Azərbaycanda vətəndaş cəmiyyəti
institutları: yaranması və ilkin fəaliyyət istiqamətləri
(davamı)
Müasir dövrümüzdə fəaliyyət göstərən, vətəndaş cəmiyyəti institutlarının başlıca tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarına (QHT-lər)
aid xüsusiyyətləri özündə əks etdirən qurumların Azərbaycanda yaranması və fəaliyyəti hələ XIX əsrin sonları-XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə
QHT-lər dövlətdən asılı olmayan sosial və
ictimai sahədə fəaliyyət göstərərək cəmiyyətin
həyatında mühüm rollardan birini oynayırdı. Tarixdən bəlli
olduğu kimi, bu dövrdə Şimali Azərbaycan Çar
Rusiyasının əsarəti altında idi. Lakin müstəmləkə zülmünün
mövcudluğuna baxmayaraq həmin illərdə burada milli QHT
sistemi yaranıb formalaşa bilmişdir. Tarixi tədqiqatların
nəticəsi göstərir ki, sözügüdən
dövrdə ictimai fəaliyyətin xeyriyyəçilik cərəyanı
xüsusilə üstünlük təşkil edirdi.
Təəssüflə qeyd etmək lazımdır ki,
tarixi və politoloji ədəbiyyatlarda bu gün də həmin
dövrdə mövcud olan ictimai təşkilatlar bir QHT kimi
ciddi şəkildə tədqiq olunmamış qalır. Bu baxımdan
həmin təşkilatların bir QHT olaraq günümüzdə
öyrənilməsi mühüm elmi əhəmiyyət və
aktuallıq kəsb edir. Həmçinin XIX əsrin
sonları-XX əsrin əvvəllərində mövcud olan
QHT-lərin yaranması və fəaliyyətinin araşdırılması bu
günkü QHT-lər üçün də
maraqlıdır. Onların təcrübələrindən
bəhrələnmək hər bir QHT üçün
faydalı, əhəmiyyətli və örnək rolunu oynaya
bilər.
Tarixdən məlumdur ki, XIX əsrin sonları-XX əsrin
əvvəlləri Şimali Azərbaycanda kapitalist münasibətlərinin
yaranması və inkişafı dövrdür. Bu dövrdə
sosial-iqtisadi, ictimai,mədəni
inkişafın kökündə duran əsas amil neft amili idi.
1872-ci ildə iltizam sistemi ləğv edildikdən
sonra neft sənayesi sürətlə inkişaf etməyə
başladı. Görkəmli Azərbaycan
maarifçi-demokrat Həsən bəy Zərdabinin
yazdığı kimi "... hər tərəfdən buraya
kapital və bilik axmağa başladı və keçmiş
inzibati sürgün yerində həyat qaynadı". Bütün inkişafın mərkəzi isə
Bakı idi. Sözügedən dövrdə
Azərbaycanda QHT-lərin yaranması və formalaşması əsasən
neft sənayesi ilə bağlı idi. Həmin
illərdə mövcud olan QHT-lərin böyük əksəriyyəti
xeyriyyəçilik istiqamətində fəaliyyət göstərirdi.
XIX əsrin sonları-XX əsrin əvvəlləri
Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında
baş verən dəyişikliklər burada yeni sosial təbəqənin
- sahibkarlar təbəqəsinin formalaşması ilə nəticələndi. Yeni yaranan
sahibkarlar təbəqəsi həm müxtəlf təşkilatlarda
birləşərək, həm də fərd olaraq ictimai sektotrda
fəaliyyət göstərirdilər. H.Z.Tağıyev,
Ş.Əsədullayev, M.Muxtarov kimi milli sahibkarlar
topladığı kapitalın bir hissəsini xeyriyyə
işlərinə, əhalinin maariflənməsinə, məktəb,
teatr, xəstəxana tikintisinə yönəltmişdilər.
