İsa Muğannanın həqiqəti,
yaxud Həqiqətin İsa Muğannası
Yaradıcılığa çox gənc yaşlarında
başlasa da, ilk əsərləri keçən əsrin 40-
cı illərinin sonu 50- ci illərinin əvvəllərindən
nəşr olunaraq tezliklə milli ədəbi-ictimai mühitdə
böyük rezonans doğuran İsa Hüseynov 60- cı illərdə
artıq nəinki nüfuzlu bir yazıçı kimi
tanınırdı, hətta
bütün mübahisəli cəhətləri ilə
birlikdə tarixə "yeni nəsr"in, ümumən
"yeni ədəbiyyat"ın yaradıcıları olaraq
düşmüş ədəbi nəslin önündə
getməklə, sözün həqiqi
mənasında, milli ədəbi- ictimai təfəkkürün,
müxtəlif siyasi- ideoloji təzyiqlərə,
"çılpaq" sosioloji, konyuktur müqavimətlərə
cəsarətlə sinə gərərək, yeni ideya-
estetik miqyasını müəyyən
edir, elə mənəvi problemlər
qaldırırdı ki,
tipologiyası çoxdan qərarlaşmış
"sovet yazıçısı" (və "ədəbiyyatı")
barədəki təsəvvürləri dağıdıb tamamilə yeni bir
yazıçı (mütəfəkkir)
obrazı yaradırdı. "Bizim qızlar", "Dan
ulduzu", "Doğma və yad adamlar", "Teleqram",
"Tütək səsi", "Saz", "Kollu Koxa",
xüsusilə "Yanar ürək" povestlərinin, məşhur
ssenarilərinin, hekayələrinin, oçerklərinin yolu ilə
getsəydi də İsa Hüseynov Azərbaycan ədəbiyyatının
tarixində, hər hansı halda
böyük sənətkar kimi qalacaqdı... Lakin əlahəzrət
Tarix onu daha böyük sənətkar (mütəfəkkir!)
olmaq üçün, daha miqyaslı missiyadan ötrü
görəvləndirdiyindən, daxili- ruhi bir ehtirasla
"ürək əsərləri"ndən deklorativ olaraq
imtina edib "beyin əsərləri"ni yazmağa
keçdi. "Yanar ürək" povesti üzərində
bir neçə dəfə işləyən, hətta onu
romana çevirən
yazıçı burada irəli sürülmüş ideyaları təkmilləşdirə-
təkmilləşdirə, nə qədər paradoksal olsa
da, kifayət qədər
maraqlı (və orijinal) mövzudan imtina etmədən yeni bir
əsər - "İdeal"
romanını yaratdı ki, həmin əsər 80- ci illərdə
Azərbaycan ədəbiyyatına, ümumən mədəni-
ictimai təfəkkürünə yeni bir yazıçı-
mütəfəkkirin - İsa Muğannanın gəldiyini
bütün aydınlığı ilə təsdiq eləsə
də, bir müddət bu qeyri- adi (və mürəkkəb!)
aydınlığı dərk etməkdə ədəbi-
ictimai mühit (hətta bütövlükdə cəmiyyət!)
çətinlik çəkdi, narahatlıq, tərəddüdlər
keçirdi.
Mənə
belə gəlir ki, İsa Hüseynov hələ 70- ci illərdə
- "Məhşər" romanı üzərində
işləyərkən İsa Muğanna olmağa artıq
hazır idi, lakin yazıçının özü çox
sonralar qələmə aldığı "Həyatımdan
səhifələr"ində göstərir ki, "bir
gün dərin sükut içərisində balaca stolumun
arxasında oturub "Yanar ürək" romanının yeni
variantı üzərində işləyirdim. Birdən başımda səs
eşitdim: "Nə yazırsan?" Bu səsi
sarsıntılar içində, sükunətli çardaqda tək-
tənha oturmağımla bağladım, güman etdim ki,
beynimdə nə isə qeyri- adi dəyişiklik olub.
Amma bir az sonra səs təkrar olunduqda
başa düşdüm ki, səs uzaqlardan - qeybdən gəlir.
İstər- istəməz diqqət kəsildim.
