Qala bürcü
(El-oba adamı, Azərbaycan ziyalısı, idmançı
dostum İnqilab Novruzovun xatirəsinə)
Mən onu ötən əsrin yetmişinci illərindən
tanıyırdım. İdmançı olmağımız, xarakterlərimizdəki
bir çox oxşar cəhətlər
tanışlığımızı tez bir zamanda
dostluğa çevirmişdi.
İnqilab müəllim
həm boks, həm
də yunan və Roma güləşi
üzrə idman ustası idi. Mən fiziki cəhətdən xeyli güclü olan bu adamın
səviyyəsində təcrübəli
idmançı olmasam
da, o, rəhbərlik etdiyi bədən tərbiyəsi və idman kafedrasına məni işə götürdü. İnqilab müəllimin
etimadını doğrultmaq
üçün əlimdən
gələni edirdim ki, onun tapşırıqlarını
lazımi qaydada, vaxtlı-vaxtında yerinə
yetirim. Çalışqanlığım və işə
məsuliyyətli yanaşmağım
İnqilab müəllimin
də gözündən
yayınmamışdı. Hər bir görülən işin uğuruna necə sevindiyinin dəfələrlə şahidi
olmuşdum. Məndən razı olsa da, öz ixtisasımdan
ayrı düşməyim
onu da narahat
edirdi, həmişə
deyirdi ki, sən öz ixtisasını unutma, çalış ixtisasın
üzrə yaxşı
mütəxəssis, sayılıb-seçilən
ziyalılardan olasan.
Bir gün mənim arzumu elə öncə İnqilab Novruzov gerçəyə çevirdi. Gözlənmədən
məni yanına çağırıb dedi:
"Görürəm çox
zəhmətkeş adamsan,
daima öz üzərində çalışırsan.
Ancaq vicdanım qəbul eləmir ki, burada qeyri-ixtisas kafedrasında belə əziyyət çəkəsən.
İngilis dili kafedrasına get, müdirə
söylə İnqilab
müəllim tutduğum
ştat vahidi ilə ingilis dili kafedrasına keçməyimə icazə
verir, qoy səni kafedrada işə götürsün".
Sevincək yanından çıxıb onun dediyi kimi də etdim. O zaman ingilis dili kafedrasının müdiri olan Nazim Qədimbəyova (Ruhu şad olsun!) müraciət etdim. İnqilab müəllimin söylədiklərini eşidincə müdir razı olub məni işə götürdü. İşə götürülməyim barədə əmr də ləngimədi və ingilis dili kafedrasının işçisi kimi mütəxəssis olaraq ilk addımlarımı atmağa başladım. Beləliklə, İnqilab Novruzovun səyi nəticəsində daha bir qapı üzümə açıldı, hər şey yenidən başlandı.
Yaxşı kişi təzə iş yerimdə də məndən hər zaman xəbər tutdu, problemlərimlə maraqlandı, böyük qardaş qayğısını əsirgəmədi. Bu günə gəlib çatmışam, ancaq səmimi sözümdür, məni öz ixtisasıma yönəldən İnqilab müəllimin, o böyük ziyalının, böyük kişinin etimadını doğruldub onu hər uğurumla sevindirməyim sanki bu gün də həyatımın ənənəsinə çevrilib...
Xatirələrdən qopmaq istəmirəm. İnqilabla keçən illərin gözəl ab-havası vardı, onda hər şey saf və təmiz idi...
Tezliklə aspiranturaya daxil olub dissertasiya işi müdafiə elədim. Kafedra müdiri oldum,
"Əməkdar müəllim"
adı aldım, otuzdan çox dərsliyin və dərs vəsaitinin, lüğətlərin müəllifi
kimi tək Azərbaycanda deyil, İngiltərədə də
tanındım. Bütün bunların
özülündə o el-oba
adamının, dəyərli
ziyalının zəmanəti,
əməyi durur.
Hər bir elmi uğurumu
hər zaman qala bürcü sandığım o böyük
kişinin ruhu qarşısında hesabat
sanmışam.
