“Dünya ölkələrinin müasir siyasi sistemləri” (kitab haqqında təəssüratlar)

 

 

 

Bu gün internet dünyasının virtual imkanları və bu imkanların bəşəriyyətə verdiyi dəyər barədə çox danışılmaqdadır. Hətta bu virtual aləmin artıq yazılı nəşrləri – kitabı, qəzeti, jurnalı əvəzləməsi barədə də geniş disskusiyalar getməkdədir. Doğrudanmı elektron “oxu” vasitələri ənənəvi nəşriyyat – çap məhsullarını tam əvəzləyə bilər? Bu sualı informasiya vasitələrinin sürətli inkişafı meydana gətirir. Ənənəvi nəşriyyat nəsli nostalji hisslərin yaxında olduğundan narahatlıq keçirir, informasiya texnologiyalarına bələdliyi ilə öyünən yeni nəsil hər şeyin elektron dünyasına tabe olacağından qürurla danışır. Ortada bir həqiqət də var: hər anın, hər məqamın hadisələrinin anındaca elektronikaya köçürülməsində baş verən obyektiv və qeyri-obyektiv səbəblərin doğurduğu səhvlər zamanı, “bir azdan düzəldərik” ehtimallarına söykənmək və bununla da cəmiyyətə səhvlər, fərziyyələrlə dolu qüsurlu informasiyaların ötürülməsinə biganəlik bəzən internetin nüfuzunu azaltmaq, ona istehlakçı inamını qırmağa da gətirib çıxarır. Rusiyanın RTR kanalının məşhur reportyoru və aparıcısı S.B.Brilyovun bu günlərdə virtual aləmlə bağlı bir reportajını xatırladım. İnternetlə bağlı bu analitik reportajda jurnalist hər dəfə internet sözünün əvvəlində “fərziyyələr”, “ehtimallar”, “qeyri-dəqiq anlayışlar”, “məsuliyyətsiz informasiya” və s. kimi epitetlər işlədirdi. Və internetlə bağlı deyilən bu mənfi epitetlərin hamısında həqiqət vardı. Bu epitetlər məni internetin qarşısında narahatlıq keçirən ənənəvi kitab haqqında düşünməyə məcbur etdi. Doğrudanmı internet və onun saytlarındakı “kitab” ənənəvi “Səfillər”i, “Cinayət və cəza”nı, “Savaş və barış”ı, “Kəlilə və Dimnə”ni, “Söyüdlü arx”ı, “Qətl günü”nü, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni, “Ağ dəvə”ni, “Ağ bayraqlar”ı v s. bu kimi kitabları əvəzləyə biləcək? Əvəzləyə bilməyəcək və ənənəvi kitabın əvəzlənməyəcəyinin iki mühüm səbəbi var: 1. Kitab dünyanın  mədəniyyət atributlarının ən müqəddəsidir; 2. Kitab hər şeylə bərabər, onun müəllifinin oxucu qarşısında dəqiqliyinə, verdiyi informasiyaya, estetik idealına görə cavabdehlik faktıdır. İnternetə yerləşdirilən kitabı istədiyin anda virtual aləmdən çıxara bilərsən, ənənəvi kitab oxucu arasında paylanandan sonra onu geri qaytarmağa heç kimin gücü çatmaz. “Yazıya pozu yoxdur” kimi xalq misalı internet versiyasını deyil, ənənəvi yazını – bizim kontekstdə ənənəvi kitabı nəzərdə tutur: yazdınsa, çap etdirib payladınsa peşimançılığa yer yoxdur. Zəhmət çək, yazanda elə yaz ki, mümkün olmayan pozuya ehtiyac qalmasın. Bütün bu miqayisələr eyni şəkildə həm ədəbi-bədii, humanitar kitablara, həm də və yəqin ki, daha çox “həm də” elmi kitablara aiddir.