Onların arasında
H.Z.Tağıyevin fəaliyyəti daha çox diqqəti
cəlb edir. Azərbaycanda ilk qız məktəbini
açılması, Şollar-Bakı su kəmərinin
çəkilməsi, ilk teatr binasının, toxuculuq fabrikinin
tikilməsi, bir sıra
küçə və meydanların salınması məhz
H.Z.Tağıyevin adı ilə bağlıdır. 1887-ci il noyabr ayının 5-də o, Bakının 80
nəfərə yaxın sahibkarını bir yerə toplayarq
Bakı at-dəmiryolunu çəkmək üçün cəmiyyət
yaratmağı təklif etdi. Məlum olduğu
kimi, bu təklif real oldu və 1889-cu ildə Bakıda rels
üzərində hərəkət edən at qoşqulu nəqliyyat
vasitəsi - konka fəaliyyət göstərməyə
başladı.
Sözügedən dövrdə sahibkarlarla yanaşı
bir sıra ictimai xadimlər də müxtəlif təşəbbüslərlə
çıxış edir, əhalinin maariflənməsinə
səy göstərirdilər. 1894-cü ildə Bakıda C.Vəlibəyov,
H. Mahmudbəyov, S.M.Qənizadə, Ə.Axundov, Ə.Cəfərzadənin
yaxından iştirakı ilə N.Nərimanov tərəfindən
təşkil edilmiş illik Azərbaycan qiraətxanası
ölkənin ictimai-mədəni həyatında mühüm
rol oynadı. Qiraətxana azərbaycanlı
müəlliflərin yardımları, xüsusən pyeslərin
tamaşaya qoyulmasından əldə olunan gəlirlər və
könüllü ianə, üzvlük haqları hesabına fəaliyyət
göstərirdi.
1905-ci ildən başlamış milli yüksəlişin
geniş inkişaf yoluna düşməsi illərində mədəni
- maarif işləri xeyli canlandı, müxtəlif ictimai təşkilatlar,
cəmiyyətlər yarandı, qəzet və jurnalların fəaliyyəti
genişləndi. 1905-ci ilin payızında
"Müdafiə və müsəlman kübarları və
ziyalılarının ittifaqı" və "Müsəlman Xeyriyyə
Cəmiyyəti" təsis olundu. "Müsəlman Xeyriyyə
Cəmiyyəti"nin sədri
H.Z.Tağıyev, katibi isə Əhməd bəy
Ağaoğlu idi. Cəmiyyət öz ətrafında xeyli sayda sahibkarlarla
yanaşı görkəmli ictimai xadimləri birləşdirmişdi.
Bu təşkilatın fəaliyyəti
çoxşaxəli olmuşdur. Bunu
aşağıdakı kimi qruplaşdırmaq olar: sənaye və
ticarət Bakısı üçün mühüm əhəmiyyət
kəsb edən texniki və kommersiya məktəblərinin təşkili
və tikintisi; Rusiyada ilkin olaraq Bakıda açılan və
Güney Qafqazda yeganə olan müsəlman qız məktəbi,
həmin məktəbin nəznində müsəlman
qadınlar üçün təşkil edilən müəllim
kursları; Bakıda "Səadət" məktəbinin
tikintisində iştirak; toxuculuq fabrikinin fəhlələri
üçün məktəb binasının tikintisi; Mərdəkanda
bağçılıq məktəbinin inşa edilməsi; qəzalarda
xalq təhsilinin inkişafına qayğı; Rusiyanın və
xarici ölkələrin ali məktəblərində təhsil
alan tələblərə edilən maddi yardım; İranda
maarif müəssisələrinin yaradılmasına göstərilən
kömək; kitab və qəzet nəşri, müxtəlif dərslik
və ədəbiyyatların çapı; mətbuat
orqanları üçün milli kadrların
hazırlanmasına edilən maliyyə yardımı; incəsənətin inkişafına göstərilən dəstək;
tikinti-abadlıq işləri (
Dağıstanın bəzi kəndlərinə çəkilən
su kəmərlərinin tikintisinə yardım, Zəngəzur
qəzasında körpünün inşa edilməsi); təbii fəlakətlərdən
zərərçəkənlərə yardım edilməsi və
s. Birinci Cahan Müharibəsi illərində "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin
fəaliyyəti daha da genişlənmişdi. Cəmiyyət
qaçqınları və aclıqdan əziyyət çəkən
əhaliyə müxtəlif yardımlar edirdi. Cəmiyyət eyni zamanda Nargin adasında əsir
saxlanılan türk əsgərlərinə də öz
köməyini əsirgəmirdi.
