Sadıq Murtuzayevin
"İnsan Amili, həyat
və zaman" kitabının təqdimatı
olub
Sentyabrın 27-də Azərbaycanın tanınmış
ictimai xadimi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sadıq
Murtuzayevin "İnsan
amili, həyat və zaman" kitabının təqdimat
mərasimi keçirilib. Kitabda insan
münasibətləri, sevgi,
dostluq, səmimiyyət,
qarşılıqlı hörmət,
rəhbərlik keyfiyyətləri,
sadə əmək adamlarının timsalında
insan amili kimi dəyərlərdən
geniş şəkildə
söz açılır.
Kitabın redaktoru, rəyçisi
və ön sözün müəllifi
professor Rafiq Əliyevdir.
R.Əliyev ön sözdə
kitabın məzmunu barədə məlumat verir, nəşrin məziyyətlərini qeyd
edir.
Təqdimat mərasiminə ölkənin
nüfuzlu ziyalıları,
tanınmış alimlər,
şair və yazıçılar, media nümayəndələri
qatılıblar.
Dəyərli pedaqoq, publisist Səlim Əzimov kitab haqqında düşüncələrini bölüşüb,
bildirib ki, Sadıq Murtuzayev bütün həyatı,
fəaliyyəti ilə
əsl hünər və qeyrət məktəbidir:
"Sadıq Murtuzayevin
bu kitabı rəflərə qoyulmaq üçün deyil, oxuyub nəticə çıxarmaq, dünyagörüşünü
artırmaq üçün
nəzərdə tutulub".
Yazıçı-publisist Məmməd Əfşan S. Murtuzayevin insan, rəhbər işçi kimi məziyyətlərindən bəhs
edib və müəllifə ünvanladığı
açıq məktubdan
parçalar oxuyub:
"Hörmətli Sadıq
müəllim! Sizinlə tanışlığımızın
46 illik tarixi var. Bu illərdə sizi yaxından tanımışam.
Mənim
gözümdə yüksək
insani keyfiyyətlərə
malik, yetim malını, qul haqqını yeməyən,
fəqirə barış,
zalıma savaş elan edən birisiniz.
Kitabınızın əlyazmasını oxuyarkən
bir daha anladım ki, sizin daxili aləminizin
zənginliyinə tam bələd
deyiləm. Məramınız həmişə haqqa yönəlib. Siz sayılıb-seçilən ictimai
xadim olmaqla yanaşı, həm də böyüklüyü
sadəlikdən doğan,
xalqa xidməti vətənə məhəbbətdən
yaranan gözəl insansınız. Yazdığınız kitab zəngin təcrübənin, fəhmin,
dərin ağlın carçısıdır. Bütün bunlar üçün çox sağ olun, əziz dost!"
Uzun müddət neft-kimya sahəsində yüksək
vəzifələr tutmuş
Kamil Akimov müəlliflə uzun illər davam edən dostluğundan söz açıb:
"Sadıq müəllim kimi mən də
həyatın bütün
ağırlığını hiss etmişəm. Tələbəlik illərimiz çətin
keçib. Bu gün
təqdim edilən kitab barədə deyim ki, o qədər
səmimi, təmiz ürəklə yazılıb,
adam necə
oxuyub başa çıxdığını hiss etmir. Tarixi bilmək, həqiqətləri
eşitmək çox
lazımlıdır. Bu
mənada "İnsan
amili, həyat və zaman" kitabı əvəzsizdir.
Sadıq
müəllim çox
zəhmətkeş insandır.
Hər dəfə onunla görüşəndə bir
daha anlayıram ki, insan zəhmətdən
qaçmamalıdır. O heç vaxt zəhmətdən qaçmayıb,
indi də bunun səmərəsini görür".
S.Murtuzayev Ağdam rayonuna
rəhbərlik edərkən
onun tabeliyində işləmiş Cəmilə
Kazımova müəllifin
rəhbərlik bacarığını
xüsusi vurğulayıb:
"Sadıq müəllimin
yüksək təşkilatçılığı
sayəsində rayonumuz
daha da böyüyüb
inkişaf etdi, abadlaşdı. O, həmişə
Ağdamın adını
önə çəkmək
üçün çalışıb.
Sadıq
müəllim, sizin sayənizdə Ağdam bizim yaddaşımızda
yenə də yaraşıqlı, abad, gözəl bir rayon kimi qalıb. İndi hansısa abad, inkişaf etmiş bir yer görəndə ürəyim təskinlik tapır ki, bütün bu işlər Ağdamda hələ 30 il
əvvəl görülmüşdü.
Buna görə bütün ağdamlıların
əvəzindən sizə
təşəkkürümü bildirirəm".
Uzun illər vəkil işləmiş Həzi Məmmədov çıxışında
deyib:
"Bu kitab tərcümeyi-hal
yox, həyat salnaməsidir. Sadıq Murtuzayev təkcə
həyatda üzləşdiyi
çətinlikləri yox,
ibrət götürüləsi
məqamları da ustalıqla qələmə
alıb. Bizim həyat
yolumuz, ixtisasımız
oxşar olmasa da, ömür yolumuz çox oxşardır. Ağdamda
raykom katibi işləyərkən inşa
etdirdiyiniz, keçmiş
SSRİ-də birinci olan Çörək Muzeyi barədə xatirələrinizi həvəslə
oxudum.
Kitabdakı, rəhbər şəxslərin
əməl etməli olduğu 104 şərt diqqətimdən yayınmadı. Bu da sizin necə
əhatəli və dünyagörüşlü insan
olduğunuza dəlalət
edir".
