Son igidin
nağılı....
Hekayə
Deyir insanın öldükdən sonra da,
dırnağı uzanırmış. Necə ki, ağacın meyvəsi
üstündə budağı qırılır ha... Sonra həmin
kəsilmiş budağın üstündəki meyvə
qalıb qalıb, sulanır, şirinləşir ha.. bax insanın öləndən
sonra uzanan dırnağı da beləymiş, son
qalığı, şirnisi,canından süzülən
suyuymuş.Özü-özünə uzanan dırnaq qəfil
hiss edəndə ki, hissəsi olduğu bədənin ruhu daha
yoxdur, dayanır. Axı dırnaq candan deyil,
ruhdan qidalanır. Ölümü anlamaq
üçün dırnağa zaman lazım olur.
Dırnağın özü belə yaşadığı bədənin
tamam ölməsini, o dəqiqə anlamır, zaman keçəndən
sonra başa düşür... İndi mən
necə sənin birdən- birə olmamağına inanım?
Səndə məndən idin axı...
Olmasan da, məndən nağıl istəyirsən? Sənə
bir gerçək danışacam. Sən
onda da yox idin. Mən o, son İgidin
doğulduğunu öz gözlərimlə
görmüşdüm.
İgid doğulana qədər buraların insanları
biri- birilərinə sual verməzdilər. Öl deyilənə
ölürdü, qal deyilənə qalırdı. İgidə, igidliyə ehtiyac yox idi. Adamlar at kimiydi. Yeyirdilər, yatırdılar, hər
il kişnəyə- kişnəyə
artırdılar. Bu yandan Əsəd kişinin
qara arvadı qəfil vurub bu igidi doğdu. İgid Məsih kimi tarixə düşməsə də,
başqa tür yadda qaldı. O doğulandan bizə
oxşamadı. Əli, ayağı, içi,
fikri necəsə bizdən böyük çıxdı.
İgidlik onun üzündə gülüş
kimiydi. O igidlik eləmirdi. İgidlik onun
özüydü. İgid işləmədi,
yemədi, atasına anasına bağlanmadı,
başını aşağı salıb, gününü
yeyən, adi adamların yanında, yad bir nəsnə kimi illərlə
var oldu. Hamı,onun igid olduğunu
bilirdi. Onun haçansa bir igidlik edib,
dünyanı dəyişəcəyini də görürdü.
Amma İgid, igid olmaqdan ötrü igidlik
göstərə bilmirdi. Buna görə də
qanı qaraydı. İgid doğulan birinin, igidlik etməməsi
özü üçün də çox ağır iş
idi, elə bizim üçün də. İgid
dünyaya baxıb məəttəl qalırdı. Gün kimi hər axşam batıb, hər səhər
işə çıxan insanların igidlik etmədən
yaşamaları ona qəribə görünürdü.
O içini yeyən gücünü, bilmirdi neynəsin? İllər beləcə igidin yanından qorxa-qorxa
keçib gedirdi. İgid illərə, illər
igidə əl eləyirdi. İgidi bura göndərənin
də məqsədi vardı.Yoxsa illərə qoşulub getmək
igid üçün nə çətin iş idi ki?
Bir gün igid darıxıb dağa qalxdı. Nağıl dili,yazı yazanın da üzünü
ağardır. Bu dil yüyrək olmasaydı, mən də,
igidin beş il sərasər heç
cür o dağın başındakı halını yaza bilməzdim.
Sən də darıxardın, elə
özüm də. İgid beş il
beləcə üç cümləyə sığan bir səbrlə
bir sal daş üstə oturdu. Və elə bir
məqam gəldi ki, ya gərək o, peyğəmbər
olaydı, ya da gərək bu dağdan özünü
aşağı atıb öldürəydi ki, canı
qurtarsın. Çünki İgid dərk
edirdi ki, bu var olmada, özgədir. Baş
verənlərin üzü, adı, bir görünən
tutacağı da yoxdur ki, tutub onları güclə dəyişmək
olsun. Bütün bu baş verənlər
elə bil igidin yaşamadığı bir başqa vaxt kəsiyində
baş verirdi. Və igid bu vaxta, məntiqə
və əxlaqa yaxın olsa da, elə bil başqa bir vaxtda,
baş verən işlərin, baş vermə vaxtının
lap yanında olan özgə bir zamanda yaşayırdı.
