Döyüş
hələ bitməyib...
İnsan var ki, ömür boyu özünə həmişə
sakit bir güşə, rahat bir həyat arzulayır. İnsan var
ki, daim burulğanlar içində, ömrün dolaylarında
çırpınır, pərvanə tək özünü
odlara yaxır. Xanımzər də həmişə
çarpışan, saflıq, düzlük axtaran əqidə
adamlarındandır.
Qanlı-qadalı Qarabağ müharibəsi
çoxları kimi, onun da taleyini, ömür yolunu dəyişdi. Həyatın
axarı, mübarizənin səmti də başqa məcraya
yön aldı.
Xanımzər Həsənova 1970-ci ildə Ermənistan
adlandırılan Oğuz elinin Vedibasar mahalının
Şidli kəndində anadan olub. 1988-ci ilin noyabrında
ailəsi ilə birgə yurd yerlərindən qovulanda
Xanımzər orta məktəbi təzəcə
bitirmişdi. O, çoxuşaqlı ailənin
övladlarından biri idi, didərginlik həyatının
çətinliklərini, məhrumiyyətlərini
görür, duyurdu. Tərtərdə məskunlaşdılar,
xeyirxah insanlar ən çətin anlarda onlara arxa-dayaq oldular.
Erməni silahlı birləşmələri tez-tez Tərtərin
başı üzərinə "Kristal" və
"Alazan" raketləri yağdırır,
dağıntılar törədir, yer-göy lərzəyə
gəlirdi. Dinc əhali vahimə, qorxu içində
yaşayırdı. Belə bir vaxtda
Xanımzər Gəncədə texnikumda oxuyurdu. Fikri ailəsinin yanında idi və cəbhədə
baş verən hadisələri diqqətlə izləyirdi.
Yaxın qohumu Şuşa batalyonunun əsgəri
Əlövşətin şəhid olduğunu eşidəndə
artıq dözmədi, cəbhəyə getməyi qərara
aldı. Əslində bu fikrini bir qədər əvvəl
ailəsinə bildirmişdi. Atası
qızının israr etdiyini görüb
razılaşmış, onu cəbhəyə yola
salmışdı.
Xanımzərin
ilk döyüşü
Xanımzəri
816 saylı Şuşa
özünümüdafiə batalyonunun Kərkicahan
rotasına qəbul etdilər. Əvvəlcə
əsgərlərə yemək bişirirdi. Təlim zamanı tədriclə texnikanı öyrəndi.
O, ilk döyüş əməliyyatlarını həyəcanla
xatırlayır:
-1992-ci ilin isti avqust günləri idi. Ayın 30-da
Ağdərənin Mehmanə kəndini düşməndən
təmizləmək uğrunda qızğın
döyüşlər başlandı. Sentyabrın
2-də rota komandiri İslam Quliyevin rəhbərliyi ilə
döyüşçülərimiz əsl şücaət
göstərərək, demək olar ki, itki vermədən
strateji əhəmiyyətli Mehmanə yüksəkliyini
götürdülər. Qorxuya düşən
ermənilər kəndi tərk etdi. Həmin
gün döyüş yoldaşım, ən yaxın rəfiqəm
Kəmalə Qəhrəmanovanın ad günü idi. Bu hərbi əməliyyatın uğurla başa
çatması hamımıza əsl hədiyyə olmuşdu
və belə döyüşlər irəliyə,
işğal olunmuş digər kəndlərimizi də
düşmən caynağından qoparmağa səsləyirdi.
Döyüş səngiyəndən sonra çox
şeyi götür-qoy edirdim. Baş verənlər
mənə görəsən nədən elə də çətin
görünmürdü? Mənə elə
gəlirdi ki, hansısa filmə çəkilirəm,
özümü təsdiq etməliyəm. Bəlkə,
hələ dəhşətli ölüm-itim görmədiyimdən
belə düşünürdüm.
Sonra ilk dəfə ölümlə
qarşılaşdım. Rotamız Murovdağa
gedəndə əsgərlərimizi aparan "Qaz-66" qəzaya
uğradı, maşının banında oturub
bayrağımızı dalğalandıran Vüqar adlı
döyüşçümüz yerə
çırpılıb həlak oldu. Həyatımda
ilk dəfə idi ki, ölümlə
qarşılaşırdım və bu ürəkağrıdan
hadisəni unuda bilmirəm. Əslən
Sabirabaddan olan bu əsgərin cənazəsi həmin
bayrağa bükülüb ailəsinə göndərilmişdi.
