Sən kimsən, doktor Alazan Baycan yaxud baş tutmamış ziyarət...

 

 

Yaylaq vaxtıydı.

 

...Arabanın təkəri cırıldayan tərəfdə oturmuşdu. Arabaçı qohumuydu. "Oğul bala!"-dedi,deyəsən, o təkəri yaxşı yağlamamışammış,keç bu biri tərəfdə otur.Cağdan bərk yapış,birdən əlin qopar,yıxılıb eləyərsən!"...

 

O səs ömrü boyu yadından çıxmadı onun.

O təkər cırıltısı, o kişinin tapşırığı .

Amma həyat elə gətirdi ki...

 

Araba cağından bərk yapışdığı tərəfə gərək heç keçməyəydi.Təkər cırıltısı gələn tərəfdə oturub ömrü boyu kaş,üzü doğma dağlara,yaylaqlara tərəf yol gedəydi.

Ya da... kaş o kişi "cağdan bərk yapış" dediyi tərəfdən yıxılıb qalaydı o dağlarda. Düşməyəydi bu qürbət ellərə...

Söhbət yalnız 20-21 yaşlarından Bakıda Tibb İnistutunun tələbəsi ola-ola 30-cu illərdə Azəbaycandan,doğma Qazaxdan didərgin düşən bir gəncdən deyil, sonralar xaricdə məşhur doktor (həkim) və şair olmuş bir insandan gedir.

Adı, soyadı bəllidir: Hacı Həsənzadə.

Ədəbi təxəllüsü belə olub: Alazan Baycan.

...Hər dəfə xəstələri müayinə edib,yardım göstərəndə qohumu olan kişinin dediyi "tərəfdə" əyləşdirirdi və tapşırırdı: "Cağdan bərk yapışın,birdən yıxılarsınız".

Amma şeirlərini araba təkərinin cırıltısı gələn tərəfdə "oturub" yazırdı:

 

Məndən soruşurlar sən haralısan,

Üzün buğda rəngli,gözlərin qara.

De görək sən hara,bu yerlər hara,

Kimlər səni saldı bu uzaqlara,

Didərgin baxışlı,sən haralısan?!

Mən Kürün,Arazın axdığı yerdən,

 

Xəzərin Qafqaza baxdığı yerdən,

Azərin odları yaxdığı yerdən,

Keçilməz yolları keçib gəlmişəm,

Talış dağlarını aşıb gəlmişəm.

O yerlər bir aləm,günəşi başqa,

Can alır,can verir o sonsuz eşqə.

O yerlər səfalı,gözəl məkandır,

Ta əskidən adı Azərbaycandır.

O uzanır Qafqazlardan Urmuya.

Könül vermiş həm günəşə,həm aya.

 

 

Onu bölən Araz deyil,Kür deyil,

O yaşayır,ancaq yazıq,hur deyil.

Sevdim özgürlüyü,azadlığı mən,

Canımı qurtardı əzilən yerdən.

 

Freyburq, 12.5.1974

 

Bu şeirindən də göründüyü kimi o,adamların "Şura hökuməti" dediyi "əzilən bir yerdən" qaçıb getmişdi.

Bəri başdan deməliyəm ki,biz onu bu gün tanıdığımıza görə böyük ədəbiyyatşünas, qeyrətli vətəndaş alim,professor Abbas Zamanova borcluyuq.Kimliyi haqqında ilk ətraflı məlumatı oxuculara 4 may 1990-cı ildə "Ədəbiyyat qəzeti"ndə o, təqdim etmişdir:

"Qarşımda iki şeir kitabı var. Biri "Könül sazından" (1983.170 səh.), o biri Dağ çiçəkləri" (1987.100 səh) adlanır. Bunların hər ikisi Ankarada "Azərbaycan Kültür Dərnəyi" nəşriyyatı tərəfindən buraxılmış və ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

Bu kitabların ürəyi Vətən həsrətilə döyünən müəllifinin qəribə həyat dünyası vardır. O,vətəndə ikən Hacı Həsənzadə, qürbətdə isə doktor Alazan Baycan familiyası daşımışdır. Qoy A.Baycan həyat hekayəsi ilə özü bizi tanış etsin:

"Azərbaycanın Qazax şəhərində 1913-cü ildə may ayının 12-də dünyaya gəldim. İbtidai məktəbi bitirdikdən sonra Qazax müəllimlər seminariyasına daxil olub,oranı 1929-cu ildə bitirdim. Bir il Balakəndə müəllimlik etdikdən sonra 1931-ci ildə Bakı Universitetinin Tibb fakultəsinə girdim.