Səs dedi: "Bir romanın neçə variantını
yazmaq olar?! Sizin xalqın həyatındakı ictimai- siyasi fəsadlar
yalnız siyasi quruluşda, kommunist partiyasının siyasəti
ilə bağlı olsaydı, mən sənin "Yanar ürək"
romanının təzə variantına etiraz eləməzdim. Xalqın həyatındakı təhriflərin tarixi
çox qədimdir. Yer planetində insan həyatının
üç tarixi məlumdur. Birinci tarix irəli
sananan əlli minillik, ikinci tarix geri sananan əlli minillik tarix,
üçüncüsü yeni era
adlandırdığınız tarixdir. Mən
sənə bu tarixlərdə Yer planetində baş vermiş
hadisələri danışacam, bu məlumat əsasında
"İdeal" adında roman yazacaqsan".
Qeybdən
gələn səsin yazıçıya təlqin etdiyi Tarixin miqyası, bir tarixçiyə,
bəlkə də, o qədər də böyük
görünməyə bilər, ancaq insan, cəmiyyət həyatının
ədəbi- fəlsəfi
interpretasiyası (və ümumiləşdirilməsi!)
baxımından, həqiqətən, möhtəşəmdir.
Yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında
hələ heç bir yazıçı bu qədər dərinliyə (Tarixə!)
getməyə, cəmiyyətdəki (insan təbiətindəki)
qüsurları (təhrifləri!) bu qədər dərindən (tarixdən!) təhlil etməyə
cəhd göstərməmişdir ki, bu, qaibdən İsa
Hüseynova (Muğannaya) təklif edilir... Və səs əlavə
edir: "Hələlik özüm haqqında məlumatı
dinlə. Mənim adım planetinizdə təhrif
olunub. Siz "İsa peyğəmbər"
deyirsiniz. Qonşularınız farslar "İsayi Məsih" deyirlər.
Xristian aləmində "İsus Xristos"
deyirlər. Mən "Boq", "Boq otes"
adlandırılan Bağ Atanın dördüncü oğluyam. Həqiqi adım - rütbəm EySardır. Qədim
türk dilində - OdƏr dilində Ey- uca deməkdir, Sar - hökmdar deməkdir. EySar -
uca hökmdar deməkdir. OdƏrcə Od- həqiqət
deməkdir. Ər - işıq deməkdir.
OdƏr - həqiqət işığı deməkdir.
Kainatın
bütün planetlərində OdƏr bəşəriyyəti
mövcuddur"...
Mən,
necə deyərlər, köhnə palan içi töküb
böyük yazıçını, mütəfəkkiri,
mistikada və ya xurafatda günahlandırmaq fikrindən tamamilə
uzağam... Hər şeydən
əvvəl ona görə ki, EySarın - İsa peyğəmbərin
yazıçıya - müəllifə bu cür mərhəmanə
müraciəti ən azından ədəbi priyom kimi də kifayət qədər
mükəmməldir. Və bu cür ədəbi
priyomların həm Azərbaycan, həm də dünya ədəbiyyatında
olduqca maraqlı, heç bir
mübahisə (və etiraz) doğurmayan örnəkləri
vardır... Bununla belə İsa Muğanna onun "təlim"inin (SafAğ
elminin) məhz qaibdən diqtə olunduğuna şübhə
ilə yanaşanlara ürəkdən (və böyük səmimiyyətlə)
etiraz edir. Məsələn, "İdeal" romanının
"Qapalı dünya"sını ilk dəfə dərindən
təhlil edən görkəmli filoloq Qəzənfər
Kazımovun "Qapalı dünyanın sirri və ya etnoteolinqvistik
nəzəriyyə" məqaləsini yüksək
qiymətləndirən yazıçı eyni zamanda göstərir
ki, "Qəzənfər Kazımov mənim ün (qaibdən
səs - N.C.) eşitdiyimi bilmir, buna görə də mənim
"dünyəvi və dini elmləri böyük zəhmətlə
öyrəndiyimi" iddia edir".
Əlbəttə,
mənim bu məsələdə münsiflik etmək qüdrətim
(və səlahiyyətim) yoxdur, ancaq düşünürəm
ki, hər adama ün gəlməz, gəlsə də, hər
adam eşidib anlamaz, bunun üçün seçilmişlər,
bu iş üçün hazırlanmışlar
lazımdır... Və nə qədər təvazökarlıq
(!) etsə də İsa Hüseynov (Muğanna) həm dünyəvi,
həm də dini elmləri müasirləri içərisində
ən yaxşı bilənlərdən biridir. Onun əsərlərinin mövzuları, ideyaları,
süjet- kompozisiya quruluşu, təhkiyə- üslub tərzi
ilə ötəri tanışlıq
göstərir ki, yazıçı nə qədər
böyük idrak- ifadə mədəniyyətinə, nə qədər
zəngin təfəkkürə, nə qədər mükəmməl
zəkaya malikdir.