Ənənəvi kitab, onun müqəddəsliyi, gücü və təsiri barədə geniş görünə biləcək düşüncələrə varmağa məni bir monoqrafiya vadar etdi. Tarix elmləri doktoru, professor Əli Həsənovun və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Adil Vəliyevin “Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabı. Bu kitab özünün tipoloji xarakterinə görə müəyyən bir mövzunun elmi şərhini ortaya qoyan monoqrafiya kimi də, dünya ölkələrinin birər-birər – hamısının müasir siyasi sisteminin konkret təhlilini verən ensiklopediya kimi də qəbul edilə bilər. Tipoloji əsasın monoqrafiya xarakteri əsərin elmi dəyərini, ensiklopediya xarakteri isə informasiyalılıq dəyərini ortaya qoyur. Məsələn, əsərin lap elə giriş hissəsindəcə siyasi sistem anlayışının izahı çox maraqla qarşılanır. Belə bir dəqiq xatırlatma təqdim olunur ki, “son zamanlar dünya siyasətşünaslıq mərkəzləri və politoloqlar dövlətlərin siyasi rejimlərinin, dövlət idarəçilik sistemlərinin, hakimiyyət institutları və ictimai-siyasi təşkilatlar arasındakı münasibətlərin xarakterini tədqiq edərək ölkələri daha bir əlamətinə – siyasi sistem fərqinə görə də təsnif edirlər”. Qeyd edək ki, dövlətlərlə bağlı son zamanlar gündəmə gələn siyasi rejim fərqlərinə diqqət dünyanın hansı məkanda demokratik, sivil olduğunun, hansı məkanda antidemokratik idarəçiliyin özünü göstərdiyinin elmi-politoloji mənzərəsini yaratmaqla, bunun səbəb və nəticələrini ortaya qoymaq və bunu nəinki bir dövlətin, konkret bir millətin nəzərinə çatdırmaqla, habelə  bütövlükdə dünya birliyinə mesaj göndərməklə birinciləri tətbiq etmək, ikincilərə müqavimət göstərmək hərəkatına təkan vermiş olur. Kitabın müəllifləri beynəlxalq təcrübədən çıxış edərək belə bir elmi nəticəyə gəlirlər ki, əgər “əvvəllər beynəlxalq münasibətlər sistemində ölkələrin daxili siyasət məsələləri, dövlət-vətəndaş, hakimiyyət və ictimi-siyasi institutlar arasındakı münasibətlər və s. dövlətdaxili idarəçilik məsələləri hər bir milli dövlətin daxili işi hesab edilirdisə, “yeni dünya nizamı”nın bərqərar olduğu XXI əsrdən başlayaraq bu sahələr transmilli xarakter alaraq dünya siyasətinin diqqət mərkəzinə çıxarılmışdır...” Mən də qeyd etmək istərdim ki, “yeni dünya nizamı”nın bu tələbinin nəticəsi kimi yaranan beynəlxalq demokratiya institutları, səmimi demokratik ölkələr dünyanı, rejimləri sivil görmək arzusu ilə bəzən hətta, antidemokratik dövlətlərin demokratik hərəkatına dəstək olmaqdan da çəkinmirlər. Doğrudur, bəzən hansısa dövlətin siyasi rejiminin antidemokratikliyinə qarşı mübarizə pərdəsi altında yeni iqtisadi maraqlar, yeni imperiya siyasəti kimi tədbirlərə də qol qoyanlar olur. Bir neçə il bundan əvvəl məhz bu pərdə altında Qərbin Ərəb ölkələrinə açıq müdaxilələrini o zaman Rusiyanın Baş naziri postunda oturan V.Putin nahaqdan “səlib yürüşü” adlandırmamışdı. Elə bu günün özündə də davam edən təmənnalı müdaxilələrin perspektivsizliyi sübut edir ki, bu “müdaxilələrin” yalnız səmimi olanları səmərəlidir. Ona görə də qəti əminliklə qeyd edə bilərik ki, “Dünya ölkələrinin müasir siyasi sistemləri” əsəri öz elmi yanaşmaları  faktlara cəsarətli münasibəti ilə kimin kim olduğunu da ortaya qoyur.

Kitabda tədqiqatçıların siyasi sistem anlayışına verdiyi elmi izah diqqəti cəlb edir: “... siyasi sistem cəmiyyətin siyasi, sosial, hüquqi, ideoloji, mədəni norma və kodekslərinə tabe olaraq, hər bir xalqın tarixi və milli ənənələrinə, siyasi dünyagörüşünün mahiyyətinə və fəallıq dərəcəsinə uyğun qurulur”. Bu izahdakı xalqın tarixi və milli ənənələri, siyasi dünyagörüşünün mahiyyəti və fəallıq dərəcələri kimi anlayışlar siyasi sistem quruculuğunun gəlişigözəl atributları deyil, bu sistemin dayaqlarını təşkil edən faktorlardır. Vaxtilə İrana ixrac olunan Qərb demokratiyasının aqibəti məhz bu məsələlərin diqqətə alınmaması ilə, hətta təcrübədən keçmədən iflasa uğradısa, kommunistlərin Şərqi Avropaya ixrac etdikləri sosializm rejimi ələ girəvə düşən kimi aradan qaldırıldısa, inqilabın və demokratiyanın ixracının səmərə vermədiyini kimin deməsindən asılı olmayaraq, bir həqiqət kimi diqqətdə saxlanılmalıdır.

