Səbail rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Səbail
rayonu çox vaxt "paytaxt içində paytaxt" da
adlandırılır. Əslində, bu bənzətmə
heç də təsadüfi deyil. Azərbaycan
Respublikasının əsas idarəetmə orqanları -
Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti,
Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra
Hakimiyyəti, Hökumət evi, bir sıra nazirliklər, o
cümlədən əsas güc nazirlikləri - Daxili
İşlər, Müdafiə və Milli Təhlükəsizlik
Nazirlikləri, Dövlət Komitələri, ölkədə
fəaliyyət göstərən 13 xarici dövlətin səfirlikləri,
bir sıra beynəlxalq təşkilatlar və şirkətlərin
ofisləri də məhz Səbail rayonunun ərazisində yerləşir.
Bütün bunlar isə rayonun sosial-iqtisadi inkişafına
daha çox diqqət yetirilməsini zəruri edir.
Çünki ölkəmizdə səfərdə olan xarici
qonaqların, iş adamlarının, siyasətçilərin
və s. üz tutduğu əsas məkanlar məhz Səbail
rayonunun ərazisindədir.
Rayonun ərazisində
yerləşən "Bibiheybət" məscid kompleksi
Bakının möhtəşəm abidələrindən
biri kimi bütün Şərq aləmində məşhurdur.150
ildən artıqdır ki, insanların ziyarət yerinə
çevrilən "Bibiheybət" bolşevizm terrorundan
canını qurtara bilib.Bəllidir ki, 1934-cü ildə məscid
dinamitlə partladılıb.Məscid və minarə yerlə-yeksan
olunaraq üzərindən yol çəkilib.Lakin müstəqillikdən
sonra "Bibiheybət" məscidi yenidən bərpa olunub.Mərhum
Azərbaycan prezidenti Heydər Əliyevin göstərişi
ilə məscidin bərpasına 1998-ci ildən
başlanıb. 2008-ci il iyulun 12-də yenidən qurulan
"Bibiheybət" məscidinin açılışı
olub. "Bibiheybət" Səbailin giriş
qapısının açarıdır sanki.Bakıya gələnlər
də, gedənlər də bu ibadətgahı ziyarət
edir.Bu gün məscid kompleksi də daxil olmaqla abidənin
özü və ətrafı abadlaşdırılıb.
Bununla
yanaşı Səbail rayonu qədimliyi və Bakının mədəniyyət
mərkəzi olması ilə də digər rayonlardan fərqlənir.
Bakılıların və şəhərimizin
çoxsaylı qonaqlarının əsas ziyarət yeri olan
"Şəhidlər Xiyabanı" və "Fəxri
Xiyaban", Heydər Əliyev Fondu, UNESKO-nun "Dünya
İrs siyahısı"na salınmış İçəri
şəhər Dövlət Tarix Memarlıq Qoruğu, unikal mədəniyyət
incisi olan Muğam Mərkəzi, habelə bir sıra istirahət
və gəzinti obyektləri, o cümlədən "Fəvvarələr
Meydanı", əhali arasında "Torqovaya"
adlandırılan küçə, Dənizkənarı Milli
Bulvar, "Azadlıq meydanı", Bakı Funikulyoru və s.
də rayonun ərazisindədir. Bakının, eləcə də
respublikanın əsas mədəniyyət mərkəzləri,
o cümlədən 7 teatr, filarmoniya, 2 kinoteatr, 5 kitabxana, 15
muzey, 5 mədəniyyət evi Səbail rayonunda fəaliyyət
göstərir. Ərazidə müxtəlif elm, incəsənət
korifeyləri, müharibə və ədəbi qəhrəmanların
şərəfinə ucaldılmış heykəl və
büstlər, 3 park və 12 istirahət bağı var.
Sadalanan mərkəzlər
rayonun sosial-iqtisadi inkişaf imkanlarının genişlənməsində
xüsusi rol oynaya bilər. Əgər dünyanın paytaxt
şəhərlərinin müqayisəsini aparsaq, turizm sahəsindən
əldə edilən gəlirlərin sosial-iqtisadi
inkişafdakı payının əyani şahidi olarıq.
Səbaildə
təhsilin səviyyəsi, orta məktəblərdə
şagirdlərin normal təhsili üçün hər
cür şəraitin yaradılması, məktəblərin
maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət
mərkəzində olub. Rayonda 5 ali, 18 orta və 18 məktəbəqədər
təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs
ilinə hazırlığı və yay mövsümü ərzində
məktəblərdə aparılan təmir işlərinə
RİH tərəfindən nəzarət daha ciddi olub. Səbail
rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovin
mətbuata açıqlamasına görə, son 3 il ərzində
ölkə başçısının imzaladığı
Sərəncam və Dövlət Proqramlarına əsasən
rayondakı orta və məktəbəqədər təhsil
müəssisələrinin böyük əksəriyyəti əsaslı
təmir olunub, 1 yeni orta məktəb və 1 yeni uşaq
bağçası tikilib, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi
sökülərək yenidən tikilmişdir. 2 məktəb
üçün yeni əlavə korpus tikilmiş, 1 peşə,
11 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki
yaradıcılıq mərkəzi, 8 uşaq
bağçası əsaslı təmir olunub.
