2013-cü il ölkəmiz üçün bir çox uğurlarla yadda qaldı

 

 

 

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevdir

 

- Tahir müəllim, başa vurduğumuz 2013-cü ildə ölkə iqtisadiyyatında əldə olunmuş nailiyyətlər və baş vermiş digər mühüm hadisələr haqqında fikirlərinizi bilmək istərdik. Bu baxımdan, ötən ilin nəticələrini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə 2013-cü ilin yekunlarına nəzər yetirəndə, hesab edirəm ki, təkcə ötən ilə deyil, daha əvvələ baxmaq lazımdır ki, əldə edilən nəticələri yaradan amillər hansılardır, hansı bünövrə üzərində qərar tutub. Əlbəttə ki, bu, ilk növbədə, Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi kursuna söykənən göstəricilərdir. Əgər müstəqillik dövründə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, ölkədə siyasi-ictimai sabitlik yaranmasa, irimiqyaslı layihələr həyata keçirilməsə, beynəlxalq aləmdə Azərbaycanın münasibətləri bərqərar olmasa idi, bu gün 2013-cü ildə əldə olunan uğurlardan danışmaq olmazdı. Digər bir amil həmin iqtisadi-siyasi kursun həyata keçirilməsidir ki, bu da Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır.

Əlbəttə, 2013-cü il uğurlu il olub. Bu, ilk növbədə, onunla əlaqədardır ki, Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanılıb. Bu, dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın dirçəlməsi üçün olduqca vacib şərtdir. Bilirsiniz ki, hazırda dünyanın bir çox ölkələrində nəinki iqtisadi, hətta ciddi siyasi böhran yaşanır, vətəndaş qarşıdurmaları mövcuddur. Amma Azərbaycan dinamik, stabil inkişaf yolunda inamla addımlayır. Digər tərəfdən, Azərbaycan artıq beynəlxalq aləmdə dəstəklənən dövlətdir. 2013-cü ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini uğurla başa vurdu. Eləcə də, «Şahdəniz-2» layihəsi üzrə sazişin imzalanması ölkəmizin dünyada önəmini daha artırdı. Azərbaycanda ötən il bir çox beynəlxalq konfranslar, musiqi festivalları, idman yarışları, beynəlxalq forumlars. keçirildi. Bütün bunlar çox əlamətdar hadisələrdir.

Amma ötən ilin ən mühüm hadisəsi şübhəsiz ki, ölkəmizdə keçirilən növbəti prezident seçkiləri oldu. Bu seçkilərdə cənab İlham Əliyev parlaq qələbə qazandı və növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Seçkilər həmçinin, bütün dünyaya Azərbaycanın demokratik bir dövlət olduğunu bir daha nümayiş etdirdi.

- Artıq 10 ildir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları həyata keçirilir. Bu inkişaf prosesi özünü necə göstərir?

- Ölkəmizdə düzgün siyasət aparılır, dövlət büdcəsi formalaşır, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, Azərbaycanın nüfuzu yüksəlir. Bu gün neft gəlirlərindən asılılığın aradan qaldırılması yönündə ciddi tədbirlər həyata keçirilir. Son bir neçə ildə sənaye parklarının yaradılmasını ön plana çəkmək olar. Sumqayıtda kimya sənayesi, Balaxanıda yüksək texnologiyalar parklarının yaradılması bilavasitə sənaye sahələrinə olan diqqətdən irəli gəlir. Həmçinin, regionların sosial-iqtisadi inkişafına önəm verilir.

Bu sahədə iki dövlət proqramı qəbul olunubbu proqramlar düzgün yerinə yetirilib. 2014-2018-ci illəri əhatə edəcək 3-cü proqram hazırlanır. Bu proqramda nə nəzərdə tutulub? Başlıca olaraq, aqrar sahənin inkişafı nəzərdə tutulub. Yeni texnologiyaların tətbiqi məsələsi diqqətdə saxlanılır. Kəndlərdə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, infrastruktur, yol, enerji, su təchizatı və s. məsələlər nəzərdə tutulur. Regionu təmsil edən bir millət vəkili kimi deyə bilərəm ki, bu gün regionlarda çox ciddi inkişaf müşahidə olunmaqdadır. Təmsil etdiyim Ağcabədi rayonunun timsalında yüzlərlə xırda müəssisələrlə yanaşı, iri müəssisələr istifadəyə verilib. Məsələn, gündəlik istehsal gücü 250 ton olan süd emalı zavodu, 20 ton olan yağ-pendir zavodu istismara verilib. 1000 tonluq taxıl anbarı var. Soyuducu anbarı tikilib istifadəyə verilib. 204 yerlik müasir tipli xəstəxana, eləcə də, Gənclər Mərkəzi istifadəyə verilib. Bütün bunlar regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn tədbirlərdir. Həyata keçirilən proqramlar sayəsində əhalinin paytaxta axınının qarşısın alınıb. Artıq Ağcabədinin kəndlərinin 70 faizdən çoxu qazlaşdırılıb, ən ucqar kəndlərimizə qaz çəkilib, su təminatı yaxşılaşdırılıb. Enerji problemi artıq yoxdur. Bu gün yoxsulluğun səviyyəsinin aradan qaldırılması üçün aqrar sektorun inkişafı mühüm prioritet olaraq müəyyənləşdirilib.

Digər tərəfdən, adamlarına, sahibkarlara güzəştlər nəzərdə tutulur. Bu, çox vacibdir. Bütün bunlar bu ilin dövlət büdcəsində də öz əksini tapır. Büdcə sosialyönümlü olmaqla yanaşı, həm də regionların, kəndlərin inkişafına xidmət edir.