Haqqında bəhs etdiyimiz kitabın əsas səmərəsi müəlliflərin “o siyasi sistemlər effektli hesab olunur ki, onlar inkişafı təmin edir, əhalinin istək və arzularını, təşəbbüslərini əks etdirir, azad siyasi rəqabətə, şəffaf idarəçiliyə, vətəndaş – dövlət əlaqələrinə, ictimai fikrə ciddi dəstək verir” kimi dəqiq postulata söykənmələrində də özünü göstərir. Hər kəsin anlaya biləcəyi aydın bir üslubda ifadə olunan siyasi sistem anlayışının məzmunu əsərdə belə izah olunur: “Siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi quruluşu; hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin cərəyan etdiyi təsisatlar və təşkilatlar sistemini göstərir; siyasi hakimiyyət və təsisatların (partiyalar, ictimai təşkilatlar və s.) fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönünü müəyyən edir”. Bu dəqiq elmi  izahdan sonra, insan öz ətrafına baxır, öz dövlətinin, idarəçilik sisteminin həmin nəzəri tələblərə cavab verib – vermədiyini düşünür. Və bu düşüncələr zamanı yaşadığın dövlətin siyasi sisteminin xarakterindən asılı olaraq hər bir şüurlu vətəndaşın qəlbində, ideyalarında, fəaliyyətində dünyanı dəyişməkmi, onları inkişaf etdirməkmi kimi sual – istəklər yaranır. Vətəndaşın öz ölkəsini demokratik görmək istəyi bu dəqiq məzmundan doğur.

 

Əsərdə siyasi sistemin strukturunu təşkil edən əsas institutlar – dövlət, siyasi partiyalar, ictimai hərəkatlar və təşkilatların elmi təhlili çox qısa, lakin dəqiq şəkildə öz təhlilini tapır. Məsələn, bu atributlar sırasında dövlət anlayışının belə bir elmi izahı yəqin ki, politoloqdan tutmuş jurnalistədək, siyasətçidən tutmuş elm adamınadək hamıya bu barədə dəqiq bilgi verir: “Hər bir ölkənin siyasi sistemində hakim yer dövlət və onun orqanlarına məxsusdur. O, bütün cəmiyyətin təşkilatı çərçivələrini təyin edir, hüquqi normaların köməyi ilə öz vətəndaşlarının və mülki təşkilatların davranışını formalaşdırır, təşəbbüslərini dəstəkləyir”. Daha sonra kitabda dövlətin bir çox digər funksiyaları da detalları ilə təqdim olunur.

Burada siyasi partiyaların funksiyası konkret olaraq belə ifadə olunur: “Bu institutlar (siyasi partiyalar – C.M.) bir qayda olaraq ayrı-ayrı qruplar (şəxslər) tərəfindən yaradılaraq siyasi hakimiyyətə gəlmək, yaxud ona təsir etmək yolu ilə özlərinin, tərəfdarlarının və təmsil etdikləri digər qrupların marağını reallaşdırmaq məqsədi daşıyırlar”. Nə gizlədək, Azərbaycan reallığı uzun müddət – sovet dövrü müddətində təkpartiyalı sistemə malik olduğundan və bu tək partiya həm də hakimiyyət rolunu ifa etdiyindən cəmiyyətin böyük bir hissəsində siyasi partiyanın hakimiyyət uğrunda mübarizəsinə qəribə bir qeyri-elmi münasibət formalaşmışdır. Bəzi jurnalistlərin təhlili yazılarında hər hansı bir partiyanın siyasi hakimiyyətə gəlmək istəyi az qala dövlət çevrilişinə təşəbbüs kimi qiymətləndirilir. Əlimizdəki əsərin siyasi partiyaların funksiyalarına dair dəqiq elmi yanaşmaları belə məqamda elə jurnalistlərin özü üçün də vacib informasiya mənbəyi hesab oluna bilər.

