Müdrik siyasətin uğurlarının
təməl nöqtəsi - “Əsrin müqaviləsi”
1994-cü
il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin
Azərbaycan sektorundakı "Azəri",
"Çıraq", "Günəşli"
yataqlarının dərin su qatlarındakı neftin birgə
işlənməsi haqqında "məhsulun pay
bölgüsü" tipli müqavilə imzalandı.
Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə
görə "Əsrin müqaviləsi" adlanmış,
təxminən 400 səhifə həcmində və 4 dildə
öz əksini tapmışdıır. "Əsrin
müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan,
ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç,
Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur
neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl,
Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu,
Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft
strategiyası" və doktrinası uğurla həyata
keçirilməyə başlandı. Artıq möhtəşəm
"Əsrin müqaviləsi"nin imzalanmasından 20 il
keçir. Bu müqavilənin ölkəmiz və dünya
üçün nə qədər əhəmiyyətli
olduğu indi daha aydın görünür. Ulu öndər
dahi və müdrik lider Heydər Əliyev böyük iradə
hesabına bu müqavilənin imzalanmasına nail oldu.
1994-cü ilə ölkəmizin düşdüyü vəziyyəti
xatırlayaq: ərazimizin 20%-ə qədəri işğal
olunmuş, sənaye və kənd təsərrüfatı tənəzzülə
uğramış, siyasi böhran kritik həddə çatmışdır.
Bizi hər zaman xarici təhdidlər, siyasi, hərbi və
iqtisadi təzyiqlər gözləyirdi. Belə olan halda xarici
investorlarda güvənci itmiş bir ölkəyə
investisiya qoymaq istəyini yaratmaq və onları əsrin ən
böyük layihələrindən birinin icrasına cəlb
etmək olduqca müşkül məsələ idi. Həmin
anı cənab İlham Əliyev belə xatırlayır:
"Biz xarici şirkətlərə deyirdik: siz
ayrı-ayrı şirkətlərin maraqlarını
müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan
xalqının maraqlarını müdafiə edirik. Əgər
siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız
bir layihəsində öz əksini tapacaq, əgər biz səhv
etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə
xələl gətirəcəkdir. Başqa sözlə, biz
heç cür heç bir səhvə yol verə bilmərik".
Bütün çətinliklərə baxmayaraq, müqavilə
Azərbaycanın milli mənafeyinə uyğun
hazırlandı.
Xəzərin
statusunun müəyyənləşməməsi və onun
dibinin pay bölgüsünün
razılaşdırılmaması problemi daha da çətinləşdirirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin müdriklik və uzaqgörənliklə, dərin
inam və qətiyyətlə, məqsədyönlü və
ardıcıl şəkildə həyata keçirdiyi qlobal,
genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət
nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan
xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin,
iqtisadi tərəqqisinin, insanlarımızın
rifahının təmin edilməsinə yönəldilmişdir.
Azərbaycanın "Əsrin müqaviləsi"ndən
başlanan yolu haqqında Heydər Əliyev demişdir:
"1994-cü ildən Azərbaycan dövləti
özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyasının da əsas mənası,
əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən,
o cümlədən neft və qaz sərvətlərindən
Azərbaycan xalqının rifahı naminə daha da səmərəli
istifadə etməkdən ibarətdir".
Bu
müqavilə ilk növbədə Azərbaycanı siyasi təklənmədən
mühafizə etdi. Azərbaycanı öz ölkəsinin
enerji təhlükəsizliyini təmin edən, eyni zamanda
dünyanın enerji təhlükəsizliyinin təminatında
əsas ölkələrdən birinə çevirdi. Beləliklə,
Azərbaycanın neft sənayesinə misli görünməmiş
investisiya qoyuldu. 1997-ci ildə "Əsrin müqaviləsi"
üzrə ilk neft hasil oldu. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin
çəkilməsi müqavilə üzrə
çıxarılan neftin birbaşa okeana
çıxışını təmin etdi. Bu,
dünyanın ən keyfiyyətli neftlərindən olan
Bakı neftini daha az nəqliyyat məsrəfləri ilə,
daha təhlükəsiz olaraq və daha tez dünya bazarına
çıxarmaya imkan verdi.
Neft
fondunun yaranması ölkədə iqtisadi və sosial inqilaba
səbəb oldu. Neft Fondunun yaradılması fəlsəfəsinin
əsas qayəsini Azərbaycan xalqına Allah tərəfindən
bəxş edilmiş neft sərvətlərinin nəsillər
arasında ədalətli bölüşdürülməsinin
təmin edilməsi təşkil edir. Azərbaycan Dövlət
Neft Şirkəti nüfuzlu transmilli şirkətə
çevrildi. Bu şirkət indi özü beynəlxalq layihələrin
ən iri investorlarından birinə çevrilib.
