"Bu, Ermənistan ərazisinə nəzarət etmək imkanı yaradır"

 

 

MÜBARİZ ƏHMƏDOĞLU: "GÜCLƏNƏN HƏRB VƏ İKT İMKANLARININ AZƏRBAYCANA ERMƏNİSTANIN BÜTÜN ƏRAZİSİNƏ NƏZARƏT ETMƏK İMKANI YARADIB"

 

Dünən Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2013-cü ilin dekabr ayı üzrə dünyada regionda baş verən ictimai-siyasi geosiyasi proseslərin, eləcə 2013-cü ilin ümumi yekunlarına həsr olunmuş analitik materialın Dağlıq Qarabağla bağlı illik hesabatın təqdimatını keçirib.

Politoloq güclənən hərb İKT imkanlarının Azərbaycana Ermənistanın bütün ərazisinə nəzarət etmək imkanı yaratdığını bildirib. O, belə deyib: "Hərbi parad Azərbaycanın hərbi qüdrətinin nümayişi oldu. TOS-1A "Solntsepek" tipli güclü təzyiq temperatur yaradan silahlar dağlıq ərazilərdə müharibə zamanı ermənilərin Azərbaycan qarşısında iddia etdikləri üstünlüyü neytrallaşdıran mühüm amildir. Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını təsdiq etdi. Bu qaydalara görə, Azərbaycanın ərazisinə icazəsiz daxil olmuş hava gəmisi məcburi qaydada yerə enmə tələbinə əməl etmədikdə məhv edilə bilər. Azərbaycan kosmik dövlətlər klubunun üzvü oldu. "AzerSpace-1" peykinin orbitə buraxılması kosmik mərkəzin fəaliyyətə başlaması Azərbaycanın inkişafında yeni inkişaf mərhələsi yaratdı. İnformasiya Texnologiyaları Universiteti yaradıldı. Azərbaycan İT sahəsində Ermənistanı üstələdi. "AzerSpace-1" peykinin orbitə buraxılması və kosmik mərkəzin fəaliyyətə başlaması, yerüstü təsvirlərin əldə olunması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın mövqeyində inqilabi dəyişiklik yaradır. Qoşunların təmas xəttində onlayn rejimdə baş verənləri bilmək vəziyyətə tam sahiblik etmək deməkdir. Bakıda Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzi Ermənistan ərazisinə nəzarət etmək imkanındadır. Ermənistandan Dağlıq Qarabağa aviareysin təşkilinə çoxsaylı cəhdlər nəticəsiz qaldı. Ermənistanda isə bütün parametrlər üzrə geriləmə sürətlənib. İqtisadi rəqəmlərin azalma tempi müharibə dövrü ilə müqayisə oluna bilər. Ermənistan regionda müstəqil hərbi qüvvə olmaq imkanını itirir".

Politoloq qeyd edib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan rəsmən etiraf etdi ki,"Ermənistan Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağın təhlükəsizliyini təmin edə bilməz". M.Əhmədoğlu deyib ki, Dağlıq Qarabağda yerli və Ermənistandan gələn hərbçilər arasında ciddi qarşıdurma yarandı. O, erməni ordusunda korrupsiyanın olduğunu da bildirib: "Ermənistan parlamenti hakim Respublika Partiyasının Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsinin əleyhinə çıxdı. Qarabağı itirmək qorxusu Ermənistanda imperativ instinktə çevrilir. Dağlıq Qarabağ müharibəsinin yaranmasında müstəsna rolu olan Zori Balayanın Gülüstan müqaviləsinin 200 illiyi ərəfəsində "rus çarı" Putinə yazdığı məktub Ermənistan cəmiyyətində Qarabağı itirmək xofunu aşkarladı və gücləndirdi. Prezident S.Sarkisyanın Z.Balayana münasibəti daha da istiləşdi".

Politoloq ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqelərinin 2013-cü ildə sinusoid üzrə dəyişdiyini deyib: "Rusiya ilin əvvəlində Dağlıq Qarabağ tənzimləməsi üzrə 2007-2009-cu illərin variantları arasında ortaq variant yaratmaqla məşğul idi. Az sonra ermənilərə Azərbaycan ərazilərindən qoşunları çıxarmağı, Azərbaycana isə kommunikasiyanı açmağı təklif etdi. Noyabr ayında Rusiya Ermənistana Dağlıq Qarabağ tənzimlənməsi sahəsində fəaliyyəti dayandırıb Gömrük İttifaqı istiqamətinə qoşulmaqla bağlı səyləri gücləndirməyi təklif etdi. Dekabrda isə ATƏT-in Minsk qrupu həmsədr ölkə prezidentlərinin 2009-cu ildə ortalığa qoyduğu variantı imzalamaq üçün məqbul variant adlandırdı. ABŞ Qarabağ tənzimlənməsində sənədi imzalayacağı təqdirdə Ermənistandakı prezident seçkilərinin demokratikliyini tanımaqla bağlı Sarkisyanla sövdələşməyə getdi. Daha sonra Serj Sarkisyan ABŞ-ı aldatdı".

M.Əhmədoğlunun sözlərinə görə, ABŞ Azərbaycandan silahlanmaya ayırdığı pulu, o cümlədən Ermənistanın inkişafına xərcləməyi təklif etdi: "Bununla da o Ermənistanın mövqeyini dəstəklədi. Amma bu, Azərbaycana da faydalı idi. Ermənistan ABŞ-ı yenə aldatdı. ABŞ yenə Ermənistana dəstək variantları axtardı. ABŞ Dövlət Departamenti Dağlıq Qarabağı müstəqil tərəf kimi göstərən 3 bəyanat verib sonradan bu bəyanatlarını təkzib etdi".