Gündüz saatlarında ölüm də, qan da adama bəlkə
də adi görünə bilər. Bu üzücü
hadisə axşamın alatoranında, qaş qaralanda baş
verdiyindən çox dəhşətli idi. Axı, bəzən
deyirlər: "Gecənin xeyrindənsə, səhərin
şəri yaxşıdır". Bir daha
inandım ki, bu fikirdə böyük həqiqət var və
gecə saatında baş verən bədbəxt hadisə
insanın şüuruna daha güclü təsir göstərərək
ikiqat narahatlıq doğurur.
Çıldıran
döyüşlərində başımdan yaralandım.
Xeyli qan itirmişdim. Kəmalənin
köməyi ilə məni Ağdam hospitalına gətirdilər.
Vəziyyətim yaxşılaşıb özümə gələndə
Kəmalə ilə bağlı düşünürdüm:
"Nə yaxşı ki, bizi tale
görüşdürdü. Odun-alovun içində,
ən çətin anlarda bir-birimizə həyan olmaq
üçün".
Hospitalda müalicə alandan sonra yenidən
döyüşlərə atıldım. Batalyon
komandirimiz məni çətin əməliyyatlara buraxmaq istəməsə
də, döyüş yoldaşlarımızdan kənarda
qalmaq mənə ağır gəlirdi.
Qarakənd
əməliyyatı
1992-ci ilin sentyabrında Xanımzərgilin rotasına
Qarakəndə getmək əmri verilmişdi. Rotada
sayılıb-seçilən uşaqlar az
deyildi. Üzümüzə günəşli
bir səhər açılmışdı. Hamı zəfər müjdəsinin sorağında
idi.
Xanımzərin
bu döyüş əməliyyatı barədə dedikləri:
Komandirimiz Mərifət Alışov bizə yanından
ayrılmamağı, bir-birimizə yaxın məsafədə
hərəkət etməyi, ekstremal vəziyyət yaranarsa,
hamımızın birgə çıxmasını
tapşırdı.
Biz Pirağbulaqdan hücuma keçdik. Ermənilərin
qarşı təpədəki Azad qadın abidəsinə az qala çatmışdıq. Biz
manevr edərək, erməni silahlı dəstələrinin
diqqətini özümüzə yönəltməli, digər
hərbi birləşmələrimizin müxtəlif istiqamətlərdən
düşmənə zərbələr endirməsinə
kömək etməliydik.
Kəmalə bizdən azca irəlidə, "Kötəl"
batalyonunun döyüşçüləri ilə
yanaşı gedirdi. Yüksəklikdə möhkəmlənmiş
erməni yaraqlıları bizi xeyli irəli buraxdılar, sonra
isə əsl gülləbarana düşdük. BMP-dən atəş açır, bizi qumbaraatanla,
TŞK və pulemyotla vururdular. Toz-torpaq,
tüstü-duman göz açmağa imkan vermirdi.
Bir də onu gördük ki, komandirimiz "Geriyə! Çıxın!" əmrini
verdi. Biz bir qədər geri
çəkildik. Baxdım ki, Kəmalə
gözə dəymir. Qatı
tüstü-duman arasında onu güclə görə bildim.
O, hələ də irəli getməkdə idi. Sonra
vəziyyəti başa düşüb, yanındakı
döyüşçülərlə birlikdə geri
qayıtdı.
Batalyonumuzdan zərərçəkən olmadı. Qarşımıza
çıxan bir neçə yaralını
götürdük. Düşmənin
BMP-si arxadan hücuma keçərək iti sürətlə
irəliləyirdi. Artıq məhvə məhkum
olduğumuzu düşünürdük. Elə
bu vaxt hərbi vertolyotlarımız havaya qalxıb, ermənilərin
döyüş mövqelərinə və texnikasına
ağır zərbələr endirməyə başladı və
biz xoşbəxtlikdən, düşmənin mühasirə həlqəsini
yarıb döyüş xəttindən uzaqlaşa bildik.
Yenidən Pirağbulağa qayıdırdıq. Şuşa
Ağsaqqallar Şurasının sədri Məhi dayı biz
döyüş əməliyyatına getdiyimiz vaxtda ora gəlibmiş.
Kəmalə və mən bir-birimizi sağ-salamat görən kimi sevincimizdən mahnı oxumağa başladıq. Döyüş rəfiqəm "Dağların başını qışda qar alar", -- söyləmişdi ki, mən avazla ucadan əlavə etdim: "Dost-dostunu görməsə, rəngi saralar". Bunu eşidən Məhi dayı ikimizin də alnından öpüb: "Afərin, qızlar,-dedi." Odun-alovun içindən çıxıb xalq təranəmizi belə şaqraq oxuyursunuzsa, deməli heç nə itirilməyib. Yurd müdafiəçilərimizin döyüş ruhu azalmayıb, mübarizə əzmi yüksəkdir.