1933-cü ildə Universiteti yarımçıq buraxıb Güney Azərbaycana,oradan da Türkiyəyə keçdim.

1934-cü ildə İstanbul Universitetinin Tibb fakultəsinə girdim və 1939-cu ildə oranı bitirdim.Bir neçə il hərbi xəstəxanada, tibb klinikasında çalışdım.

1942-ci ildə Almaniyaya getdim.Bir il Berlin universtetində çalışdım.1943-cü ildə Freyburq universitetində çalışmalarıma davam etdim.

1949-cu ildə daxili xəstəliklər mütəxəssisi oldum.Eyni ildən bəri Freyburqda özümün daxili xəstəliklər klinikasında çalışmaqdayam".

Doktor A.Baycanın yuxarıdakı "1933-cü ildə Güney Azərbaycana, oradan da Türkiyəyə keçdim" ifadəsinə vacib bir düzəliş vermək lazımdır.Hacı Həsənzadə vətəni sadəcə olaraq tərk etməmişdir.O,baş götürüb vətəndən qaçmışdır. Çünki adı "millətçilər" siyahısına düşən H.Həsənzadə əgər o zaman aradan çıxmasaydı "siyasi idarə"nin caynağına düşəcəkdi.

Doktor A.Baycan qürbətdə didərgin həyatı sürsə də, vətənlə əlaqələrini kəsməmişdir.

Həmişə doğma Azərbaycandan müxtəlif yollarla qəzer, jurnal, kitab əldə etmiş, Azərbaycanla birgə yaşamış, birgə nəfəs almışdır.

Mühacirətdə yaşayan bir çoxları onun kitabxanasından istifadə edirdilər.Mən şəxsən iyirmi ilə yaxın onunla məktublaşmış, kitab mübadiləsi etmişəm. A.Baycanın şeirlərinin yeganə leytmotivi Vətən həsrətidir.O, mənə göndərdiyi məktubların birində yazırdı:"Dünyada yeganə arzum ana vətəni ziyarət etməkdir.Heç bilmirəm bu istək mənə qismət olacaqdırmı?"

Çox təəssüf ki, Vətənin vətənindən didərgin düşən qərib oğlunun arzusu həqiqətə çevrilmədi.O, bütün ömrü boyu Vətən həsrətiylə yaşadı,Vətən həsrətiylə öldü.Qərbi Almaniyanın Freyburq şəhərində 1989-cu il noyabrın 9-da gözlərini həyata yumdu.

Doktor A.Baycanın həyat yoldaşı İnqa xanım mənə göndərdiyi kədərli məktubda yazmışdı: Alazan ömrünün son dəqiqələrində bu sözləri dedi:

 

Azərbaycan...Qazax...Səməd.

O, bu sözləri deyəndən sonra keçindi".

Professor Abbas Zamanov.

 

...İndiki uşaqlar anadan olmurlar. (Bunu bütün uşaqlara aid etməsəm də, söhbətin nədən getdiyini yəqin ki, bilirsiniz.Söhbət keysəriyyə əməliyyatından gedir!)

Belə "doğulan" uşaqlar inanmıram ki, əsl ana, Vətən məhəbbətinin, Vətən həsrətinin nə olduğunu bilsinlər...

 

"Alazan Baycan öləndə niyə Azərbaycan demişdi?

 

Çünki Azərbaycandandı.

Niyə Qazax demişdi?

Çünki Qazaxda doğulmuşdu.

Bəs niyə Səməd demişdi?!

 

Görünür, Səmədi təkcə böyük şair kimi sevməyibmiş.Aralarında 7 yaş fərq olmasına baxmayaraq bəlkə də biri-birini yaxşı tanıyırmışlar, dost da ola bilərmişlər. Axı hər ikisi Qazax müəllimlər seminariyasını bitirmişdi, hər ikisi müəllim olmuşdu,hər ikisi şair idi və s.

