"Bir kitabam qəm yazılı..."
O
şeyi ki dilimizə
gətirir, haqqında danışırıq, onunla bağlı
mübahisə edir, fikir söyləyir, qənaətlərə gəlirik, Təranə Turan Rəhimlinin "Sevgimdən tanıyacaqlar" (Türkiyə, İzmir, 2013) kitabında onlar haqqında yazmır, onlardan söhbət açmır. Təranə Turan üçün bu həyatın
prozaik tərəfidir; dünyanın maddi görümü,maddi dərkidir. Həyatı bu
cür dərkin inkarı onun şeirlərində
şüurlu bir prosesin nəticəsi deyil, stixial baş verir.
Dünyaya, həyata maddi yox, mənəvi
prizmadan baxış, dünyanı ruhani duyum bir sənətkar
kimi onun varlığındadır.
Təranə Turanın qələmində şeirə
çevrilənlər bizim içimizdən bir duyğu kimi, bəzən
isə bir düşüncə seli kimi keçib gedənlərdir. Biz bu
yaşantıları, düşüncələri reallıq,
gerçəklik kimi qəbul etmirik, qəbul edə bilmirik.
Çünki onlar bizim hissi
varlığımıza, düşüncəmizə gözənilmədən
gəlir, bir ildırım şaqqıltısı kimi. Biz bu şaqqıltını eşidir, onun
işığını görür, ancaq nə baş
verdiyini dərk edə bilmirik. İldırım
isə çoxdan ötüb gedib.
Təranə Turan sıradan bir şair deyil. İlhamı
Allahdan gəlir. "Əli Tanrı ətəyində",
"qəlbində tanrı işığı" var.
İçimizdən keçən ildırımın
yanıb-sönən işığını da qəlbindəki
Tanrı işığının, irfan gözünün
köməyi ilə görür. Dünyaya
bəsirət gözü ilə baxıb onu dərk etməkdən
kənarda Təranə Turan poeziyası yoxdur. Onun
şeirlərinin məna-məzmunu da, yerə, eyni zamanda,
göyə bağlılığı da, hər birisinin fərqli
poetik formalarda doğuluşu da, bu şeirlərdən gələn
"klassika" qoxusu da, Füzuliyanə sevgi də
bütün varlığı ilə Tanrı
işığına bağlanan, bağlanan yox, bürünən,
nə yazdığını, nə üçün
yazdığını bəzən heç özü də
dərk etməyən, içinə dolanı boşaldıb
rahatlanan söz adamının türküləridir.
Əsrlərdir ki, maddiləşmiş dünyada
yaşayırıq. Yer üzünün əşrəfi insan
maddiləşmiş dünyanın orbitindən kənara
çıxa bilmir. Əksinə,
içindən keçib gəldiyimiz XX əsrdə,
içində yaşadığımız XXI əsrdə
maddiyə bağlılıq həyatın pozulmaz qanunu kimi
görünür. Bu
bağlılığı təbii qəbul edənlər, bu
"təbiilik" içində özünü çox
rahat hiss edənlər sürətlə artır.
Ancaq
"bu dünya"da nəfəsi çatmayanlar, baş
götürüb "bu dünya"dan getmək istəyənlər
də var. Biz bəzən hər şeyin baş-ayaq
olduğunu, "bu dünya"nın niyə öz məhvərindən
çıxmadığı, neçə davam gətirməsi
haqqında düşünür və təəccüblənirik.
Ancaq təəccüblənməyə dəyməz.
Çünki cavab çox sadədir. "Bu dünya" onu qəbul etməyənlərin
hesabına, onun havasına oynamayanların hesabına öz məhvərində
qalıb. Tarazlığı onlar
yaradır. Təranə Turanın lirik qəhrəmanı
bizi bu qənaətə gətirir, gəldiyimiz qənaətə
bizi inandırır.
Bilinməyir
cəhənnəmi, cənnəti
Nə var bu dünyada, gəl çıxaq gedək.
Tükənmir
kədəri, bitmir möhnəti,
Nə var bu dünyada, gəl çıxaq gedək.
Bu, maddi olana yox deyən, içində mənəvi-ruhani
bir dünya quran, öz böyük sevgisilə bu
dünyanın hər cür möhnətinə dözməyi
bacaran böyük hərfli İnsanın - Təranə
Turanın lirik qəhrəmanının səsidir. Bu səsdə maddiləşən
dünyanın "tükənməz kədər"inə,
"bitməz möhnətinə" etiraz jesti də var.
Ancaq bu jestin mayasında nifrət yox, sevgi dayanır. Yerin-göyün sahibi və yaradanı Allaha sevgi.
