıran yaşıl bir yel və əziz bir xatirə"
başlıqlı silsilə şeirlərindən bu hissəni
xatırladım:
Mənim
xalqım səmimiyyətlə dua oxumuş,
səmimiyyətlə tüfəng ələ alıb
savaşmış;
tüfəng illər boyu əlində idi, illər boyu.
İndi
qorxusu yox, əgər sükut eləmişsə;
çünki ayağa qalxdığında
baharın uca ağaclarına bənzəyəcək ki,
çiçəklənir, gül açır və ürək
irilikdə
meyvələr də verir səmimiyyətlə.
Sən hələ
ordasan ki, iyirmi il qabaq
Təbrizin o küçəsində idin.
Yunusu udan balıqdır çadra.
Təbriz
yeganə şəhərdi şəhərlər içində,
Tanrının möcüzəsidi, havasında Şəhriyar
şeirlərinin nəfəsi vardı... Təbriz eynilə
böyük sevgiləri haqq etmiş ustad Rza Bərəhaninin
vəsf elədiyi kimiydi, "səhərləri
qızarmış çörəyə bənzəyirdi,
Günortası quzu kababına, böyründəki isti qan
damlası ilə, axşamları buz kimi vodkadır,
yandırar, belə ki, sən bağıraraq evə gələrsən
və gecə yarısı sanki bir qadındır pərqu
balıştək, başını üstünə qoymadan
yatarsan... Oyandığında səhərləri işıq
fəsillərinə bənzər..."
Aldı
bizi qoynuna, əzizlədi anamıztək, gözəl Təbriz!!!
O günlər
Təbriz Şəhriyar şeirilə nəfəs
alırdı...
17 sentyabr
2014-cü il. İran İslam
Respublikasının Təbriz şəhərində
İİR Mədəniyyət və İslami İrşad
Nazirliyinin təşkilatçılığı ilə
möhtəşəm Milli şeir və ədəbiyyat
gününə start verildi. Yenə Şəhriyar
poeziyasının işığına
yığışdı Təbriz əhli və İranın
Tehran, Muğan, Qaradağ, Əhər, Marağa və digər
bölgələrindən gələn Azərbaycan türkləri,
Şəhriyar şeirinin vurğunları... Şəhriyarın
portretləri asılmış küçə və
meydanlardan keçərək reproduktorla səslənən
şeirlərinin, xüsusilə "Heydərbabaya salam"
poemasının misralarındakı əfsunlu-sehrli cazibənin
bəxş elədiyi qeyri-adi bir məstlik-qürur, iftixar
duyğularının müşayiətilə məşhur El
gölünün qıyısında salınmış
açıq parka doğru addımlayırıq... İllərin tanışı idim sanki hər kəslə,
ən doğma adamım kimi içimdən onların hər
birilə tək-tək salamlaşmaq, əhvallaşmaq
keçirdi. Yolboyu Təbriz türkləri
və Arazın bu tayındakı digər bölgələrdən
gəlmiş soydaşlarımız qeyri-adi
istiqanlılıqla, xoş bir təbəssümlə
salamımızı alır, şirin bir ləhcə ilə
cavab verirdilər. Onlardan bu istiqanlılığı, səmimi
münasibəti görür və ürəyimdən bir nida
boy verirdi: "Şah zamanında və İmam Xomeyni
dövründə Güney xalqının milli haqq və
hüquqları, Ana dili üzərinə qoyulmuş heç
bir qadağa, qısıtlanma və basqı xalqın
xarakterini, özəlliyini dəyişə, sevgisinin
üstünə kölgə sala bilmirmiş." İrandakı Azərbaycan xalqı Şəhriyarı,
Arazın bu tayında qalmış bacı və
qardaşlarını əvvəlki hərarətlə sevir və
alqışlayırdı.
