Babək haqqında
sonuncu roman
Ədəbiyyatda elə mövzular var ki, hər dəfə
onlara müraciət olunanda yeni, daha müasir bir ədəbi
nümunə yaranır və ya əksinə, heç nə dəyişmir,
"köhnə" havalar təkrar olunur. Biz poeziyada, nəsrdə
və dramaturgiyada ənənəvi mövzular üzrə təsnifat
aparmaq fikrində deyilik. Yalnız bir
mövzu üzərində dayanmaq və bu mövzuda qələmə
alınan ən sonuncu bir əsər barədə söz
açmaq istəyirik. Söhbət Azərbaycan
tarixində nəhəng bir şəxsiyyət olan, misilsiz qəhrəmanlıq
mücəssiməsi kimi anılan Babəkdən, daha
doğrusu, onun haqqında yazılan əsərlərdən
gedir.
Təbii
ki, ərəb tarixçilərinin özlərinin də
etirafına görə Babək hərəkatı az qala xilafətin süqutuna aparıb
çıxaracaqdı, heyif ki, bu böyük sərkərdə
xəyanətin, satqınlığın qurbanı oldu.
Özü də əsrlərdən bəri halal torpaqlarımıza
göz dikən, türkə qənim kəsilən bir millətin
şərəfsizi tərəfindən.. Babək haqqında yenə ən doğrunu əsl həqiqəti
Azərbaycan alimləri ortaya çıxardılar. Bədii əsərlərə gəldikdə isə
Babək mövzusuna müraciət ədəbiyyatımızın
bir neçə mərhələsi üçün səciyyəvidir
və hər mərhələdə həmin mövzuda
yazılan əsərlər eyni bədii səviyyədə
deyil.
Mövzunun
tarixi Cəfər Cabbarlının "Od gəlini" faciəsindən
başlayır. Görkəmli tənqidçi
Yaşar Qarayev bu əsəri "böyük problemlər
faciəsi" adlandırmışdır. Yüksək, monumental stildə yazılan bu faciədə
yadelli işğalçılara, ərəb istilasına
qarşı aparılan mübarizə əsas yer tutur. Cabbarlı Elxan (Babək) və Aqşin kimi iki
qüvvətli xarakter yaratmış, ya Azadlıq ya köləlik
- hansı yolu seçməli- bu ideyanı bədii şəkildə
reallaşdırmışdı. Beləliklə,
Babək mövzusu ədəbiyyata yol açır. Sonralar rus şairi İlya Selvinski də bu mövzuya
müraciət etdi (həmin əsəri Xəlil Rza yüksək
sənətkarlıqla dilimizə çevirdi). Osman
Sarıvəllinin "Babək", həmçinin Bəxtiyar
Vahabzadənin "Dar ağacı" pyesləri də bu böyük
qəhrəmanın şəxsiyyətinə heyranlıqdan irəli
gəlir.
Bəs poeziyada? Bizim hesablamamıza görə Babək
haqqında, onun qəhrəmanlığı, edamı, son nəfəsində
də əqidəsindən dönməməyi barədə
üç yüzdən çox şeir və bir neçə
poema yazılmışdır. Rəsul
Rzanın "Babək" poemasını, Əli Kərimin
"Babəkin qolları" şeiri bu yazılanlar
içində xüsusilə seçilir.
Nəsrimizdə isə Cəlal Bərgüşadın
"Siyrilmiş qılınc" romanı birinci nümunədir. Yaxşı
niyyətlə yazılmasına baxmayaraq bu əsər bədii
cəhətdən mükəmməl deyildi və o zaman ədəbi
tənqid də bunu zəif əsər kimi qeyd etdi. Görkəmli yazıçı Ənvər Məmmədxanlının
"Babək" romanı isə yarımçıq
qaldı, bununla yanaşı, əsər orijinal təhkiyə
tərzi və tarixi koloriti əks etdirmək baxımından
gözəl təsir bağışladı.
Xatırladaq ki, Ənvər Məmmədxanlı bu romandan əvvəl
"Xürrəmilərin ağ
şahini" pyesini və "Babək" bədii filminin
ssenarisini yazmışdı.