Təranə Turanın lirik qəhrəmanı bu sevginin
böyüklüyü, tükənməzliyi ilə qəlbimizdə
özünə tükənməz sevgi qazanır, ruhumuzu fəth
edir, ruhumuzda irfan işığı - həqiqət
işığı yandırır. Biz Təranə
Turan şeirlərini oxuya-oxuya onun lirik qəhərmanı ilə
birlikdə içimizdən böyüyür, mənən zənginləşir,
özümüzü dərk edirik. Qədim
dövrün filosofu Aristotel buna "katarsis" - mənəvi
təmizlənmə deyirdi. Ruhu bu katarsisdən
keçməyən lirik qəhrəmanın belə bir qənaətə
gəlməsi, bunu ruhuna hopdurmayan oxucunun onunla
razılaşması mümkün deyil. Mən
Aristotel həqiqətinə bir də Təranə Turanın
şeirlərini oxuyanda inandım.
Görüb-görmədiyim
bağrımı dəlir,
Minnət yaxşılıqdan qabaqda gəlir.
Daha burda
hamı hər şeyi bilir,
Nə var bu dünyada, gəl çıxaq gedək.
Orda
üzümüzə açıq qapılar,
Burdakı qayalar çətin çapılar.
Vallah
yerimizə adam tapılar,
Nə var bu dünyada, gəl çıxaq gedək.
Təranə Turanın sevgi şeirləri onun lirik qəhrəmanı
ilə könül verib bağlandığı sevgilisi
arasındakı dialoqdan, bəlkə də dioloji münasibətdən
yaranır. Böyük rus nəzəriyyəçisi
M.Baxtinsayaq desək, biz lirik qəhrəmanın
"söz"ündə onun sevgilisinin də mənəvi
dünyasını görürük. Bu şeirlərdə
iki dünyabaxışı üz-üzə gəlir: ruhani
dünyaya bağlı insanla maddi dünyaya bağlı
insanın dünyagörüşləri. Bu
şeirlərdə lirik qəhrəman bütün qəlbi ilə
bağlandığı sevgilisini öz dünyasına
çağırır, fani dünya insanı kimi onu qəbul
edə bilmir. Lirik qəhrəman öz
sevgisinə və sevgilisinə bəsirət gözü, irfan
işığında baxır, onun da içində bu
işığı axtarır, onu da bu işığın
içində görmək istəyir. Amma
deyəsən, bu məqamda da o xəyal
qırıqlığına uğrayır.
Axtardığını tapa bilmədiyi üçün o bu
sevgini qəlbində dəfn etməkdən başqa
çıxış yolu tapa bilmir:
Adımı
qəlbindən silib gedirəm,
Şəklimi gözündə saxlasan bəsdi.
Sənin
həsrətinlə tökdüyüm yaşın
Bircə damlasını ağlasan bəsdi.
Lirik qəhrəman öz sevgisi ilə ülviyyət məqamındadır,
hər cür maddi, cismani təmənnadan uzaqdır. Onun ürəyi
vüsala yetmək arzusundan çox, hicran odundan güc
alır. Sevdiyinin həsrəti ilə
alışıb-yanmaq ona vüsal şərbəti qədər,
bəlkə, ondan da çox həzz verir. O öz sevən
qəlbinin hicran odunda alışıb yanması ilə daha məsud,
daha xoşbəxtdir. Bu, məcnunsayaq bir məhəbbətdir.
Məcnun:
Yarəb,
bəlayi eşq içrə qıl aşına məni,
Bir dəm
bəlayi-eşqdən etmə cüda məni -
deyirsə, Təranə Turanın lirik qəhrəmanı:
Qıymadım
od olub bağrını sökəm,
Bəxtimi doğradım, sənə bəxt tikəm.
Sevmədim
vüsalın şirəsin çəkəm,
İçimdə həsrətin izini sevdim.
Onun şeirlərində Füzuli nəfəsi duyulur. Çox vaxt
bu cür müqayisələr çağdaşımız
olan şairin sənətinin dəyərini qaldırmaq məqsədilə
və mexaniki şəkildə aparılır. Ancaq Təranə Turanın şeirlərini
mütaliə edərkən onun poeziyasının Füzulidən
Ramiz Rövşənə qədər Azərbaycan şeirinin
keçdiyi tarixi inkişaf yolunun qanunauyğunluqları əsasında
ərsəyə gəlməsi haqqında qəti qənaətlərə
gəlirik. Təranə Turanın lirik qəhrəmanı
öz saflığı, təmənnasızlığı,
ruhani dünyaya bağlılığı, bir sözlə,
ülviyyəti ilə Füzuli qəhrəmanlarının
ruhunu yaşadır.
Şairənin lirik qəhrəmanı nə qədər,
saf, təmiz, iddiasız-təmənnasızdırsa, bir o qədər
də intellektualdır. İçi Allah sevgisi ilə dolu olan bu qəhrəmanın
başı göylərdə, ayağı yerdədir.