Müdrik
və dəqiq iqtisadi siyasət ölkəmizdə Holland
sindromunun yaşanması təhlükəsini aradan
qaldırdı. Neftdən gələn gəlirlər ölkənin
qeyri-neft sektorunun inkişafına yönəldildi. Ölkədə
misli görünməmiş sosial layihələr həyata
keçirildi. Yüzlərlə yeni məktəblər
tikildi, əsaslı təmir olundu, bütün bölgələrdə
diaqnostika mərkəzləri, ən müasir xəstəxanalar,
çox istiqamətli idman kompleksləri yaradıldı.
Bütün bölgələr sürətlə inkişaf
etdi və bu gün də etməkdədir. Azərbaycan
dünyanın yeganə ölkəsidir ki, şagirdlərə
dərsliklər pulsuz verilir.
Aqrar sənayenin faktiki
olaraq yoxdan yaradılması və sürətli
inkişafı məhz neftdən gələn gəlirlər
hesabına mümkün oldu.
Ümummilli
lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda
Böyük İpək yolunun bərpa və inkşaf
olunmasına dair beynəlxalq forum keçirildi. Həmin forumda
dünyanın 42 ölkəsinin nümayəndəsi
iştirak etmişdi ki, onlardan səkkizi prezidentləri ilə
təmsil olunmuşdu. 1998-ci ilin sentyabrında Heydər
Əliyevin həmin Forumda qeyd etmişdir: "Bakıda
keçirilmiş zirvə görüşü əməkdaşlığın
inkişafında, sülhün qorunmasında, hər bir
ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına
firavanlıq və rifahlığın gətirilməsində
öz tarixi rolunu oynayacaqdır".
Bakı-Tbilisi-Qars
dəmir yolunun Bakı-Ərzurum qaz kəmərinin çəkilişi
neft gəlirləri hesabına mümkün oldu.
"Əsrin
müqaviləsi"nin 20 illiyinin bayram edildiyi gün - 20
sentyabr 2014-cü ildə
Cənub qaz dəhlizinin təməl qoyma mərasimi bir
daha
"Əsrin müqaviləsi"nin siyasi və iqtisadi
uğurlarının təsdiqidir.
"Əsrin
müqaviləsi" Azərbaycanın təhsilinin və
elminin inkişafında da öz böyük rolunu oynadı və
bu gün də oynamaqdadır. Azərbaycan Prezidenti çox
hörmətli cənab İlham Əliyev dəfələrlə
bəyan edir ki, biz neft kapitalını insan kapitalına
çevirməliyik, intellektual gənclərin
hazırlanmasına yönəltməliyik. Prezidentimizin bu
günümüz və gələcəyimizlə səsləşən
bu ideyası uğurla dəstəklənir və həyata
keçirilir. ARDNŞ-nin "Elm fondu" ölkədə
gedən hərtərəfli inkişafdan və ölkə
Prezidenti cənab İlham Əliyevin "neft kapitalını
insan kapitalına çevirmək!" devizinin icrası istiqamətində
aparılan işlərdən irəli gələrək,
2011-ci ildə yaradılmışdır. Bu fondun əsas məqsədi
- ölkə ziyalılarının intellekt potensialından
dövlətçiliyimizin inkişafında, xüsusən
neft sənayesində daha səmərəli istifadə etmək,
eyni zamanda, onların maddi-sosial durumunu
yaxşılaşdırmaqdır. Bu fond Azərbaycanın
Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsi
üçün hər il 3,5 milyon manat vəsait
ayırır. Bu elmi nəticələrin daha yüksək və
rəqabət qabiliyyətli olmasını təmin edir.
ARDNŞ
bir neçə ildir ki, ən istedadlı gəncləri
dünyanın ən nüfuzlu universitetlərinə təhsil
almağa göndərir. Onların bir çoxu artıq təhsil
alıb geri dönmüşlər və indi transmilli şirkət
olan ARDNŞ-də uğurla çalışırlar.