O,Səməd Vurğunu yaxşı-yaxşı tanımasaydı (hamıdan çox sevməsəydi?!) sonralar Səmədə həsr etdiyi şeirdə onun portretini belə "çəkə" bilərdimi:

 

O doğuşdan inadkardı,

Dindardan çox o, dindardı.

 

İkinci misra Səməd Vurğunun ilk gənclik illərində "Dəli Səməd" çağırıldığı dövrə işarədir. O dövrdə Səməd vegeterianlığa meyilliydi.Ət yemirdi.(Tolstoy kimi.)

Özü bunu sonralar etiraf etmişdi. Deyirdi ki, "heyvanlara yazığım gəlirdi".

Birinci misra da çox yerində deyilib.Səmədin uşaqlıq illərində hədsiz inadkar olduğu məlumdur.Dediyindən dönməzmiş.Hətta bir dəfə ilk eşqinin üstündə qardaşı Mehdixana acıq eyləyib Dilcandakı yaylaq evindən bayıra qaçmış, özünü ağacdan asmışdı ki, niyə məni bu yoldan döndərmək istəyirsiniz?

Alazan Baycanın Səmədə yazdığı şeiri dəfələrlə oxumuşam və düşünmüşəm ki, Səməd Vurğunun portretini heç kim Alazan Baycan kimi çəkməyib."Səməd Vurğunun eşqi"adlanan bu şeirin son bəndi xüsusilə, çox təsirli və real fikirlərlə doludur.

 

...Boşa çıxdı arzuları,

Tez ağardı dərdli başı.

Yazıq uzun yaşamadı,

Öldü vicdan əzabından,

Siqaranın dumanından.

 

Əlbəttə, Alazan Baycanı Səməd Vurğunla bağlayan təkcə gənclik illəri olmayıb.Yaradıcılıq nümunələri baxımından da oxşar cəhətləri var bu şairlərin.

Ömrü boyu Vətəni Azərbaycanın azadlığa çıxmasının həsrətini çəkmiş Alazan Baycan deyir:

"Sevdim azadlığı,özgürlüyü mən,canımı qurtardı əzilən yerdən". Doğrudan da, 30-cu illərdə xüsusən Azərbaycanda Şura höhumətinin qurulmasından 15 il sonra (1935) artıq yavaş-yavaş məlum olmuşdu ki,bu hökumət əslində özgürlüyün,kişiliyin kökünü kəsmək üçün qurulubmuş.

S.Vurğun da insan azadlığının boğulduğunu "Aslan qayası" poemasını bitirəndə "hiss" etmişdi: "İnsan azadlıqdır,azadlıq insan!"

 

Mənə maraqlı görünən faktlardan biri budur ki,nədən qazaxlı ola-ola Hacı Həsənzadə "Alazan Baycan" təxəllüsü götürübmüş? İlk olaraq ağlıma gələn bu oldu ki, o Qazax Müəllimlər Seminariyasını bitirdikdən sonra Balakəndə müəllimlik etmişdi. Alazan çayı o tərəflərdə yerləşir axı. Daha dəqiq oxucuların təsəvvur əldə etməsi üçün ASE-nin "Balakən Rayonu" bölümünə baxdım."Balakən rayonu- Azərbaycanda inzibati rayon. Baş Qafqaz silsiləsinin cənub yamaclarında və Alazan -Həftəran vadisindədir. Çay şəbəkəsi çoxdur. Rayonun ərazisindən Balakən, Mazım və s. çaylar, Katex çayı, Qanıx (Alazan) çayı axır".

"Alazan" təxəllüsünün hardan götürüldüyü beləcə aydınlaşdı. "Baycan"da məlum şeydir.Bu "Azərbaycan" sözünün "baycan" hissəsidir.

Ömür-gün yoldaşının alman qızı olduğu bəllidir.Adı İnqa olub.Bəs ilk sevdiyi Azərbaycan gözəlinin adı nə olub, görəsən? O gözəl ki,onu Alımça ağacının altında görmüşdü.Onda 13 yaşı vardı.Onda belə yazmışdı:

 

Alımçanın dibində,

Gözüm qaldı gözündə.

Səni sevdim ürəkdən,

Bilirmisən özün də?!