O, Vətən sevgisini, doğma yurd, el-oba məhəbbətini
Allaha sevgisi qədər ülvi məqama qaldıra bilir. Biz Təranənin böyük Vətən, türk
dünyasına olan sonsuz məhəbbətinin səmimiyyətinə
inanırıq. Səmimiyyət Təranə Turan poeziyasında onun
fərdi üslubunu şərtləndirən sənətkarlıq
xüsusiyyəti kimi çıxış edir. Şeirlərdə
əks olunan Vətən, Böyük Turan sevgisində
heç bir pafos , patetika yoxdur. Çünki poeziya faktına çevrilən sadəcə
olaraq lirik qəhrəmanın tamamilə təbii
yaşantılarıdır. Ancaq
Allahına bu qədər bağlı olan Vətəninə,
elinə, obasına, türk dünyasının
böyüklüyünə, əzəmətinə belə dərin
və təmənnasız münasibət bəsləyə
bilər.
Təranə Turan şeirinin irfan qatı bizə bunları
deyir. Füzulini ardıcıl və sevərək tədqiq
edən Lalə xanıma (Füzulişünas Lalə
Əlizadəyə) bizim mütəfəkkir alimlərdən
biri "Füzulinin qızı" demişdi.
Təranə Turanın şeirlərini oxuyar, bu haqda
düşünərkən biz də şairəni
"Füzulinin qızı" kimi görüb dərk etdik. Füzuli şeirinin
dadını-duzunu özündə daşıyan poetik söz
sahibi kimi bu epiteti onun daşımağa mənəvi haqqı
olduğunu, başqalarını deyə bilmərəm, mən
qəlbən inanıram.
Onun poeziyası zəngin məna potensiallarına malikdir. M.Baxtinin təbirincə,
biz buna polifonik məzmun deyirik.
Şairənin şeirləri təhlilə çətin
gəlir. Lakin nə qədər paradoksal görünsə də,
asan oxunur. Bu şeirlərin qəribə
bir cazibə qüvvəsi var. Oxucunun xəyalını
çəkib özü ilə aparır. Bu,
xəyalın hüdudları sərhədsizdir, üfüqlərə
doğru uzanıb gediir. Həqiqətə
sədaqət hissi, ona tam səmimi münasibət,
reallığı bütün tərəfləri ilə
poeziya predmetinə çevirib ümumiləşdirmək
bacarığı Təranə Turan şeirinin poetik
bütövlüyünü şərtləndirir. Biz buna sənətkarın poeziyasının fəlsəfi
qatı- fəlsəfi təbiəti deyirik. Bizə elə gəlir
ki, bu məqamda onun poeziyası ruhən Ramiz Rövşən
şeiri ilə birləşir. "Füzulinin
qızı" bu məqamda R.Rövşən şeirinin
uğurlu davamçısı olur. Söhbət ondan
getmir ki, Təranənin
bəzi şeirlərində R.Rövşən
poeziyasının birbaşa təsiri görünür. Misal
üçün, onun "Doğrular əl açıb
düzlük dilənir, Tutub qaldırdığın qol
şübhələnir" misraları R.Rövşənin:
Səksənir
əsən küləkdən,
İyrənir açan çiçəkdən.
Öz başına sığal çəkən
Doğma əldən qorxur adam - misraları ilə həm birbaşa, həm də assositaiv paralellik yaradır. Söhbət ondan da getmir ki, R.Rövşən şeirinin "qıfılı və açarı" funksiyasında çıxış edən ölüm sözü (K.V.Nərimanoğlu) T.Turan poeziyasından da qırmızı bir xətlə keçir və bu söz şairənin yaradıcılığında birinci halda öz irfani məzmununda - lirik qəhəmanı Haqqın dərgahına - Allaha qovuşduracaq yol kimi təsəvvür edilir.İkinci halda, ölüm sözü və istəyi zamanın sosial ədalətsizliklərinə etiraz ruhunun ifadəsidir. Məsələ bunda da deyil.Söhbət ondan gedir ki, R.Rövşən ənənəsi Təranə Turan şeirində ədəbi təsir səviyyəsində deyil. Ədəbi təsirdə novatorluq olmur. Şairənin şeirləri ənənəyə novator münasibətin təzahürüdür. R.Rövşən şeirindən T.Turan poeziyasına gələn sözün hüdudsuz məna yüküdür. O, ənənəni mükəmməl mənimsəyərək özünəməxsus olan poetik sözü ustadı kimi "bir an ilə əbədiyyat arasında olan zamanın sözü"nə çevirə bilir. "Bir qərib meşədəyəm" şeirində olduğu kimi:
Bir qərib meşədəyəm,
Baltalar dərd doğrayır.