1906-cı
ildə yaranan və tərkibi əsasən milli sahibkarlardan və
görkəmli ictimai xadimlərdən ibarət olan "Nəşri
- Maarif" və yenə həmin ildə Azərbaycanın
tanınmış ziyalıları tərəfindən əsası
qoyulan "Nicat" mədəni - maarif, 1910-cu ildə təşkil
olunmuş "Səfa" cəmiyyətləri də əsasən
əhalinin maariflənməsi, müxtəlif sosial-mədəni
problemlərin həllinə kömək və digər xeyriyyə
işləri ilə məşğul olurdular. "Nicat" Cəmiyyəti
Bakı qubernatorunun 1906-cı il avqustun 22-də
təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə
başlamışdı. Nizamnamədən məlum olur ki, cəmiyyəti
əsas məqsədi müsəlman əhali arasında
maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil
müssisələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana
dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə
cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr
edirdi. Cəmiyyətin kitabxanası və
digər müsəlman quberniyalarında şöbələri
fəaliyyət göstərirdi. Mətbuat
orqanı olan "Nicat" qəzeti İsa bəy Aşurbəylinin
redaktorluğu ilə dərc edilirdi.
Yuxarıda adları çəkilən ictimai təşkilatları
məqsəd və vəzifələrinə, fəaliyyət
prinsiplərinə və digər xarakterik xüsusiyyətlərinə
görə zəmanəsinin QHT-ləri hesab etmək olar.
XIX əsrin
sonları-XX əsrin əvvəllərində QHT-lərin fəaliyyətində
diqqəti cəlb edən məsələlərdən biri də
qadınların
ictimai fəaliyyətə daha geniş şəkildə
cəlb olunmasıdır. Onlar da bir sıra ictimai təşkilatların və
xeyriyyə cəmiyyətlərinin yaradıcısı
olmuşlar. Bu haqda 1908-ci il 1 fevral tarixli "Kaspi"qəzeti
yazırdı: "Müsəlman qadınları arasında
mütərəqqi hərəkat günü-gündən
artır. Qabaqcıl müsəlman qızlarından biri,
hal-hazırda tələbə, Usubbəyovu həyat
yoldaşı öz qüvvəsi və məhəbbəti ilə
Yelizavetpol (Gəncə - E.H.) şəhərində müsəlman
zıyalı
qadın və qızlardan ibarət qadın
ittifaqı yaratmışdır ". Bu təşkilat
əsasən müsəlman qadınların maariflənməsiının
ehtiyacı olanlara ianə toplanması kimi xeyriyyə vəzifələrini
qarşılarına məqsəd qoymuşdular.
Həmin
qəzetin 30 oktyabr nömrəsində "oktyabrın 26-da
R.X.Qasımovanın mənzilində məşhur müsəlman
ictimai xadimi H.B.Məlikovun dul qadını Hənifə
xanım Məlikovanın sədrliyi ilə ziyalı
müsəlman qadınların yığıncağı
keçirildiyi" göstərilir. Onlar da əsasən
maarifçilik və xeyriyyəçilik vəzifəsini
qarşısına məqsəd qoyaraq həmin məqsədi
müdafiə edən "Nicat" cəmiyyətinin
Bakıda daimi fəaliyyət göstərən qadın
şöbəsinə çevrilməsini xahiş edirdilər.