Jurnalist demişkən, əsərdə mətbuat da siyasi sistemin əsas tərkib hissəsi kimi təqdim olunur. Doğru göstərilir ki, “demokratiyanın və siyasi plüralizmin hökm sürdüyü ölkələrdə mətbuat bütöv cəmiyyətin maraq və mənafelərini, yürüdülən siyasətlə bağlı  ictimai rəyi əks etdirərək, dövlət siyasətinə bilavasitə təsir edir”. Təsadüfi deyil ki, demokratiyaya ən kəsə yolun mətbuatdan keçdiyini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın siyasi sisteminin vacib atributlarından olan mətbuatla bağlı yeritdiyi siyasəti belə ifadə edirdi: “Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir”. “Dünya ölkələrinin müasir siyasi sistemləri” monoqrafiyasının bir çox təhlillərində olduğu kimi, mətbuatla bağlı hissəsində də məhz bu ideyaya söykənməsi ayrıca maraq doğurur.

Əsərin maraqlı cəhətlərindən biri də budur ki, müəlliflər dövlət idarəçiliyinin, dövlət strukturunda siyasi sistemin vacib atributlarından tutmuş digər bütün faktorlarınadək hər şeyi diqqət mərkəzində saxlamışlar. Və həm də bu atributların izahlarında, təhlillərində dəqiqlik və yığcamlıq prinsiplərinə  ciddi əməl olunmuşdur. Məsələn, “hər bir dövlətin xarakterini, siyasi sisteminin əsas məziyyətlərini” ifadə edən Ali Qanunun – Konstitusiyanın mahiyyəti o qədər aydın izah edilir ki, bu izahdan sonra həmin Ali Qanunun qiymətini oxucu daha dərindən duya bilir: “Konstitusiya  siyasi sistemin strukturunu əks etdirən sənəd və ya sənədlər toplusu olmaqla, hakimiyyətin necə bölüşdürüldüyünü, hökumət təsisatlarının funksiyasını və  quruluşunu, onların necə fəaliyyət göstərməli olduqlarını müəyyənləşdirir”. Əsərdə Konstitusiyada üç əsas hakimiyyət  institutuna: qanunvericilik, icraedici və məhkəmə hakimiyyətinə başlıca yer ayrılır və bu institutların prinsipləri barədə dəqiq fikirlər deyilir. Əsərdə daha sonra Konstitusiyanın Ali Qanun olaraq dövlətin müxtəllif sahələrinə dair konkret qanunların mənbəyi olduğu bildirilir və belə bir dəqiq fikir nəzərə çatdırılır: “Ölkələrin konstitusiyaları xaraktercə fərqli olsalar da, onların tam əksəriyyəti dövlətin idarə edilməsi və fəaliyyətini həyata keçirən institutlara aid mövcud qanunvericilik bazasının əsaslarını təşkil edir”.

Əsərdə siyasi rejim, dövlət rejimi, dövlət idarəçilik formaları, o cümlədən monarxiya, respublika, məhdud hakimiyyətli prezident idarəetmə üsulu, kommunist sisteminin idarəetmə üsulu, məhdudiyyət olmayan prezident idarəetmə üsulu, hərbi rejimli idarəetmə, mütləq formalı idarəetmə üsulu kimi anlayışlar ətrafında konkret informasiyalar verilir.