İnqilab Novruzov idmanımızın müasir tarixinə böyük töhfələr verib, daima öndə gedənlərdən biri olub. Azərbaycan idmanının görkəmli nümayəndəsi olan və mənim hər zaman qala bürcünə bənzətdiyim dostum dəfələrlə keçmiş ittifaq, eləcə də respublika yarışlarından qalib çıxmışdı, dəfələrlə bayrağımızı ucalarda dalğalandırıb himnimizi səsləndirmişdi. Onu Azərbaycan idmanının seçilən şəxsiyyətlərindən biri adlandırırdılar. İnqilab müəllimin qayğıkeşliyi isə dillərdə dastan olmuşdu. Tanıdığı hər bir şəxsin, müəllim və tələbənin problemləri ilə tez-tez maraqlanar, həmişə irəli düşüb kiminsə düyünə düşən işinin həlli üçün çalışmaqdan zövq alar, yaxşılıq etməkdən əsla yorulmazdı. Elə bu səmimiliyi də İnqilab müəllimə bir çoxlarına münasibətdə mənəvi ata, əmi, dayı və qardaş statusu qazandırmışdı. Tanıdığı adamlar bir maddi, ya mənəvi çətinliyə düşən kimi çəkinmədən bir ünvana gedər - İnqilab Novruzova pənah aparardılar. Öncə o, yada düşərdi, ondan umardırlar, təmənnasız iş görən, elədiklərini dilə gətirməyən İnqilab müəllimin kişi xarakterinə sığınardılar. Bəzən hətta onu böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə bənzədərdilər. Ondan ötrü fani dünyada yaxşılıqla ad çıxarmaqdan, mərd yaşamaqdan, kişi sözünü tutmaqdan yüksək heç nə ola bilməzdi.
Tanrı ondan heç nəyi əsirgəməmişdi. Gözəl boy-buxunu, palıd gövdəsi, qara qıvrım saçları vardı. Ağayana duruşuna baxanda adama elə gəlirdi ki, möhtəşəm bir binanın yükünü çiynində qürurla saxlayan nəhəng qranit sütundur. Bu sütunun üzərində İnqilab müəllim zaman-zaman qohum-əqrəbasının, əzizlərinin, idmançı dostlarının, ona çətin gündə üz tutan neçələrinin ağır yükünü saxlamışdı. Onun müqəddəs bildiyi ən böyük bir mənəvi yük də vardı - ailə, övladlarının tərbiyəsi, bir də özünə hər zaman əziz, doğma bildiyi bədən tərbiyəsi və idman kafedrasının yükü. Qayğıkeş bir ailə başçısı olan İnqilabın həyat yoldaşı Elza xanımla qoşa qanad kimi bəslədiyi balaları - Elman və Sevinc adlı qoşa sevgisi vardı. Təbii ki, hər bir valideyn övladını sevir, ancaq İnqilab müəllimin öz övladlarına məhəbbətində də bir qeyri-adilik vardı. Balalarını elə istəyirdi ki, sanki göy yarılıb, onlar göydən yerə düşüblər, onların bu dünyada tayı-bərabəri yoxdur. Övladlarını bu dünyada Tanrının ən əvəzsiz payı sanardı.
İnqilab Novruzov gerçəkdən imkansızların, kimsəsizlərin sığınacaq tapdığı bir qalanın bürcü idi. Dağ zirvəsindən boylanan bu qeyrət qalasında İnqilab müəllim çoxlarını qoruyub, çoxlarına həyat vəsiqəsi vermişdi. İlk baxışdan zəhmli görünən nəhəng cüssəsi onu tanımayanlarda sərt və qayğısız adam təəssüratı yaradardı. Tanıyandan sonra isə onun qızılgül ləçəyi qədər zərif qəlbi insanları valeh edərdi. Palıd gövdədə qərar tutmuş bu gül ləçəyini fani dünyanın qara yeli tez qurutdu. Onun vaxtsız ölüm xəbəri heç gözləmədiyimiz yerdə bizi yaxaladı...
Qəfil xəbəri eşidəndə ağlıma ilk gələn bu oldu: qala bürcü də çökərmiş!
Əcəl onu ailəsindən, övladlarından, dostlarından, sevdiyi sənətdən qəfil ayırdı. İnqilab Novruzov çoxlarını qəmə batırdı, çoxlarının gözünü yolda qoydu. Mübaliğəsiz deyirəm, onun kimi adamlar dünyaya yüz ildə bir dəfə gəlir; onlar dünyaca məşhurlar sırasında olmasalar belə yenə də qeyri-adi olurlar.
Sağlığında nə qədər könüllər sevindirmiş İnqilab Novruzovun indi xatirəsi də onu bu dünyada görənlərə sevinc, fərəh gətirir. Bu dünyada ruhları şad eləyən ruhun o dünyada şad olsun, əziz dost!
Abbas Abbasov
Bakı Dövlət Universitetinin
kafedra müdiri, dosent
525-ci qəzet.-
2014.- 9 yanvar.- S.4.