Mələmə, quzum,
mələmə...
(hekayə)
Yazın oğlan çağı idi. Təbiət oyanmış, bəzənib-düzənmişdi. Qızım Ülkərin beş yaşı tamam olurdu. Adətimiz üzrə onun dünyaya gəlişini həmişə kəndimizdə, dədə-baba yurdunda keçirirdik. Bu da səbəbsiz deyildi. Qəlbinur anası Ülkər xanımın sağlığında icazəsi ilə qızının adını Ülkər qoymuşdu. Qaynanam hər Ülkər deyib çağıranda, elə bil qadının uçmağa qanadı çatmırdı. Dan sökülmüşdü. Səma aydındı. Bəmbəyaz, dümağ buludlar elə bil göyün yeddi qatından asılı qalmışdı. Günəş yatağından baş qaldırıb qızılı haləsini göstərir, zərrin şəfəqlərini aləmə yayırdı.
Arxalı dağlar yenicə yaşıl libasına bürünmüşdü. Fikirli, xəyallı görünürdü. Elə bil, dünyanın dərdi buna qalmışdı. Yamaclarda çəmənliklər yırğalanır, gül-çiçəklər sırğalanırdı. Lalə, nərgiz, tər bənövşə bir-birinə qarışmış, hər yan ətirlənmişdi. Elə bil gül-çiçəkdən hər yan xalı-xalça toxumuşdu. Sanki dörd tərəf Təbriz xalçasının, Çiçi xalçasının naxışlarıydı. Göz yaşıtək dupduru bulaqların zümzüməsi, çayların nəğməsi aydın eşidilirdi.
Bir xeyli aralıda dağın sinəsinə dağılan qoyun sürüsü boyunbağıdan qopub səpələnən muncuqları xatırladırdı. Dağların yaraşığı çobanın tütəyinin sehirli, qəlbləri ovsunlayan səsi məclis qurmuş, tamaşalı dünya yaratmışdı. Quzular sevinmiş kimi atılıb-düşür, anaları balalarına baxır, nazlanırdılar.
Ülkər hər şeyi unutmuş kimi gül-çiçəkdən çələng hörür, şadlanırdı. Birdən qızın gözü gümüşü rəngli quzunun anasını əmdiyini, acmış kimi quyruğunu buladığını görüb ona yaxınlaşdı. Bir azdan üstümə atılaraq:
- Quzu xoşuma
gəlir. Al onu,
özümüzlə aparaq. Çox xoşuma
gəlir, al da, nə olar?
Mən qızımı bağrıma basdım:
- Anan qurban, balanı anadan ayırmaq olmaz. Səni məndən alsalar, ölmərəmmi?...
Ülkər inadından dönmədi. Başladı atasına yalvarmağa. Atası onu sakitləşdirərək dedi:
- Sakit ol, həyəcanlanma. İstəyirsən, alarıq.
Dağlar oğlu çoban bizlərə yaxınlaşarkən qara rəngli, saçaqlı yapıncısının qaytanını açdı. Belinə bağladığı xəncər ona bir ayrı görkəm verdi. Çomağına dirsəkləndi.
Qəlbinur çobana yaxınlaşaraq onu dilə tutdu:
- Qardaş, bərəkətli olsun - dedi.
Çoban:
- Çox sağ
ol! - söylədi.
Onlar sanki bir an içində doğmalaşdılar.
- Bax görürsən ki, qızım quzundan ayrılmır. İstəyirəm səndən alıb
aparam, saxlayam.
Çoban pərişan oldu. Fikirləşdi, xəyallandı. Elə
bil, qaşla göz arasında qalmışdı:
- Görürəm, yaxşı
adamlara oxşayırsınız.
Ancaq heç balanı anadan ayırmağa qıymıram, uşağın
da könlünü qıra bilmirəm. İndi ki, belədi, aparın, peşkəşdi.
Görünür, sizə qismət
imiş. Halal xoşunuz
olsun.
Mən məsələnin ciddi olduğunu görüb qızıma yalvardım:
- Mənim balam, heç balanı anadan ayırarlarmı? Səni məndən alsalar ölmərəm? Ülkərə ha de, xeyri nə? Atasına, al ki al..