Əsərin ən maraqlı bölmələrindən biri “dünyanın demokratikləşməsi tendensiyası və dövlətlərin siyasi rejimlərində baş verən dəyişikliklər”lə bağlıdır. Bu hissə müasir dünya dövlətlərinin demokratik idarəçilik sisteminə xüsusi meylinin güclənməsi prosesini önə çəkir. Belə bir maraqlı cəhətə diqqət yetirilir ki, “hazırda dünyada dövlətlərin xüsusiyyətlərini öyrənən və təsnifatını aparan xüsusi institutlar və qeyri – hökumət təşkilatları fəaliyyət göstərir ki, onların əsas işi ayrı-ayrı parametrlər üzrə ölkələrin inkişaf səviyyəsini öyrənmək, demokratiya dərəcəsinə görə yerini müəyyən etməkdən ibarətdir”. Əsərdə belə təşkilatların xarakteri, onların obyektiv, subyektiv fəaliyyətindən doğan faktlar, gəldikləri nəticələrin  tarixi mərhələləri araşdırılır və ayrı-ayrı tədqiqatçılara istinadən bu təşkilatların bəzən siyasi maraqlara xidmət etdikləri də nəzərə çatdırılır. Demokratik dəyərlərin uzun dövrlərlə formalaşdığı ölkələrin – dövlətlərin bu dəyərlərə təzəcə yiyələnmək istəyən dövlətlərdə bəzi milli ənənələri, cəmiyyətin xarakterini və s. məsələləri nəzərə almadan problemlərə yanaşma tərzi barədə əsərdə maraqlı fikirlər var. Və bu elmi yanaşma əsərin müəlliflərinin belə bir dəqiq postulata gəlib çıxmalarını şərtləndirir: “Demokratiya başlanğıcı olan, lakin sonu və son imkanları hələ heç kim tərəfindən dəqiq müəyyən edilməyən uzun bir inkişaf yoludur”. Həqiqətən də “transmilli demokratikləşmə dalğası əsasən o ölkələri əhatə edir ki, onlarda artıq neçə illərdir, liberallaşma prosesi həyata keçirilib və ictimai fikir, ölkə əhalisinin çoxu demokratik institutlaşma işinə hazırdır”. Dəqiq ifadə edilən bu fikir belə düşünməyə əsas verir ki, demokratik dəyərlər sisteminə, hüquqi dövlət quruculuğuna təzəcə girişən ölkələrdən, məsələn, konkret olaraq postsovet məkanından dərhal bütün sahələrdə demokratikləşməni başa vurmaq kimi bir tələb məsələyə qeyri-elmi yanaşma hesab olunmalıdır.

Hər hansı bir ölkənin demokratik təsisatlara və demokratik idarəçilik sisteminə malik olması üçün onun müstəqilliyi ən vacib şərtdir. Ona görə də haqqında bəhs edilən əsərin müəllifləri Azərbaycan üzərində dayanarkən belə bir dəqiq fikirdən çıxış edirlər: “Müstəqilliyini əldə etdikdən sonra (1991) dövlət quruculuğu prosesinin həyata keçirilməsi, dövlətin əsaslarının yaradılması – iqtisadi, siyasi, sosial, mədəni həyatın bütün sahələrinin yenidən qurulması, ölkənin daxili və xarici siyasətinin formalaşdırılması Azərbaycan dövlətinin qarşısında dayanan ən mühüm vəzifələr idi. Bütün bunlar ölkə rəhbərliyindən, siyasi institutlardan və ictimai təşkilatlardan məsuliyyətli yanaşma və ciddi seçim tələb edirdi. Azərbaycanın hansı inkişaf yolunu seçməsi, dövlət – vətəndaş münasibətlərinin və siyasi idarəçiliyin hansı modelinə üstünlük verməsi təkcə onun daxili inkişafını deyil, həm də beynəlxalq aləmdə əlaqələrini, dünya dövlətləri ilə münasibətlərini müəyyən etməli idi”. Bu fikir kitabın birinci fəslinin son cümlələridir və bundan sonra gələn ikinci fəsil birbaşa “Azərbaycanın siyasi sistemi: formalaşma və əsas xarakteristikası” əhatə edir. Burada ölkəmizin siyasi sistemini şərtləndirən əsas amillər, müasir dövlət quruluşu, dövlət başçısı, qanunvericilik, icra, məhkəmə hakimiyyəti, siyasi partiyalar və ictimai təşkilatlar haqqında və ayrıca olaraq Naxçıvan Muxtar Respublikasının siyasi sistemi barədə hər kəsə vacib olan elmi informasiyalar yer alıb. Cəmi dörd səhifəlik bir həcmdə Azərbaycanın tarixi, bu tarixin keşməkeşli, əzablı, lakin həm də şərəfli dövlətçilik ənənələri barədə heyrətamiz bir yığcamlıqda çox maraqlı informasiyalar verilmişdir. Müstəqilliyimizin yeni çağda keçdiyi yol da beləcə qısa, lakin zəngin elmi faktlarla oxucuya çatdırılır.

