"Qarabağ
bülbülləri"nin əsgərlərlə daha bir görüşü
Neçə illərdir ki, "Qarabağ bülbülləri" ansamblı müxtəlif cəbhə bölgələrində kollektivin bədii rəhbəri Murad Rzayevin rəhbərliyi ilə konsertlər verir, əsgərlərimiz qarşısında konsert proqramları ilə çıxış edirlər. Artıq peşəkar səviyyəsinə yüksəlmiş bu kollektiv 40 ildən çoxdur ki, Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edirlər.
Milli musiqimizin beşiyi olan Qarabağ Azərbaycana çoxlu sayda istedadlı ifaçılar bəxş etmişdir. Onlar xalqın sevimlisinə çevrilmiş, ölkəmizə şan-şöhrət gətirmişlər. Yaxın günlərdə Daxili Qoşunların əsgərləri və zabitlərinə də bu ansamblın kollektivi bir musiqi bayramı yaşatdı. Aparıcılar 71 saylı Ağdam köçkün tam orta məktəbin şagirdləri Vüsal və Nuridə Ağayevlər öz istedadlı çıxışları ilə əsgərləri valeh etdilər. Xüsusilə qeyd etmək lazımdır ki, ansamblın ən gənc üzvü olan 1 saylı Ağdam musiqi məktəbinin tələbəsi Asunda Səlimlinin "Sarı gəlin" xalq mahnısını rəqs edə-edə oxuması əsgər və zabitlərin alqışlarına səbəb oldu. Aparıcılar Bəxtiyar Vahabzadənin "Vətən marşı" şeiri ilə tədbirin açılışını etdilər. Daha sonra Murad Rzayevin bəstələdiyi "Qarabağ yallısı"nı ifa etdilər. Ramiz Mirişlinin "Ay qəlbi kövrək" Ülkər Orucova, Səməd Təbrizinin "Şirin yuxun olaydım"ı Elnur Əliyev, Oktay Nizamlının "Bəs nə deyim" Tünzalə Hüseynova, Fərid Rzayevin "Gözəllər rəqsi" musiqisinə Bəhmən Bayramov rəqs etdi. Asinda Səlimli, Oktay Kazımlının "Səni gorürəm"ini Şəbnur Allahverdi, bayatı-şiraz təsnifi "Çoban qız" Zülfü Zülfüyev, Şəmistan Əlizamanlının "Cənab leytenant" Teymur Əzizli, Murad Rzayevin "Sevgilim əsgər gedir" Aysel Vəliyeva, Zeynəb Xanlarovanın "Yaşa Azərbaycan" Ülkər Orucova, Bəhram Nəsibovun "Qarabağ" Ülkər Orucova, Məsud Eyvazlı, Ramiz Ağayev mahnılarını böyük şövqlə ifa etidlər.
Tədbirdə əsgərlər və zabitlər ansamblın üzvlərinin bütün çıxışlarını coşqu ilə qarşıladı. Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bütün əsgər zabitlərimizi "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev ürəkdən təbrik etdi. "Qoy qarşıdan gələn yeni ilimiz uğurlar ili olsun! Üç rəngli bayrağımız Xankəndində, Şuşada, Ağdamda dalğalansın!"
Bədii rəhbər Murad Rzayev və ansamblın üzvləri "Fəxri fərman"la mükafatlandırıldı.
Surxay ƏLİBƏYLİ
525-ci qəzet.-
2014.- 9 yanvar.- S.7.