Babək mövzusunun bizə bəlli olan nümunələrini
qısaca xatırlatdıq. Tarixçi alimlərimiz
Babək haqqında mənbələrdən, qaynaqlardan, məxəzlərdən
əldə etdiklərini sistemləşdirib və olsun ki, hələ
bundan sonra da axtarışlar davam edəcək. Bədii ədəbiyyatda isə Babək mövzusu,
öncə qeyd etdiyimiz kimi hələ bitmir və
böyük, monumental Babək obrazının
yaradılmasına qədər bir yol keçəcək.
Budur, Babək
haqqında yeni bir əsər... Bu əsər
fikrimizcə, daha çox müasir Azərbaycan oxucuları
üçün yazılıb. Çünki
Azadlığın şirin bir nemət olduğunu dərk edən
Oxucu müstəqilliyin nə demək olduğunu, bu yolda qanlar
töküldüyünü hiss edəcək, duyacaq...
Əsərin adı "Azman", müəllifi Akif
Əlidir.
Akif Əli sözün həqiqi mənasında
müasir bir ziyalıdır və onun bir
yazıçı-publisist kimi fəaliyyəti də
razılıq doğurur. Onu əsasən çağdaş insan və
bu insanın planet və zaman çərçivəsində
hərəkət və əməlləri, böyük
dünya ilə mənəvi bağlantıları daha
çox düşündürür. Bu
düşüncələrini o, nəsr və publisistik əsərlərində
ifadə edir, yazılarına fasilə verəndə isə
televiziya verilişlərində sözünü deyir.Ancaq onun
"Azman" əsəri tarixi mövzudadır və Babəkin
keçdiyi mübarizə və qəhrəmanlıq yolunu
işıqlandırır.
Akif Əli əsərini "Patetik fantaziya"
adlandırır. Ancaq bu, əsərin məcazi
adıdır. Bədii əsər isə dəqiqlik
sevir və ona görə də "Azman" əsərinin
janrı da dəqiq müəyyənləşdirilməlidir.
"Azman" janrına görə tarixi romandır. Bədiiliyin
elmiliklə, konkret desək, tarixiliklə qovuşduğu bir
roman.
Bəri başdan qeyd edək ki, "Azman"da tarixi
roman janrının üç başlıca xüsusiyyəti
hifz olunmuşdur. Birincisi; romanda tarixi hadisələrin və tarixi şəxsiyyətlərin
mümkün qədər obyektiv əks olunması
..Bunun üçün yazıçının tarixə, təsvir
etdiyi qəhrəmanın həyatına, keçdiyi
mübarizə yoluna, onun yaşadığı əsrin hadisələrinə
bələdliyi olmalıdır. O.Balzak deyirdi ki:
"Əsl tarixçi fransız cəmiyyətidir, mən isə
ancaq onun katibiyəm".İkincisi; tarixi koloritin, məkanın
və şəraitin düzgün təqdimi... yəni
yazıçı dövrün ab-havasını canlandıra
bilməlidir, bu, əsərin dilində, təhkiyə tərzində
də hiss olunmalıdır.Üçüncüsü;
tarixiliklə müasirliyin vəhdəti. Polşa
ədibi Tadeuş Qoluy yazır ki, keçmiş dövrə
mən ona görə müraciət edirəm ki, müasir həyatı
daha yaxşı başa düşüm.Akif Əlinin
romanı bu üç cəhəti mümkün qədər
özündə ehtiva edə bilmişdir.
Tarixi romanların özünəməxsus üslub tərzi
olur. Azərbaycan tarixi romanları da müxtəlif
üslubi xüsusiyyətlərinə görə bir-birindən
seçilirlər. Nəsrimizdə bu
janrın ilk nümunələrini yaradan ("baniyi-kar")
M.S.Ordubadinin tarixi yaxşı bildiyi bizə məlumdur, amma o,
təsvir etdiyi tarixi dövrü, tarixi şəxsiyyətləri
öz bədii təxəyyülünün ixtiyarına
verirdi. Mümkün qədər
çalışırdı ki, onun romanı oxunaqlı olsun və
Ordubadi şirin bir təhkiyə tərzi ilə romana macəravi
hadisələr də qatırdı. Bu
üslub tərzi sonralar da davam etdirildi.Bunun ən bariz
nümunələrini Əzizə Cəfərzadənin
romanlarında görürük. Amma
altmışıncı illərdən başlayaraq tarixi
romanlarda təsvir üsulu dəyişilməyə
başlayır. "Dəli Kür"də,
"Qarlı aşırım"da tarixi hadisələr macəra
ünsürlərindən xilas olur, tarixə, tarixi hadisələrə
və şəxsiyyətlərə yeni baxış
bucağından yanaşılır. Daha
sonrakı onilliklərdə "Fətəli fəthi",
"Qətl günü", "Mahmud və Məryəm"
kimi əsərlərdə tarixi romana psixoloji qat da əlavə
olunur və bu əsərlərdə tarix sözün həqiqi
mənasında müasirliklə qovuşur.