Qəlbinur quzunun haqqını
vermək istəyəndə
çoban pərt oldu:
- A kişi, siz
qonaq gəlmisiz. İstəyirsiz bütün quzuları
aparın. Yenə deyirəm,
peşkəşdi. Heç o yan-
bu yanı yoxdu. Deyəsən şəhər əhlinə
oxşayırsınız?
- Şəhərdə yaşasaq da, Güllütaladanıq.
- Orada olmuşam, mənzərəlidi, behiştdi,
halal camaatdı, qonaq-qaralıdı. Uğurunuz
xeyrli olsun!
Çoban quzunu qucağına
aldı, maşına
qoydu...
Yolboyu pərişanlıq,
peşmançılıq məni
didir, parçalayırdı. Maşınımız dolaylarda ilan kimi qıvrılır, mənzilə çata-çatda
idi. Qəlbinurdan heç vaxt
bu qədər inciməmişdim. Öz-özümə düşünürdüm ki,
onu indiyə qədər tanımamışam.
Qaynanam məni qucaqlayıb, qoynuna s
ıxanda özümü saxlaya bilməyib hönkür-hönkür
ağladım. Qaynanam:
- Ay oğlumun yaraşığı,
ay evimizin gur işığı, nə
oldu sənə? Olmaya bir hadisə baş verib?
Ülkər xanım da mənə
qoşuldu. Qəlbinur dinmir, xəyal karvanında dəryada qərq olmuş kimiydi...
Qəlbinur quzunu maşından çıxarıb həyətə
buraxdı. Quzu yer tapmırmış kimi özünü o yan, bu yana atır, mələyir, ağlayırdı.
Qızım Ülkər də
ona qoşulub ağlayırdı. Ürək ağrıdan
bir mənzərə yaranmışdı. Ülkər xanım
quzu acdı deyib, ona qabda
süd gətirdi.
Quzu qabı təpiklədi, südü tökdü.
Quzunu tutub ağzına süd verdilər. İçmədi, qaytardı. Butulkaya süd tökdük.
Ağzına əmzik keçirtdik.
İçirtmək istədik, içmədi.
Mələdi, elə bil üsyan edir, "anamı istəyirəm"
deyirdi. Hamı peşman, hamı pərişan...
Axşama doğru qonum-qonşu tökülüb təbrikə
gəldilər. Süfrə arxasında badə
qaldırıb Ülkər
balamızın sağlığına
"Ülkər nənəsinə
oxşasın" - dedilər,
atalı-analı böyüməyini
arzuladılar. "Atalı-analı böyüsün"
deyəndə, ürəyimdən
qara qanlar axdı, varlığım
titrədi, silkələndi.
Gecədən xeyli keçmişdi. Yorğanı başıma çəkib
anasız quzunu ağlayırdım. Dəhşət məni götürmüşdü.
Sabahın açılmasını gözləyirdim. Nə olur-olsun,
necə olur-olsun, quzunu anasına çatdırmaq inadındayam.
Dağları, daşları gəzəcəm,
sürünü tapacam.
Ananı
balaya qovuşduracam.
Yoxsa, ölərəm, yaman günə qalaram. Özümü o ki, var danlayır, "sən ana deyilsən" - deyirdim.
Səhərin gözü açılar-açılmaz
dəhşətli nərilti
aləmi başına
götürdü. Göy gurladı,
buludlar göz yaşı tökdü.
Yağış nə yağış,
tut ucundan qalx göyə. Sellər, sular
dağı, dərəni
başına götürdü.
Şimşək qızılı xəncəri ilə hər yanı dilimlədi, doğradı.
Elə bil zəlzələ qopmuşdu. Yer də, göy
də silkələnirdi.
Ürəyimə damdı
ki, bu müdhiş
hadisə bizə xəbərdarlıq edir,
"quzunu qaytarın"
deyirdi... Qorxudan Ülkəri bərk-bərk
bağrıma basdım.
Elə bil dünyanın sonu idi. Bilmirdim göylər bizə xəbərdarlıq edirdi,
yoxsa anasız quzunu ağlayırdı.