Əsərin səmərəli informasiyalılıq keyfiyyətini təşkil edən məqamlardan biri də özünü hər hansı bir problemə elmi yanaşmanın həmin sahəyə dair izahlarında tapır. Həm də bu yanaşmalarda müəlliflər tarixi keçmişimizə müasir baxışda çox zaman özünü göstərən populizmdən uzaq olub, hadisələrə, dövrə, zamana obyektiv qiyməti ilə diqqəti cəlb edirlər. Məsələn, Azərbaycanın müstəqillik əldə etməsindən sonra ortaya çıxan tarixə dair bir çox monoqrafiya və məqalədə, adətən, ölkəmizin sovet dövrünə birtərəfli – yalnız neqativ istiqamətdən baxış hər kəsə yaxşı məlumdur. Və bu birtərəfli – yalnız neqativ hadisələrdən çıxış etmək həmin dövrün hadisələrinə çox da bələd olmayan yeni nəsildə birtərəfli mövqe yaradır. Ə.Həsənov və A.Vəliyevin zamana, dövrə elmi yanaşmasının obyektiv xarakterini misal gətirəcəyimiz bircə abzasda aydın görmək olar. Azərbaycan tarixinin müxtəlif dövrlərinə yığcam ekskurs edən müəlliflər  bu  tarixin sovet dövründən bəhs edərkən bolşevik Rusiyasının işğalçılıq siyasəti barədə danışır və həm də belə bir həqiqəti də göstərirlər ki, “Azərbaycan xalqının sovet dövrü (1920-1991) bütövlükdə ümumi imperiya çərçivəsində mövcud olsa da, xalqın maddi-mənəvi inkişafı, respublika həyatında mühüm sosial-iqtisadi uğurları ilə də yadda qalmışdır. Xüsusən, 1969-cu ildə Azərbaycana rəhbər təyin edilmiş görkəmli dövlət xadimi Heydər Əliyevin bütün sahələr üzrə həyata keçirdiyi fundamental islahatlar və əzəmətli quruculuq işləri, milli şüur və milli qürur hisslərinin oyanışına, nəticədə isə XX yüzilliyin 70-80-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni yüksəliş mərhələsinə daxil olmasına səbəb olmuşdur”. Mən də əlavə edərdim ki, 1970-1980-ci illərdə Azərbaycanda və SSRİ-də yüksək vəzifələr tutmuş H.Əliyevin ölkəmizdə təkcə milli-azadlıq hərəkatına təkan verən “altmışıncıların” bədii yaradıcılığına açdığı yol Azərbaycanın yeni müstəqillik uğrunda mübarizəsində müstəsna rol oynamışdır. Bu mənada təkcə M.İbrahimovun, İ.Əfəndiyevin, R.Rzanın, X.Rzanın, İ.Hüseynovun, Anarın, Elçinin, M.Süleymanlının və digər onlarca yaradıcı şəxsiyyətin əsərlərinin yayılmasına yaradılan şəraiti xatırlamaq kifayətdir. Bütün bunların nəticəsidir ki, bu gün “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublika” xarakterinə sahib olmuşdur. Və “Konstitusiyaya görə Azərbaycan Respublikasında  dövlət hakimiyyətinin əsas mənbəyi xalqdır”. Əsərdə Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət başçısı, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri barədə təhlillərdən oxucuya bir daha aydın olur ki, Azərbaycan dünyanın ən demokratik dövlətlərinin tarixi təcrübəsini əsas götürərək, qısa bir müddətdə hüquqi, demokratik dövlət səviyyəsinə yüksəlmişdir.

Əsərin “Dünya dövlətlərinin siyasi sistemləri” adlanan ikinci hissəsi, respublika idarəçilik sisteminə daxil olan ölkələrə həsr edilib. Bu məqamda əsərin respublika idarəçilik sistemini bir dövlət quruluşu olaraq təhlil etməyi oxucuya xeyli yeni məlumat verir. Qeyd olunur ki, respublika quruluşlu dövlətlərdə hakimiyyətin əsas mənbəyi xalqdır. Bu idarəçilik sistemində dövlətin ali hakimiyyət orqanları və vəzifəli şəxsləri vətəndaşlar tərəfindən seçilir. Və belə bir mühüm cəhət də göstərilir ki, “müasir dünyada respublikanın üç əsas növü mövcuddur: parlamentli respublika, prezident idarə-üsuluna əsaslanan respublika və bunların qarışıq forması”. Daha sonra respublika quruluşunun həmin növləri kitabda öz təhlilini tapır.