- Tahir müəllm, Azərbaycanda bələdiyyələr artıq onbeşinci ildir ki, fəaliyyət göstərir. Ötən dövrü təhlil etsək, yerli özünüidarəetmə orqanlarının fəaliyyətini ümumi şəkildə necə xarakterizə etmək mümkündür?

- Bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır.

Bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün yüksək səviyyədə qanunvericilik mövcuddur. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılmasında və onların fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq qanunvericilikdə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər. Əslində, ilk seçkidə bələdiyyələrin yalnız təşkilatlanması və formalaşdırılması istiqamətində addımlar atılmışdı.

- İlk seçkilərdən sonra ölkəmizdə 2 mindən artıq bələdiyyə yaradıldı. Amma son illər bu istiqamətdə islahatlar aparılaraq onların birləşdirilməsi prosesi həyata keçirildi. Sizcə, bu dəyişiklik gözlənilən nəticəni verirmi?

- Bələdiyyə qanunvericiliyi yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların rəyindən asılı olaraq, hər bir yaşayış yerində bələdiyyələr yaradıla bilər. Bu səbəbdən o dövrdə 2757 bələdiyyə fəaliyyət göstərirdi. Amma kiçik bələdiyyələrin maddi-texniki bazasının olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş sayıla bilməzdi. Onların kadr potensialı zəif idi, ödənişləri yığa bilmirdilər və s. problemlər var idi. O səbəbdən də bələdiyyələrin birləşdirilməsi zərurəti ortaya çıxdı. Bu çox düzgün proses idi. İnkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin gələcək fəaliyyəti üçün bir stimul sayıla bilərdi. Bu baxımdan, bələdiyyələrin birləşməsi ən vacib məsələlərdən biri sayıla bilər. 1000-dən artıq bələdiyyə birləşdi və bu gün ölkəmizdə 1800-ə yaxın bələdiyyə fəaliyyət göstərir. Fikrimcə, zərurət yarandıqca birləşmə prosesi davam etməlidir və bunun əsasında daha nümunəvi bələdiyyələr yaradılmalıdır. Eyni zamanda, şəhər, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları fəaliyyət göstərir ki, bu çox normalqanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir. Bu qurumların yaradılması bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə yaxından kömək göstərir. Digər tərəfdən, bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların toplantılarında iştirak etməkdə və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır. Bildiyiniz kimi, bu il ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Düşünürəm ki, hər seçilən yeni bələdiyyələr öz fəaliyyətini daha da təkmilləşdirir, respublikamızın sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər.

- Milli Məclisin yaz sessiyasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunacaq. Sizcə, bu məruzələr bələdiyyələrin fəaliyyəti haqqında tam təsəvvür yarada bilirmi?

- Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qanunvericilikdə öz əksini tapır. Qeyd etmək lazımdır ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi olduqca vacib bir şərtdir. Bu vəzifəni Ədliyyə Nazirliyi həyata keçirir. İnzibati nəzarət dedikdə bələdiyyələrin səlahiyyətlərinə müdaxilə nəzərdə tutulmur. Sadəcə, bələdiyyələrin qanunvericiliyə əməl etməsinə nəzarət prosesi həyata keçirilir. Bundan başqa, bələdiyyələrin qəbul etdiyi qərarların hüquqi baxımdan düzgün olub-olmamasının da öyrənilməsi də bu nəzarətə aiddir. Məsələn, torpaqların verilməsində, bələdiyyələrin sərəncamlarında qanunvericiliyə əməl olunması, o cümlədən, bələdiyyə maliyyəsinin xərclənməsi prosesində qanunun tələblərinə riayət olunması inzibati nəzarətin tərkibinə daxildir. Ona görə də, bu sahə ilə əlaqəli protokollar yerlərdə yoxlanılır, həmin sənədlərin bir surətini də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərirlər. Digər tərəfdən, artıq regionlarda da bu mərkəzin filialları fəaliyyət göstərir. Bu mərkəzdə fəaliyyət göstərən hüquqşünaslar da bu qərarların verilməsinin hüquqi aspektini təşviq edirlər.

Hesab edirəm ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Bələdiyyələrlə vətəndaşların münasibətlərinin tənzimlənməsi əsas diqqət mərkəzində olmalıdır. Digər tərəfdən, bələdiyyələrin problemləri ilə yaxından tanış olmaq lazımdır. Ölkəmizdə bələdiyyələrin inkişafına diqqət və qayğı göstərilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramlarının həyata keçirilməsində bələdiyyələrin də iştirakı var. Bələdiyyə sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali ilə qarşılıqlı əlaqə müstəvisində qurmalı və bu prosesdə vətəndaşların iştirakının fəallığını təmin etməlidir. Vətəndaşlarımız da bələdiyyələrin inkişafında maraqlı olmalıdır, onların inkişafına maddi və mənəvi dəstəklərini göstərməlidirlər. Əks halda, bələdiyyələrin inkişafından danışmağa dəyməz. Çünki müəyyən vergilər, ödənişlər var ki, onlar vətəndaşlar tərəfindən verilir. Əgər vətəndaşlar bu vergiləri verməsə və qarşılığında da bələdiyyələrin maliyyə vəsaiti olmasa hansısa bir işin görülməsi problem olar. Fikrimcə, vətəndaşlar hər il öz bələdiyyələrinin hesabatlarını dinləməlidirlər. Bələdiyyələr də qanunvericiliyə uyğun olaraq hər 6 aydan bir öz seçiciləri qarşısında hesabat verməlidir. Bələdiyyələr də daim öz büdcəsini formalaşdırmalı, onu müzakirəyə çıxarmalı və prosesdə şəffaflıq təmin olunmalıdır.

 

yap.org.az

Səs.- 2014.- 9 yanvar.- S.7.