 

 

 

Bu onun ilk şeiri olub.13 yaşın şeiri! Mənə elə gəlir ki,bu bir bənd şeir onun şairlik pasportudur,vizit kartıdır.Və bu şeir dünyanın ən gözəl məhəbbət şeirlərindən biridir.Böyük və ölməz məhəbbət dastanlarının proloqudur.

...Bu insan nə gözəl şeirlər yazırmış. Bu insan bizim yazmadığımız,yazammadığımız,yazmağı unutduğumuz şeirləri yazırmış. Götürək elə Mirvarid Dilbaziyə yazdığı şeiri:

 

 

 

"Çoban" qoşmasını oxudum,andım,

Xəyala bürünüb yurdu dolandım.

Özümü dağlarda bir çoban sandım,

Qoy ötsün tütəyim,susdurma məni.

 

 

Bizim dağlar yenə əski dağlarmı,

Sular axıb,çaylar daşıb çağlarmı?

Bənövşələr boyun büküb ağlarmı?

Doğrumu sözlərin,qandırma məni.

 

 

Sevdiyim dumanlı, yaşıl dağarın,

Silinməz izləri keçmiş çağların.

Düşsəm ayağına doğma Qazağın,

Qoy öpüm doyunca,qaldırma məni.

 

 

Əlvan çiçəklidir dağların yazı,

Ondan ayrı inlər könlümün sazı.

Həsrətəm dağlara,a dağlar qızı,

Qoy çıxım dağlara,qaytarma məni.

 

 

Dünyanın ən gözəl bir yerindəyim,

Bağlıdır yurduma yenə ürəyim.

Sorsalar doğrumu,bunu söyləyim:

Yanıram,gəl su tök,yandırma məni!

 

Son misranı oxuyanda yadıma Dilican yaylağı,Dilican dərəsi düşdü. Dilicanda Şir heykəlinin ağzından aşıb daşan "Şirli bulaq" düşdü.O bulaqdan mən də çox içmişəm. 1988-ci ildə anam xəstələndi. "Ürəyim yanır" dedi. O bulağın suyundan istədi. İçsəm,ölmərəm,söylədi. Allah insafımı kəssin. O sudan gətirmədim. Qorxdum ki,içən kimi anam ölər. Amma zənnim düz çıxdı. Ondan sonra o "Yanğıyla" anam xeyli yaşadı.

Adamı həsrət öldürür.

Yox, adamı həm də həsrət yaşadırmış?!

Alazan Baycanın şeirlərindəki yurd yerlərinin adını indi çoxlarımız unutmuşuq. O yaylaq yerlərini görənlərin,sevənlərin çoxu ya ölüb indi... ya da o şair kimi o yerlərdən didərgin düşüblər. Az qala,öz adları yadlarından çıxıb...

"Molla qayası", "Sənəm dərəsi", "Kərəm Körpüsü", "Dilican" "Haçasu" yer-yurd adları A.Baycanın şeirlərində yaşayır indi. Bu adlar "Şairlər vətəni" bizim tərəflərin,millətimizin kodlarından biriymiş. O kodu düşmən bildi,bizi bir yerə "yığdı", ondan sonra bizimlə çox asanlıqla istədiyi kimi "danışa" bildi.

Bu adamın yazdığı şeirlər adi şeirlər deyil. Tarix var bu şeirlərdə. Tarixi yurd yerlərimizin möhürlənmiş adları var. Biz heç o yerlərdən bu qədər yazmamışıq. Biz yaylaqlara yox,yaylaqlarımıza gedirdik. Biz bu yerlərdən danışanda o saat erməni köpəkoğlu haray salır ki,yalan deyirsiniz,buralar bizim olub: Onda o yerlərin adını öz adı,soyadı kimi (öz şeiri,laylası,bayatısı kimi!) yadında saxlayan Alazan Baycan nə olsun? Axı doğma olmayan şey tez yaddan çıxır. A.Baycan dediyi adlar damarlarından qan kimi axırmış. O yerlər ermənilərə məxsus idisə heç olmasa ermənicə bircə yer adısa bu şeirlərə düşəydi də?!

Qazaxda bizim yaylaqlara yol "Haçasu"nun yanından başlayardı.Bunu köhnə kişilər yaxşı bilirdi.Bunu Alazan Baycan da illərlə unutmamışdı:

 

 

 

Haçasudan keçdik dağlara sarı,

Göllərdə ördəklər üzdüyü zaman

İstərəm görəm mən o nazlı yarı,

Saçına çiçəklər düzdüyü zaman.