Akif Əlinin "Azman" romanı da heç
şübhəsiz, adını çəkdiyimiz bu sonuncu
romanlara xas olan səciyyəvi cəhətləri özündə
əks etdirir.
Bu əsərdə də tarixi hadisələrə yeni
yanaşma tərzi hiss olunur, mübarizə, konflikt
üz-üzə gələn qüvvələrin
qarşılaşmasından daha çox şəxsiyyətlərin
öz daxilində, psixoloji aspektdə davam edir.
Roman Babəkin
edam ərəfəsi, zindanda keçirdiyi
günlərin təsviri ilə başlayır və hadisələr
onun edamına qədər retrospektiv üsulla davam etdirilir.
Hiss olunur ki, müəllif Babəklə bağlı
yazılan tarixi əsərləri, mənbə və məxəzləri
diqqətlə nəzərdən keçirib, az-çox ərəb
tarixçilərini də əsərlərindən
faydalanmışdır. Təbii ki, müasir
tarixi romanlarda tarixi olduğu kimi, "necə varsa elə"
prinsipi o qədər də əhəmiyyətli
görünmür. Yazıçı hadisələri
elə təsvir etməlidir ki, oxucu onların həqiqətən
doğru olduğuna qətiyyən şübhə etməsin.
Akif Əlinin romanı da bu mənada
doğruçu bir əsərdir. O, dar ağacına,
edama aparılan Babəkin keçirdiyi hissləri,
yaşadığı anları məhz psixoloji aspektdə təsvir
edir. Yüz mindən artıq
işğalçı ərəb qoşunlarını
qanına qəltan bu igid insan indi əsirdir. Amma bu əsirlikdən sanki ikinci bir Babək
doğulur və ikinci Babək birinci Babəkin qılıncla
elədiyini daxilində həyata keçirir. Sona qədər Babək yalnız ürəyində
danışır və sərkərdə Babəki filosof Babək
əvəz edir. Xəlifə Mötəsimbillahla
qolubağlı Babəkin qarşılaşması səhnələrini
azğın bir hökmdarla azman bir filosofun dialoqu kimi dərk
edirik. Sadəcə olaraq, hökmdar-xəlifə
qışqırır, bağırır, söyür, ittiham
edir, filosofsa onun ittihamlarına, qışqırıq və
söyüşlərinə ürəyində cavab verir:
"Qəfil qopan fil hayqırtısı Babəki fikirdən
ayırdı. Başını dik tutub üzü gbylərə
sarı dərin xəyala dalmış Babək heyvan
çığırtısının
dağıtdığı fikirlərindən ayrılıb
şişman göz qapaqlarının arasından meydana
baxdı…Və onu da gördü ki,hayqırtı
səsi arxa tərəfdə qulağını
yapdırıb xortumu ilə əlləşən fağır
boz fildən yox, qarşı tərəfdə taxtın
üstündə nadinc uşaqlar kimi qalxıb-oturan,o yan-bu
yana vurnuxan Mötəsimbillahdan çıxıbmış:
-Heyvərə!!!
Zındıq!!! Yekəxana!!! Nə belə
şah kimi dayanmısan qarşımda?! Əvvəlcə
qolundakı köpək zəncirlərinə bax, sonra o
qüruru göstər mənə! Siz Azərlər
kimsiniz axı?! Kürreyi-ərzi tutan nəhəng Xilafətin
yanında bapbalaca bir kəndistan, cılız cırtdanlar
ölkəsi! Bu boyda dev Xilafətə nə edə
bilərdiniz siz? Cavab ver!
Babək...