Kitabın əsas hissələrindən birini Prezident Respublikası quruluşlu ölkələrin siyasi sistemləri təşkil edir. Burada Amerika Birləşmiş Ştatlarından başlamış Zambiya Respublikasına qədər 68 dövlətin hamısı haqqında çox maraqlı məlumatlar var. Bu məlumatlar sırasına ölkə haqqında ümumi tarixi faktlar, dövlət quruluşu, inzibati bölgü, dövlət başçısı və onun statusu, qanunvericilik, icra, məhkəmə hakimiyyəti, siyasi partiyalar haqqında aydın təhlillər daxildir.

Daha sonra monoqrafiyada Parlament Respublikası tipli dövlətlərin siyasi sistemləri təhlil edilir. Burada ilk növbədə parlament respublikasının xarakteri aydınlaşdırılır. Oxucuya məlum olur ki, “Parlament Respublikası – hökumətin  öz fəaliyyətinə görə qarşısında tam məsuliyyət daşıdığı ali qanunverici orqanın (parlamentin) aliliyi prinsiplərinin elan edilməsi ilə səciyyəvidir”. Burada seçkili orqanların, hökumətin formalaşması, seçki prinsipləri, siyasi partiyaların yeri və s. barədə bizə çox vacib olan informasiyalar var. Bu tipli ölkələr sırasına daxil olan dövlətlərin hamısı barədə hər kəsin (mübaliğəsiz olaraq hər kəsin) bilməsi vacib olan informasiyalar var. Almaniyadan başlamış Yunanıstana qədər 44 dövlətin siyasi sisteminin aydın təqdimatının oxucuda xüsusi maraq doğuracağına əminəm.

Yuxarıda qeyd etmişdim ki, respublika idarəçilik sisteminin üç əsas növünü təhlilə çəkən əsərdə parlament və prezident idarə üsulunun qarışığı olan üçüncü növ dövlətlər də vardır ki, bunlar “dualist” (qarışıq) formada idarəetmə üsuluna malik respublikalardır. Kitabda respublikanın bu tipinin həm izahı, həm də bu idarəetmə tipinə malik ölkələrin xarakteristikası var. Yeri gəlmişkən, belə bir məlumat da maraq doğurur ki, “dualist üsul-idarəli ölkələrdə prezidentlə baş nazir arasında hakimiyyətin səlahiyyətli bölgüsü müxtəlif formalarda ola bilər.

Bu bölgü, əsasən dövlət və hökumət başçılarının fərqli siyasi düşərgələri təmsil etdikləri hallarda tətbiq olunur. Fransada bu situasiyada prezident dövlətin xarici siyasətinə, baş nazir isə daxili siyasət kursuna cavabdeh olur”. Daha bir maraqlı aspekti nəzərə çatdırmaq istərdim: “Bir çox digər qarışıq (dualist) idarəetmə sisteminə malik dövlətlərdə xalqın ehtimad göstərdiyi dövlət başçısı, mövcud parlament çoxluğu ilə hesablaşmadan öz hökumətini formalaşdırmaq, habelə bu ziddiyyətli vəziyyətlə bağlı Parlamentlə siyasi konfliktə getmək və onu buraxmaq səlahiyyətinə malikdir. Bu hal nə prezident, nə də parlament respublikalarında de-yure mümkün deyil və məhz buna görə də dualist idarəetmə sistemi, hakimiyyətin parlament və prezident idarəetmə üsuluna malik forması ilə yanaşı, müstəqil bir sistem kimi qəbul edilir”. Kitabda bu idarəetmə sisteminə malik 31 ölkənin, o cümlədən Fransa, Rusiya, Gürcüstan, Litva, Misir Ərəb Respublikası, Ukrayna kimi dövlətlərin siyasi rejimləri barədə müfəssəl məlumatlar var.