Onun fikrincə, Fransa ilin birinci yarısında Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyinin dəyişməsinə inanırdı, sonradan aktivliyini azaltdı: "Avropa İttifaqı və həmsədrlər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasındakı dialoqu aktuallaşdırdılar. Region dövlətləri Dağlıq Qarabağ tənzimlənməsinə öz maraqları prizmasından yanaşdılar. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi fonunda Ermənistana regional kommunikasiyaları açması ilə bağlı təklifləri ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmədi".

Politoloq bildirib ki, Azərbaycan İranın vasitəçilik təklifini qəbul etsə də, Ermənistan bu təşəbbüsü rədd etdi: "İran Ermənistan tərəfinin marağını əsas götürərək vasitəçilik təşəbbüsündə mövqeyini ermənilərin xeyrinə dəyişdi: guya vasitəçilik etməsi üçün həm Ermənistan, həm də Azərbaycan tərəfi İrandan xahiş etməlidirlər. İranda Xocalı soyqırımının ildönümü qeyd olunmadı. Azərbaycan Respublikasının Milli Məclisi İran parlamentinə rəsmi müraciət etsə də, İran parlamenti bu müraciəti cavabsız qoydu. İranın Dağlıq Qarabağla birbaşa əməkdaşlığı məsələsi gündəliyə gətirildi. Dağlıq Qarabağ tənzimlənməsinə münasibətdə Gürcüstan neytral siyasət aparmışdır. Onun bu siyasəti Ermənistanın xeyrinə, Azərbaycanın ziyanınadır. Üçdövlətli regionda iki mübahisə edən qonşudan kimin haqlı olduğunu üçüncü qonşu vasitəsilə müəyyənləşdirirlər".

Politoloq Rusiyanın Ermənistanı Gömrük İttifaqına təkidlə dəvət etdiyinideyib: "Bu, Rusiya ilə Ermənistan arasında dəmiryol əlaqəsinin bərpasını zəruri edir. Gürcü-abxaz yolunun açılmaması Rusiyanın Meğri dəmiryolu məsələsini gündəliyə gətirməsi deməkdir. Meğri dəmiryolunun açılması isə Dağlıq Qarabağın işğaldan azad olunması deməkdir. Ermənistan Dağlıq Qarabağı işğaldan azad etmək məqsədində olmadığı üçün Abxaziyada vəziyyəti gərginləşdirməklə ümumilikdə Qafqaz regionunda təhlükəsizliyə ciddi təhlükə yaratmış olur. Hadisələrin belə dönəmini Türkiyənin xeyrinə, Rusiyanın ziyanına başa düşmək olar".

Politoloqun fikrincə, Rusiya Ermənistanın müstəqilliyini boğursa, ABŞ-ın nöqteyi-nəzərində Türkiyə Ermənistana nəfəs verməlidir: "Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri ABŞ üçün göydəndüşmə fürsət olmalı idi. Səfir Con Heffern 2 dəfə bu məsələyə münasibət bildirdi. Hər ikisində pessimizm əhval-ruhiyyəsi yaratdı. Səfir Heffern Davudoğlunun Ermənistana səfəri ərəfəsində ABŞ dövlət katibi Con Kerrinin Ermənistana gələcəyi bəyanatını verdi. Bununla da o, Davudoğlunun səfərini və eləcə də Türkiyənin regional rolunu aşağıladı. Ermənistanla əlaqəli məsələlərdə əsas söz sahibi Türkiyə deyil, ABŞ-dır. Kerrinin Yerevana səfər edəcəyi ilə bağlı bəyanata zərurət yox idi. Kerri Ermənistan və Azərbaycan xarici işlər nazirlərini qəbul edərkən belə fikir bildirdi. Şərait elə gətirdi ki, Kerrinin regiona səfəri baş tutmadı. Çox böyük ehtimalla Kerrinin regiona səfəri aktuallığını itirib".

 

Politoloq qeyd edib ki, Ermənistan ucuz qaz axtarır: "Azərbaycan ucuz qaz təklif edir. Rusiya ucuz qazla Ermənistandan dövlətçiliyini alır və Qarabağa sahiblənir. ABŞ bir dəfə də olsun Azərbaycan qazının Rusiya qazını əvəzləməsinin Ermənistan üçün faydalı olmasına münasibət bildirməyib".

M.Əhmədoğlu ABŞ-la Rusiya arasında bütün dünyada kəskin mübarizə getdiyinibildirib.

Politoloq deyib ki, ABŞ Müdafiə Nazirliyinin Rusiya, UkraynaAvrasiya məsələləri üzrə müavini Evelina Farkas Ermənistanda müdafiə naziri, onun müavini və digər rəsmilərlə görüşdükdən sonra Ermənistanın Global Sülhməramlı Əməliyyatlar Proqramına (GPOI) qoşulduğunu bildirdi: "ABŞ-ın yeni sülhməramlı missiyaya ehtiyacı yoxdur. Ehtiyacı olsaydı, bunu ilk olaraq Gürcüstanla müzakirə edərdi. Ola bilər, ABŞ-la Ermənistan arasında gizli hərbi layihələr bu ad altında gizlədilir. Əslində ABŞ-ın Ermənistan üzərindəki siyasətində bu məntiqsizliklər şübhə yaratmalıdır. Müxtəlif halların meydana çıxması da bununla izah oluna bilər. ABŞ-ın Ermənistandakı səfirliyinin binası qarşısında minalanmış avtomobilin olması barədə ABŞ səfirliyinə yaxın mənbələr məlumat yaydı".

 

AQİL

525-ci qəzet.- 2014.- 10 yanvar.- S.5.