Şair-publisist Ramiz Məmmədzadə
öncə tədbirin
yüksək səviyyədə
təşkilinə görə
Səlim Əzimova təşəkkürünü bildirib, daha sonra S.Murtuzayev haqqında fikirlərini bölüşüb:
"Sadıq Murtuzayev
mənim müəllimim,
ustadım olub. Mənim bu
yerə gəlməyimdə
onun böyük zəhməti var. Sadıq
müəllimin Abşeron,
Şəki və Ağdam rayonlarında raykom katibi olduğu
dövrləri çox
gözəl xatırlayıram.
Bütün bu illərdə
o sözün əsl mənasında rəhbər
işçi kimi nümunə olub.
Sadıq müəllim, kitabda birinci növbədə diqqətimi cəlb edən sizin "Qurani-Kərim"i dərindən
bilməyiniz, daha sonra tarixi hadisələri
dəqiq faktlarla göstərməyiniz oldu. Azərbaycan dilinə
olan məhəbbətiniz,
yazı dilinizin səlisliyi, üslubi manevrləriniz məni valeh elədi. Yazıçının böyüklüyü ondadır ki, rəssamın, heykəltəraşın,
bəstəkarın ifadə
etmək istədiyini qələmlə çatdıra
bilsin. Siz bunu bacarmısınız.
Yaşayın, yazın, yaradın!"
İctimai xadim, Kənd Təsərrüfatı Nazirliyinin
əməkdaşı Çingiz
Fərəcov sözünə
bir neçə gün əvvəl vəfat etmiş yazıçı Ələviyyə
Babayevanı xatırlamaqla
başlayıb:
"Bu günlərdə hörmətli yazıçımız Ələviyyə Babayeva 94 yaşında vəfat etdi. Ölməzdən əvvəl mənə kiçicik məktub qoymuşdu. Məktubda yazırdı:
"Bilirəm, çoxları mənim yasımda iştirak etməyəcək, amma adlarını yazdığım on nəfər iştirak etsə, kifayətdi..."
Deyim ki, həmin on nəfərdən biri də Sadıq Murtuzayevdir. Bu, Sadıq müəllimin sözə, sənətə göstərdiyi diqqətin təcəssümüdür".
Uzun illər müəlliflə bir yerdə işləmiş Hikmət Əbdülhəmidov da tədbirdə çıxış edib:
"Sadıq müəllimi 50 ildən çoxdur tanıyıram. Kitab haqqında onunla çox söhbətlərimiz olub. Hər dəfə də demişəm ki, bu kitabı yazmaq çox ağır məsuliyyətdir. Amma həmişə də demişəm ki, belə məsuliyyətli işin öhdəsindən Sadıq Murtuzayev kimi savadlı, dünyagörüşlü insan gələ bilər. Fəxr edirəm ki, Sadıq müəllim kimi ziyalımız, ağsaqqalımız var".
Amil Quliyev S.Murtuzayevin həm öz əməlləri ilə, həm də yazdığı kitabla Ağdamın adını daha da ucalara qaldırdığını bildirib və buna görə müəllifə təşəkkür edib.
Əməkdar jurnalist Bəbir Hüseynov uzun illər Sadıq Murtuzayevlə birgə çalışdığını, Ağdamda işlədiyi müddətdə onun biliyinə, bacarığına, humanistliyinə, vətənpərvərliyinə, xalqına böyük məhəbbətinə şahid olduğunu deyib:
"Onun bu kitabını böyük bir xəzinəylə müqayisə etmək olar. Çünki kitabı iki dəfə oxumuşam, hər dəfə də özüm üçün yeni məqamlar kəşf etmişəm. Ümid edirəm ki, oxucularımızın hər biri bu kitabda dəyərli mətləblər hasil edəcəklər".
Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin qardaşı Ədalət Məhərrəmov S.Murtuzayevin Ağdam və ağdamlılar üçün gördüyü işlərdən, uğurlu rəhbərlik fəaliyyətindən bəhs edib.
Sonda söz alan S.Murtuzayev çıxışına Xalq şairi Bəxtiyar Vahabzadənin şeiri ilə başlayıb:
"Nur atəşə, atəş göyə, göylər yerə möhtac,
Yerlərdəki ahəngi-nizam göylərə möhtac...
...Dağlar ucalıqdan öyünüb qürrələnir hey,
Yüksəklik üçün dağ dediyin, düzlərə möhtac.
Göylər nə qədər sonsuz olub boşluğa varsa,
Göylərdə gözəllik yenə ulduzlara möhtac...
İnsan amilinin cövhəri elə insanların bir-birinə olan ehtiyacıdır. Bugünkü təqdimat bir daha təsdiq etdi ki, bir-birimizə ehtiyacımız çoxdur. Kitabın mahiyyətinə gəldikdə, uzun illər apardığım qeydlərin nəticəsidir. Cilalandıqca, redaktə edildikcə bu şəklə gəlib çıxdı. Çapında göstərdikləri köməyə görə dostlarım Vahid Əzizə, Məmməd Əfşana, Rafiq Əliyevə minnətdaram. Bu tədbirə görə Səlim müəllimə təşəkkür edirəm. Demək istədiklərim bu yazdıqlarımdan yüz dəfələrlə çoxdu. Sağlıq olsun, ürəyimdə qalanları yeni kitablarda üzə çıxardaram".
Cavid ŞÜKÜROV
525-ci qəzet.- 2014.- 30 sentyabr.- S.7.