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
nəşriyyat, reklam işinin təşkili və informasiya
şöbəsinin müdiri, şair Vaqif Bəhmənli,
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid tədbirə Nazirliyin xəttilə
qatılmışdılar. Bakı Dövlət Universitetindən
Filologiya üzrə fəlsəfə doktoru Nüşabə
xanım Əlizadə, AMEA Tarix İnstitutunun əməkdaşı,
Tarix üzrə elmlər doktoru Şahin Fazil və AMEA Nizami
adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin əməkdaşı kimi mən isə,
çağımızın klassik, eyni zamanda müasir
şairi kimi sevilən ustad Şəhriyarın dünyaya gəlişinin
108-ci ildönümü münasibəti ilə keçirilən
Milli şeir və ədəbiyyat gününə, həm də
bu tədbir çərçivəsində düzənlənmiş
"Ustad Şəhriyarın şeirlərində xalq mədəniyyəti"
mövzusunda Beynəlxalq elmi konfransa qatılmaq
üçün İİR-in Azərbaycan
Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin
dəvətilə gəlmişdik. Konfransın
açılış mərasiminə Azərbaycanın Təbrizdəki
Baş konsulu Əli Əlizadə ilə yanaşı digər
ölkələrin diplomatik təmsilçiləri də
qatılmışdı.
Qeyd edək
ki, yubiley mərasiminin açılışından öncə
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin nəşriyyat, reklam işinin təşkili və
informasiya şöbəsinin müdiri şair Vaqif Bəhmənli
və AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid Azərbaycanın Təbrizdəki baş konsulu
Əli Əlizadə və İranın İslam İrşad
Nazirliyinin Şərqi Azərbaycan şöbəsinin rəhbəri
Əli Əkbər Səfipurla görüşüblər.
Vaqif Bəhmənli mənim 2010-cu ildə Azərbaycanda məhz
Mədəniyyət və Turizm nazirliyinin xəttilə nəşr
olunmuş ("Avrasiya-Press") Şəhriyarın həyatı,
ədəbi mühiti və yaradıcılığını
qapsayan "Söz sərrafı Şəhriyar"
monoqrafiyamı, Filologiya üzrə elmlər doktoru Teymur
Əhmədovun tərtib etdiyi "Məhəmmədhüseyn
Şəhriyar" kitab-albomunu cənab Əli Əkbər Səfipura
təqdim edib. Görüş zamanı Azərbaycanla
İran, Təbrizlə Bakı arasında mədəni əlaqələrin
daha da genişləndirilməsi mövzusunda fikir mübadiləsi
edilib. Sonra Azərbaycanın Təbrizdəki baş
konsulu Əli Əlizadənin iştirakı ilə onlar dahi
Şəhriyarın uyuduğu "Məqbərət
üş-şuəra-Şairlər qəbristanlığı"nı
ziyarət edib, şairin ruhunu məzarı üzərinə
gül-çiçək dəstələri düzərək
yad ediblər. Daha sonra Şəhriyarın ev
muzeyində şairin oğlu Hadi ilə görüşüb,
muzey eksponatları ilə tanış olduqdan sonra Təbriz
Milli Kitabxanasına gəliblər. Görüş zamanı Təbriz
Milli Kitabxanasının rəhbərliyi M.F.Axundov adına
Milli Kitabxana ilə qardaşlaşmaq, qarşılıqlı
əlaqələr yaratmaq və sıx əməkdaşlıq
etmək arzusunda olduqlarını bildirib, bu istiqamətdə
bir sıra səmərəli müzakirələr
aparılıb.
Nəhayət,
şeirli-musiqili təntənəli Şəhriyar günləri-Milli
şeir və ədəbiyyat günləri çərçivəsində
M.Şəhriyarın zəngin bədii irsini öyrənmək
və xatirəsini yad etmək məqsədilə "Ustad
Şəhriyarın şeirlərində xalq mədəniyyəti"
mövzusunda sentyabrın 18-də keçiriləcək beynəlxalq
elmi konfransın açılış mərasimi öz
işinə başladı...
İlk olaraq Ağayi Məhəmmədzadə səsinin
qeyri-adi gözəlliyilə "Qurani-Kərim"dən təlavət
oxudu, sonra ustad Əmir Sepehrinin dirijorluğu ilə xor
kollektivi İİR-in Dövlət himnini ifa etdi və tədbir
açıq elan olundu.