Söhbətləşdiyimiz
ekspertlərin bir çoxu vurğulayır ki, Səbail rayonu
paytaxtın mərkəzi hissələrini əhatə etdiyi
üçün burada iri sənaye müəssisələrinin
fəaliyyəti mümkün deyil. Bu səbəbdən rayonun
sosial-iqtisadi inkişaf perspektivləri arasında ən
böyük üstünlük məhz tarixi turizmə verilməli,
xidmət sahələrinin inşafına xüsusi diqqət
yetirilməlidir.Bu planların həyata keçirilməsi
üçün rayonun bütün imkanları mövcuddur.Belə
ki, İçəri şəhər Dövlət Tarix
Memarlıq Qoruğu tarixi turizm sahəsində yüksək gəlir
əldə etmək üçün unikal imkanlar
yaradır.Paytaxt qonaqlarının diqqətini cəlb etmək
üçün burada Azərbaycan xalqının milli adət-ənənələrini
özündə təcəssüm etdirən yarmarkaların təşkili
də mümkündür.Rayonun səlahiyyətli
orqanlarının təşəbbüsü ilə təşkil
olunacaq bu yarmarkalardan müxtəlif layihələrin
reallaşmasına imkan verəcək maliyyə vəsaitlərinin
əldə edilməsi imkanları xeyli yüksəkdir.
Onu da
bildirək ki, avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni
binasının açılış mərasimi olub.Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.Muzeyin
yeni binasının yaradılması işində Heydər
Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və
köməyi olub.Orijinal üslubda inşa olunan bina
bükülmüş xalçanı
xatırladır.Hazırda muzeyin sərgi və fondlarında
13 min 300-dən artıq eksponat və əşya
saxlanılır.Muzeydə xalça və xalça məmulatları,
metal məmulatlar, parça, geyim və tikmə, keramika,
şüşə, ağac, kağız, zərgərlik əşyaları,
kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya
mühafizə olunur.Bu kolleksiyanın ziyarətçilərə
təqdimatı üçün binada ideal şərait
yaradılıb.Muzeyin fondunda mövcud olan xalça və
xalça məmulatlarının saxlanılması və
konservasiyası 2013-cü ildə Bakıya dəvət
edilmiş və bu sahədə zəngin təcrübəsi
ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin
parçalarının konservasiyası üzrə mütəxəssis
Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar
əsasında təmin olunur.Artıq muzeydə nümayiş
olunan eksponatlara baxmaq üçün buraya gələn
insanların sayı durmadan artmaqdadır.
Qeyd
etdiyimiz kimi Səbail rayonu paytaxtın digər rayonları ilə
müqayisədə öz qədimliyi ilə seçilir.Onu
dünya paytaxtlarının analoji rayonları ilə də
müqayisə edə bilərik.
Ekspertlər də vurğulayır ki, Səbail rayonu ərazisində də yeni yaşayış binalarının inşası, ictimai-iaşə obyektlərinin tikintisi xüsusi plan əsasında aparılmalı, tarixilik, qədimilik qorunmalıdır.Artıq bu istiqamətdə də dövlət səviyyəsində xüsusi addımlar atılır. Paytaxtın mərkəzi hissələrində inşa olunan binaların hündürlüyü, təyinatı, memarlıq üslubu xüsusi qəbul edilmiş plan əsasında müəyyənləşdirilir.
Hər bir rayonun sosial-iqtisadi inkişaf göstəriciləri sırasında burada məskunlaşan insanların həyat şəraitini asanlaşdıran sosial tələbatların hansı səviyyədə ödənildiyi xüsusi olaraq vurğulanır.Son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər və atılan səmərəli addımlar nəticəsində rayonun bütün yaşayış məntəqələri və sahələri fasiləsiz elektrik enerjisi ilə təmin olunub.Bütün elektrik enerjisi istehlakçıları sayğaclarla təchiz edilib.Rayonun bütün yaşayış məntəqələri və sahələri fasiləsiz olaraq təbii qazla təmin olunub, abonentlərin sayğaclaşdırılması işləri başa çatdırılıb.Rayon ərazisi, eləcə də qəsəbə və yaşayış sahələri stasionar telefonla təmin olunub, bütün mövcud ATS-lər elektronlaşdırılıb.Rayon sürətli internet şəbəkəsi ilə təmin olunub.
Rayonun sosial-iqtisadi inkişafına dair statistik göstəricilər də maraq doğurur. 2014-cü ilin ilk altı ayının yekunlarına əsasən nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq və ya 1,7 fazidən çox, rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq və ya 1,4 faizdən artıq xidmətlər göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5 faiz çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 114,6 milyon milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,2 faiz artıqdır.
6 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,8 faiz çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən əhaliyə 127,3 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
I yarımillikdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manatlıq və ya əvvəlki ilin yanvar-iyun aylarından 22,8 faizdən çox istehlak malları satılıb, 35,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 faizdın artıq iaşə xidmətləri göstərilib. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2,9 faizdən artaraq 127,3 milyon manat olub.
Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 112246 nəfər, orta aylıq əmək haqqının məbləği isə 970,0 manat olub.
2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir. Birinci yarımillikdə rayonda 2 saylı şəhər poliklinikasında, "Turac" uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəsəbəsində yeni İdman Kompleksinin, yeni xəstəxana binasının və 3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.
Bütün bunlar qədim dövrlə müasir dövrün sintezini təşkil edən rayonun qarşıdakı illərdə daha böyük uğurlara imza atacağını söyləməyə əsas verir.
İsgəndər
HƏSƏNOV
525-ci qəzet.-
2014.- 30 sentyabr.- S.4.