"Tütək
səsi"ni,
"Teleqram"ı,
"Yanar ürəy"i,
hətta "Məhşər"i yazanda müəllif,
təbii ki, hələ ün eşitmirdi, ancaq mən əminəm
ki, bu əsərləri də ona hansısa fövqəladə
istedad, təfəkkür diqtə edirdi. Və ona görə
də İsa Muğanna İsa Hüseynovun yazdıqlarından
imtina edəndə Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar özünəməxsus bir zarafatla "mən bir təşkilat
yaradıb, adını da qoyacam "İsa Hüseynovun birinci dövr yaradıcılığını
İsa Muğannadan müdafiə edən cəmiyyət" demişdi...
"İdeal"
və ya "Əbədiyyət"
yazıçının, heç şübhəsiz, şah əsəridir,
bununla belə, yaradıcılığının, şərti
olaraq, üçüncü dövrünə aid edəcəyimiz "İlan dərəsi
və ya Peyğəmbərin taleyi", "Qırx kisə
qızıl", "Söz yarası"... kimi povestləri,
"Həyatımdan səhifələr"i də ona görə
dəyərli əsərlərdir ki, ilk növbədə,
ikinci dövrdə irəli sürülmüş ideyaları,
mətləbləri, daha aydın, daha təfsilatı ilə
şərh edir...
Yaradıcılığının
ikinci dövründə İsa Muğanna üsyankar bir
ehtirasla elan etdi ki, dünya təhrif olunub!..
Və cəsarətlə deyə bilərəm ki, bu "təhrif
(təhrif olunma)"
məfhumu Azərbaycan
yazıçısının dünya ədəbi- bədii təfəkkürü
miqyasına qalxan (dünya ədəbiyyatını zənginləşdirən!)
böyük kəşflərindən biridir. Antibəşəri
ehtirasların (və arxasınca gəlib onun xidmətində
duran cahil təfəkkürün)
dünyanı mənəvi xarabaya çevirdiyi qənaətinə gələn
İsa Muğanna inanır ki, şər nə qədər
güclü, məğlubedilməz görünsə də,
on min illərdir ki təhrif olunmuş, kütləşdirilmiş beyinlərdə "həqiqət
işığı"nı yandırmağa, bəşəriyyəti
xilas etməyə çalışan qüvvələr var...
Müxtəlif dillər, dinlər
və xalqlar şəklinə salınmış, müxtəlif
xarakterli münaqişələr, iğtişaşlar və
müharibələr meydanına çevrilmiş bu
dünyanı xilas etmək üçünsə qlobal təhrifin
səbəblərini, günahkarlarını müəyyənləşdirmək,
"arxivlər"ini açmaq lazım gəlir ki, bunun
üçün də o miqyasda
(qloballıqda!) idyea- mənəvi (ilahi!) mübarizə tələb
olunur. Səbəbləri (və günahkarları) müəyyənləşdirməyə
çalışan yazıçı- mütəfəkkirin
bu məsələdə çox vacib olan bir xüsusiyyəti
(metodu!) isə ondan ibarətdir ki, tarixi öz tərcümeyi-
halından keçirib bütün səmimiyyəti, hətta
demək olar ki, sadəlövhlük səviyyəsinə
çatan "obyektivliyi" ilə nəticələr
çıxarır. Bağ Atanın
oğulları ƏsƏlMəni - Süleymana, Ün Eyi
- Nuha, EvƏrimi - İbrahimə, EySarı - İsaya
çevirən təhrifin peyğəmbərlərdən
başlayıb adi insanlara qədər getdiyini həyatın,
varlığın, cəmiyyətin ən müxtəlif sahələrinə,
üzvlərinə yeridiyi qənaətinə gələn
müəllif son illərin məhsulu
olan "İlan dərəsi və ya Peyğəmbərin
taleyi"ndə dünyaya üz tutub Peyğəmbərin dili
ilə "...Yerdə cəhalət hakimdir. Biz
daha orada qala bilmədik. Əlvida!"
deyir.
