2013 Azərbaycanda dövlət quruculuğu baxımından uğurlu
il kimi tarixə keçdi
Dünya sonsuzdur. Onun tarixi də,
yaşı da bitməz və tükənməzdir. İnsanlığın
da yaşı az deyil.
Amma bu sonsuz dünyanın
şüurlu məxluqu
olan insanın özünün həyatı
"bir pəncərədən
baxıb keçmək"
qədər qısadır.
O qədər qısa
ki, biz onu illərə, aylara , günlərə, hətta saatlara və dəqiqələrə
də bölməyi öyrənmişik. Zamanı niyə
bölürük görəsən?
Yəqin
ki, İnsan ona nəsib olan həyat parçasını bacardıqca
düzgün və səmərəli dəyərləndirməyə
çalışır. Ona görə də onu qısa fraqmentlərə
bölərək təftiş
edir, keçdiyi həyat yoluna və əldə etdiyi həyat təcrübəsinə söykənərək
növbəti mərhələnin
planını cızır,
məqsədlərini müəyyənləşdirir.
Beləcə İnsanlıq öz
mövcudluğunu ibtidaidən
aliyə və sadədən mürəkkəbə
doğru təkamül
etdirməklə, həyatın
özünü də
durmadan dəyişməkdə
və inkişaf etdirməkdədir.
Biz də dəyişirik,
biz də inkişaf edirik. Biz də özümüzün, cəmiyyətimizin
və dövlətimizin
həyatını zaman
və məkan ölçülərində hissələrə
bölür, itirdiklərimizlə
qazandıqlarımızı dəyərləndirməyə çalışırıq. Adətən,
biz bunu bəlli zamanlarda və daha çox hər dəfə başa vurmaqda olduğumuz illərin sonunda edirik. Bu gün də
illərin qovşağındayıq.
Bir neçə gündən sonra
2014-cü ilə qədəm
qoysaq da, hələ bir müddət il boyu vərdiş etdiyimiz kimi 2013 yazmaqda davam edəcəyik və nəhayət, yeni bir ildə yaşadığımız
şüurumuza da, vərdişlərimizə də
hakim kəsiləcək. Hamımımız
birlikdə daha bir il yaşlaşacaq və məntiqə görə daha bir qədər
müdrikləşəcəyik. Amma hələlik köhnə
zamandayıq. Zamanımız
- 2013, məkanımız isə
- əbədi Azərbaycandır.
Bu il Müstəqil
Azərbaycanımız bir
yaş da böyüdü. Dövlətimiz bir qədər də möhkəmləndi.
Onun bu il ərzində atdığı qətiyyətli
addımlar millətin
fəxarətini də
bir daha artırdı. Bu ilin
fevral ayının 7-də
Azərbaycanın ilk süni
peykinin səmaya ucalması cəsarətli
addım kimi tariximizə yazıldı.
Bu gün üzərində
Vətənimizin adını
və rəmzini daşıyan, sonsuz səmaların ucsuz-bucaqsız
ənginliklərində öz
trayektoriyasını cızan
peykimiz nəinki Azərbaycana, Yer kürəsini məskunlaşdıran
bəşəriyyətin böyük
bir hissəsinə xidmət etməkdədir.
2013-cü ilin ən möhtəşəm
nailiyyətlərindən biri
olan bu hadisə
Azərbaycanımızın şöhrətini dünyaya
deyil, dünyanın başı üzərinə
- Yer kürəsinin orbitinə yüksəltmiş
oldu. İndiyədək cəmi 10 dövlətin
təmsil olunduğu
"kosmos ölkələri
ailəsi"nə gəlişimiz
hər bir azərbaycanlıya unudulmaz
qürur hissi yaşatdı. Beləcə, "Azerspace" xalqımız
və dövlətimiz
üçün 2013-cü ilin iftixar mənbəyinə
çevrildi.