Sonra Xanımzər sözünə davam edir:
-İnanın ki, döyüşlərə atılanda heç düşünmürdük qanlı savaşdan sağ çıxmarıq, minaya düşərik, ölə bilərik. Mərmilərin partladığı döyüş meydanı bizi sərtləşdirmişdi. Güllələrin yağış kimi yağdığı, ekstremal vəziyyətlərə düşdüyümüz ən ağır döyüş əməliyyatlarından bəzən sağ-salamat, heç bir zədə almadan qurtulmağımıza inana bilmirdik. Hər şeyə qadir olan Allah bizi qoruyurdu.
Çox şeyə dözürdülər. İsti ev-eşiklərini əvəzlədikləri soyuq səngər həyatına, müharibənin amansız qanunlarına və bir də hər şeydən ağır olan dost itkisinə.
Xanımzər Mərifət adlı döyüşçü yoldaşını yaxşı xatırlayır. Haqqında günlərlə, saatlarla danışa bilər.
-O, mənə qardaş qədər doğma idi, -Xanımzər əlavə edir, - adına layiq müsbət keyfiyyətləri vardı. İşin ən çətinindən yapışar, dara düşənə kömək edər, yol göstərərdi. Ona çox etibar edir, güvənirdim. O qədər səmimi münasibətimiz var idi ki, batalyonumuzun əsgərləri bizi bacı-qardaş hesab edirdi. O, döyüşdə ağır yaralandı, qəlpələr ağ ciyərini zədələmişdi.
1992-ci ilin noyabrında Xanımzərgilin Şuşa özünümüdafiə batalyonu bu qəbildən olan digər batalyonlar kimi vahid komandanlıq altında yeni yaradılan hərbi qruplaşmaya daxil edildi. Həmin hərbi qruplaşmada 13 hərbi batalyon birləşmişdi. Xanımzərgil bu qruplaşmanın tərkibində Fərruxdağ döyüşlərində iştirak etdilər.
Silah yoldaşları bu cəsur qızları qoruyur, ən təhlükəli anlarda vəziyyətdən çıxış yolu tapmaqda kömək edir, ekstremal vəziyyətdə düşmənin diqqətini cəlb etməsinlər deyə , onların hərəsinə uyğun yaraşdırıb seçdikləri döyüş ləqəbləri ilə çağırırdılar. "Yeddi oğul istərəm" filminin qəhrəmanlarının adları bu işdə köməyə gəlirdi. Xanımzər-Qəzənfər, Aliyə-Bəxtiyar, Kəmalə isə Qəqəni təxəllüsünü daşıyırdı.
1993-cü ilin avqustunda ermənilər Murova hücum etmişdi. Xanımzərgilin rotasına kəşfiyyata getmək tapşırığı verilmişdi. Ermənilərin döyüş qüvvələri, hərbi texnikası barədə məlumat toplamaq lazım idi. Bu rotada ölümün gözünə dik baxan, od-alova dirigözlü atılan cəsur oğullarımız az deyildi. Adı çəkilən kəşfiyyat rotası 701-ci briqadanın tərkibində idi. Briqadanın kəşfiyyat rəisi Rəhman İsgəndərov qətiyyətli, möhkəm iradəli bir zabit idi. Ən çətin anlarda düzgün yol göstərir, əsgərlərini qorumağı bacarırdı.
Kəşfiyyata çıxan Xanımzərgil Murovdan üzübəri axaraq Toğanaçaya qovuşan Meydançayın sol tərəfinə keçdilər. Ermənilər onları görüb sağ istiqamətdən vurmağa başladılar. Yağış tək yağan mərmilər səkkiz əsgərimizi ağır yaraladı. Cüssəli, olduqca döyüşkən oğullarımızdan olan Namiq (o, ikinci qrup Qarabağ əlilidir, hazırda Sumqayıtda yaşayır) yaralandı. Bəhruzun vəziyyəti çox ağır idi. Tağım komandiri Qəşəm (o, Tibb Universitetində oxuyurdu, cəbhəyə könüllü gəlmişdi) fərdi tibb paketi verərək onu bir az aralıda dayanmış "Qaz-66" maşınına çatdırdı. Xanımzər söyləyirdi ki, Bəhruz yeridikcə onun boyun nahiyəsində qəlpələrin yaraladığı damarlardan qan ətrafa sıçrayırdı, çox ürəkağrıdan bir mənzərə idi.
Murovdağ nicat qalası idi
Zirvəsində qartallar qıy vuran Kəlbəcər dağlarının əzəməti, bu yurdun qeyrətli oğul və qızlarının məğrurluğu həmişə nəzmə çəkilib , dillərdə dastan olub. Kəlbəcər tarixən Azərbaycanın qala qapısı sayılıb, lakin qəfil əsən acı səmt küləyi kəlbəcərlilərin də başı üstündən yan ötmədi. Bu yurd yerimiz odlara qalananda Murovdağ köməyə gəldi , nicat qalasına çevrildi.