XIX əsrin
sonlarına - Rusiya İmperiyasının Azərbaycana,
xüsusilə muğannalara təzyiqi dövründə deyilmiş
bu "Əlvida!"nı bir az əvvəl "Koroğlu"
eposu da demişdi: " Tüfəng çıxdı, mərdlik
getdi, ay haray!.." Və ümumiyyətlə, İsa
Muğanna yaradıcılığının bütün dövrlərində - istər birinci, istər ikinci, istərsə
də üçüncü
dövründə milli eposa bağlayan çoxlu ideyalar,
motivlər mövcuddur ki, buna tamamilə təbii baxmaq
lazım gəlir. Ancaq keçən əsrin 90- cı illərinin
sonlarından
başlayan (və davam edən)
üçüncü dövr bu baxımdan, elə bilirəm
ki, daha əlamətdardır. Onun demək olar ki, bütün əsərlərində
sufi- aşıqlar çalıb çağırsalar da,
"Qırx kisə qızıl" povestində təhrif
olunmuş "Aşıq Qərib" dastanını bərpa
etməklə müəllif ədəbi- estetik
marağının mühüm mənbələrindən
birinin nədən ibarət olduğunu göstərir.
Xalqının,
ümumən bəşəriyyətin tarixini - "tərcümeyi-
hal"ını öz tərcümeyi- halına çevirməyi bacaran ikinci
bir yazıçı- mütəfəkkir
tapmaq mümkün deyil ki, İsa Muğanna qədər səmimi
(və mükəmməl!) olsun.
Bir neçə kəlmə "Qapalı dünya" haqqında... Burada son dərəcə diqqəti çəkən (və böyük mübahisə doğuran) məsələ odur ki, akademik tarixşünaslığı çox- çox geridə qoyub tarixin qat- qat dərinliklərinə enən yazıçı- tədqiqatçı ortaya elə bir "mənzərə" çıxardıb, ona elə bir "kommentariya" verdi ki, normal şüur (müəllifin məntiqi ilə yanaşılsa, əksinə, təhrif şüur) tərəddüdlər içərisində qaldı. Lakin bu zaman, fikrimcə, ən qeyri- normal və ya qeyri- münasib mövqe böyük tarixçi, akademik Ziya Bünyadovun idi ki, professor Qəzənfər Kazımov, tamamilə doğru olaraq, vaxtında həmin mövqeyə qarşı öz tənqidi münasibətini bildirdi. Akademik "Qapalı dünya"da təqdim etdiyi Tarixin həqiqiliyini sübut eləməkdən ötrü yazıçıdan arxeoloji dəlillər tələb edəndə nəzərə almamışdı ki, "İdeal" müəllifi ruhun- mənəviyyatın "arxeologiya"sından danışdığına görə bu cür dəlillər təqdim edə bilməz ( və etməməlidir). Eyni zamanda professor Qəzənfər Kazımovun romandakı etimoloji mülahizə- interpretasiyaları akademik N.Y.Marrın sonralar ciddi tənqidə məruz qalan "Yafəsi dillər" nəzəriyyəsi ilə müqayisə eləməsi cəlbedici olduğu qədər də yanlış idi. Hər şeydən əvvəl ona görə ki, akademik N.Y. Marr, İsa Muğannadan fərqli olaraq, sözlərin şüurlu təhrifindən bəhs etmirdi, İsa Muğanna üçünsə bu, əsas məsələdir.
Ümumiyyətlə, Odər dili ideyasının (və bu ideyanı formalaşdıran etimoloji materialın) linqvistik baxımdan nə dərəcədə əsaslı (elmi) olub- olmaması barədə mübahisə etmək mümkündür, lakin məsələ burasındadır ki, həmin idyea ədəbi- bədii fakt (obraz) kimi tamamilə mübahisəsiz, hətta o qədər mükəmməldir ki, ondan imtina olunsa (bir vaxtlar belə fikirlər də səslənirdi), yazıçının ədəbi- fəlsəfi mövqeyinə ciddi xələl gələr.
Bu yerdə və bu məsələ ilə bağlı olaraq böyük tənqidçi - ədəbiyyatşünas Yaşar Qarayevin bir fikri yadıma düşdü. O deyirdi ki, elm Darvinin şəxsində insanın meymun, ədəbiyyat, poeziya isə Nəsiminin şəxsində Allah mənşəyini kəşf etdi...
Bütün yaradıcılığı boyu özünün (və bəşəriyyətin) həqiqətini axtaran onu dünyada aqilliklə cahilliyin mübarizəsində tapan İsa Muğanna, elə bilirəm ki, haqlıdır. Və ona da əminəm ki, harada həqiqət varsa, orada İsa Muğanna da var... Həqiqətin İsa Muğannası - EySarı...
Nizami Cəfərov
525-ci qəzet.-
2014.- 9 yanvar.- S.4.