 

 

Arabamız irəllədi durmadan,

Keçdik əyri-ürü tozlu yollardan

Aşıqlar dəm vurdu vəfalı yardan,

Gözəllər gözünü süzdüyü zaman.

 

 

Qoyun,quzu dağdan enib gələrdi,

Anasın itirmiş quzu mələrdi.

Nə yaman olurmuş ayrılıq dərdi,

İnsan ümidini üzdüyü zaman.

 

 

Uzaqlaşdıq eldən,yollar qaraldı,

Qaraldı dumanlı dağların ardı.

Füzuli ürəklər yanar,ağlardı,

Gözəllər sözündən döndüyü zaman!

 

 

 

Qərbi Almaniyada yaşayasan,amma hər gün,hər an köç yollarında "Molla qayası"nda, "Haçasuda" "Kərəm Körpüsü"ndə, "Sənəm dərəsi"ndə, Dilicanda, Dəli dağda olasan. Vətən canlı şair olasan,aşıq olasan, aşiq olasan. Bu mümkündümü?! Mümkündür! Alazan Baycanın şeirləri elə bunu deyir:

 

 

 

...Mən aşığam,odsuz yandım,

Yanan odlar mənsiz olmaz.

Vətən, səni hər an andım,

Vallah, könlüm sənsiz olmaz!

...Kərəm körpüsündən keçsəm,

Qayalarda qartal seçsəm,

Dilicanda bir su içsəm,

Yanan könlüm cansız olmaz.

 

 

 

...Molla qayasından bir bax,yuxarı,

Hardadı Səmədin vəfasız yarı?

Ölmədən bir görsəm doğma diyarı,

Sarsılmaz imandır canım,eloğlu!

 

 

Ömür nə cür ötüb keçdi, bilmədi.Gözü dünyanın nə var- dövlətində,nə də qürbət "Şirnisi"ndə qaldı. Özü yazdığı kimi,gözü Qazaxda qaldı.

Bizimsə gözümüz hələ də köhnə yurd yerində, o dağlarda, köç yollarında qalıb.

...Hər dəfə Qazaxdan Dilicana tərəf baxanda nədənsə ən çox qulağıma gələn araba səsidir.

Bir də Didvandakı "Göyəzən" yeməkxanasının pəncərəsindən o yerlərə doğru zillənən türk şairi Yavuz Bülənd Bakilərin qəribanə yazıq-pozuq,ağlar baxışları.İşə bax gör hardan baxıb tanış edirdik kişini köhnə yurd yerləriylə və deyirdik: O yerlər,o dağlar bizim olub!?"

Aman Allah! Biz Vətəndən Vətənə boylanırdıq.

O ( Alazan Baycan) isə qürbətdən Vətənə boylanası olmusdu.Ürəyi, gözü Qazaxda qalmışdı və müstəqilliyimizə 2 il qalmış (1989) müqəddəs bir ziyarətin bir addımlığında ölmüşdü,76 yaşında. Öləndə belə demişdi:

"Azərbaycan"...qazax...Səməd...".

P.S. Bu mühacir şair haqqında düşünəndə yadıma Qazaxlı mühacir Yusif düşür. O mühacirətə gedəndə Cümhuriyyət bayrağını kəmərinin altından belinə dolayıb sərhəddi keçib, Türkiyəyə pənah aparıb.Öləndə vəsiyyət edib ki, məni Qazaxdan gətirdiyim o bayrağa büküb dəfn edərsiniz. Elə də ediblər.

...Alazan Baycanın da qəlbində belə bir bayraq dalğalanırmış.Və əminəm ki, onun dəfninə biz gedə bilməsək də, "Molla qayası" ,"Kərəm körpüsü", "Dilican dərəsi " ,"Haçasu" gedibmişlər.

Özü də yaylağa gedən o köhnə arabayla. Hamısı da yəqin ki, arabanın hələ də yağlanmamış cırıldayan təkəri tərəfdə oturubmuşlar...

 

Barat VÜSAL

AYB Qazax bölməsinin sədri,

Əməkdar İncəsənət xadimi

525-ci qəzet.- 2014.- 8 yanvar.- S.5.