Çıxış üçün ilk söz
açılış törəninə qatılmaq
üçün Tehrandan Təbrizə təşrif
buyurmuş İİR Mədəniyyət və
İslami-İrşad naziri cənab Əli Cənnətiyə
verildi. Cənab
Əli Cənnəti dedi ki, Şəhriyarın
uşaqlığı Heydərbabanın ətəklərində
keçib. Gənc yaşlarında isə Tehrana
köçən şair Azərbaycan comərdlərinin
müdafiəsində şeirlər söyləyir və var
gücü ilə xalq və iranlı qövmlərin mədəniyyətini
müdafiə edir. Tehranda fars dilini
daha da mənimsəyərək bu dildə yazıb-yaradır,
İran mədəniyyətini, ədəbiyyatını
dünyaya tanıdır. Güclü emosional təsirə
malik şerləri ilə Hafiz Şirazi kimi böyük
şöhrət qazanmış M.Şəhriyar nəinki
İranda, eləcə də Azərbaycanda, Türkiyədə
və digər türkdilli ölkələrdə məşhurdur.
Onun yaşadığı məmləkətin sərhədlərini
aşaraq başqa xalqların da qəlbini riqqətə gətirən
şeirləri bu gün də sevilərək oxunur. Xalqımız şairin qədrini bilir və
yuxarı tutur, çünki şeirləri onun mədəniyyəti
və yaşayışının əks-sədası olub.
Şəhriyar təxəllüsünü Hafiz Şirazinin
"Lisan ül-qeyb" divanından fal açaraq hədiyyə
alan Məhəmməd Hüseyn Behcət Təbrizi
həmin şairlərin sırasındandır. O, nəinki
İran xalqının qəlbini fəth edərək, onun
ürək sözünü öz şeir dilində yenidən
söyləyib, həm də onun sədası sərhədlərin
o tayına da gedib çıxıbdır. Şəhriyar
öz yaradıcılığı ilə milyonlarla insanın
qəlbində yaşayır və yaşayacaq. İran xalqı Şəhriyarı daim
xatırlayacaq və xatirəsini ehtiramla anacaqdır".
Cənab
Əli Cənnətinin şairin xatirəsinin əbədiləşdirilməsi
üçün etdiyi təklif, düşünürəm
ki, Şəhriyarsevərlərin ürəyindən xəbər
verdi: "Şəhriyarın adı və şeiri İran sərhədlərini
aşdığına, xüsusən türkdilli ölkələrdə
tanındığına görə, təklif edirəm ki,
İranın Xarici İşlər Nazirliyi, Şərqi Azərbaycan
Valiliyi, həmçinin İranın Ankara və
Bakıdakı Mədəniyyət Mərkəzlərinin birgə
fəaliyyəti ilə Azərbaycan Respublikasının və
Türkiyənin paytaxt şəhərlərində prospektlərə
iranlı şair- Şəhriyarın adı verilsin".
Konfransın
açılış törənində İranın Şərqi
Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə, Təbriz
şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi,
Şərqi Azərbaycanın Mədəniyyət və
İrşadi-islam idarəsinin rəhbəri, tədbirin
bütün məsuliyyətini çiyinlərinə
götürmüş Doktor Əli Əkbər Səfipur, tədbirin
elmi məsələlər üzrə katibi Doktor Əbülfəzl
Əli Məhəmmədi, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nəşriyyat, reklam işinin təşkili
və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli
və b. çıxış edərək şairin keşməkeşli
həyat və yaradıcılıq yolundan danışaraq
konfransın işinə uğurlar arzuladılar.
Fani
dünyadan çox az bir istəyini-ruhunu
ucaldan üç-dörd diləyini poetik sözə
çevirən Vaqif Bəhmənli də ilk dəfə ayaq
basdığı bu qutsal şəhərdə -Təbrizdə
sanki:
Mən nə
istəyirəm, qoşa qanad, qol,
Hər gün ayaqlanıb yeriməyə yol.
Mən nə
istəyirəm, dərrakəli baş,
Kürək
söykəməyə qeyrətli qardaş!