1992-ci ilin mayında Laçın rayonu işğal
olundu. Laçınlıların əksəriyyəti Kəlbəcərdən
gəlib keçəndə bu cəfakeş qonşu sanki
özü qaçqınlıq dövrünü
yaşamalı oldu.
1993-cü ilin yanvarında Xanımzərin də əsgəri
olduğu hərbi hissə Murovdan hücum əməliyyatına
başladı.
Döyüşçülərimiz Murovdan
Yanşağa enib bu kəndi düşməndən təmizlədilər.
Qorxuya düşən ermənilər xeyli itki verərək
çay daşlarından qurduqları səngərləri tərk
etmiş , döyüş
texnikasını atıb qaçmışdılar.
Kəşfiyyatçılar xəbər verdilər ki,
düşmənin geri çəkilən silahlı dəstələrinə
kömək məqsədi ilə erməni generalının rəhbərlik
etdiyi hərbi çağırışçılar
Noyamberyan istiqamətindən irəliləməkdədir. Rəhman, Gəray, Filman
kimi igid oğullarımız bu silahlı dəstənin
qarşısını aldılar, düşmən geri
oturduldu. Atışma zamanı erməni
generalı və onun neçə-neçə əsgəri
öldürüldü.
Yanşaq
kəndində möhkəmlənən əsgərlərimizə
sol cinahdan kömək gəlməli idi, lakin bu iş baş
tutmadı. Mühasirə vəziyyəti
qaçılmaz idi. Fevral ayının
ortalarında Kəlbəcər istiqamətindən xoş xəbərlər
gəlmirdi. Elə vəziyyət
yaranmışdı ki, hərbi hissəmiz Kəlbəcəri
tərk etməli oldu. Döyüş yoldaşları Xanımzəri , cəsarətdə ondan geri
qalmayan Kəmaləni və Aliyəni Meydançayın
üstündə Yolevi deyilən yerə gətirib, təhlükəsizlik
üçün burada qalmağı məsləhət
gördülər. Xanımzərin dedikləri:
-Biz təbii
ki, getmək istəmədiyimizi , silah
dostlarımızla birgə döyüşməyə ,
ölməyə belə hazır olduğumuzu söyləsək
də, qərar qəti idi. Bir gecə burada
qaldıq.
Səhər tezdən qalxıb döyüşə gedənlərə
qoşulmaq üçün məqam gözləyirdik. Gədəbəy
və Tovuz batalyonlarının əsgərləri günorta
iri bir tonqal qalamış, ətrafına cəm olmuşdular.
Artıq gərgin vəziyyət yaranmış,
düşmən bizi hər tərəfdən mühasirəyə
almışdı. Batalyona yalnız geriyə
çəkilmək, Kəlbəcəri tərk etmək əmri
verilmişdi.
Kəmalə, Aliyə və mən bir
qardaşımız - əvvəlki döyüşdə
gözünün birini itirmiş Asif adlı
döyüşçü bizimlə əl-ələ tutaraq əsgərlərin
qarşısını kəsib onları bu yerləri tərk
etməməyə çağırırdıq. Arxada 701-ci hərbi
hissənin uşaqları qalmışdı. And-aman edirdik ki, arxada xeyli hərbi texnikamız,
canlı qüvvəmiz qalıb. Onlar
çıxmaqla biz sonuncu şansımızı da əldən
vermiş olaraq, erməni silahlı dəstələri Murovu zəbt
edər. Təəssüf ki, onlar bizi
eşitmədilər.
Cəbhə həyatı insanları bərkə-boşa
salır, sərtləşdirir. Amma zərif məxluq
harada olursa-olsun, öz incəliyini qoruyub saxlayır.
Sonralar döyüş yoldaşı ilə xoşbəxt
ailə həyatı qurmuş Xanımzər iki uşaq
anasıdır, övladlarının sağlam, gümrah, əsl
vətənpərvərlər kimi böyüməsinə
çalışır. Bəzən çətin günün
sirdaşı olan Kəmalə (hazırda Fövqəladə
Hallar Nazirliyinin xüsusi xilasetmə xidmətində işləyir)
və Aliyə (Dövlət Sərhəd Xidmətinin
zabitidir) ilə döyüş xatirələrini çözələyir.
Həyatının unudulmaz, keşməkeşli,
acılı-şirinli xatirələrini.
Xanımzər deyir ki, intiqam, qisas yanğılı cəbhə
həyatımız, düşmənlə qanlı
döyüş hələ bitməyib və əzəli
torpaqlarımız yağı tapdağından azad edilənədək
bitməyəcək.
Zemfira Məhərrəmli
yazıçı-publisist
525-ci qəzet.-
2014.- 8 yanvar.- S.4.