Xəlifənin aciz halına acıdı.Təmkinini
pozmadan heç nə deməyib yenə üzünü
uzaqlara tutdu. Damarlarından axan qaynar qan kimi coşqun
fikirləri sürətlə bu oyunbazlıq meydanından
uzaqlaşdı, səmaya baxdı, günəşin parlaq
şüaları üstündə gəldiyi doğma, əziz,
ürək sızıldadan əsrarəngiz məkana
uçdu:
-Aman
Tanrım... Gör nələr olur…Vay səni, cahillər
padşahı..Nə söylədiyinin fərqində
olsan, bir belə nadan olmazdın həlbət. ilərdin ki, biz Sümər kimi qədim-qaim
qövmlərdənik, ey ərəb. Bəşərin
beşiyi olan Odlu Yurdun, min-min ildir Oğuzlarda var olan Qor
Atanın azim övladlarıyıq biz, əoəb.
Azmanlarıq! Bilərdin ki, ulu Tanrıya bağlı
qövmümüz göylərdən gələn qanı ilə,uhu ilə məğlubedilməzdir, basılsa
da əyilməyən, əzilsə də sınmayan, dikəlib
Günəşə boylananlarıq biz..Oğuzlar bədəvi
deyil ki, yurd basa, talan törədə, ev yıxa…..Bizim yurda
Tanrının bərəkəti od-alov, işıq
üstündə, bağ-bağat, çaylaq, zəmi
üstündə gəlir;qum, tikan, kərtənkələ
üstündə yox... İndi özün bax,cahil,
Tanrı gözündə kim Cırtdan,kim Azman ola..."
Bu səsli-səssiz
dialoq Babəkin dəhşətli edamına qədər, hətta
edam prosesində də davam edir.
Romanda Babək
və Xəlifə Mötəsimbillahdan başqa Afşin, Səhl
Sumbat, Cavidan, Babəkin qardaşı Abdulla, Mazyar kimi surətlər
də diqqəti cəlb edir, bunlardan yalnız əvvəlinci
ikisi epizodik deyillər. Afşin-satılmış türk, Səhl
Sumbat-satqın erməni..Onların hər ikisi
Babəkin taleyində, mənfi mənada mühüm rol
oynamışlar. Afşin
"Türkün qənimi türkdür" fikrini
doğruldur (Sabirin "Öz qövmümüzün
başına əngəl-kələfiz biz" misrası əbəs
yerə deyilməyib), Səhl Sumbat isə əbədi-əzəli
fitrətinə sadiq qalır. Təbii ki,
tarix kitablarında, həmçinin "Azman"dan əvvəl
Babək haqqında qələmə alınan bədii əsərlərdə
həm Afşin, həm də Səhl Sumbat haqqında eyni
fikirlərə rast gəlirik. Amma Akif
Əli bu iki obrazın Babəkdən sonrakı taleyini də
izləyir, xəyanət mücəssiməsi olan bu adamlar
özləri də çox keçmədən məhv olur.
"Azman və ya "sən mənim dözümümü görəcəksən".. Əsərin bütöv adı belədir. Əslində, bu roman İNSAN DÖZÜMÜnün maksimallığı, düşməni sükutla və bu heyrətamiz dözümlə məğlub etməyin mənzərəsini yaradır. Babəkin ölüm səhnəsi nə qədər dəhşətlidir, bəlkə də dünya tarixində bu cür işgəncə olmayıb. Amma bu dəhşətli şaqqalama belə bizdə yaranan o qürur hissini yox etmir. Ənvər Məmmədxanlənın "Xürrəmilərin ağ şahini" pyesindən və "Babək" ssenarisindən sonra Babəkin ölüm səhnəsinin təsvirində Akif Əli də təsirli boyalarını əsirgəməmişdir.
Roman haqqında uzun-uzadı danışmağa, onun digər məziyyətlərini sadalamağa ehtiyac görmürəm. Yəqin ki, geniş oxucu aləmi bu romanla tanış olacaq. Amma mən söhbətimə romanın ideya və qayəsini açıqlaya biləcək son cümlələri ilə bitirmək istəyirəm. O iki abzasın mənası budur ki, Babək mənən ruhumuzdadır, o ölməyib: "Hər il Babəkin doğum günü olan 26 iyun tarixi Azərbaycanın bütün vətənsevər oğuz türkü tərəfindən yad olunur.
Və bütün təzyiqlərə, təqiblərə baxmayaraq, cənublu soydaşlar onun müqəddəs ruhunun daim doğma yurdun başı üstündə dolaşdığını və bu azadlıq ruhunun bu yurdda əbədi var olduğunu nümayiş etdirmək üçün elliklə Qaradağlının Ərdəbil səmtindəki uca dağlara qalxıb Bəzz qalasına yürüşə çıxırlar".
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2014.- 8 yanvar.- S.7.