- diləyinə qovuşmuşdu... Azərbaycan
nümayəndə heyətinin başçısı kimi ona
söz verildikdə bir quş təkin yerindən
sıçradı və bəlkə də eyni
duyğuları yaşadığımızdan (hər ikimizin
Təbrizə ilk gəlişimiz idi) daha çox mənim
sezdiyim fərəhlə sanki qanad açdı və bir anda
tribunaya qalxaraq hər kəsi salamladı, dəvət
üçün təşəkkür etdi və iki qonşu
dövlət-İranla Azərbaycan arasında
qarşılıqlı əlaqələrin və dostluğun
möhkəmlənməsində mədəniyyətin və mədəniyyət
xadimlərinin böyük rol oynadığına diqqət
çəkdi. Vaqif müəllim Orta və Yaxın Şərq
xalqlarının dil, milli mənsubluq, tarixilik baxımından
vahid bir xalqa aid olunmayan müştərək maddi-mənəvi
sərvətləri-Novruz bayramı, "Kitabi-Dədə
qorqud", Firdovsi, Nizami, Nəsimi, Füzuli, İbn Sina,
N.Tusi, xalçaçılıq, muğamat kimi xalq sənətləri
sırasına ustad Şəhriyarın da adını əlavə
etdi və Şəhriyarın onun üçün hansı
anlamı daşıdığını açıqladı:
"Şəhriyar müasir Şərq poeziyasının rəmzlərindən
biridir. "Heydərbabaya salam" poeması
İran, Azərbaycan, türk, eləcə də dünya
şeir meydanında yeni bir hava, söz dünyasının 7
möcüzəsindən biridir. Şəhriyar
Araz çayı üzərindən Azərbaycana adlayan
körpülərin ən qədimi olmasa da, ən
etibarlısı, ən genişidir. Qonşu,
qohum xalqların, dövlətlərin birliyinə, həmrəyliyinə
hər zamankından daha çox ehtiyac duyulduğu bir gündə
bizim Şəhriyar sənətinin təsir gücünə,
onun düşüncəsinə və fəlsəfəsinə
daha böyük ehtiyacımız var və s".
Çıxışlar
arasında ustad şairin şeirlərini bədii qiraət
ustaları ifa edir, sözlərinə bəstələnən
mahnılar oxunur, aşıq musiqisi dinlənilir və ustad
şairin "Heydərbabaya salam" poeması əsasında
qurulmuş mükəmməl kompozisiya Şəhriyarın
öz ifasında poemadan hissələr səsləndirilməklə
bədii kompozisiya
nümayiş etdirildi. Daha sonra Təbrizdə
və Arazın bu tayında yetişmiş görkəmli
ictimai-siyasi və mədəniyyət xadimlərinin portretlərini
milli geyimli oğlan və qızların əllərində gətirərək
ecazkar milli musiqi sədaları altında sıralanaraq toplu
halda sərgiləməsi həqiqətən qürurverici idi.
Yapımçı Cəlil Aşqarinin açılış
törəninə verdiyi bədii tərtibatın üzərində
yüksək peşəkarlıqla, sevərək işlədiyi
aydınca görünürdü...
Yubiley tədbirinin
elmi katibi Doktor Əbülfəzl Əli Məhəmmədi məlumat
verdi ki, elmi konfransın katibliyinə Məhəmmədhüseyn
Şəhriyarın yaradıcılığı haqqında
yazılmış 300-dən çox məqalə təqdim
edilib və Şəhriyarşünas alimlərdən ibarət
münsiflər heyəti həmin məqalələrdən
yalnız 40-nı üstün əsərlər kimi
seçmişdir. Konfransın elmi bölməsində
həmin müəlliflər
mükafatlandırılacaqdır. Əlbəttə, Beynəlxalq
elmi konfransda Nüşabə xanımla mənim
üçün xüsusi anlam daşıyan cəhətlərdən
biri, əlamətdar məqam da
bu oldu ki, münsiflər heyəti üzvlərinin
araşdırmaları nəticəsində hər ikimizin məqaləmiz
seçilmişdi və biz də mükafat-ustad Şəhriyarın
büstü, xüsusi kitablar, konfransın artıq çap
olunmuş materialları və Təbriz şirniyyatlarından
ibarət çox dəyərli bir hədiyyə paketi
qazanmışdıq... Digər daha önəmli məqam isə
mənim Doktor Əli Əkbər
Səfipur (Təbriz), doktor
Bağır Sədriniya (Təbriz), Doktor Nemət İldırım
(Türkiyə), Doktor Minu
Əmir Qasımi (Təbriz), Doktor Mircəlaləddin Kəzazi,
doktor Mənsur Sərvət (Tehran) kimi görkəmli alimlərlə
birlikdə Rəyasət heyətində təmsil
olunmağım idi...