Və o, bu olanları dəyişmək istəsə
də bacarmırdı. Bilirdi ki, insanlar
örnək istəyir. Düşüncəni
dəyişən bir misal görmək istəyir. İgidliyin nə olduğunu, igidliyin necə
olmasını yaşamaq istəyir. İgid bunu anlasa da,
bu başı aşağı insanların içində onu
da anlayırdı ki, igidlik rəqibsiz ola
bilməz. Və bu gün onun igidliyini
döyüşdə sübut etməsi üçün bir
tutarlı rəqibi yoxdur. İnsanlar igidə nə dost
idilər, nə də rəqib. İnsanlar elə beləydi...
Yeyirdilər, yatırdılar... və heç nə
düşünmürdülər...
Amma sən nağılı, ələlxüsus da
nağılçını da elə belə bilmə. İgidi bir
yerə göndərən onun rəqibini də gec tez meydana
çıxarmalıdır ki, insanlar və ən çox da
özü darıxmasın. İgid bir səhər
gördü ki göydən yerə mavi işıq içində
bir boz qurd düşür. Qurd yerə enən kimi adam balası kimi danışmağa
başladı. Təkcə “r” hərfini
düzgün tələffüz eləmirdi.
– Mən
o qurdam. Sən məni də öldürüb
igidliyi bir toxum kimi dünyaya səpə bilərdin. Amma
gecikmisən... Təəssüf ki, məni bir dəfə
öldürüblər. Sənin dilində
danışan peyğəmbər daha heç vaxt yerə
göndərilməyəcək. Sizə
bir dəfə məni göndərmişdilər. Mənanı anlamadan tutub məni yediniz. Gör indi qurd olmayan peyğəmbərlərin
başına nə oyun açarsız. Hələ
mən qurdam sizinlə bacarmadım. Sənin
igid olmaqdan ötrü bir əlacın qalıb. Kürreyi ərzdə, iri nəhrin içində
bircə dənə diri əjdaha qalıb. Ondan iri, güclü və mənfi olan nəsə
bu dünyada daha yoxdur. Ölüm onun
yanında mələkdir. Sən ancaq onu
öldürməklə dünyada igidlik dəbini sala bilərsən.
İgidin sevincdən
qırışığı açılsa da qurddan:
–Onu niyə
öldürüm... O mənə neynəyib ki? – soruşdu.
Qurd:
– O sənə
heç nə eləməyib – dedi – Sənin
nağılın budur. O son əjdahanın da sənin kimi əslində,
böyük mətləblərə heç bir dəxli
yoxdur. Siz mənanın açılması
üçün rəmzlərsiniz. Dünyada
igidlik dövrü başlanacaq. Sən də
bu dövrü dəb salmaq üçün seçilmisən.
Əjdaha səni döyüşdə
öldürsə belə, yenə igidlik bir toxum kimi dünyaya
səpiləcək. Sən örnəksən,
misalsan. Sən döngəsən. Səndən adamlar dərs almalıdır. Sən ilk cəhdsən.
İgid qurdu son cümləsində qoyub nəhrə
doğru qaçdı. Nəhrin suyu donmuşdu. İgid illərdir içində nəhrin suyu kimi
donmuş gücünü səsinə çevirib nəriltiylə
əjdahanı səslədi. İgidin səsindən
su şüşə kimi sındı. Şüşə
süyun sınıqları altından ölçüsü,
çəkisi bəlli olmayan çox iri bir nəsə igidin
gözü qarşısında göyə yüksəlməyə
başladı. Bu
dikələn nəsə beləcə altı ay
dikəldi.Yeddinci ayın tamamında igidə o dikələnin
sözü də çatdı..
– Nənəm Sarı əjdaha, öləndə mənə
demişdi ki, səni bir igid öldürməyə gələcək. O, sənin qismətin,
yazındır, ondan qorxma. Birdən o igid sən
olarsan ha.