Bu il ölkəmizin
ictimai-siyasi və həm də sosial-mənəvi həyatında
baş verən əhəmiyyətli hadisələrdən
biri də cəmiyyətimizin siyasi yetkinlik və vətəndaşlıq məsuliyyətinin
ən dəqiq indikatoru sayıla bilən Prezident seçkiləri oldu. Sentyabr ayından müxtəlif məzmunlu seçki sloqanlarının təqdim
olunması ilə başlayan, seçicilərə
ünvanlanan siyasi çağırışlarla və
get-gedə güclənən
siyasi ehtiraslarla müşaiyət olunan proseslər nəhayət,
oktyabrın 9-da özünün
kulminasiya həddinə
çatdı və seçkiyə bir gün qalmış sakitləşərək seçicilərin
qərarını gözlədi.
Bütün prosesi səbrlə,
təmkinlə izləyən,
öz dövlətini
və millətini sevən, onun müstəqilliyini qorumağa
və möhkəmləndirməyə
çalışan Azərbaycan
seçiciləri öz
qərarını Ana Yasamızda
nəzərdə tutulduğu
kimi, öz səsləri ilə ifadə və təsdiq etdilər. Bu seçkilər Azərbaycan vətəndaşlarının
ölkənin və xalqın gələcəyini
düşünmək baxımından
siyasi yetkinliyə, yüksək məsuliyyət
hissinə malik olduğunu göstərən
növbəti bir sınaq oldu. Nəticə
xalqla dövlətin, vətəndaşla Prezidentin
millətin taleyi haqqında arzu və düşüncələrində,
niyyət və ümidlərində həmrəyliyini
və vəhdətini
nümayiş etdirdi.
Bütün millətlərin
əldə etməyə
can atdığı bu
vəhdətin əsasında
Heydər Əliyevin
90-cı illərdə Azərbaycanı
bir dövlət kimi qoruyub saxlaya
bilməsi və son on
ildə İlham Əliyevin onu dünyanın inkar edilməsi artıq heç cür mümkün olmayan bir dövlətə çevirməsi dururdu. Bu möhtəşəm vəhdət İlham Əliyevin dünya siyasətində apardığı
çevik, qətiyyətli
və cəsarətli
siyasətindən, öz
xalqına və millətinə sevgisindən,
xalq qarşısında
təvazökarlığından və xalqın ona sonsuz etimadından
doğulmuşdu. Məhz belə
bir vəhdət Azərbaycanın müstəqilliyini
əbədi, dönməz
və sarsılmaz etməyə qadirdir.
Əvvəlki on il ərzində dünya siyasətindəki
mövcud reallıqları
dəqiq qiymətləndirməklə,
ölçülüb-biçilmiş, balanslaşdırılmış siyasət yolu ilə öz millətini və dövlətini tərəqqiyə
və yüksək rifah cəmiyyətinə doğru inkişaf etdirməkdə İlham Əliyev Azərbaycana digər ölkələrin
qibtə edə biləcəyi qədər
böyük uğurlar
qazandırmışdı. Azərbaycan vətəndaşı da özünün əsrlər
boyu dəyişməz
məziyyəti olan haqq və ədalət
hisslərinə sadiq qalaraq İlham Əliyevin öz əməyi hesabına qazandığı halal haqqını onun özünə çatdırdı
və növbəti dəfə onu ölkənin Prezidenti seçdi. Azərbaycan İlham Əliyevin
yeni prezidentlik dövrü ilə daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm
qoydu.
Xalqın yüksək etimadının doğrulması özünü çox gözlətmədi. İlin son ayı möhtəşəm bir layihənin - XXI əsrin layihəsi kimi qiymətləndirilən "Şahdəniz -2" Müqaviləsinin imzalanması ilə əlamətdar oldu. Ümumi dəyəri 45 milyard ABŞ dolları həcmində qiymətləndirilən və dünyanın indiyə qədər gerçəkləşdirilmiş enerji layihələri arasında kapital tutumuna görə ən irihəcmli layihə olan "Şahdəniz -2" Azərbaycan qazının qardaş Türkiyədən keçməklə birbaşa Avropaya çatdırılmasını nəzərdə tutur. Layihə bu günə qədər beynəlxalq qurumlar tərəfindən təsdiq edilmiş 3 trilyon kubmetrdən çox qaz ehtiyatlarımızın ən azı 100 il ərzində Avropaya ixrac edilməsi üçün unikal şərait yaradacaq və Azərbaycanı dünyada həm neft, həm də qlobal qaz ixracatçısı kimi tanıtdıracaq. Mərkəzi Asiyanın qardaş türk respublikalarının da gələcəkdə bu layihəyə qoşulması ehtimalı bu layihənin iqtisadi faydalılıq əmsalını dəfələrlə artıra bilər. İqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də əvəzsiz olan bu layihə Xəzər bölgəsi ilə Avropa ölkələri arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq və Azərbaycanın qlobal məkanda rolunu və nüfuzunu daha da artıracaqdır. Əgər 1994-cü ildə Azərbaycanda imzalanmış "Əsrin müqaviləsi" XX Əsrin ən önəmli layihəsi hesab edilirdisə, 17 dekabr 2013-cü ildə imzalanmış "Şahdəniz-2” layihəsi üzrə investisiya qərarı həm ölkəmiz üçün, həm də bütövlükdə regionumuz üçün XXI əsrin ən nəhəng layihəsi oldu. Beləliklə, 2013-cü il Azərbaycanı bir daha qlobal siyasi-iqtisadi məkanın diqqət mərkəzinə gətirmiş oldu.