Ustad
Şəhriyara həsr olunmuş beynəlxalq elmi konfransa
İİR-in daxilindən və xarici ölkələrdən
dəvət olunmuş elm, mədəniyyət və ədəbiyyat
xadimləri, qonaqlar arasında Yaponiya, Hindistan, Pakistan,
Tacikistan, Misir, Banqladeş, Türkiyə, Azərbaycan
Respublikasından nümayəndələr də var idi.
Mədəniyyət
və İrşadi-islam nazirinin elm və tədqiqat məsələləri
üzrə müavini doktor Ziya Haşımi və
konfransın elmi məsələlər üzrə katibi
Əbülfəzl Əli Məhəmmədinin, eləcə də
Məhəmməd Əbukəlamın "Banqladeş ədəbiyyatında
Şəhriyar mövzusu", doktor Həsən
Zülfüqarinin "Şəhriyarın işlətdiyi
müxtəlif atalar sözləri və onların başqa
şairlərlə müqayisəsi", doktor Yasəmən
Akkuşun "Şəhriyarın "Türkiyəyə xəyali
səfər" adlı iki şeiri", doktor Nərgiz
Üskuyinin "Şəhriyar şeirində İran musiqi
motivləri", doktor Esmira Fuad Şükürovanın
"Şəhriyarın sevgi dünyası", Əli Təmizəlin
"Almaniyada Şəhriyarın tədqiqi", İlham
Baqirinin "Şəhriyar və Hafiz
yaradıcılığında xalq deyimlərinin müqayi-səsi",
Nasir Kazım Xanlunun "Şəhriyar şeirlərində təxəllüs
və təxəllüsə bənzərlik", Professor
doktor Alimcan Qasıminin "Ustad Şəhriyarın qəzəllərində
sözlər, dini məvhumlar və qədimlik", doktor Nəcmi
Dərinin "Heydərbaba bizim üçün məşqdir",
doktor Nüşabə Əlizadənin "Azərbaycanda
Şəhriyarşünaslıq məktəbi" və b. məruzələr
maraqla dinlənildi. Qeyd edim ki,
çıxışçılar arasında ən çox
alqışlananlardan biri məhz ustad Şəhriyarın
oğlu Hadinin çıxışı oldu... Atası
kimi təvazökar olan Hadi ön sıralarda deyil, lap arxa cərgələrdən
birində oturmuşdu. Bircə cümlə də olsun
yazmamışdı və əlində məruzə ilə
tribunaya qalxmadı... Bədahətən danışdı,
amma elə mətləblərə toxundu ki, onun
atasının-ustad Şəhriyarın poeziyasına, zəngin
yaradıcılığına yaxından bələdliyi
göründi. O da, digər
çıxışçılar kimi, fars
dilində danışırdı. Ancaq mən fərs
dilini yaxşı bilməsəm də, onun məhz "Xan nənə"
sərbəst şeiri haqqında
danışdıqlarını anlayırdım.
Anlayırdım ki, Hadi ustadın klassik şeir
yaradıcılığı ilə modern şeir
yaradı-cılığı arasında paralellər
aparır, doğru nəticələrə gəlir... Hadi elə
gözəl, dərin mənalı çıxış edirdi
ki, hər kəs nəfəsini içinə çəkib
diqqətlə dinləyirdi... Onun Şəhriyar şeirinin
ürfani-fəlsəfi qatlarına mahircə enmələri, məna
inciərini çıxarmalarını dinlədikcə,
içimdə bir rahatlıq doğurdu: Hadi Şəhriyar
şeirinin özəyini dərk edir... Nə gözəldi,
oğulun atasının demək istədiklərini
anlaması... Nə gözəldi, atanın ölümündən
sonra da bir Simurq tək qanadlarını övladlarının
üstünə gərməsi-onları hər bir mənada
qoruması!...