Qeyd olunan dövrdə adları çəkilən ictimai təşkilatlarla yanaşı müxtəlf sosial təbəqələrin maraqlarını müdafiə edən təşkilatlarda yaranmışdı. 1884-cü ildə Bakıda neft sənayesi sahsində fəaliyyət göstərən sahibkarların qurultayı keçirildi. Neft sənayeçilərinin qurultayında sahibkarların qarşılaşdıqları problemlər müzakirə olundu, dövlət qarşısında müxtəlif təkliflər və tələblər irəli surüldü. Qurultayın nəticəsi olaraq "Qurultay Şurası" yaradıldı. Yeni yaranan qurumun əsas vəzifəsi neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarların maraq və mənafelərini, hüquqlarını müdafiə etmək idi.
Azərbaycan müəllimlərinin 1906-cı ilin avqust ayında keçirilən qurultayında təhsil sahəsində mövcud olan problemlər müzakirəyə çıxarıldı. Dövlət qarşısında rus-tatar məktəbləridə Azərbaycandilinin icbari fənn kimi keçirilməsi, yeni dərs proqramlarının yazılması və tərtibi, yeni dərsliklərin çap edilməsi, müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması və s. kimi tələblər irəli sürüldü.
XIX əsrin sonları-XX əsrin əvvəllərində QHT-lərin yaranması və əsas fəaliyyət dairəsi, xeyriyyəçilik işləri Bakı şəhərini əhatə etsə də, bölgələrdə də ictimai sahədə aktiv insanlar müxtəlif təşkilatlar təsis edir. Əhalinin müxtəlif problemlərin həll olunmasında onlara yardım edilməsinə səy göstərir və bu məqsədlə müəyyən tədbirlər həyata keçirirdilər. Gəncəbasar bölgəsində İsmayıl xan Ziyadxanının rəhbərliyi yaradılmış "Müdafiə" təşklatının əsas vəzifələrindən biri kənd həyatının yaxşılaşdırılması, kənddə mədəniyyətin inkişafı, kəndlilərin mülkədarlara verdikləri bəhrə vergisində azad olunması və s. idi. XX əsrin əvvəllərində Qarabağda "Hidayət" müsəlman xeyriyyə cəmiyyəti də fəaliyyət göstərirdi. Adından göründüyü kimi bu təşkilat da bölgədə müxtəlif xeyriyyə tədbirləri həyata keçirir, əhalinin müxtəlif problemlərinin həllinə səy göstərirdi.
Sonda bir məqamı da qeyd etmək yerinə düşərdi ki, XIX əsrin sonları-XX əsrin əvvəllərində ictimai sektorda fəaliyyət göstərən bir çox insanlar və təşkilatlar Azərbaycan dövlətçiliyinin bərpasında və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əsas, fəal rol oynadılar.
Beləliklə, XIX əsrin sonları-XX əsrin əvvəlləri Azərbaycan tarixində bir tərəfdən müstəmləkə əsarəti, digər tərəfdən cəmiyyətimizin həyatında baş verən sosial-iqtisadi dəyişikliklərlə yanaşı milli QHT sektorunun da formalaşması kimi dövrü kimi də xarakterizə etmək olar. Müasir dövrümüzdə həmin illərdə mövcud olan QHT-lərin yaranması və formalaşması prosesinin, onların məqsəd və vəzifələrini, fəaliyyət dairəsinin tədqiqatçılar tərəfindən hərtərəfli araşdırılması və öyrənilməsi aktual olaraq qalır.
Elməddin HACILI
Vətəndaş Cəmiyyəti
Problemlərinin Tədqiqi Mərkəzinin sədri
525-ci qəzet.-
2014.- 10 yanvar.- S.7.