Qarabağ qazisi 60 yaşında

 

 

Qarabağ müharibəsinin məşhur qəhrəmanlarından  sayılan Tofiq Astan oğlu Cəfərovun 60 yaşı tamam olub.  Şərəfli həyat yolu keçən cəsur döyüşçü 1954-cü ildə Ağcabədi rayonunun Qaradolaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsini bitirib, milli azadlıq hərəkatında fəal iştirak edib.

Erməni faşistləri Vətənimizə təcavüz edərkən T. Cəfərov digər gənclərimiz kimi silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxıb, döyüşlərə atılıb. İgid zabit işğalçılara qarşı ilk dəfə 1989-cu ildə Şuşa rayonun Turşsu kəndində vuruşub. O, 1990-cı ildə Ağcabədi özünümüdafiə batalyonunun, 1992-ci ildə respublika müdafiə nazirliyi əlahiddə kəşfiyyat rotasının komandiri, 1993-cü ildən isə Ağcabədi hərbi polis şöbəsinin rəisi olub.

Müharibə illərində polkovnik vəzifəsi daşıyan komandir döyüş yoldaşları arasında Abbasqulu bəy kimi tanınıb.

Qorxubilməz döyüşçünün başçılıq etdiyi hərbi birləşmələr Qarabağ ərazisində həyata keçirilən əməliyyatlarda ölüm-dirim savaşına girərək azğın düşmənə ciddi zərbələr vurub. Onlar, Xocavənd rayonunun Əmrallar, Muğanlı Kropatkino kəndlərində, habelə Haramı düzü istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunələri nümayiş etdiriblər.

Tofiq Cəfərov onun döyüş yoldaşlarının göstərdikləri şücaətlər bu gün Qarabağda əhali tərəfindən böyük hörmət qürur hissi ilə xatırlanır.

Cəsur döyüşçünün dediyi kimi, həmin igidliklərdən biri beynəlxalq terrorçu Abo ləqəbli Monte Melkumyanın məhv edilməsi məqsədi ilə həyata keçirilən məşhur hərbi əməliyyat hesab olunur. Böyük cinayətlər törətmiş bu terrorçunu ələ keçirmək mümkün olmurdu..

Odur ki, Müdafiə Nazirliyi tərəfindən M. Melkumyanın məhv edilməsi ilə əlaqədar kəşfiyyat aparılması Tofiq Cəfərovun komandirlik etdiyi əlahiddə kəşfiyyat rotasına həvalə edilib. Məhz Tofiq Cəfərovun kəşfiyyat rotasının verdiyi dəqiq koordinatlara əsasən 708-ci briqadanın komandiri Xətai Baxışovun rəhbərliyi altında həmin əməliyyat uğurla yerinə yetirilib. BMP-dən atılmış mərmi ilə terrorçu daha 3 nəfər erməni məhv edilib.

T. Cəfərov Xocavənd rayonu uğrunda döyüşlərdə başından ayağından yara almasına baxmayaraq, döyüş meydanını tərk etməyib,  yoldaşları ilə birlikdə  çiyin-çiyinə mübarizə aparıb.

Xaraktercə iradəli, qətiyyətli, tələbkar olan komandir əsgərlərindən daim möhkəm nizam-intizam, məsuliyyət tələb edib, eyni zamanda onlara diqqət qayğı göstərməyi, hörmət etməyi bacarıb. Elə bu səbəbdən   döyüş yoldaşları arasında sayılıb-seçilib, hörmət nüfuz qazanıb.

Komandirlərinin tapşırıqlarını həvəslə, can-dildən yerinə yetirən əsgərlər əməliyyatları da həmişə uğurla başa çatdırıblar.

Göstərdiyi qəhrəmanlığa şücaətə görə hərbi hissə dəfələrlə ordu rəhbərliyinin Müdafiə Nazirliyinin  təşəkkürünü alıb.

T. Cəfərov Ağcabədi hərbi polis şöbəsinin rəisi vəzifəsini layiqincə yerinə yetirib, Vətənə ləyaqətlə xidmət göstərib.

Qarabağ qazisinin onun döyüş dostlarının qəhrəmanlıqları müharibə illərində respublika  mətbuatında müntəzəm işıqlandırılıb. Bir çox mətbu orqanlarda bu haqda geniş materiallar dərc olunub.

Tofiq Mahmudun "Xalq qəzeti"nin 3 sentyabr 1992-ci il sayında dərc olunmuş "Əsgər təkcə döyüşmür..." adlı məqaləsini həyəcansız oxumaq olmur. Bu məqalədə cəbhə bölgəsində əsgərlərlə görüş barədə məlumat verən müəllif daha sonra rota komandiri Tofiq Cəfərov  haqqında maraqlı qeydlər edib: "Yastı təpənin ətəyində salınmış düşərgə yaxınlığında bizi qarşılayan rota komandiri Rafiq Cəfərov ( Tofiq Cəfərov) öz görkəmi ilə vətəndaş müharibəsinin əfsanəvi qəhrəmanlarını xatırlatdı: Ortasında nişan olan uzunsov papaq, yandan sallanan əsgər çantası, xəncər, tapança, birözünün uca boyu..."

1992-ci ildə sözügedən kəşfiyyat rotası haqqında respublika televiziyasında xüsusi veriliş nümayiş etdirilib.

Atəşkəs elan edildikdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Tofiq Cəfərov Qarabağ döyüşlərinin canlı şahidi kimi Xocalı, Şuşa və Laçının işğalı ilə əlaqədar respublika televiziyasında təşkil olunan görüşlərdə cəsarətli çıxışları ilə diqqəti çəkib. O, 2000-ci ildə Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi İstanbul sammitinə qatılıb.

Tofiq Cəfərov haqqında respublika mətbuatında bu gün də yazılar çap olunur, müxtəlif kitablarda, ensiklopediyalarda məlumatlar işıq üzü görür.

Keçmiş döyüşçü öz cəbhə yoldaşlarını bir an da olsun, unutmur ,onları həmişə hörmət və məhəbbətlə yad edir. Təsadüfi deyildir ki, o, keçdiyi döyüş yolu barədə çap etdirəcəyi kitabında bu qəhrəman insanlar haqqında ətraflı məlumatlar vermək, xatirələrini qeyd etmək fikrindədir.

Qarabağ qazisinin Vətən qarşısında xidmətləri dövlət tərəfindən daim yüksək dəyərləndirilir.

O, Qarabağ müharibəsi əlili kimi Prezident təqaüdünə layiq görülüb. Bir neçə il öncə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində rejissor vəzifəsinə irəli çəkilən Tofiq Cəfərov hazırda sözügedən Muğam Mərkəzinin direktoru vəzifəsində çalışır.O, Qarabağ regionunda mədəni həyatın inkişafı üçün əlindən gələni əsirgəmir,bütün bilik və bacarığını sərf edir. Qarabağ savaşında, torpaqlarımızın bütövlüyü uğrunda şücaətlər göstərmiş komandir 60 yaşı olmasına baxmayaraq bu gün də əvvəliki kimi qətiyyətli və cəsarətlidir. İgid döyüşçü heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmaq istəmir və Qarabağın müharibə yolu ilə tezliklə azad ediləcəyinə əmindir.

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2014.- 9 yanvar.- S.8.