Təbrizin
"Səda və sima" proqramının
aparıcısı Əlirza Tahiri tribunaya hər
çıxdığında sözünə ustad Şəhriyarın,
farsca, yaxud türkcə qəzəlini, "Heydərbabaya
salam"dan bəndləri böyük aktyorluq məharəti,
ürəkdən gələn böyük sevginin diqtəsilə
əzbər söylədikdən sonra çox maraqlı
keçid edərək xitabət kürsüsünə digər
məruzəçini dəvət etməsi hər birimizin
könül tellərini titrədir, heç kəsi yormur, onun
növbəti dəfə səhnəyə
çıxışını səbrsizliklə gözləyirdik.
Görkəmli satirik şair-"tənz"
ustadı Mirzə Hüseyn Kərimi Marağeyinin duzlu
çıxışı, Şahin Fazilin "Təklifi nə
yer, nə yar edibdir, Dəvət məni Şəhriyar
edibdir" mətləli qəzəli gurultulu alqışlarla
qarşılandı. Əsgər Şahi,
Beytulla Cəfəri, Əli Cavadpur və
başqalarının peşəkar bir aktyor məharətilə
oxuduğu şeirlərə isə hər kəs nəfəsini
içinə çəkərəq qulaq asırdı.
Gənc şair Əli Cavadpur ifa etdiyi şeiri ustad Şəhriyarın
"Heydərbabaya salam" poemasının:
Daşlı
bulaq daş-qumunan dolmasın,
Bağçaları
saralmasın, solmasın,
Ordan
keçən atlı susuz olmasın,
Deynə
bulaq, heyran olsun, axarsan,
Üfüqlərə
xumar-xumar baxarsan,
bəndinə təxmis yazmışdı.
Konsert
proqramı ilə davam edən yubiley tədbirini yekun
sözü ilə elmi konfransın katibi Əbülfəzl
Əli Məhəmmədi bağlı elan etdi...
Qeyd etdiyim kimi, tutduğu bütün vəzifə kürsülərindən öncə fitrətən şair olan Vaqif Bəhmənli də mənim kimi, ilk dəfə gəlirdi Təbrizə... Onun da ürəyi riqqətə gəlmişdi, şair könlü duyğulanmışdı. Hava limanındakı qısa söhbətimiz əsnasında dedi ki, "bu, mənim Təbrizə ilk səfərimdi... Səfər zamanı Təbriz Milli Kitabxanasında oldum. Təbriz Milli Kitabxanasının rəhbərliyi xahiş etdi ki, keçən əsrin-XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunmuş mətbu orqanların surətlərini onlara çatdıraq. Düşünürəm ki, Azərbaycana qayıdandan sonra bununla bağlı araşdırma aparıb xahişlərini yerinə yetirə bilərik. Təbrizə ilk səfərimin ayrı bir gözəlliyi də məhz Məhəmmədhüseyn Şəhriyarın adı ilə bağlı olmasıdır. Mənim təsəvvürümə görə, Azərbaycan Respublikasından kənarda Azərbaycan ədəbiyyatına yaxın olan simalardan iki böyük şairi - Nazim Hikməti və Məhəmmədhüseyn Şəhriyarı xüsusilə fərqləndirmək lazımdır. Müasir Azərbaycan poeziyasına onlar qədər təsir edən, bu poeziyanın inkişafında onlar qədər mühüm rol oynayan başqa böyük şair tanımıram. Şəhriyar həqiqətən də Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun yaradıcılığı, xüsusilə "Heydərbabaya salam" poeması bizim qanımıza, iliyimizə işləyib, uşaqlıqdan bunu əzbərləyə-əzbərləyə böyümüşük. "Heydərbabaya salam" poemasını mən Azərbaycan dilinə, Azərbaycan türkcəsinə, Azərbaycan tarixinə qoyulan abidə hesab edirəm. Düşünürəm ki, Şəhriyar günlərinin keçirilməsi, ustad şairin anılması çox gözəl bir ənənədir. Azərbaycanda da belə tədbirlərin keçirilməsi lazımdır. İranın Mədəniyyət və İslami-İrşad nazirinin iştirakı ilə keçirilən bu