Məndə ürək nə gəzir,
Sinəmdə dərd ağrıyır.
"Sevgimdən tanıyacaqlar" kitabındakı şeirlərdə fərdi üslubu şərtləndirən əsas cəhətlərdən biri də sənətkarın içindən keçən ağrıların yeni poetik deyimdə doğulmasıdır.. Elə poetik bir biçimdə ki, bu məzmunda şeirin bizim zamanımızda məhz bu cür doğulmalı olduğuna qətiyyən şübhə etmirsən.
Vətən torpaqlarının iyirmi faizi işğal altındadır. Qarabağ dərdimiz Vətən mövzusunu bir daha aktuallandırıb. Bu mövzuda yüzlərlə - minlərlə şeir yazılıb.
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim - deyən yeni dövrün romantik poeziyasından üzü bəri bu mövzuda yazılanların içərisində öz poetik nəfəsini hiss etdirmək, zamanımızın son dərəcə həssas (eyni dərəcədə də etinasız) oxucusunu kövrəltmək, Vətənə yeni bir vətəndaş münasibəti ifadə edən Sözün sehrinə salmaq sanıram ki, o qədər asan bir məsələ olmasın gərək. Ancaq "Bağışlama, ay Vətən"şeirində Təranə Turan bunu bacarıb:
Başımıza od ələyən yağılarla barışdıq,
Dünəni tez yadırğadıq, bu günə tez alışdıq.
Ulu türkün o saf qanı haram qana qarışdı,
Ölüb yerə qarışmadıq, bağışlama, ay Vətən.
"Bağışla, Ay Vətən" yox, məhz "Bağışlama, Ay Vətən". Poetik sözün orijinallığı, siqləti məhz bu müraciətin məzmununda cəmləşib. "Bağışlama, ay Vətən" şeirində lirik qəhrəmanın düşüncələrindəki dialoji məzmun bizi özümüzə qaytarır, özümüzə, əməllərimizə tənqidi baxış formalaşdırır. Vətən oğlunun içindəki vətənsizlik və bundan törəyən bəlalarımız da, vətəndaş ləyaqətimiz və düşüncəmiz də, bir sözlə, ziddiyyətli təbiətimiz və hərəkətlərimiz bu şeirdə rəssam naturadan rəsm çəkən kimi rəsm edilib. Ancaq şairənin vətəndaş mövqeyi birmənalıdır: içimizdəki dualizmi tənqidə, Vətən sevgisini alovlandırmağa köklənib.
lll
Təranə Turanın imzası Azərbaycan oxucusuna yaxşı tanışdır. Ən nüfuzli ədəbi orqanlarımız - "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Kredo", xüsusən gənclərin sevimlisi olan "Ulduz" jurnalı onun şeirlərinə böyük ürək genişliyi ilə yer ayırır.
2007-ci ildə Təranə Turan Azərbaycan oxucusunun qarşısına "Dərdin pıçıltısı" kitabı ilə çıxdı. Bu, onun şeirlərinin toplu halında ilk nəşri idi. Sanıram ki, ədəbi mühitdə şairə öz fərdi üslubunu bu kitabda cəmlənən şeirləri ilə bir daha təsdiq edə bildi.
"Sevgimdən tanıyacaqlar" şeirlər toplusu Təranənin türk dünyasına ilk çıxışıdır. Kitab İzmirdə, "Kibatek" uluslararası dil-ədəbiyyat və tərcümə qurumunun "Kibatek yayınları" seriyasından növbəti buraxılışı kimi ərsəyə gəlmişdir. Kitabın redaktoru, Doqquz Eylül Universitetinin müəllimi, türk xalqlarının ədəbiyyatı üzrə araşdırmaçı-yazar Fəyyaz Sağlam "Təqdim" adlı "Giriş sözü"ndə yazır: "Türkyə-Azərbaycan ədəbi əlaqələrində əlinizdəki kitabın yeni bir mədəni körpü olacağına inanırıq".
Biz də inanırıq ki, içində gəzdirdiyi və zaman -zaman poetik sözün predmetinə çevirdiyi türkün tarixi varlığına və bu gününə böyük məhəbbət hissi, sonsuz Vətən və millət sevgisi, poetik ilhamının tükənməzliyi üz tutduğu böyük oxucu auditoriyasında Təranə Turana sonsuz sevgi qazandıracaq,
Bir kitabam qəm yazılı,
Məni oxuma, oxuma -
deyən şairənin şeirləri çoxmilyonlu türk oxucusunun qəlbini fəth edə biləcəkdir.
Təyyar Salamoğlu
Filologiya üzrə elmlər doktoru,
professor
525-ci qəzet.-
2014.- 9 yanvar.- S.7.