Qəlbinurun rəngi qaçmış,
halı pərişan
olmuşdu:
- Hazırlaşın, gedək.
Tələsin, yolçu yolda
gərək.
Kişi
daha da yazıqlaşmış,
səsində təlaş
duyulurdu:
- Ay Əsmər, ay Əsmər,
təbiətin ağladığını
görürsən? Bəlkə quzunu
ağlayır, bəlkə
anasını. Əsmər xanım,
ölmüşəm, götürənim
yoxdu. Quzunu maşının arxasına qoymuşam.
Əsmər, bu nə dəhşətdi başımıza
gəldi? Mənim ağlım
çaşmışdı. Bəs sənə nə olmuşdu? İlkin balan Ülkərini
səndən ayırsalar
neyləyərsən? Çoban demədimi bu quzu şişəyin ilk doğuşudu. Bəs ana
haqqı, Tanrı haqqı harda qaldı? Ana ulu varlıq, İlahi qüvvə deyilmi?
Ağladım:
- Mənim ağlım var ki, nəsə
kəsə? Balamın təlaşına, sevincinə qıymadım.
Ay atası rəhmətlik,
bəs sənə nə oldu ki,
razılıq verdin? Axı sən hacısan, Allah adamısan. Dinə, imana tapınansan.
- Bir qəbahətdi eləmişəm, keç
günahımdan. Bəlkə mənim
qəbahətim daha böyükdü. Axı,
bəxşişi çoban
mənə verdi...
Qaynanam arxamızca
su atdı, uğurlu yol arzuladı. Qəlbinur maşını iti sürətlə sürdü. Dünənki yerində maşını
saxladı. Təbiət niyyətimizi duymuş kimi sakitləşmişdi.
Hava mülayim, çəmən-çiçək
sevincəkdi. Bulaqlar öz
zümzüməsində, mahnısında,
şərqisində idi.
Sürü yamaca yayılmış,
çoban tütəyinin
səsi dağları
başına götürmüşdü.
Qəlbinur çobanı hayladı,
əl elədi. Çoban töyşümüş özünü
yetirdi.
- Quzunu qaytarmışıq.
Maşının arxasından götür.
Ananı
balaya qovuşdur.
Çoban dumanlandı:
- Allah ölənlərinizə rəhmət
eləsin. İnanın, qoyunu yiyəsiz
qoyub arxanızca Güllütalaya getməyi
qətiləşdirmişdim. Qoyunun ilk doğuşu, ilk balasıdı.
Balasını itirən ana
gah o qoyunun, gah bu qoyunun
balasının üstünə
cumur, fəğan qoparırdı. Özünü daşa, qayaya çırpırdı. Bir də
gördüm qabaq ayağının birindən
qan axır. Zorla qarmağa salıb tutdum. Ayağını sarıdım.
Çoban danışdıqca göz
yaşlarım sinəmə
cığır salırdı. O, quzunu
qucağına aldı,
sürüyə buraxdı.
Ağılasığmaz, xəyalagəlməz mənzərə yarandı.
Quzu anasını görcək
üstünə şığıdı.
Ana balasını görcək bərk mələdi, özünü
balasının üstünə
saldı. Duz kimi yaladı, oxşadı.
Quzu mələr-mələr mələdi.
Anasını əmdi. Elə bil,
dünya sevindi. Ülkər bu mənzərəni seyr edir, için-için
ağlayırdı. Quzudan ayrılmaq
istəmirdi. Aləm bir-birinə
qarışmışdı. Özümü yetirdim, Ülkəri
qucağıma aldım.
Öpdüm, oxşadım.
Göy qurşağı
bizi kəməndə
saldı. Rəng çalarlarında bir tamaşa qurdu. "Ülkər,
Ülkər!" - deyib göy qurşağını göstərdim.
Qızcığaz fikrindən
ayrıldı:
- Ana, lentlərin rənginə bax.
- Gedək, qızım, gedək, çoxlu lent alaq, gələk sənin də boynuna salım, quzunun da. Sevinin, oynayın...
Teymur BÜNYADOV
akademik
525-ci qəzet.-
2014.- 10 yanvar.- S.7.