tədbir öz möhtəşəmliyi ilə diqqəti çəkirdi. İran mətbuatı da bu tədbirə həssaslıqla yanaşdı və qəzetlər, TV kanalları Şəhriyar günlərini geniş, yüksək səviyyədə işıqlandırdı. Ümumiyyətlə, biz Təbrizdə Şəhriyarın adına küçə, xiyaban axtarırdıq, bunların hamısı var. Eyni zamanda qeyd edim ki, Təbrizdə Şəhriyarın heykəlindən başqa heykəl görmədim. Harda imkan varsa, orada bu böyük şairə heykəl ucaldılıb. Ümumiyyətlə, Təbriz Şəhriyarın şəhəridir. Elə bil bütün şəhər Şəhriyarın adınadır, yəni burada ona sonsuz məhəbbət var. Səfərimiz zamanı bir daha inandıq ki, fars və türk dilində çox böyük əsərlər yazıb-yaradan, hətta Hafiz səviyyəsində şair hesab olunan, onunla müqayisə edilən Şəhriyara bu tayda-İranda böyük məhəbbət bəslənilir. Ancaq belə tədbirlərin təkcə Şəhriyarla məhdudlaşmasını istəməzdim. Birlik dildə deməklə olmur. Aşıq Abbas Tufarqanlının, Aşıq Qurbaninin, lap elə Xaqaninin bu səviyyədə yubileylərini, anım günlərini birlikdə keçirə bilərik və bu kimi addımlar iki ölkəni bir-birinə daha da yaxınlaşdırar, mənəvi bağlar möhkəmlənər..."
AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin isə Təbrizə ikinci gəlişi idi. 2000-ci ildə jurnalist heyətilə birlikdə Tehranda və Təbrizdə olan Rəşad bəyin müəyyən təəssüratları vardı... Amma həm də gözəl şeirlərin müəllifi olan şair Rəşad Məcid üçün də Şəhriyar konfransında olmaq, şeirlərini dinləmək, insanlarla səmimi ünsiyyətdə olmaq ayrı bir zövqdü... Dedi ki, soydaşlarımızın Alim Qasımov və Xumar Qədimovaya sevgiləri elə böyükdür ki... Onların Təbrizdə və başqa bölgələrdə konsertini təşkil eləmək lazımdır. Amma TV proqramlarında və insanların danışıqlarında türkcə sözlərlə bərabər daha çox fars dilinə məxsus sözləri işlətmələrinə üzüldüm, çünki əksərən başa düşsəm də, bəzən nə demək istədiklərini anlamırdım. Təbriz yaxınlığındakı Kənduvan qəsəbəsində olduq və burada insanların qayaları çaparaq içərisində qurduqları evlərdə xoşbəxtcəsinə yaşadıqlarını gördüm və düzü, heyran qaldım. Ümumiyyətlə, səfər təəssüratlarım çox zəngindir..."
Mənim arzularımın şəhəri Təbrizdə olarkən heyran qaldığım məqamların sırası bir az da zəngindir: Şəhriyarın oğlu Hadinin çıxışı, ustadın ev muzeyində gördüklərim, kiçik qızı sevgili Məryəm xanımla görüşüm, Güney şairlərinin bir-birindən gözəl diksiya ilə şeir demələri, Əlirza Tahirinin sehrli səsi, elmi konfransın katibi Əbülfəzl Əli Məhəmmədinin qonaqlara böyük diqqət və qayğısı, bütünlüklə tədbirlərin təşkilati məsələlərindən sorumlu olan gəncəcik Səccad Mehdizadənin hər birimizlə son dərəcə mədəni rəftarı, bircə anlıq da olsa bizləri diqqətsiz qoymaması, hər bir halımızla maraqlanması, insanların içdən gələn sevgi və ünsiyyəti, bizlərə dibsiz məhəbbəti, ana yurdun-Təbrizin, El gölünün bənzərsiz gözəllikləri... Eh, saymaqla qurtarandı məgər?!
Esmira Fuad
525-ci qəzet.-
2014.- 30 sentyabr.- S.8.