İgid əjdahanın onu tanıdığına bərk
sevindi.
– Düz
deyirsən, mən sənin yazınam – dedi.
Əjdaha igidin səsini yuxarıdan istəsə də
eşidə bilmədi. Bir az aşağı əyildi ki,
heç olmasa onun nə dediyini kəsdirə. Bu
əyilmənin havasından tufan qopdu. Nəhrdən
əsən külək, igidin əlindəki
qılıncı çevirib öz qarnına soxdu. Bu da
sənə igidin nağılı...
Amma tələsmə...
Mən bu nağıl dili ilə sənə onu demək istəmirəm
ki... Biz devirə bilmədiyimiz qorxularımızın
yanında çox kiçiyik. Mən onu
da demirəm ki, iri əjdahanı göylər deyil biz
özümüz öz qorxularımızla şişirdib
yaratmışıq. Mən onu deyirəm
ki, nağıl burda bitmir. Bu
nağılın tamam başqa və çox qəribə bir
sonluğu var.
Öz qılıncından yaralanmış igid gözlərini
açanda gördü ki, əjdahanın iri dəmir
çarpayısında uzanıb. Əjdahanın
özü də otaqdadır, qırmızı hamam
xalatında oturub, güzgülənir. Mizin
üstündə iki şüşə albalı şirəsi
var. Uzaqdan da həzin musiqi səsi eşidilir. Əjdaha igidin özünə gəldiyini
görüb gülümsündü. Onun
sarı, iri dişləri leş qoxuyurdu. İgid,
taqətsiz olsa da, yazısını unutmamışdı.
– Məni
öldürsən də uduzmamışam. Səninlə
savaşım baş tutmasa da, bu gündən insanlar igidliyimi
öyəcək. Səninlə
üz-üzə gəlməyim dünyanın havasını
dəyişdi. İndi məna da dəyişəcək.
Daha insanlar igid kimi yaşayacaq. Qorxu yenildi. Sənin
nağılın da burda bitdi. Daha mənim
nağılımın zamanıdır.
İgidin bu qəribə sözlərini əjdaha əvvəlcə
anlamadı. O
dünyaya necə göründüyünü də
bilmirdi.İgidə də rəqib kimi deyil, onun
üçün çox xırda olsa da bir erkək kimi
baxırdı. Bilirdi ki, qarşısındakı adam son igiddir. O da son əjdahadır. Ondan hələ ki qorxmayan ilk canlı olan bu igidi əjdaha
ilk baxışdan sevmişdi də. İgid isə əjdahanın
yekə içindən xəbərsiz
danışmağındaydı..
– Səni
öldürsəydim də, ölüm məni haçansa
öldürəcəkdi. Qanımı
axıtmısansa, işini tamamla. Ölsəm
də daha rahat öləcəm. Mən
igidəm. Məğlub yaşaya bimərəm.
Əjdahanın gözləri yaşardı. Düşündü ki,.. Axı insanlar necə belə bəsit
fikirlərini ali ədalət sayır.
Bunun üçün hətta vuruşub, asanca ölürlər
də . Axı hamının, ən
kiçik cücünün belə öz yazısı, öz
ədaləti ola bilər . Amma
bu ədalətlərin heç biri hamının ədaləti
deyil. Görəsən igid bu kiçik gücü ilə
hansı igidlikdən danışır ?
İnsanlar bir küləkdən zəif olduqları halda nəyə
görə qalib kimi yaşamaq istəyirlər ?
Bu onlara nə verir ?
Əjdaha ayağa qalxıb güzgünün
önünə keçdi. Mülayim baxışları ilə
igidi süzüb dedi:
– Yeddi min
ildir ki tənhayam. Hamı məndən
qorxduğu üçün qorxu içindəyəm. Danışmağa belə bir kimsəm yox idi.
Sənə kim deyib ki məni öldürməlisən
?.Bəlkə mən səni sevirəm ?
Nə olsun ki iriyəm , Əjdahayam. Mənim
də ana olmaq haqqım var... Son Yeddi min ildə məni
axtarıb tapan ilk canlısan.. De görüm nə istəyirsən? Amma
aydın danış...