Monoqrafiyanın “Monarxiya, kommunist, dini və digər quruluşlu idarəçilik sisteminə aid olan dövlətlər” adlanan IV fəsli də xüsusi maraq doğurur. Məlum olur ki, dünyanın qloballaşdığı, dəyişdiyi müasir çağımızda da çoxlu sayda monarxiya, kommunist, teokratik və mütləq monarxiya tipli xeyli sayda dövlət mövcuddur. Əlbəttə, bəzən dünya siyasi sistemlərinə nabələd adamlarda bu tipli siyasi sistemlər haqqında, məsələn, monarxiya tipli dövlət haqqında təsəvvür tarixən son dərəcə antidemokratik bir sistem kimi qəbul etdiyimiz təsəvvürdən o yana keçmir. Məhz buna görədir ki, monoqrafiyanın müəllifləri monarxiya tipli dövlətlərin demokratik əsaslarını da şərh edir və  belə bir fikir xüsusi vurğulanır ki, “bu gün monarxiyaya keçmişin qalığı, bir sıra Avropa dövlətlərində, Yaponiyada isə sadəcə olaraq ənənələrin lazımi dərəcədə qiymətləndirilməsi kimi baxılır”. Və o da qeyd edilir ki, “monarxiya idarəetmə forması, müasir dünyada hökmranlıq edən xalq hakimiyyəti və insanların hüquq bərabərliyi ideyası ilə bir o qədər də uzlaşmır. Monarxiyada əsas fiqur sayılan monarx, hakimiyyəti nümayəndələr qaydası ilə deyil, öz iradəsinə uyğun surətdə həyata keçirir. Bütün monarxiya quruluşlu ölkələrdə monarx qanunla toxunulmaz və üzərinə heç bir məsuliyyət qoyulmayan zat sayılır”. Daha sonra məlum olur ki, dünyada parlament monarxiyası, konstitusiyalı monarxiya, dualist monarxiya sistemləri vardır. Bunların da hamısının xarakterik xüsusiyyətləri barədə əsərdə yetərincə məlumat almaq mümkündür. Bu sırada dünyada indi 39 ölkə mövcuddur. Lakin oxucunu monarxiya haqqında bəzi yanlış və stereotip təsəvvürdən uzaqlaşdırmaq üçün qeyd edim ki, bu gün özünün son dərəcə demokratik ənənələri ilə dünyaya örnək olan Böyük Britaniya, Yaponiya, Danimarka, İsveç, Kanada, Lüksemburq, Norveç kimi dövlətlər də monarxiya idarəçilik sisteminə malikdir.

Dövlət idarəçilik sisteminin kommunist tipli ölkələri barədə də kitabda maraqlı məlumatlar var. Əlbəttə, bu sistemin dünyada ən tanınan və vaxtilə bəzi ölkələr üçün “təcrübə” rolu oynayan SSRİ artıq yoxdur. Əsərdə hələ də kommunist idarəetmə üsulundan daşınmayan Çin, Kuba, Laos, Şimali Koreya, Vyetnam kimi beş ölkənin xarakteristikası özünə yer tapıb. Teokratik və mütləq monarxiya tipli dövlətlər sırasında isə oxucu Bruney, İran, Səudiyyə Ərəbistanı, Oman, Qətər kimi beş dövlət haqqında maraqlı məlumatlar alacaqdır.

Hiss olunduğu kimi, mən “Dünya ölkələrinin müasir siyasi sistemləri” monoqrafiyasından bəhs etdiyim bütün məqamlarda əsərdən geniş sitatlar vermədən ötüşə bilmədim. Yazının bu üslubunun bircə səbəbi var: həmin sitatlar kitabın ayrı-ayrı problemlərə elmi yanaşma məqamlarını hər kəsdən və hər şeydən aydın izah edir. Bu yazıda əsas məqsəd həmin əsərin geniş oxucu kütləsi üçün nə qədər gərəkli olduğunu bildirmək olduğundan həmin üsuldan istifadəni məqbul saydım. Əlbəttə, nəşriyyatın kitaba annotasiyasında onun geniş oxucu kütləsi üçün  nəzərdə tutulduğu, habelə ondan ali məktəblərin politologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr, doktorantlar və digər müvafiq ixtisas sahiblərinin dərs vəsaiti kimi istifadə edə biləcəkləri vurğulanır. Lakin mən xüsusi qeyd etmək istərdim ki, bu əsər özlərinin gündəlik fəaliyyətlərində hər an xarici xəbərlərlə də işləyən jurnalist zümrəsi üçün, qeyri-hökumət təşkilatlarının fəalları üçün, hakimiyyətə can atan siyasi partiyalar üçün, səfirliklərdə çalışan diplomatlarımız üçün və daha kimlər... kimlər üçün çox maraqlı bir mənbədir. Dünya dövlətləri haqqında geniş bilgilər verən qiymətli bir ensiklopedik mənbə! 

 

Cahangir MƏMMƏDLİ

filologiya üzrə elmlər doktoru, professor      

525-ci qəzet.- 2014.- 11 yanvar.- S.10-11-12.