ARDNŞ
itmiş mühəndis nüfuzunu qaytarmaq, gəncləri
mühəndis peşəsinə istiqamətləndirmək
üçün öz ali məktəbini - Bakı Ali Neft Məktəbini
yaratdı. Maraqlıdır ki, cəmi 3 yaşı olan bu ali məktəb
bu gün ölkənin ən reytinqli ali məktəbidir. Ali məktəblərə
tələbə qəbulda ən yüksək müsabiqə
məhz bu ali məktəbdə olmuşdur. 2014-cü ilin tələbə
qəbulunda bu ali məktəbə yalnız 648-700 bal
toplanmış abituriyentlər qəbul olmuşlar. Birinci qrup
üzrə ali məktəblərə qəbul olan və
prezident təqaüdünə layiq görülən 25 tələbədən
17 nəfəri məhz Bakı Ali Neft Məktəbini
seçib. Bu ali məktəbin AMEA-nın Neft-Kimya Prosesləri
İnstitutu ilə bir binada yerləşməsi, elmi-tədqiqat
mərkəzi ilə ali məktəbin əməkdaşlığının
yeni modelini yaratmağa imkan verdi.
ARDNŞ
2012-2013-cü illərdə Neft-Kimya Prosesləri
İnstitutunun yenidən qurulmasına, yeni avadanlıqlarla təchizatına
qoyduğu vəsait Azərbaycanın elm tarixində büdcədən
kənar qoyulan ən böyük vəsaitdir.
ARDNŞ
bu gün dünyanın ən iri layihələrindən biri
olan Neft-Qaz,
Neft-Kimya kompleksinin yaradılması üçün
mühüm tədbirlər həyata keçirir. Bu, yaxın
gələcəkdə Azərbaycanı ən güclü
neft-kimya kompleksi olan ölkələrdən birinə
çevirəcək. "Əsrin müqaviləsi" öz
təsirini kimya sənayesinin inkişafında da göstərir.
Sumqayıtda kimya sənayesinin yenidən qurulması və yeni
istehsalatların yaradılması bu təsirə gözəl
nümunədir.
Ölkədə elmin
inkişafına verilən önəm sayəsində Prezident
yanında "Elmin inkişafı fondu" yaradıldı. Bu
qurum da öz növbəsində ölkədə elmin
inkişafına böyük təkan verdi.
Azərbaycan Milli Elmlər Akademiyasının yeni kitabxanası və Milli Ensiklopediyanın möhtəşəm binası dövlətin elmə böyük diqqət və qayğısının təzahürüdür. Artıq AMEA-nın onlarca gənc alimi dünyanın ən nüfuzlu elmi mərkəzlərində uzun müddətli praktikaya göndərilirlər.
Azərbaycan bu gün sürətlə inkişaf edən turizm ölkəsinə çevrilib. Hər il ölkəmizə gələn xarici turistlərin sayı dəfələrlə artır.
İndi təkcə paytaxt Bakı yox, bütün bölgələr sürətlə inkişaf edir. Ölkəmiz hər il bir neçə dünya miqyaslı tədbirlərə ev sahibliyi edir. 2015-ci ildə Avropanın birinci olimpiada oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi qərarı ölkəmizin artan nüfuzunun təsdiqidir.
Azərbaycan Respublikası Prezidentinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi və "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamları ilə ölkəmizdə kosmik sənayenin inkişafına rəvac verilib. Bu sahənin inkişafına verilən önəm sayəsində artıq Azərbaycan dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrilib və kosmik sənayenin inkişafı istiqamətində uğurlu işlərə imza atıb. Bu gün peykimiz müasir tələblərə cavab verən, zəruri avadanlıqlarla təchiz edilmiş Əsas və Yerüstü Peyk İdarəetmə mərkəzindən yerli mütəxəssislər tərəfindən birbaşa idarə olunur. Azərbaycan indi dünyanın 17 kosmos ölkəsindən biridir.
Biz Qafqazda ən güclü orduya malikik. Bizim sürətlə inkişaf edən hərbi sənayemiz var. Artıq biz vətənimizi gözlənilən hərbi təcavüzlərdən qoruya bilərik. Dünyanın hərbi texnika sərgilərində uğurla sərgilənən və ölkəmizin öz istehsalı olan hərbi texnika və yeni silahlar bu əminliyi yaradır. Bundan böyük iftixar hissi ola bilərmi?
Yuxarıda qeyd etdiklərimiz müdrik və dahiliklə yüzilliklərə hesablanmış Heydər Əliyev siyasətinin və onun layiqli davamçısı olan çox hörmətli prezidentimiz İlham Əliyev cənablarının uğurlu xarici və daxili siyasətinin bir hissəsidir. Bu gün bizim hər birimiz fəxrlə deyə bilərik: "Mən Azərbaycanlıyam". Bu qüruru bizə verən Heydər Əliyevin yaratdığı və İlham Əliyevin ucaltdığı vətənimiz Azərbaycandır.
Vaqif ABBASOV,
akademik
525-ci qəzet.- 2014.- 30 sentyabr.-
S.5.