Əlbəttə, uğurlarımız sadaladığımdan daha çoxdur. Bütün bunlarla yanaşı il ərzində iqtisadiyyatımızın davamlı inkişafı, əhalinin gəlirlərinin artması, qeyri-neft sektorunun inkişafında əldə edilən nailiyyətlər, təhsil, səhiyyə və sosial müdafiə sistemimizdə baş verən irəliləyişlər və nəhayət, hər bir azərbaycanlının daha təhlükəsiz və daha təminatlı əmin-amanlıq şəraitində yaşaması bu ilin ümumi mənzərəsinin digər nikbin çalarlarıdır. İlin nikbin sonluğu isə Dünya Azərbaycanlılarının ən nikbin baxışlı öndəri Heydər Əliyevin həmrəylik çağırışının dünyanın hər tərəfindən gələn əks-sədaları ilə bitməkdədir. Əvvəlki onilliklər ərzində bayram etməyə alışdığımız "dünya zəhmətkeşlərinin həmrəyliyi" son nəticədə o insanların heç də həmrəy olmadığını və əslində belə bir həmrəylik üçün heç bir real əsasın da olmadığını göstərmişdi. Milli idealın və bu ideal uğrunda çarpışan idealogiyamızın mövcud olmadığı bir zamanda biz nədə həmrəy ola bilərdik?!. İndi dərk edirik ki, ortada heç bir real rəy olmadığından əslində hamımız bir şeydə - məhz rəysizlikdə həmrəy idik. Bu isə həmrəylikdən daha çox həmrəngliyə bənzəyirdi.
İndi isə Dünya Azərbaycanlılarının həmrəyliyini bayram edirik və bu həmrəyliyimizin əsasında bir çağırışla Vətənimizi parça-parça hissələrdən toparlayıb vahid bir gücə çevirməyə və Yer kürəsinin hər bir guşəsində qərar tutmuş soydaşlarımızı da Azərbaycan amalı ətrafında səfərbər etməyə nail olmuş Heydər Əliyev zəkası durur. Yalnız bu il yox, elə 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş və bu günə qədər davam edən yüksəliş də məhz Milli Həmrəyliyimizin bəhrəsidir. Həmrəylik də bir mədəniyyətdir. Dinləmək, başqalarına məxsus olan dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir Həmrəylik. Həmrəylik elə bir idealdır ki, o ancaq az məsələlərdə mümkün olur. Amma bu "az"lar xalqın tarixi taleyində çox böyük rol oynayan "az"-lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu "az"-ların cəmindən böyük bir AZƏRBAYCAN sevgisi yaranır. Deməli, Həmrəylik bir sevgidir. Millətə, xalqa , dövlətə, bayrağa və nəhayət, insanın insana və İnsanlığa olan sevgisidir Həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər. Beləcə həyatımızın daha bir ilini başa vurmaqda və Yeni ilə addımlamaq ərəfəsində - illərin qovşağındayıq. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu bir zamanda Azərbaycanımıza və dünyanın bütün azərbaycanlılarına sevgi dolu Həmrəylik, Yeni ildə isə yeni uğurlar, cansağlığı və səadət arzuları ilə!
Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə
doktoru
525-ci qəzet.-
2014.- 8 yanvar.- S.6.