Zəhmli əjdahanın səsi igidə çox incə
gəldi. Əjdahanın hərəkətlərində də
bir naz vardı. İgidə bu təzad qəribə
görünürdü. Dünyanın ən iri
gücü belə incə ola bilməzdi.
İgid əjdahadan....
– Sən
erkəksən? – soruşdu.
Əjdahanın gözlərinin içi güldü.
–
Danışığından heç nə anlamaq olmur – dedi
–Mən erkək deyiləm, dişiyəm. Özü
də yeddi min ildir heç kimi öldürməmişəm.
Öldürmək fikrim də olmayıb. Mən səndən ancaq uşaq istəyirəm.
İgidlikdir, qorxaqlıqdır,
insafdır-zaddır o sizin nağıllardlr .O yalanlar mənlik
deyil. Mən nəslimin artmasını təmin etməliyəm...
Gəl belə eləyək... Sən məni istəsən də
sevə bilməzsən... bu aydındır... Amma istəməsən
belə mənə uşaq verə bilərsən... Sən mən
deyəni elə, mən də sən deyəni... Sevdamız
baş tutsa mən səni öldürməyib yenə suyun
dibinə gedəcəm... sən də get dünyaya igidəm
deyə öz nağılını söylə... Nə deyirsən? Razısan?
İgid:
– Mən
səni öldürə bilərəm, axı –
qışqırdı...
Sonra bir müddət keçdi.
İgid:
– Mən səni öldürə bilərdim – dedi.
Bir az da vaxt keçdi...
Və
igid... Yox, bunun heç bir mənası yox imiş –
pıçıldadı.....
Ondan sonra nə oldusa əjdaha igidi sağ- salamat yenə
dünyaya qaytardı.
Özü də söz verdiyi kimi nəhrin dibinə
köçdü.
İllər sonra İgidin igidliyindən, əjdahanı
necə öldürdüyündən cild-cild dastanlar yazıldı. Əjdaha ilə
igidin o son görüşündən sonra insanlar tamam
başqa cür yaşamağa başladı. Hərə igidi özünə uyğun
düşündü. Özünə
oxşatdı. Onun əjdaha ilə
savaşını hərə bir cür yozub, nağıl
etdi. Olanlarla, olmayanlar biri- birinə
qarışdı. Nağıl ilə
gerçəklik bağrı badaş oldu. Hamının ruhunu dəyişən bir igidlik
nağılı əmələ gəldi. Bu nağılın əslini sənə mən
danışdım. Nağılını
isə insanlar özlərinə uyğun uydurdular. O
görüşdən sonra, igidin igidliyi yeni əxlaqa,
insanların xilası üçün savaşa qalxıb,
qorxunc əjdahanı bir qılıncla yenməsi isə insan
gücü rəmzinə çevrildi.
Eyni zamanda nəhrin dərinliklərində sakit və dinc sular içində savaşsız- filansız törəyib, artan minlərlə böyük və kiçik əjdahalar da, indiyəcən onların babaları olmuş bir dinc igiddən sevgi dolu əfsanələr danışırlar... Onların nağılları sənə deyim ki, sizin nağıllardan daha şirin və sevgilidir ha...
Görürsənmi? Sən də deyirsən mənə
nağıl danış... Biz nağıl danışa bilmirik ki... Biz nağıl danışmaq üçün çox
hirsliyik... Əsas məsələ
nağılları danışmaq deyil. Onları yozmaqdır . İki müxtəlif
əxlaqın, düşüncənin təmasından
doğan həyatı gördünmü? Gördünmü
güc necə sevgiyə, yalan necə gerçəyə
çevrilir? Budur bizm nağılımız, mənim
balam... İndi nəyin nağıl, nəyin
doğru olduğunu sən necə ayırd edəcəksən?
Sən əjdaha balasısan axı, özü də buralarda
yoxsan... Mən səni necə adam içinə
çıxarım?..
Orxan Fikrətoğlu
525-ci qəzet.-
2014.- 11 yanvar.- S.20.